“İqtisadiyyat
və həyat”. - 2008. - ¹12. S. 39-34.
PİRATÇILIQ
İCTİMAİ TƏHLÜKƏLİ ƏMƏL
KİMİ
Xudayət
Həsənli,
Azərbaycan
Respublikası Müəllif Hüquqları
Agentliyinin
Əsərlərin qeydiyyatı və hüquq
şöbəsinin müdiri
Azərbaycan Respublikasının
cinayət qanunvericiliyi ilə qadağan olunan ictimai
təhlükəli əməllər (hərəkət və
ya hərəkətsizlik) sırasında müəlliflik
hüququ və əlaqəli hüquqların pozulması da
vardır. Belə ki, özgənin elmi, ədəbi, bədii
və ya başqa əsərinin başqa ad altında tam və
ya qismən açıqlanması, nəşr etdirilməsi
və ya özgənin müəllifliyinin hər hansı
formada mənimsənilməsi, yaxud qanunsuz olaraq
özünü başqasına məxsus əsərə
və ya əlaqəli hüquqların obyektlərinə
hüquq sahibi kimi təqdim etmə müəllifə və ya
hüquq sahibinə vurulan zərərin
məbləğindən asılı olaraq cinayət
məsuliyyəti yaradır. Müəlliflik hüququ və
əlaqəli hüquqları pozmağa görə cinayət
işinin başlanması üçün vurulan
zərərin məbləği 1000 (bir min) manatı
keçməlidir. Özgənin əsərinin qanunsuz olaraq
yenidən dərc edilməsi ("Müəlliflik hüququ
və əlaqəli hüquqlar haqqında" Qanunun 4-cü
maddəsinə əsasən "dərc edilmə"
dedikdə əsərin müəllifinin və ya fonoqram
istehsalçısının razılığı ilə
əsərin, fonoqramın kütlənin tələbatını
ödəmək üçün dövriyyəyə
buraxılması başa düşülür), pıratçılıq sayılır və
bu cür fəaliyyət nəticəsində yaradılan
nüsxələr pirat nüsxələrdir. Belə
nüsxələrin müxtəlif yollarla yayılması qadağandar.
Cinayət
Məcəlləsində (bundan sonra
"Məcəllə") müəlliflik hüququ və
əlaqəli hüquqların pozul-ması
ilə bağlı məsuliyyəti müəyyən edən
165-ci maddədə "pirat" və "piratçılıq"
anlayışlarının əvəzində
"əsərlərdən və fonoqramlardan qeyri-qanuni
istifadə" söz birləşməsindən istifadə
olunmuşdur. Doğrudur, plagiatçılıq, yəni əsərə
(və ya fonoqrama) müəllifliyin (hüquq sahibliyinin)
hər hansı formada mənimsənilməsi də
"qeyri-qanuni istifadə" anlayışının ehtiva
etdiyi mənanı daşıyır, lakin "pirat"
və "piratçılıq"
sözlərinin leksik və hüquqi mənaları
"qeyri-qanuni istifadə" anlayışından
fərqlidir. "Pirat" və "piratçılıq" qanuni
yaradılmış əsərlərin və fonoqramların
nüsxələrinin kommersiya məqsədilə çoxaldılaraq
yayılması mənasını ehtiva edir. "Plagiat"
və "plagiatçılıq" isə əsərin
müəllifliyinin və ya fonoqramın hüquq sahibliyinin
mənimsənilməsi, əsərdən (fonoqramdan)
istifadə olunarkən mənbənin və müəllifin
(hüquq sahibinin) adının göstərilməməsi,
əsər (fonoqram) yenidən dərc olunarkən
şərikli müəlliflərdən (hüquq
sahiblərindən) birinin adının
çıxarılması və əsərin (fonoqramın)
yaradılmasında yaradıcılıq fəaliyyəti
olmayan şəxsin adının müxtəlif təsirlər
altında əsərə (fonoqrama) şərikli
müəllif (şərikli hüquq sahibi) kimi
göstərilməsi başa düşülür.
Qeyd edək ki, 2000-ci
ilədək qüvvədə olan AR Cinayət
Məcəlləsinin müəlliflik və
ixtiraçılıq hüquqlarmı pozmağa görə
məsuliyyəti müəyyən edən 140-cı maddəsində
də "pirat" və "piratçılıq" terminlərindən
istifadə edilməmişdi. Hətta 5 iyun 1996-cı ildə
qəbul edilmiş "Müəlliflik hüququ və
əlaqəli hüquqlar haqqında"
AR Qanununda (bundan sonra "Qanun") belə "pirat",
"piratçılıq"
anlayışları işlədilmirdi. Halbuki milli
müəllif-hüquq qanunvericiliyində və digər
müvafiq qanunvericilik aktlarında piratçılıq
fəaliyyəti ilə bağlı anlayışların
və normaların olması zəruridir. 2008-ci ildə
dəyişikliklər və əlavələr edilənədək
həm Qanunun əvvəlki variantında, həm də AR
Gömrük Məcəlləsində işlədilən
"kontrafakt" anlayışı
isə "pirat" və "piratçılıq" anlayışlarının
daşıdığı mənalarla heç də
həmişə üst-üstə düşmür. Kontrafakt mal pirat ola bilər, lakin pirat
nüsxələr kontrafakt olmaya da
bilər və bu, tamam başqa bir söhbətin mövzusudur.
AR
Gömrük Məcəlləsinə əqli mülkiyyət
hüquqları ilə bağlı 14 may 2004-cü il tarixli
Qanunla müvafiq dəyişikliklər və
əlavələr edilsə də, "pirat"
anlayışı ilə bağlı məsələ öz
həllini tapmamışdır. Bu problemin Azərbaycan
qanunvericiliyinin Ümumdünya Ticarət Təşkilatının
(ÜTT-nin) tələblərinə
uyğunlaşdırılması ilə bağlı həyata
keçirilən tədbirlər
çərçivəsində aradan
qaldırılacağı gözlənilir (Azərbaycanın ÜTT-yə üzv olması prosesi ilə
əlaqədar ölkə Prezidenti 2 avqust 2006-cı il tarixli
1583 nömrəli Sərəncam imzalayaraq, xüsusi
Tədbirlər planı təsdiq etmişdir).
Nəzərə alsaq ki, ÜTT-nin
Əqli Mülkiyyət hüquqlarının ticarət
aspektləri haqqında Sazişində (bundan sonra "TRİPS") "kontrafakt"
sözü hüquqi anlayış kimi "pirat"
sözündən fərqli mənada işlədilir, onda milli
qanunvericilikdə də müvafiq dəyişikliyin
edilməsinin zəruriliyi aydınlaşar. Belə ki, TRİPS-in 51-ci və 69-cu
maddələrində əmtəə nişanlarının
saxtalaşdırılması yolu ilə hazırlanan və ya
idxal edilən mallar "kontrafakt",
müəlliflik hüququ və əlaqəli hüquqların
pozulması ilə hazırlanan və ya idxal edilən mallar
pirat sayılır. Nəhayət, TRİPS-in
normaları nəzərə alınaraq, Qanuna 2008-ci ildə
əlavələr və dəyişiklər edilərkən
"pirat" anlayışı ilə bağlı boşluq
qismən aradan qaldırılmışdır (Qanunda bu
məsələyə dair normalar daha da
təkmilləşdirilməlidir). Qanunun 4-cü
maddəsinə görə "müəllifin və ya
əlaqəli hüquqların sahibinin razılığı
olmadan hazırlanmış (istehsal edilmiş) əsər
və fonoqram nüsxələri" pirat
nüsxələr hesab olunur. Bununla belə, qeyd etmək lazımdır
ki, Azərbaycanın hüquq ədəbiyyatında
"pirat" və ya "piratçıhq"
anlayışlarının geniş hüquqi izahı yoxdur.
Həmçinin əqli mülkiyyət hüquqları
indiyədək müstəqil elm sahəsi kimi tədqiq
edilmədiyinə görə "pirat" anlayışının
əqli mülkiyyətin hansı qolu ilə bağlı
mənaları ifadə etdiyi dəqiq
müəyyənləşdirilməmişdir (əqli
mülkiyyət hüquqları müəlliflik hüququ
və əlaqəli hüquqları və patent
hüquqları kimi iki qola ayrılır).
Hüquq elmləri doktoru,
professor Firidun Səməndərovun elmi
redaktoru və şərik müəlliflərindən biri
olduğu "Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin kommentariyası"nda
Məcəllənin 165-ci maddəsinin dispozisiyası
şərh edilərkən müəlliflik hüququ və
əlaqəli hüquqları pozma üç növ
üzrə qruplaşdırılır: 1. özgənin elmi,
ədəbi və ya başqa əsərini öz adı
ilə nəşr etdirmə və ya özgənin
müəllifliyini başqa cür mənimsəmə; 2.
özgənin əsərini qanunsuz olaraq yenidən dərc
etmə və ya yayma; 3. şərikli müəllifliyə
məcbur etmə.
Maddənin kommentariyası
kifayət qədər əhatəli olsa da, kommentariyanın
göstərilən hissəsində ədəbi və elmi
ictimaiyyət tərəfindən, ümumən
cəmiyyətdə tez-tez istifadə olunan "plagiat",
"plagiatçılıq", "pirat"
və "piratçılıq"
anlayışları ilə bağlı müvafiq izah
verilməmişdir.
Hüquq elmləri
namizədi E. Əfəndiyevin müəllifliyi ilə 2001-ci
ildə nəşr edilmiş Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin Şərhində (Xüsusi
hissə) Məcəllənin 165-ci maddəsi üzrə kommentariyada da "pirat" və "piratçıhq" anlayışlarının
ehtiva etdiyi mənalara toxunulmur.
Ciddi sosial, iqtisadi və
hüquqi problemlərlə müşayiət olunan piratçılıq cəmiyyət
üçün təhlükəli "fenomen"dir.
Təsadüfi deyil ki, Ümumdünya Əqli Mülkiyyət
Təşkilatı (ÜƏMT),
Ümumdünya Ticarət Təşkilatı (ÜTT)
və Avropa İttifaqı (Aİ) kimi nüfuzlu beynəlxalq
qurumlar piratçılıqla
mübarizəni ölkələrin daxili işi yox, dünya
birliyinin qarşısında duran qlobal problemlərdən biri
hesab edirlər. Piratçılığı
mütəşəkkil cinayətkarlığa aid edən
hüquqşünasların mövqeyi isə haqlıdır.
Belə cinayətlərin motivini qeyri-qanuni yolla çoxlu
qazancın əldə olunması təşkil edir.
Cinayətin subyektləri əsasən
ixtisaslaşdırılmış iri səsyazma studiyaları
və nəşriyyatlar, qismən də ayrı-ayrı fiziki
və hüquqi şəxslər, o cümlədən audio-video məhsulların topdansatışını
və ya pərakəndə satışını həyata
keçirənlər olur. Piratçılıqla
bağlı cinayətlər insan və
vətəndaşın konstitusiya hüquq və
azadlıqları əleyhinə olan cinayətlərə
aiddir. Həmçinin cinayətin tərkibində əmtəə
nişanlarından qanunsuz istifadə etmə, gömrük
və vergi ödənişlərindən yayınma,
vəzifə səlahiyyətlərindən sui-istifadə
və s cinayətlərin əlamətləri də ola
bilər.
Piratçılıqla
bağlı istintaq və ya təhqiqat işi aparan,
eləcə də monitorinqlər keçirən müvafiq sə-lahiyyətli qurumların
mütəxəssislərinin diqqətini bəzi
məsələlərə yönəltmək istərdik:
birinci növbədə pirat məhsulların istehsal edildiyi
(hazırlandığı) ünvanlar
dəqiqləşdirilməlidir. İstehsalçı
hüquqi şəxsdirsə, Nizamnaməsi, yaxud Nizamnamənin
təsdiq edilmiş surəti nəzərdən
keçirilməli, fiziki şəxsdirsə, vergi
orqanlarından VÖEN
alıb-almadığı müəyyən edilməlidir. Bununla
yanaşı, növbə ilə aşağıdakı
məsələlər araşdırılmalıdır:
-
İstehsalçı ilə müəllif, ifaçı
və ya digər hüquq sahibi arasında rəsmi
müqavilə bağlanmışdırmı? Müqavilə
bağlandığı halda nüsxələrin sayı
və müqavilənin şərtlərinin qanuniliyi
dəqiqləşdirilməlidir;
-
Əsərin və ya fonoqramın əmlak hüquqları
təsdiqedici sənədlərə əsasən kimə
məxsusdur (nəşriyyata, müəllifə,
ifaçıya, yoxsa fonoqram istehsalçısına) və
hüquq sahibi qismində kim çıxış edir?
-
Audio və ya video kasetin, yaxud digər
maddi daşıyıcının (DVD, CDR-om, MP3 və s.) bir
nüsxəsinin maya dəyəri nə qədərdir?
-
müəlliflərə və ifaçılara qonorar
ödənilmişdirmi (təsdiqedici sənədlər
əsasında)?
-
vergiyə və qanunvericiliklə müəyyən edilmiş
digər məcburi ödənişlərə cəlb olunan
gəlirin həcmini müəyyən etmək lazımdır
(vergiyə cəlb olunan nüsxələrin sayını
satış nöqtəsində və ya
istehsalçının anbarında olan nüsxələrin
sayı ilə müqayisə etməli);
-
Satış müqavilələri təhlil olunmalı,
məhsulların keyfiyyət göstəriciləri və maddi
daşıyıcıların mənşəyi barədə
məlumatlar yoxlanılmalı və dəqiqləşdirilməlidir;
Çap
məhsullarının və fonoqramların pirat
nüsxələrinin sayının və vergidən yayınmanın
həcminin dəqiq müəyyən edilməsinə
kömək məqsədilə surətçıxarmada
istifadə edilən avadanlığın, o cümlədən
çap maşınlarının istehsal gücü və
uyğunluq xarakteristikaları, müəssisənin ümumi
istehsal gücü (məsələn, bir iş saatı və
ya bir iş günü, yaxud ay ərzində buraxılan
məhsulun həcminin dəqiqləşdirilməsinin iş
üçün əhəmiyyəti vardır)
öyrənilməlidir.
Azərbaycan ərazisində
piratçılığın formalarını,
səviyyəsini və bu fəaliyyətlə
məşğul olan subyektlərin dairəsini
müəyyən etmək üçün xarici ölkə
müəlliflərinin əsərlərindən qanunauyğun
şəkildə istifadə olunub-olunmamasının
araşdırılmasının da əhəmiyyəti
vardır. Bununla əlaqədar idxal olunan kitabların və
fonoqramların nüsxələrinin sayı, həmin
malların gömrük rəsmiləşdirməsi,
əsərdən və ya fonoqramdan istifadəyə hüquq
sahibinin icazəsinin olub-olmaması və
müqavilənin digər şərtləri barədə
məlumatlar qanunun tələbləri baxımından təhlil
edilməlidir.
Bazarı "işğal
etmiş" pirat məhsulun həcmini,
yayıldığı ərazini və istehsal
mənbələrini öyrənmək üçün
monitorinqin keçirilməsi məqsədəuyğundur.
Monitorinqlər müvafiq dövlət orqanlarını
xəbərdar etməklə konkret suallar üzrə istehsal
müəssisəsində və pirat məhsulların
satıldığı yerlərdə
mütəxəssislərin iştirakı ilə
aparılmalıdır. Monitorinq qrupunun
hərəkətləri qanun çərçivəsindən
kənara çıxmamalı və monitorinqin keçirildiyi
müddətdə üçüncü şəxslərin
normal iş rejimini pozmamalıdır. Monitorinq zamanı
istehsalçının fəaliyyətinin qanuniliyi ilə
yanaşı məhsulların satışını həyata
keçirən fiziki və ya hüquqi şəxslərin
fəaliyyətinin qanuniliyi, eyni zamanda onların
topdan-satışla, yoxsa pərakəndə satışla
məşğul olmağa müvafiq səlahiyyətli orqanlar tərəfindən
icazə verilib-verilmədiyi də
aydınlaşdırılmalıdır. Sonradan baş verə
biləcək saxtalaşdırmaları və ya digər
qeyri-qanuni hərəkətləri qabaqlamaq məqsədilə
pirat olduğu ehtimal edilən malların alınma
mənbəyi haqqında sənədlərin, mal-nəqliyyat qaimlərinin, malın mədaxilinin qeydiyyat
kitabının və digər sənədlərin, yaxud
onların təsdiq edilmiş surətlərinin akt əsasında
götürülməsi tövsiyə olunur.
Monitorinqin keçirildiyi vaxt
kassada olan (əgər monitorinq və ya araşdırma
aparılan obyektdə kassa aparatı varsa) nağd pullar əksinaslar üzrə hesablanaraq
yazılmalı, nəzarət lentləri və
ödəniş çekləri götürülməli, bu
barədə yerində dərhal akt tərtib edilməli,
satışdan əldə edilən pulun təhvil verilməsi
haqqında kassa hesabatı götürülməlidir.
Audio-video
kasetlərin, kompakt-disklərin və əsərlərin
yazıldığı digər maddi
daşıyıcıların mövcud qiymət
siyahısı nəzərdən keçirilməli, inventarlaşdırma
aparılmalı və nəticələr ilkin hesabat
sənədləri ilə, o cümlədən
məhsulların satış qiymətləri
nüsxələrin sayı da daxil olmaqla
sənədlərdə göstərilən
qiymətlərlə müqayisə edilməlidir. Satış
məntəqəsində ticarət salonuna (zalına),
malların saxlandığı anbara baxış
keçirilməli və tərtib olunan protokolda həmin
yerlərin təsviri verilməli, həmçinin pirat
məhsulun qablaşdırılması, tədarükçüləri,
onların ünvanları və müşahidə edilən
digər hallar barədə protokolda qeydlər edilməlidir.
Pirat məhsulun ümumi
dövriyyəsini xarakterizə edən sənədlərin,
vəzifəli şəxslərin sorğularının,
əvvəllər keçirilmiş tədbirlərin
nəticələrinin təhlili zamanı vergidən
gizlədilən gəlirin məbləğini təxmini olsa
da, müəyyən etmək mümkündür. Vergidən
yayınmanın araşdırılması üçün monitorinqin
vergi müfəttişləri ilə birlikdə davam
etdirilməsi daha məqsədəuyğun olardı.
Yuxarıda
göstərilənlər pirat nüsxələrin aşkar
edilməsində diqqət yetirilməsi zəruri olan
məsələlərin hamısını əhatə etmir.
Təhqiqat, istintaq və ya monitorinq zamanı bəzi
gözlənilməz situasiyalar və faktlar ortaya çıxa
bilər. Ona görə də tədbirlər peşəkar
mütəxəssislər tərəfindən
keçirilməlidir. Təəssüf ki, indiyədək piratçılığın
səviyyəsinin, ümumiyyətlə, əqli
mülkiyyət hüquqlarının obyektlərindən
istifadənin, o cümlədən rəqəmli
şəbəkədə istifadənin qanunauyğunluğunun
müəyyən edilməsi məqsədilə
monitorinqlərin təşkili və keçirilməsi
qaydaları, eləcə də hüquq-mühafizə orqanlarının
əməkdaşlarına kömək üçün metodik
göstərişlər işlənib
hazırlanmamışdır. İstintaq (təhqiqat)
bölmələrində bu sahə üzrə
səriştəli kadrların sayı çox deyil,
ümumən, sahə ilə bağlı respublikamızda
mütəxəssis qıtlığı vardır (müasir
dövrdə piratçılıqla
mübarizəni təşkil edə bilən
səriştəli kadrların hazırlanmasına və
ixtisaslarının artırılmasına ciddi ehtiyac duyulur).
Müxtəlif
mənbələrin məlumatlarında Azərbaycanda
kompüter piratçılığının
səviyyəsinin 90 faizi keçdiyi göstərilir. Müəllif
Hüquqları Agentliyi tərəfindən aparılan
monitorinqlər zamanı müəyyən edilmişdir ki,
satışı həyata keçirilən audio-video
məhsulların ən azı 70-80 faizi, kitab və digər
çap məhsullarının 60 faizi piratdır. Amma piratçılıqla mübarizənin
təşkilini, davamlılığını və
aşkarlıq səviyyəsini qənaətbəxş saymaq
olmaz. Bu halların aradan qaldırılmasına ciddi səy
göstərilmir, müəllif-hüquq qanunvericiliyinin icra
səviyyəsi piratçılığın
inkişaf sürətindən geri qalır. Halbuki piratçılıqla mübarizə
sahəsində bir sıra ölkələrdə, o
cümlədən ABŞ-da böyük təcrübə
toplanmışdır. Hələ bir neçə il
əvvəl ABŞ-da "Piratçılığa
qarşı mübarizə. Stop"
əməliyyatı başlanmışdır və
ölkədə piratçılığa
münasibət terrorizmə olan münasibətlə eynidir.
ABŞ-da piratçılıqla
mübarizə Ədliyyə Nazirliyinin nəzdində
fəaliyyət göstərən Federal Təhqiqatlar
Bürosu və Maliyyə Nazirliyinin Gömrük Xidməti
kimi yüksək səlahiyyətli qurumlar tərəfindən
aparılır.
Almaniyada hər il
müəlliflik hüquqlarının pozulması halları
üzrə aparılan təhqiqat işlərinin sayı 5 mini
keçir. İtaliyada belə hüquq pozuntularının
aradan qaldırılması üzrə tədbirlər
maliyyə qvardiyası tərəfindən işlənib hazırlanır
və digər inzibati orqanlarla birlikdə həyata
keçirilir. Cənubi Koreyada piratçılıqla
mübarizə sahəsində polis orqanlarının
gördüyü tədbirlər nəticəsində
yalnız kino məhsullarının satışından
əldə edilən gəlirin məbləğini $8 milyondan
$100 milyona çatdırmaq mümkün olmuşdur ki, bu da
vergilərin hesabına ölkə büdcəsini xeyli
artırmağa imkan verir. Azərbaycanda da qeyd olunan problemin
həlli istiqamətində xeyli iş görülməlidir.
Bütün bunlarla
yanaşı, qeyd etmək lazımdır ki, hələlik
Azərbaycan da daxil olmaqla dünyanın heç bir
ölkəsində piratçılığın
kökünü kəsmək üçün
mükəmməl hüquqi və iqtisadi mexanizmlər
mövcud deyildir. Sahənin perspektivini, ölkənin iqtisadi
və mədəni həyatında əhəmiyyətini
nəzərə alaraq, Azərbaycanda müstəqil və
güclü milli əqli mülkiyyət institutunun
formalaşdırılması zəruridir. Eyni zamanda əqli
mülkiyyət üzrə hüquq pozuntularının
qarşısının alınması üçün aidiyyəti
dövlət qurumlarının və qeyri-hökumət
təşkilatlarının nümayəndələrindən
ibarət səlahiyyətli komissiya yaradılmalıdır.
Piratçılığın
ölkənin iqtisadi inkişafına təsirini azaltmaq
üçün audio-video məhsul
istehsalının və kitab nəşrinin
lisenziyalaşdırılması təklif olunur.
Həmçinin sahənin inkişaf proqramı
hazırlanmalı, səsyazma studiyalarının və
nəşriyyatların fəaliyyətinə dövlət
nəzarəti gücləndirilməlidir. Hüquq
tətbiqetmənin mexanizminin təkmilləşdirilməsi
məqsədilə bu sahədə qabaqcıl
ölkələrin təcrübəsi öyrənilməli,
mütəxəssislərin, hüquq-mühafizə
orqanlarının nümayəndələrinin
təcrübə mübadiləsi keçmələrinə
şərait yaradılmalı və onlar treninqlərə
cəlb edilməlidir. Nəhayət, cəmiyyətdə
əqli mülkiyyət mədəniyyəti formalaşdırılmalıdır.
Ədəbiyyat
1.
"Müəlliflik hüququ
və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci
il, ¹ 3, maddə 167);
2.
"Müəlliflik hüququ
və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər və əlavələr edilməsi
barədə" Qanun
("Azərbaycan" qəzeti. 18 may 2008-ci il);
3.
Azərbaycan Respublikasının
Gömrük Məcəlləsi (Bakı. "Qanun"
nəşriyyatı"- 2008;
4.
"Ədəbi və
bədii əsərlərin qorunması haqqında"
Bern Konvensiyası (1979-cu ildə dəyişdirilmiş 1971-ci
il tarixli Paris aktı);
5.
Ümumdünya Ticarət Təşkilatının
"Əqli mülkiyyət hüquqlarının ticarət
aspektləri haqqında Sazişi" (TRİPS);
6. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin kommentariyası.
"DİGESTA" nəşriyyatı. Bakı-2008. səh. 381-383;
7. Eldar
Əfəndiyev. Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin şərhi (Xüsusi hissə)
"Hüquq ədəbiyyatı" nəşriyyatı.
Bakı - 2001. səh.
214-216.
SUMMARY
The article is intended that the breach ol the
copyrights and allied rights is prohibited under the Criminal Code of the Republic
of Azerbaijan. Reference to the norms of ihe
intellectual property legislation Author consider the plagiarism reproduction
of the copies of phonograms or works without getting license of the author and
other right owners. Copies formed as a result of such activity are pirate
copies. Spread of such copies is prohibited.
In order to prevent the plagiarism development Author suggests licensing
the audio-video production manufacture and booking publication. The importance
of development program precarious on the field is touched in ihe article. At the same time it is intended that in order
to prevent the breach of law in the field of the intellectual property it
should be established authoritative commission consisting of related state
bodies and non governmental organizations.
In order to improve the mechanism of law application the practice of
leading countries should be learned, suitable environment should be offered lord
the practice exchange ol'the specialists and law
enforcement agency officers and they should be attracted to the trainings.