“Qanun”.-2008.-¹10.S.17-29.
AZƏRBAYCAN - ABŞ MÜNASİBƏTLƏRİ MÜASİR
MƏRHƏLƏDƏ
Əliyeva Almaz,
Azərbaycan Respublikası Prezidenti
yanında
Dövlət İdarəçilik
Akademiyasının aspirantı,
Bakı Avrasiya Universitetinin müəllimi
1991-ci ildə
Azərbaycanda müstəqillik haqqında Konstitusiya Aktı qəbul
ediləndən sonra onun müstəqilliyini ilk tanıyan
dünya dövlətlərindən biri də ABŞ oldu. Həmin
il dekabrın 25-də Vaşinqton öz müstəqilliyini
elan etmiş Azərbaycan dövlətini rəsmi
tanıdığını bəyan etdi və tezliklə iki
dövlət arasında diplomatik münasibətlər yaratmaq
üçün müəyyən addımlar atdı. 1992-ci
il fevralın 12-də ABŞ-ın o zamankı
dövlət katibi Ceyms Beykerin
Bakıya səfərindən bir az sonra 1992-ci il martın 18-də
iki dövlət arasında rəsmi diplomatik münasibətlər
yaradıldı. Bunun ardınca 1992-ci ilin aprelində
Vaşinqton hökuməti Senatın ATƏM
üzrə komissiyasının sədri senator Dennis
de Konsini başda olmaqla ABŞ Konqresinin
nümayəndə heyətini Bakıya göndərdi.
Sözsüz
ki, bütün bu nümayəndə heyətləri SSRİ-dən
ayrılmış müstəqil Azərbaycanı hərtərəfli
öyrənir, bu dövlətə münasibətdə
ABŞ-ın gələcək xarici siyasətinin
konturlarını müəyyənləşdirir, Ermənistan-Azərbaycan
münaqişəsinin, Azərbaycan-Rusiya, Azərbaycan-İran
münasibətlərinin xarakterini, mahiyyətini və
perspektivlərini, Birləşmiş Ştatların Qafqazda
maraq, nüfuz və təsir mexanizmlərinin dayaqlarım
araşdırır, strateji planlar hazırlamaq
üçün Dövlət Departamentinə bələdçilik
və məlumat toplusu hazırlayırdılar. Məhz bu mərhələdə
Azərbaycan ABŞ üçün özünün
prinsipial, ardıcıl, dəyişməz müstəqil
xarici siyasətini, strateji əməkdaş olmaq əhəmiyyətini
anlatmalı, demokratiyaya, sülhə, insan hüquq və
azadlıqlarının qorunması prinsipinə əsaslanan
hüquqi dövlət qurmaq əzmini və istəyini
sübut etməli idi. Məhz bu mərhələdə Azərbaycan
Birləşmiş Ştatların xarici siyasətində
Vaşinqtonun maraq dairəsinə daxil olmayan ölkələr
sırasından çıxmalı, onu maraqlandıran, onun
müdafiə etdiyi dövlətlər sırasına can
atmalı və çalışmalı idi.
Azərbaycanın
yerləşdiyi coğrafi ərazi onun çox əhəmiyyətli
geosiyasi mövqeyə malik olmasına şərait
yaratmışdır. Azərbaycan Rusiyanı, İranı, Ermənistanı,
Türkiyəni, Gürcüstanı və Xəzər dənizini
qalan bütün dünya ilə birləşdirən yolun
üstündə yerləşir. ABŞ-Rusiya
münasibətlərindəki ziddiyyətlər, ABŞ-İran münasibətlərindəki
düşmənçilik şimaldan Rusiya və cənubdan
İranla qonşu olan və müstəqil inkişaf etmək
istəyən Azərbaycan dövlətinin əhəmiyyətini
Vaşinqtonun xarici siyasətində artırır.
Əslində
ABŞ-ın xarici siyasət idarəsi də Qafqazda əlverişli
geosiyasi vəziyyətə malik, bölgənin ən iri, varlı və perspektiv inkişaf imkanları
olan Azərbaycana tam müstəqil siyasət yeridəcək,
gələcəkdə Birləşmiş Ştatların əsl
tərəfdaşı və müttəfiqi ola biləcək
bir dövlət kimi baxırdı. Hesab edirdi ki, Azərbaycan
müvəffəqiyyətlə ayrı-ayrı dövlətlərin
imperiya ambisiyalarından xilas olacaq, tam müstəqil və qərbyönlü
siyasət yeridəcək, Qafqazda ABŞ-ın və Avropa
Birliyinin strateji partnyoruna, sülhün,
demokratiyanın, insan hüquq və azadlıqlarının bu
bölgədə əsas təminatçısına
çevriləcək, sivilizasiyalı, hüquqi dövlət
quracaq.
1992-ci il may
ayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyindən
sonra ABŞ-ın rəsmi dairələri bir daha bu
böyük geostrateji əhəmiyyəti
olan dövlətlə geniş əlaqələr yaratmağa,
bölgədə gedən ictimai-siyasi və hərbi problemlərə
fəal müdaxilə etməyə cəhd göstərdilər.
Məhz elə bu məqsədlə 1992-ci il iyul ayında ATƏM-in Helsinki sammiti ərəfəsində
Birləşmiş Ştatların Prezidenti Corc
Buş Azərbaycan Prezidenti Əbülfəz
Elçibəyə məktubla müraciət etdi və öz
ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələr
yaratmağa və münasibətləri inkişaf etdirməyə
hazır olduğunu bildirdi.
1993-cü
ilin may-iyun aylarında ABŞ-ın Dövlət Departamentinin
Dağlıq Qarabağ problemi üzrə
danışıqlarda nümayəndəsi Con
Mareska və yeni müstəqil dövlətlərlə
əlaqələr üzrə müşaviri Stroub
Talbot Bakıya səfər etdilər. Lakin
onlar ABŞ-ın münaqişəyə tam fəallıqla
yanaşması, Ermənistan-Azərbaycan münaqişəsinə
düzgün qiymət verilməsi və Dağlıq
Qarabağ probleminin mahiyyəti, təcavüzkar və təcavüzə
məruz qalmış tərəflər, münaqişənin
həllinin prinsipləri və yolları haqqında tam obyektiv
və prinsipial mövqedən çıxış etmirdilər.
Respublikadakı mövcud ictimai-siyasi vəziyyət, Ermənistanın
və Amerikada yaşayan erməni lobbisinin antiazərbaycan təbliğatı
və tədbirləri rəsmi Vaşinqtonu Azərbaycandan
çox uzaq bir qütbə salmışdı. Məhz elə
bunun nəticəsi idi ki, Vaşinqton Ermənistan-Azərbaycan
münaqişəsi və Dağlıq Qarabağ problemi ilə
bağlı 1993-cü ilin sonuna qədər dəfələrlə
Ermənistanın mövqeyini əks etdirən, onu
münaqişədə haqlı hesab edən bəyanatlar
yaymış, bu ölkəyə həm mənəvi, siyasi, həm
də maddi yardımlar göstərmişdir. Azərbaycana
münasibətdə isə müxtəlif cəza tədbirləri
görmüş, haqq işi uğrunda ədalətli
mübarizə apardığı halda onu
günahlandırmışdır.
Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirən Heydər Əliyev 1993-cü ilin sentyabr
ayında ABŞ Prezidenti Klintona, ABŞ
vitse-prezidentinə məktub göndərərək Azərbaycana
qarşı ayrı-seçkiliyin aradan qaldırılması
üçün müraciət etmişdi.
Lakin
1994-cü ildən Azərbaycan-Amerika münasibətləri
yüksələn xətlə inkişaf etməyə, hər
iki tərəfin bir-birilə bağlı
maraq və mövqeləri aydınlaşmağa
başlamışdır.
İlk dəfə
olaraq 1994-cü il avqust ayının 10-da Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə
Amerikanın Yunayted BMB
Qrup Şirkəti arasında mühüm müqavilə
imzalandı. Həmin müqaviləyə 20 il müddətinə
bir neçə yüz milyon barrel
gücündə olan iki neft yatağının birgə
işlənməsini və istismarını nəzərdə
tuturdu.
Bunun
ardınca 1994-cü ilin sentyabr ayının 20-də
bağlanan "Əsrin müqaviləsi" adlanan neft
kontraktlarına ABŞ-ın "AMOKO". "Pennzoyl", "Yunokal",
"Ekson" kimi şirkətləri də
cəlb edilmişdir.
1994-1996-cı
illərdə Azərbaycanın xarici siyasətində
ABŞ-la münasibətlər əsas vəzifələrdən
biri səviyyəsinə qaldırıldı. 1995-1996-cı
illərdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr
yüksələn xətlə inkişaf etmişdir. 1995-ci il
may ayının 4-də ABŞ-ın Bakıdakı səfirliyinin
yeni binasının açılışı oldu. 1995-ci ildə
iki ölkə arasında iqtisadi əməkdaşlıq daha
da genişlənmişdir. Yanvar ayında iki ölkə
arasında bağlanmış "Kapital qoyuluşuna kömək
haqqında" saziş Azərbaycan Respublikası Milli Məclisi
tərəfindən təsdiq edilmişdir. 1996-cı ilin
dekabrında Azərbaycanda ABŞ Ticarət Palatasının rəsmi
açılışı oldu. Bu Palatanın
açılması Azərbaycanda fəaliyyət göstərən
onlarla ABŞ şirkət və birliklərinin, iş
adamlarının fəaliyyətini tənzimləmək, vahid
bir mərkəzdən onlara istiqamət vermək
baxımından çox böyük əhəmiyyət kəsb
etmişdir. Açılış zamanı Prezident Heydər Əliyev
söylədiyi nitqdə Azərbaycanın öz
iqtisadiyyatını sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı
yolu ilə apardığını və daim belə davam edəcəyini
bəyan etmişdir.
Azərbaycan-ABŞ
münasibətlərində əhəmiyyətli gedişlər
1996-cı ilin payızına düşür. Həmin il beynəlxalq
tədqiqatçılar və iki ölkənin diplomatik
missiyaları tərəfindən həlledici dönüş
ili kimi qiymətləndirilmişdir. İl ərzində ən
yüksək səviyyədə intensiv əlaqələr
davam etdirilmiş və iki ölkə arasındakı
münasibətlər əməkdaşlıq və tərəfdaşlıq
istiqamətində inkişaf etmişdir. 1996-cı ildə Azərbaycan
dövləti artıq təkcə ABŞ-ın icra strukturları
ilə deyil, həm də qanunverici hakimiyyət orqanları,
kütləvi informasiya vasitələri, ictimai-siyasi dairələri,
maliyyə-iqtisadi qurumları, ayrı-ayrı iş adamları
ilə də xüsusi diplomatik iş aparmış və bu
sahədə çox böyük uğurlar
qazanmışdır.
Dağlıq
Qarabağ problemi və 907-ci maddə ilə bağlı
1994-cü ildən başlayaraq ABŞ mövqeyində dəyişikliklər
hiss edilməyə başladı. 1994-cü ilin may-oktyabr
aylarında Vaşinqtonda müxtəlif səviyyələrdə
hökumətə, Senata və Konqresə Azərbaycana
qarşı həyata keçirilən ədalətsiz siyasətə
yenidən baxılması, 907-ci düzəlişin ləğv
edilməsi ilə bağlı bir neçə müraciət
olmuşdur.
1994-cü
ilin dekabrında ATƏM-in Budapeşt
sammitində Birləşmiş Ştatların BMT-dəki
daimi nümayəndəsi M. Olbrayt və
Dövlət Departamentinin yeni müstəqil dövlətlərlə
baş əlaqələndiricisi C. Kollinzin
təşəbbüsü ilə Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü təşkil
edilmişdir. Bundan başqa, Amerika nümayəndələrinin
köməyi ilə qətnamə qəbul edilmişdir. Bu qətnaməyə
əsasən Avropanın müxtəlif bölgələrində
baş verən münaqişələrin, o cümlədən
Azərbaycan-Ermənistan münaqişəsinin həll edilməsi
ayrı-ayrı dövlətlərin inhisarından
çıxarılıb, birbaşa ATƏT-in ixtiyarına
verilir. Eyni zamanda, münaqişə zonalarında, o cümlədən
Dağlıq Qarabağ ətrafında baş verən problemlərin
həllində hansısa bir ölkənin
deyil, ATƏT-in sülhməramlı qüvvələri yerləşdirilməlidir.
1996-cı
ildə Lissabon sammitində Azərbaycan-Ermənistan
münaqişəsinin həll edilməsinin üç prinsipi qəbul edildi. Hər iki sammit məhz
ABŞ-ın ciddi səyi və köməkliyi ilə Azərbaycanın
mənafeyi və beynəlxalq hüquq normalarına tam
uyğun gələn mühüm qərarların qəbul
edilməsi ilə başa çatmışdır.
İki
ölkə arasında münasibətlərin
yaxşılaşması və yüksələn xətlə
inkişafı 1997-ci ildə də intensiv davam etdirilmişdi.
Həmin ildə
Azərbaycan-Amerika münasibətlərinin və əlaqələrinin
zirvəsi ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə Azərbaycan
Prezidenti Heydər Əliyevin ABŞ-a 1997-ci ilin iyulun 27-dən
avqustun 7-dək davam edən rəsmi səfəri hesab olunur.
Bu səfər özünün bütün əlamətləri
və cəhətlərinə görə ikitərəfli
münasibətlərin tarixində yeni bir mərhələnin
başlanğıcı kimi qiymətləndirilməlidir.
Amerikaya yola
düşməzdən əvvəl dövlət
başçısı Heydər Əliyev jurnalistlərə
müsahibə verərkən bildirmişdi: "Bu səfər
Bill Klintonun dəvəti
ilə müstəqil Azərbaycan Respublikası Prezidentinin
ABŞ-a ilk rəsmi səfəridir və şübhə
etmirəm ki, səfər iki ölkə arasında əlaqələrdə
yeni mərhələnin başlanğıcı
olacaqdır".
Prezident Heydər
Əliyev səfərin qarşısında duran əsas vəzifələr
kimi aşağıdakıları göstərmişdir:
-
iki ölkə arasındakı əlaqələri nizama salmaq
və genişləndirmək üçün
normativ-hüquqi əsas olacaq sənədlərin
imzalanması;
-
ABŞ-da respublikamıza artan rəğbətdən və
yaranmış əlverişli şəraitdən istifadə
edərək, Azərbaycan-Amerika münasibətlərinin daha
da möhkəmləndirilməsi;
-
ictimai-siyasi dairələrin Azərbaycana münasibətində
artıq başlanmış müsbət dəyişikliklərin
inkişaf etdirilməsi və Azərbaycan həqiqətlərinin
daha geniş təbliği;
-
Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan
münaqişəsinin həlli ilə bağlı
ABŞ-ın mövqeyinin daha da fəallaşdırılması
və Minsk qrupunun səmərəli və məhsuldar fəaliyyətinə
təkan verilməsi;
-
iki ölkə arasında əlaqələri genişləndirərək,
strateji tərəfdaşlıq istiqamətində inkişaf
etdirmək üçün vaxtilə qəbul edilmiş 907-ci
düzəlişin aradan götürülməsinə səy
göstərilməsi.
Səfərin
gedişində Amerikanın dörd aparıcı neft şirkəti
ilə ARDNŞ arasında Ağ evdə, ABŞ rəhbərlərinin
iştirakı ilə səkkiz milyard dollar dəyərində
müqavilələrin imzalanmasını bütün dünya
analitikləri çox yüksək qiymətləndirmiş,
bunun həm siyasi, iqtisadi, həm də regional və
böyük beynəlxalq strateji əhəmiyyətini qeyd
etmişlər.
Azərbaycan
Respublikası Prezidentinin ABŞ-a rəsmi səfərinin nəticəsində
Birləşmiş Ştatların Prezidenti Bill
Klinton öz ölkəsinin bundan sonra da:
-
Azərbaycanın dövlət müstəqilliyini,
suverenliyini, ərazi bütövlüyünü, regional və
beynəlxalq təhlükəsizliyini, demokratik
inkişafını dəstəkləyəcəyini;
-
Dağlıq Qarabağ münaqişəsinin tezliklə
sülh yolu ilə və ATƏT prinsipləri əsasında həll
olunmasına ciddi səy göstərəcəyini;
-
Azərbaycanla əlaqələri məhdudlaşdıran 907-ci
maddənin ləğv olunmasına
çalışacağım;
-
ikitərəfli ticarət, iqtisadi və kommersiya əlaqələrinin
genişlənməsinə, Xəzər dənizinin enerji
ehtiyatlarının emalı və nəqlində ABŞ şirkətlərinin
iştirakına, enerji siyasəti və kommersiya məsələləri
üzrə dövlət arasında rəsmi dialoq
yaradılmasına dəstək verəcəyini;
-
Azərbaycanın milli təhlükəsizliyinin təmin
olunması ilə bağlı
qarşılaşdığı problemlərin aradan
qaldırılmasına, Avropa təhlükəsizlik sisteminə,
xüsusən NATO-nun Sülh Naminə Tərəfdaşlıq
Proqramına və Avro-Atlantik Tərəfdaşlıq
Şurasına fəal inteqrasiya olunmasına hərtərəfli
yardım göstərəcəyini;
-
1997-ci il mayın 15-də Avropada adi silahlı qüvvələr
barədə müqavilənin cinah məhdudiyyətləri
haqqında sazişin qüvvəyə minməsi və həyata
keçirilməsi, Qafqazda buna əməl olunması, bununla əlaqədar
qəbul olunmuş ABŞ-Azərbaycan birgə
bəyanatının əsas müddəalarının təmin
olunmasını;
-
Azərbaycanın iştirak etdiyi Avropa-Asiya nəqliyyat-kommunikasiya
dəhlizinin inkişafı və təhlükəsizliyinə,
enerji daşıyıcıları sisteminin təhlükəsiz
fəaliyyətinə ABŞ-ın yardımını təmin
edəcəyini bəyan etdi.
Həmin ildən
sonrakı illəri nəzərdən keçirdikdə
görərik ki, bu dövrdə də Bill
Klinton administrasiyası ilə əlaqələr
yaxşı səviyyədə inkişaf edib. Bu dövrdə
Amerika şirkətləri öz fəaliyyətlərini davam
etdiriblər. Bu illər ərzində əsasən
Amerikanın qeyri-hökumət təşkilatlarının Azərbaycanda
fəaliyyəti genişlənib.
Azərbaycan-Amerika
münasibətlərində daha bir yeni dövr 2000-ci ildən
ABŞ-ın yeni prezidenti kiçik Corc Buşun seçilməsi ilə
başlanır. Bununla Ağ evdə Klinton
dövrü bitdi. Bunu təkcə Ağ ev sahibinin təzələnməsi
yox, yəni ABŞ administrasiyasının getdikcə daha
konkret çalar alan xarici siyasət kursundan da sezmək olar.
Respublikaçı
Prezident Corc Buş fərqli
strategiya ortaya qoymaqdadır. Strategiyanın mahiyyətində
isə respublikaçıların ənənəvi dəst-xətti
- Rusiyaya qarşı sərt münasibət
və "Öncə Amerika maraqları" durur. Rusiyanın
Xəzər dövlətlərinə təzyiqini Buş hökuməti çox neqativ
qarşılayır. Klinton
administrasiyasını adətən qlobalist
adlandırırlar. Yəni demokratlar hakimiyyətinə məsələlərə
qlobal səviyyədə yanaşmaq xas idi. Klinton
hökuməti məsələləri həll edərkən
bütün dünyanı göz önünə gətirirdi,
deyirdi ki, harada zülm var, ona qarşı çıxmaq
lazımdır. Buş administrasiyası isə
daha çox ABŞ-ın maraqlarından çıxış
etməkdə israrlıdır. O, hesab edir ki, bilavasitə
Amerikanın maraqlarına, həyati mənafelərinə
toxunulmayan məsələlərə qarışmağa
lüzum yoxdur. Yeni rəhbərlik məsələlərin həllində
regional dövlətləri dəstəkləmək kursuna
üstünlük verir. Hərbi müdaxilə isə
ABŞ-ın dövlət katibi Kolin Pauelin sözlərinə istinad etsək, iki
halda mümkün sayılır: birincisi. əgər belə
müdaxilə olmadan keçinmək mümkün deyilsə.
İkincisi, hərbi müdaxilənin məqsədləri
tamamilə aydındırsa və dəqiq proqnozlar əvvəlcədən
bəllidirsə.
Corc Buşun hakimiyyətə gəlməsindən
sonra atılan bir sıra addımlar onun daha konkret siyasət
yeritdiyini göstərdi. ABŞ Dövlət Departamentinin insan
haqlarının vəziyyətinə dair
hazırladığı illik hesabatı ABŞ Dövlət
Departamentinin Azərbaycana qarşı ilk belə kəskin
açıqlamasıdır. Sənəddə hökumətin
Azərbaycanda insan haqları sahəsində
apardığı siyasət tənqid edilib, son parlament
seçkilərində çatışmazlıqların qeydə
alındığı, vətəndaşların kütləvi
aksiyalar keçirmək hüququnun, habelə mətbuat və
söz azadlığının məhdudlaşdırıldığını
bildirib. Amerikalıların fikrincə, yaradılmış bu
vəziyyət ölkədə şəxsi biznesin işlənməsinə
mane olur, kasıblıq həddini artırır və iqtisadi
islahatların qarşısını alır. Təqdirəlayiq
haldır ki, hesabatda Qarabağda insan hüquqlarına dair vəziyyətin
icmalı Azərbaycan bölümündə verilib. Sənəddə
"Dağlıq Qarabağ Respublikası"nın
dünyanın heç bir dövləti tərəfindən
tanınmadığı qeyd olunub.
Corc Buş siyasəti özünü ən
çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli
istiqamətindəki təşəbbüsü öz əlinə
almasında göstərir. Aprel ayının axırlarında
ABŞ Prezidenti Buşun Azərbaycan
Prezidenti Heydər Əliyevə göndərdiyi məktubunda
olduqca zəruri və xeyirli məqamlar var. O, məktubunda
Amerika Birləşmiş Ştatlarının Azərbaycanın
müstəqilliyini, ərazi bütövlüyünü,
suverenliyini qətiyyətlə müdafiə etdiyini bildirib.
Münaqişənin həlli ilə bağlı sülh
danışıqları ilə əlaqədar Azərbaycanda
ictimai rəyi hazırlaya biləcəyini bildirib. ABŞ ATƏT-in
Minsk qrupunun həmsədri kimi Amerikada Ki-Vest
görüşünü təşkil edib. Ümumiyyətlə,
Ki-Vestdə heç bir konkret saziş əldə
edilməsə də, bu görüşün siyasi proseslərə
böyük təsir göstərməsini unutmaq olmaz.
Amerikanın
Azərbaycandakı proseslərdə rolundan
danışdıqda NATO-nu xüsusi qeyd etmək
lazımdır. Ümumiyyətlə, son illər bəzi
dövlətlərin, xüsusilə də Rusiyanın ehtiyat
etdiyi NATO-nun şərqə doğru irəliləməsi bu təşkilatın
hərbi qüvvələrinin Azərbaycanda yerləşməsini
hələlik nəzəri də olsa mümkün edir.
Artıq Azərbaycanda və NATO dövlətlərində, yəni
əsasən ABŞ-ın özündə bu barədə
fikirlərin səsləndirilməsi belə deməyə əsas
verir. Nəzəri cəhətdən analiz etsək ki, NATO-nun
Azərbaycana gəlməsi bizə nə verə bilər,
burada bir çox mənafelərimizə uyğun məqamları
görərik. NATO qüvvələrinin Azərbaycanda yerləşməsi
bir daha sübut edər ki, Qərb və xüsusilə ABŞ
Azərbaycanı dəstəkləyir. Beləliklə, regional
siyasətdə Azərbaycanın imkanları genişlənmiş
olur. Bununla beynəlxalq təhlükəsizliyimizə təminat
almaq, Ermənistan-Azərbaycan münaqişəsini də
uğurlu tənzimləmək olar. Eyni zamanda Rusiya tərəfindən
də Azərbaycanın mənafeyinə zidd addımların
qarşısını almaq olar.
ABŞ-ın
Azərbaycana yönəlik siyasətində
Azərbaycanın mənafeyinə zidd qərarların da qəbul
edildiyini qeyd etdik. Bu qərarların ən mühümü
1992-ci il keçmiş sovet respublikaları üçün qəbul
edilən "Azadlığa yardım aktı"na edilmiş
907-ci düzəlişdir. Erməni Mənşəli qüvvələrin
təzyiqi ilə qəbul edilən bu düzəliş Azərbaycana
dövlət yardımını qadağan edir. Konqres bu qanunu
Azərbaycan tərəfdən Ermənistanın blokadaya
alınmasına görə bir cəza kimi təsdiqləmişdi.
Bu müstəqil dövlət quruculuğu yolu tutmuş və
zorla müharibəyə cəlb edilmiş dövlət
üçün zərbə idi. Düzəlişin aradan
qaldırılması üçün isə Azərbaycan iki
şərti yerinə yetirməlidir: "Azərbaycan
nümayiş etdirməlidir ki, Ermənistan və
Dağlıq Qarabağa hücumlar dayandırılıb və
ikincisi, Azərbaycanın Ermənistana tətbiq etdiyi hər
cür iqtisadi embarqo aradan qaldırılmalıdır".
Burada Azərbaycan üçün önəmli olan məsələnin
maddi yox, siyasi tərəfidir. Çünki dünyanın
fövqəldövlətində söylənilən fikir və
ya qəbul edilən qərar dünya ictimai rəyinə
müvafiq təsir göstərir və az qala norma kimi qəbul
edilir.
Amerikanın
rəsmi dairələrində, Konqresdə bundan başqa da Azərbaycanın
əleyhinə bir neçə qərarın qəbul edilməsinə
cəhd göstərilmişdir. Bunlara 1996-cı ildə
müzakirə edilən "Porter əlavəsi"ni,
1997-ci il may ayında demokrat B. Sermanm
Dağlıq Qarabağa birbaşa yardım edilməsi təklifmi,
daha sonra isə 1998-1999-cu maliyyə ili
üçün qəbul edilən, sonradan da rədd edilən
konqresmen Pallone və Smit
düzəlişlərini misal göstərmək olar.
Amerikanın
tanınmış politoloqlarından biri, 1977-1981-ci
illərdə prezident Karterin təhlükəsizlik məsələləri
üzrə müşaviri olmuş, indi isə ABŞ-ın
Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri
Z. Bjezinski Amerika Birləşmiş
Ştatlarının bölgədə möhkəmlənməsinin
6 prinsipini qeyd etmişdir:
1. Birləşmiş
Ştatların Qarabağ münaqişəsinin sülh yolu ilə
həll edilməsində fəal iştirakı, öz
sözünü deməsi zəruridir.
2. Birləşmiş
Ştatlar bu vaxta qədər Azərbaycana münasibətdə
səhvə yol vermiş, "bitərəfliyə, ədalətliliyə
zərbə vuran" xətt yeritmişdir. O deyir ki,
"907-ci maddə ABŞ-a ədalətli, bitərəf
mövqe tutmağa mane olur, ABŞ-ın milli mənafelərinə
zərbə vurur".
3. Regionda
möhkəmlənməkdə, Xəzər regionunu və Mərkəzi
Asiyanı Avropaya inteqrasiya etməkdə Türkiyə - Amerika münasibətlərinə diqqət
vermək vacibdir.
4. ABŞ
diplomatiyasına "çox həssas, mürəkkəb və
emosiyalarla dolu olan çox kövrək İran məsələsində
manevr etmək imkanını qoruyub saxlamaq" tövsiyə
olunur.
5. Regionun
dünya birliyinə inteqrasiyasını sürətləndirmək
üçün bölgənin qapıları bütün
ölkələrin üzərinə açıq olmalı, ərazi
beynəlxalq əməkdaşlıq meydanına çevrilməlidir.
6. Azərbaycan
- Ermənistan arasında əməkdaşlıq
yaradılmalı, Rusiyanın regiondakı maraqları nəzərə
alınmalıdır.
Bjezinskinin
prinsiplərini analiz edərkən görürük ki, Birləşmiş
Ştatlar Xəzər regionunu Avropaya inteqrasiya etməklə
onların Qərbyönümlü, daha dəqiq
desək, amerikayönümlü olmasını
istəyir.
Bununla da,
ABŞ öz mövqeyini möhkəmləndirir, öz təhlükəsizlik
mənafeyini təmin edir. Çünki bu dövlətlər,
o cümlədən Azərbaycan nə qədər Amerika
istiqamətli xətt yeridərsə, o qədər ABŞ
üçün az problem yaradar.
ABŞ-ın
milli təhlükəsizliyi üçün ikinci əsas
faktor Bjezinskinin öz sözləri ilə
desək, "çox mürəkkəb İran məsələsidir".
Azərbaycanın İrana qonşu olması ABŞ-ın
mürəkkəb İran məsələsində manevr etmək
imkanlarını artırır. Azərbaycan bu məqsəd
üçün bir növ müstəvi rolunu oynaya bilər.
ABŞ-ın
Azərbaycandakı iqtisadi maraqları isə ilk növbədə
Azərbaycanın malik olduğu enerji resursları, Xəzərin
neft ehtiyatları ilə bağlıdır.
Birləşmiş
Ştatların maraqlarının ikinci böyük hissəsi
də Azərbaycanın geosiyasi mövqeyi ilə
bağlıdır. Azərbaycan iki böyük dövlətlə
- Rusiya və İranla qonşudur. Hər
iki dövlətin Azərbaycanda böyük maraqları var,
eyni zamanda ABŞ-İran arasında
neçə illərdir ki, düşmənçilik, ABŞ-Rusiya arasında isə ziddiyyətlər
var. Azərbaycan ABŞ üçün həm də
İranı çəkindirmək siyasətinin cinah xəttindədir.
Vaşinqton Bakı ilə iqtisadi və siyasi əlaqələri
daha da möhkəmləndirməklə İranı təkləmək
sahəsində öz siyasətini gücləndirə bilər,
çünki Azərbaycan İran rejiminin islam təməlçiliyini
yaymaq səylərinə mane olmaqda davam edir. Azərbaycanda
şiə müsəlmanları yaşasalar da, bu ölkə
dünyəvi xarakterini qoruyub saxlayır. Azərbaycan
Respublikasının Konstitusiyasında dövlətin dindən
ayrıldığı, Azərbaycanda dünyəvi dövlət
qurulduğu elan edilmişdir. Bir tərəfdən də
Prezident Heydər Əliyev İran tərəfindən sponsorlaşdırılan Azərbaycan İslam
Partiyasının fəaliyyəti üzərində məhdudiyyətlər
qoymuşdur. Bundan əlavə, Azərbaycanla-İsrail
arasında münasibətləri kəsmək haqqında
İranın tələbi rədd edilmişdir. ABŞ ilə
Azərbaycan arasında əməkdaşlığa İran
öz sərhədlərinə hədə-qorxu kimi baxır.
Son dövrlərdə ABŞ ilə İran arasında
münasibətlərin bir qədər yumşalması istəyi
müşahidə olunur.
Azərbaycanın
qonşularından biri də Rusiyadır. ABŞ Rusiyada liberal
islahat tərəfdarlarının yüksək vəzifələrdən
uzaqlaşdırılmasından, xarici ticarətdə
proteksionizm hallarını tətbiq edən bəzi tədbirlərin
həyata keçirilməsindən, buraya başqa dövlətləri
buraxmaq istəməməsindən,
keçmişə qayıdış barədə
çağırışlardan, Çeçenistanda
müharibənin aparılması metodlarından, dinc və
günahsız insanların qırılmasından
narahatdır. Bununla belə, ABŞ Rusiyanın ərazi
bütövlüyünü müdafiə edir və terrorizmi
pisləyir, onun azad bazar iqtisadiyyatı və demokratiya yolu ilə
inkişafını dəstəkləyir. Lakin nəzəri
baxımdan hələ də qalmaqda olan Rusiya təhlükəsini
zəiflətməkdən ötrü buradakı demokratik
institutlarla sıx əməkdaşlıq etməyə,
demokratiya yolunda ona kömək göstərməyə, beynəlxalq
maliyyə və texniki təşkilatlarını bu işə
cəlb etməyə çalışır.
Öz
növbəsində Kreml Vaşinqtonun keçmiş sovet məkanında
hərəkətlərindən NATO-nun Şərqə
doğru genişlənməsindən narahatdır.
Ümumiyyətlə,
göstərilən şərhlərdən məlum olur ki,
ABŞ-ın Azərbaycanda möhkəmlənməsi, Rusiyada
ABŞ və eləcə də Azərbaycanın mənafeyi
üçün neqativ olan halların bas
qaldırmasının qarşısını almağa imkan
verir.
Beləliklə,
Birləşmiş Ştatların Azərbaycandakı mənafelərini
aşağıdakı kimi qruplaşdırmaq olar:
-
Xəzər neftinin tez və fasiləsiz sürətlə
işlənilməsi;
-
Avrasiya və ya Şərq-Qərb nəqliyyat dəhlizinin
yaradılması;
-
İranın islam təməlçiliyinin qarşısının
alınması;
-
Rusiyanın ekspansionist meyllərinin məhdudlaşdırılması;
-
Dağlıq Qarabağ münaqişəsinin dincliklə
aradan qaldırılması;
-
ixrac imkanları və iş yerlərinin yaradılması;
-
və nəhayət, əslində ən vacib prinsip olan real
olaraq müstəqil, Qərbə meyilli və
bazar iqtisadiyyatına malik demokratik dövlətin yetişdirilməsi.
ABŞ-da
hazırda Azerbaijan İnternasional",
"Caspian crossroads"
və başqa jurnallar nəşr olunur, başqa kanallarla da
xeyli informasiya yayılır, görüşlər, seminarlar
keçirilir. ABŞ-da həmçinin Amerika -
Azərbaycan Şurası da fəaliyyət göstərir.
Onun üzvləri həm Amerika, həm Azərbaycan vətəndaşları
ola bilərlər. Bu qeyri-hökumət, qeyri-kommersiya təşkilatının
məqsədi ABŞ-la Azərbaycan arasındakı əlaqələri
genişləndirməkdir. Şura iki jurnal nəşr edir. Bu
nəşrlərdə Zaqafqaziya və Mərkəzi
Asiyadakı geosiyasi durumdan söhbət açılır.
Bundan əlavə, Şura özəl kommersiya
strukturlarına, eləcə də ABŞ-da "beyin
fabriki" adlanan analitik mərkəzlərə məşvərətçi
xidməti göstərir.
Birləşmiş
Ştatların Azərbaycanla münasibətlərini təhlil
edərkən görürük ki, Azərbaycan və
ABŞ-ı bir-birindən uzaqlaşdıran şərait
yoxdur. Münasibətlərimizdə mövcud olan çoxlu təmas
nöqtələri problemləri həll etməyin
yollarını tapmağa imkan verir. Əslində münasibətlərin
inkişaf etməsi üçün hər iki ölkədə
təbii maraqlar, ictimai-siyasi zəmin var. Bəs əlaqələrin
lazımi səviyyədə inkişafına mane olan səbəblər
hansılardır?
Əvvəla,
qeyd etmək lazımdır ki, iki ölkə arasındakı
münasibətlər, sözsüz ki, okeanın o tayında
yerləşən böyük dövlətin iradəsi və
arzularına müvafiq olaraq istiqamətlənir. Azərbaycan
isə bu münasibətlərdə təşəbbüsçü,
eyni zamanda maraqlı tərəfdir. Mövqelərin və
çəkilərin qeyri-tarazlığı isə ikinci tərəfin
birinciyə təsir etmək imkanını azaldır, həddən
artıq məhdudlaşdırır, ona görə də, hələlik
sadəcə olaraq qarşı tərəfin təqdim etdiyi və
maraqlarımıza uyğun təklifləri qəbul etməklə
kifayətlənir. Belə vəziyyətdə münasibətlərin
inkişaf sürətinə təsir etməyə, təbii
ki, respublikanın böyük imkanı və vasitəçi
mexanizmi yoxdur. Deməli, yalnız ABŞ-ın təşəbbüsü
ilə iki ölkə arasında münasibətlər sürətlə
və yüksələn xətlə intişar tapa bilər.
ABŞ isə əslində münasibətlərin yüksək
səviyyədə olmasına maraqlı olsa da, konkret
addımları atmağa hələlik ciddi cəhd göstərmir.
Bəzi analitiklər bunun səbəbi kimi erməni-yunan
lobbisi ittifaqını görürlər, digərləri isə
belə yumşaq mövqeni ABŞ-ın Qafqazda Rusiya ilə
üz-üzə gəlmək istəmədiyi ilə əlaqələndirirlər.
Mülahizələrin hamısında müəyyən həqiqət
var. Lakin bizim gəldiyimiz nəticəyə görə əsas
səbəb bu gün Azərbaycandakı demokratiyanın səviyyəsi
ilə əlaqədardır. Birləşmiş
Ştatların Azərbaycandakı keçmiş səfiri Ross Uilsonun
çıxışlarında Azərbaycanda demokratik
islahatların inkişaf etdirilməsinin zəruriliyini
xüsusi vurğulaması da bununla bağlıdır.
Nəzərə
almaq lazımdır ki, demokratikləşmə, insan hüquq və
azadlıqlarının təmin edilməsi bu gün
dünyanın prioritet məsələlərindəndir və
Amerika Birləşmiş Ştatları öz münasibətlərində
məhz bu prinsipi əsas
götürür.
Azərbaycan
cəmiyyətinin yaşadığı keçid
dövründə aparılan islahatların bir istiqaməti də
vətəndaş cəmiyyətinin formalaşması, vətəndaşların
öz hüquqlarını yetərincə öyrənməsi
və tətbiqinə çalışmasıdır.
Demokratiyaya keçidi xarakterizə edən məsələlərdən
biri də Azərbaycanda insan hüquqları, insanların
qanunlarla və beynəlxalq normalarla tanınan
hüquqlarına hörmət olunması və onların
hamı tərəfindən qəbul olunmasıdır.
Hüquqi dövlət qurulmasının əsas şərti
hüquqlarını bilən və onu tələb edən fəal
vətəndaşlarının olmasıdır. Bunun
üçün mühüm işlərdən biri
insanların hüquqi baxımdan maarifləndirilməsi, qanun və
normaların hazırlanmasında və qəbul olunmasında
onların iştirakının təmin olunmasıdır. Bunun
üçün insanlar onların hüquqlarını və yaşamlarını tənzimləyəcək
qanunların hazırlanmasında və icrasında iştirak
etmək mexanizmlərini bilməli və ya onu özləri
yaratmalıdırlar.
Azərbaycan
üçün yeni və əhəmiyyətli olan digər məsələ
cəmiyyətin özünü-tənzimləməsi,
insanların dövlətin idarə olunmasında vətəndaş
təşəbbüsü ilə iştirakının təmin
olunmasıdır. Totalitar idarə üsulu insanları belə
məkanlardan məhrum etdiyindən vətəndaşlarımız
bu tip məsələlərə alışmamışlar.
Son dövrlər
bu istiqamətlərdə böyük səmərə verə
biləcək üçüncü sektorda bir inkişaf
müşahidə edilməkdədir. Müxtəlif sahələrlə,
problemlərlə məşğul olan qeyri-hökumət
qurumları yaranır, müxtəlif proqramlar və layihələr
həyata keçirilir.
Azərbaycanda
üçüncü sektor öz inkişaf mərhələsindədir.
Respublika müstəqilliyə, demokratik, hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu prosesinə
yenicə qədəm qoyduğundan, müharibənin ölkənin
ictimai-siyasi, sosial-iqtisadi vəziyyətinə vurduğu zərbələrdən
sonra, həmçinin ictimai inkişafı təmin edəcək
hüquqi qanunvericilik bazasının təkmil olmaması,
ictimai şüurda qeyri-hökumət təşkilatları hərəkatı
haqqında təsəvvürlərin kifayət qədər formalaşmaması bu sektorun inkişafına
müxtəlif əngəllər törədir. Bütün
bu problemlərə baxmayaraq, son dövrlərdə
üçüncü sektorda QHT-nin fəallığı hiss
olunmaqdadır.
Bütün
illərdən fərqli olaraq 1999-cu il Azərbaycanda
üçüncü sektorun inkişafı baxımından
dönüş ili olmuşdur. Buna səbəb bir tərəfdən
həmin ilin sonlarında qeyri-hökumət təşkilatlarının
qeydiyyatı ilə bağlı hökumətin mövqeyində
müəyyən dəyişikliklərin baş verməsi,
digər tərəfdən də QHT-nin inkişafına
kömək edən təşkilatların, proqramların
artması olmuşdur, bu proqramların, təşkilatların
arasında isə əsas yerlərdən biri Amerika
qeyri-hökumət, qeyri-kommersiya təşkilatlarına məxsusdur.
Azərbaycanla ABŞ arasında əlaqələri nəzərdən
keçirdikdə görürük ki, bu illər ərzində
iqtisadi, siyasi əlaqələrlə bərabər, ictimai təşkilatlar,
qeyri-hökumət qurumlar ilə əlaqələr də
artıb. Başqa sözlə, ABŞ qeyri-hökumət təşkilatları
da Azərbaycanda fəaliyyət göstərməyə
başlayıblar. Bu təşkilatların Azərbaycandakı
fəaliyyətini olduqca lazımlı bir proses kimi qiymətləndirmək
olar. Çünki bilavasitə bu təşkilatlar Azərbaycanda
üçüncü sektorun inkişafına kömək
göstərdi.
QHT-nin layihələri
və həyata keçirdikləri proqramların maliyyələşdirilməsinin
əsas mərhələsi 1997-ci ildən
başlanmışdır. Bu daha çox respublikada xarici
ictimai təşkilatların potensial donor kimi fəaliyyətə
başlaması ilə mümkün olmuşdur.
Ümumiyyətlə,
1996-1999-cu illərdə Azərbaycan
QHT-nin potensial donorları aşağıdakılar
olmuşdur: Soros Fondu, TACİS,
NED, USİA, OXFAM, Westminster Foundation, Eurosia Foundation, IOM və s.
Göründüyü kimi, əksəriyyəti Amerika təşkilatlarıdır.
Azərbaycana
ilk gələn Amerika təşkilatları arasında İSAR, İDEE, USİA, Evrasia Foundation, USAİD, MacArthur Foundation, UNHCR, UNDP, Soros
Fondu, Amerika Milli Demokratiya İnstitutu, Respublikaçılar
İnstitutu və onlarla digərlərini göstərmək
olar. Artıq bu təşkilatların bəzilərinin Azərbaycanda
öz nümayəndəlikləri açılıb. Bu təşkilatlar
öz fəaliyyəti ilə bu və ya digər şəkildə
Azərbaycanda demokratik proseslərin inkişafında xüsusi
rol oynayır. Bu rol özünü istər vətəndaş
cəmiyyətinin inkişafında, istər insan hüquq və
azadlıqlarının qorunması uğrunda mübarizədə,
istərsə də ədalətli və demokratik seçkilərin
keçirilməsinə münasibətdə göstərir.
Misal
üçün 1998-ci ildə keçirilən prezident
seçkiləri zamanı Milli Demokratiya İnstitutunun
çox ciddi yardımını qeyd etmək olar. Məhz
onların təzyiqi ilə prezident seçkisi haqqında
qanuna müəyyən daha demokratik dəyişikliklər
edilib.
Qeyri-hökumət
təşkilatlarının inkişafı üçün
kömək göstərən ilk təşkilat İSAR /Azərbaycan təşkilatıdır.
İSAR Azərbaycanda öz fəaliyyətini
1995-ci ilin dekabrında başlamış və əsas diqqətini
qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarının
gücləndirilməsinə yönəltmişdir. Öz fəaliyyətinin
ilk dövrlərində İSAR hələ
tam ayağa qalxmamış QHT sektoru ilə və cəmiyyətdə
üçüncü sektor olmağa hazır olmayan qurumlarla
üzləşdi. Son 4 ildə İSAR Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə
çalışmış, mövcud QHT-lərin
möhkəmləndirilməsi və yenilərinin meydana gəlməsinə
kömək etmişdir. Güclü QHT sektorunun yalnız
daxili təşkilati cəhətdən inkişaf tələb
etmədiyini nəzərə alaraq, İSAR
yerli QHT-nin qurulmasına münasibətini proqramlar ilə ifadə
edir. Əsasən, 4 proqram üzrə treninqlər, informasiya
proqramları, qrant proqramları, regional proqramlar həyata
keçirir.
Ötən
il İSAR / Azərbaycanın təşəbbüsü
və köməyi ilə Bakıda Azərbaycan QHT-lərinin birinci sərgisi keçirildi.
Sərginin
açılışında iştirak edən ABŞ-ın o
zamankı səfiri Stenli Eskudero
Amerika Birləşmiş Ştatları İnkişaf
Agentliyinin maliyyə dəstəyi ilə İSAR-ın
keçmiş SSRİ ölkələrində, o cümlədən
Azərbaycanda vətəndaş təşəbbüsünün
inkişafı üçün həyata keçirdiyi
missiyanı çox vacib hesab edərək qeyd etmişdir:
"Açılışda xarici və beynəlxalq təşkilatların
və dövlət strukturlarının iştirakı o deməkdir
ki, biz Azərbaycanda vətəndaş cəmiyyətinin
inkişafında iştirak edirik".
İSAR
/ Azərbaycan USAİD təşkilatının
maliyyə köməyi ilə Azərbaycan QHT-lərinin
məlumat kitabçasını çap edir,
"Üçüncü sektorun xəbərləri"
adlı informasiya bülleteni nəşr edir. Eyni zamanda İSAR / Azərbaycan kompyuter
mərkəzində QHT-nin işləməsi üçün
şərait yaradılmış, kitabxana onların istifadəsinə
verilmişdir.
Siyasi
partiyalardan fərqli olaraq ictimai təşkilatlar əsasən
Bakı şəhərində fəaliyyət göstərirlər.
Buna baxmayaraq, onların qaçqınlar, qadınlar, əlillər
və sahibkarlıqla bağlı layihələri regionları
və xüsusən Mərkəzi Aran rayonlarını əhatə
edir. İctimai cəhətdən fəallıq göstərən
regionlar siyahısında Gəncə, Sumqayıt, Şəki,
Lənkəran, Mingəçevir var ki, həmin rayonlarda
yaradılan təşkilatların əksəriyyəti
ekologiya və sosial proqramların həyata keçirilməsi
məqsədilə yaradılmışdır. Təşkilatlar
əsasən İSAR təşkilatının
qrantları və İnsan Hüquqları Resurs Mərkəzi,
Soros Fondunun İnformasiya Mərkəzinin
həmin rayonlarda filiallarının açılması və
həmin rayonlara maraq göstərməsi ilə
bağlıdır.
Amerika Birləşmiş
Ştatlarının digər bir təşkilatı İDEE isə artıq 7 ildir ki, Azərbaycanla
əməkdaşlıq edir. Bu təşkilat bir neçə
ildir ki, Plüralizm Mərkəzlərinin Şəbəkəsi
adlı proqram çərçivəsində qeyri-hökumət
təşkilatlarının görüşlərini təşkil
edir.
Bu şəbəkəyə
Şərqi Avropa və MDB ölkələri, yəni postkommunist ölkələrini təmsil edən
təşkilatlar daxildir. Bu o deməkdir ki, bu ölkələrin
və eyni zamanda bu təşkilatların maraqları, problemləri,
qarşılaşdıqları çətinliklər təxminən
eynidir. Məhz bu şəbəkə totalitarizmdən yenicə
ayrılmış ölkələrin təşkilatlarına
artıq demokratiyanı mənimsəmiş ölkədə fəaliyyət
göstərən təşkilatların təcrübəsini
tək nəzəri deyil, həm də praktikada öyrənməyə
şərait yaradır.
Beynəlxalq
səviyyədə Azərbaycan haqqında informasiya
çatışmazlığı təşkilatların
qarşısında həm də beynəlxalq ictimaiyyəti Azərbaycandakı
hadisələr və sosial-siyasi vəziyyət barədə məlumatlandırmaq
məqsədi qoyur. İDEE-nin köməkliyi
ilə AMDF tərəfindən ilk dəfə
1998-ci ildə "Azərbaycan" adlı bülleten
hazırlanıb. Artıq internetdə və elektron poçt
vasitəsilə yayılan "Azərbaycan" bülleteni
beynəlxalq ictimaiyyəti mümkün qədər geniş,
mənbə və siyasi fikirləri özündə əks
etdirən informasiya ilə təmin edir. Üç ildən az
bir müddətdə bülleten 65 ölkədə 5 min abunəçi
qazanıb. Artıq onlar bülleteni Azərbaycan, rus və
ingilis dillərində alırlar.
Digər
uğur kimi Soros Fondunun Azərbaycan
ofisinin göstərdiyi xidmətləri qeyd etmək olar. Fondun
internet mərkəzi QHT-lərin və digər
vətəndaşların istifadəsinə verilmişdir.
Onlar üçün kompyuter və
internetlə işləmək kursları təşkil olunur.
Bundan əlavə Soros Fondu təhsillə
əlaqədar proqramlar həyata keçirir.
Azərbaycanda
fəaliyyət göstərən əsas Amerika QHT-dən biri
isə Milli Demokratiya İnstitutudur (MDİ).
MDİ-nin fəaliyyəti əsasən
seçkilərin müşahidə edilməsi, hesabatların
hazırlanmasına, Azərbaycanda fəaliyyət göstərən
siyasi partiyaların təşkilat strukturlarının
demokratikləşməsinə, vətəndaşların
siyasi fəaliyyətini artırmaq üçün
kommunikasiyaların müəyyənləşdirilməsinə
yönəlib.
Səfir Ross Uilsonun sözlərinə
görə, demokratiya, insan hüquqlarının və
qanunların aliliyinin qorunması azad cəmiyyətin zəruri
komponentləridir. Onlar bütün sahələrdə tərəqqinin
qarantıdır. Demokratikləşmə Azərbaycanın
müstəqilliyinin və rifahının ən böyük
qarantı kimi bizim əsas prioritetimiz olmalıdır.
Məhz bu təşkilatların
və fondların Azərbaycanda fəaliyyəti nəticəsində
5-7 il əvvəl qeyri-hökumət sektoru onlarla səpələnmiş,
zəif təşkilatlardan ibarət idisə, indi cəmiyyətin
həyatına daha çox təsir edən yüzlərlə
güclü QHT-dən ibarətdir.
Göründüyü
kimi, ABŞ üçün Azərbaycanda demokratiya digər
sahələrdəki əməkdaşlıqdan daha
mühümdür. Beləliklə, Birləşmiş
Ştatlar Azərbaycanda demokratikləşməyə, insan
hüquqlarının qorunmasına, demokratik islahatların
aparılmasına diqqətini daha artırır və Azərbaycanda
demokratik proseslərin inkişafında əsaslı rol
oynayır.
Demokratik
dünya Azərbaycanın sivil inkişafında
maraqlıdır. Bizim qarşıya qoyduğumuz məqsədlərə
çatmaq üçün Azərbaycan xarici dövlətlərlə
əlaqələri inkişaf etdirməli, bir sıra demokratik
təsisatların formalaşmasında demokratik dövlət
quruculuğuna nail olan dünya dövlətlərinin təcrübəsindən
istifadə etməlidir.
İstifadə
olunmuş mənbələr:
1. "Azərbaycan"
qəzeti. - 14 iyun 1994-cü il
2. Əliyev
Heydər. Müstəqilliyimiz əbədidir. IV cild.- B., 1997
3. Həsənov
Ə. Azərbaycan-ABŞ:
anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa
doğru (oktyabr 1991 - avqust 1997). - B., 1997
4. Heydər Əliyev
Azərbaycanı dünyaya tanıdır. B.,
1991
5. Həsənov
Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın
xarici siyasəti. B., 2005
6.
"Xalq" qəzeti. - 08 may 1997-ci il
7. Qasımov
M. Azərbaycanın xarici siyasəti (konsepsiya məsələləri),
B., 1997
8.
Nəsirov E. Azərbaycan-ABŞ münasibətləri
(1991 - 1997-ci illər), B.,
1998