«Qanun».-2008.-№9(173).-S.114-121.
İŞÇİNİN
HÜQUQ VƏ FƏALİYYƏT QABİLİYYƏTİ
Qayıbov
Bəhruz - AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar
İnstitutunun dissertantı
Əmək
hüququnda boşluqların aradan qaldırılması
zamanı əmək hüququ ilə mülki hüququn
qarşılıqlı əlaqəsindən istifadə edilir.
Belə qarşılıqlı əlaqə həmçinin
Əmək Məcəlləsində mülki hüquq
normalarının müraciət edilməsi zamanı,
habelə əmək hüququ üzrə aktlarda mülki-hüquqi
kateqoriyaların istifadə edilməsi zamanı da
mümkündür.
Mülki
hüquq normalarının tətbiq edilməsinə dair qanunun
göstərişləri həm ümumi, həm də konkret
şəkildə ola bilər. Deməli, qanunun başqa hüquq
sahəsinin normalarının istifadə edilməsinə dair
ümumi və konkret göstərişlərinin olduğunu
göstərmək olar.
Azərbaycan
Respublikasının Əmək Məcəlləsində
mülki hüquq normalarının əmək
münasibətlərinə birbaşa tətbiqi
nəzərdə tutulmur (yəni bu barədə ümumi
göndəriş mövcud deyildir). Bununla belə,
boşluqların aradan qaldırılması zamanı
əmək və mülki hüququn qarşılıqlı əlaqəsi
zamanı eyni anlayışların və blanket
normaların istifadə edilməsi mümkündür.
AR Mülki
Məcəlləsində ənənəvi olaraq mövcud olan
və təəssüf ki, AR Əmək Məcəlləsində
mövcud olmayan institutlardan biri də hüquq və
fəaliyyət qabiliyyəti barədə normaların
məcmusudur. AR Əmək Məcəlləsinin yaxın
keçmişdə qəbul edilməsinə və orada bir
sıra yeni normaların təsbit edilməsinə baxmayaraq,
işçilərin hüquq və fəaliyyət qabiliyyəti
məsələlərinin orada yer almaması
həmin məcəllənin
çatışmazlıqlarından biri kimi
qiymətləndirilməlidir (7, s. 25-28).
Bununla
belə, hüquq qabiliyyəti məsələsi həm
dövlət və hüquq nəzəriyyəsi, həm
mülki hüquq, həm də əmək hüquq elmində
müəyyən qədər tədqiq edilmişdir. Hüquq
ədəbiyyatında hüquq qabiliyyəti
məsələsinə müxtəlif yanaşmalar
mövcuddur. Bəzi müəlliflər bu anlayışda
hüquq sözünü əsas götürərək
hüquq qabiliyyətini xüsusi subyektiv hüquq hesab
edərək onu "hüquqa olan hüquq" kimi xarakterizə
edirlər (18, s. 124). Digər müəlliflər isə
qabiliyyət sözünü əsas götürərək
hüquq qabiliyyətini hüququn subyekti ola bilmək
qabiliyyəti kimi xarakterizə edirlər. Məsələn, S.S. Allahverdiyev mülki hüquq
dərsliyində hüquq qabiliyyətini hüquq və
vəzifələrə malik olmaq qabiliyyəti kimi
göstərərək ona vətəndaşların hüquq
münasibətlərinin iştirakçısı olmasına
hüquqi imkan kimi qiymət verir (1). Bu məsələ ilə
əlaqədar V.A. Tarasova göstərir
ki, "hüquq qabiliyyəti" anlayışında
əsas kimi "hüquq" sözü deyil,
"qabiliyyət" sözü əsas
götürülməlidir (24).
B.K. Beqiçev hüquq qabiliyyətinə hər
kəs üçün bərabər hüquqlara malik olmaq
qabiliyyəti kimi anlayış vermişdir (14, s. 39).
Göründüyü kimi, həmin müəllif hüquq
qabiliyyətini ilk növbədə "bərabərliklə
xarakterizə olunan qabiliyyət" kimi göstərir. N.Q. Aleksandrov hüquq qabiliyyətini şəxsin
qanunla nəzərdə tutulan və hamı üçün
eyni və sabit olan hüquq və vəzifələrin
daşıyıcısı olmaq qabiliyyəti kimi
xarakterizə etmişdir (13). M.P. Karpuşin
də eyni mövqedən çıxış etmişdir (19,
s. 70).
Müəyyən
qədər fərqli mövqedən S.A. Əsədov
çıxış edir. Onun fikrincə, hüquq
qabiliyyəti birdəfəlik və daimi olaraq verilən və
heç vaxt dəyişilməyən bir kateqoriya deyil. O,
hər bir insanın həyatı boyu baş verən daxili
hərəkətlə xarakterizə olunur və hüquq
qabiliyyətinin həcmi hüquq və vəzifələrin
həcmindən bir-başa asılıdır (6, s. 172-174).
Lakin müəllif bu zaman hüquq qabiliyyəti ilə subyektiv
hüquqların məcmusunu eyniləşdirmir. V.N. Skobelkin "Əmək hüquq münasibətləri"
adlı əsərində mücərrədlik dərəcəsindən
asılı olaraq hüquq qabiliyyətinin bir neçə
növünü fərqləndirmişdir: ümumi
anlayış kimi hüquq qabiliyyəti; hər bir subyektin
hüquq qabiliyyəti; müəyyən bir subyektin onun həyat
və fəaliyyətinin müəyyən bir anında
hüquq qabiliyyəti (23, s. 151-152). Belə bir
təsnifatın aparılması onunla izah olunur ki,
müəllif hüquq qabiliyyətinin həcminin şəxsin
malik olduğu subyektiv hüquqların həcmindən
asılılığını etiraf edir və subyektdən
asılı olaraq onun növlərini fərqləndirir (23, s.
152-152). Hesab edirik ki, müəllifin göstərilən
mövqeyi ilə razılaşmaq olmaz. Həm hüquq ədəbiyyatında,
həm də qanunvericilikdə hüquq qabiliyyəti
şəxsin hüquq və vəzifələrə malik olmaq
qabiliyyəti kimi xarakterizə olunur (9). Bu fərdin
dövlət tərəfindən hüququn subyekti olmaq və
müxtəlif hüquq münasibətlərində iştirak
etmək imkanının tanınmasında əks olunan ictimai
xarakterli hüquqi xüsusiyyətidir. V.İ. Popov
qeyd edir ki, bu və ya digər
hüquqlara malik olmaq imkanının müxtəlif
səbəblərdən müxtəlif vaxtlarda mümkün
olması hüquq qabiliyyətinin də
müxtəlifliyinə, yəni növlərə
bölünməsinə səbəb olmur (22, s. 85-89). Bu fikir
həm mülki hüquq, həm də əmək hüquq qabiliyyətinə
eyni dərəcədə aiddir. Şəxs hüquq
qabiliyyəti hesabına hüquq və vəzifələr
əldə etmək imkanına malik olur. Dövlət bu
imkanı tanıyır və AR Mülki Məcəlləsində
olduğu kimi belə imkanların siyahısını
göstərir. Konkret hüquq və vəzifələrin
əldə edilməsi, dəyişməsi və xitamı
üçün bir və ya bir neçə hüquqi
faktın olması zəruridir. Hüquq qabiliyyəti ilə
subyektiv hüquqların asılılığını
fəlsəfi baxımdan imkan və gerçəkliyin
qarşılıqlı əlaqəsi kimi qiymətləndirmək
olar. Bu zaman nəzərə almaq lazımdır ki, imkan
heç də hər zaman gerçəkliyə çevrilmir,
lakin bununla belə onun gerçəkliyə çevrilmək
imkanı hər bir zaman qalır. Məsələn, mülki
hüquq qabiliyyətinin məzmununa hüquqi şəxs
yaratmaq hüququ da daxildir, lakin heç də bütün
subyektlər bu imkanı reallaşdıra bilmir. Eyni zamanda
əmək hüquq qabiliyyətinin məzmununa əlavə
məzuniyyət almaq imkanı da (hüququ) daxildir, lakin
heç də bütün işçilərin əmək
funksiyası həmin imkanın reallaşmasına
şərait yaratmır.
V.N. Skobelkinin göstərilən konsepsiyası M.M. Aqarkov
tərəfindən irəli sürülmüş və S.N. Bratusun statistik hüquq qabiliyyəti
nəzəriyyəsinin əksi kimi çıxış
edən dinamik hüquq qabiliyyəti nəzəriyyəsinə
əsaslanır. M.M. Aqarkovun
fikrincə, hüquq qabiliyyəti dinamik olaraq başa
düşülməlidir, yəni mülki hüquq
qabiliyyəti hər bir şəxs üçün onun
başqa şəxslərlə qarşılıqlı
münasibətindən asılı olaraq müəyyən
hallarda müəyyən hüquq və
vəzifələrə malik olmaq imkanını
özündə əks etdirir (12, s. 284-285). S.N. Bratus bu mövqeni tənqid edərək
göstərmişdir ki, hüquq qabiliyyəti müstəqil
kateqoriya olaraq mücərrəd bir anlayış kimi
əhəmiyyət kəsb edir, yəni ümumi olaraq hüquq
və vəzifələrə malik olmaq imkanı kimi qiymətləndirilməlidir
(16, s. 6). Göründüyü kimi, hüquq qabiliyyətinin
digər şəkildə başa düşülməsi
isə onun xüsusi hüquq münasibəti kimi tanınması
deməkdir.
Y.S. Əsgərlinin
fikrincə, hüquq qabiliyyəti müəyyən bir
hərəkətin hüquqi imkanı kimi
çıxış edir və dövlət tərəfindən
digər şəxslərə həmin hərəkətin
reallaşdırılmasına mane olmamaq öhdəliyi qoyulur
(7, s. 25-28). Analoji fikirlər digər müəlliflər
tərəfindən də irəli sürülmüşdür.
Onların fikrincə, hüquq qabiliyyəti "hər
kəsin hər kəslə münasibətdə olduğu"
xüsusi hüquqi əlaqə kimi xarakterizə edilməlidir
(6, s. 172-174). Belə hüquq münasibətinin xüsusiyyəti
kimi onun ümumi xarakteri ilə yanaşı, ona daxil olan
münasibətlərin xarakteri də göstərilir.
Yuxarıda
göstərilən bu mövqe ilə razılaşmaq olmur.
Fikrimizcə, belə bir hüquq münasibətinin hər
kəsə hesablanmış mücərrəd qaydası onun
hüquq normasından fərqləndirilməsi
məsələsini meydana çıxarır. Bundan başqa
hazırda hüququn yönəldiyi subyekt kimi hər kəsin
çıxış edə biləcəyi belə bir hüquq
münasibətinin müdafiəsi məsələsi də
meydana çıxır. Eyni zamanda qeyd etmək lazımdır
ki, müdafiə hüququ hər hansı bir konkret subyektiv
hüquq pozulduqda yaranır. Konkret mülkiyyət hüququndan
danışdıqda isə göstərmək lazımdır
ki, vindikasiya və ya neqator
iddianın təqdim edilməsi zərurəti mülkiyyət
hüququnun konkret pozucusu olduqda yaranır. Bu
mərhələdə iddia hər kəsə qarşı
deyil, konkret hüquq pozucusuna qarşı yönəlir.
Hüquq qabiliyyətinə münasibətdə eyni fikir
heç də uyğun hesab edilə bilməz. Belə bir fikirlə
razılaşmaq olar ki, hüquq qabiliyyəti hüquq
münasibətinin həm məntiqi, həm də faktiki olaraq
yaranmasına zəmin yaradır (17). İ.İ. İsmayılov
tamamilə haqlı olaraq göstərir ki, müəyyən
bir hərəkətin edilməsinə hüquq qabiliyyəti
deyil, onun əsasında yaranmış subyektiv hüquq imkan
verir (9).
Əmək
hüququnda hüquq qabiliyyətinin anlayışının
xüsusiyyəti ondan ibarətdir ki, ənənəvi olaraq
hüquq qabiliyyəti hüquq subyektliyinin
digər bir kateqoriyası kimi fəaliyyət qabiliyyəti
ilə birlikdə nəzərdən keçirilir. Qeyd
etmək lazımdır ki, hüquq subyektliyi
anlayışının hüquq və fəaliyyət
qabiliyyətinin uzlaşması kimi başa
düşülməsi hüquq ədəbiyyatında
heç də hamı tərəfindən qəbul edilmir.
Belə ki, hüquq ədəbiyyatında bəzi
müəlliflər hüquq subyektliyini
hüquq qabiliyyəti ilə eyniləşdirirlər (25, s. 88;
20, s. 138-149).
Mülki
hüquq subyektliyinin əmək hüquq subyektliyindən fərqli olaraq
xüsusiyyəti ondan ibarətdir ki, onun tərkibinə daxil
olan hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti
bir-birindən ayrı şəkildə mövcud ola bilər.
Əmək hüququnda isə hüquq qabiliyyəti və
fəaliyyət qabiliyyəti ümumi qayda olaraq eyni vaxtda,
yəni işçinin şəxsən əməklə məşğul
olmaq qabiliyyəti yarandığı anda meydana gəlir.
Vətəndaşların əmək hüququnun subyekti kimi
çıxış etmələri üçün ilk
növbədə onların əmək hüquq subyektliyinə malik olmaları vacibdir.
Əmək hüquq subyektliyi
şəxsin hüquq normaları ilə nəzərdə
tutulmuş əmək hüquq və
vəzifələrinə malik olmaq, onları şəxsən
həyata keçirmək, eləcə də əmək-hüquqi
məsuliyyət daşımaq qabiliyyətidir. Hüquq
ədəbiyyatında tamamilə haqlı olaraq
göstərirlər ki, işçinin hüquq
subyektliyinin şəxsi xarakterə malik
olması onun tərkibinə daxil olan hüquq qabiliyyəti
və fəaliyyət qabiliyyətinin hətta nisbi olsa da
müstəqilliyinə imkan vermir (8, s. 43-47).
Əmək
hüquq subyektliyinin xarakterizə
edilməsi üçün əsasən maddi
şərtlər, məsələn, işçinin baş
verən hadisələrə adekvat qərar qəbul edə bilmək
qabiliyyəti (intellektual qabiliyyət) və öz hərəkətlərini
idarə etmək qabiliyyəti (iradəvi
qabiliyyət) fərqləndirilir (21, s. 108). Əmək hüquq
subyektliyinin şərtləri kimi həm
də şəxsin müəyyən fiziki inkişaf
səviyyəsinə çatmasını da
göstərmək olar. Şəxsin müəyyən yaş
həddinə çatması ilə göstərilən
şərtlər və eyni zamanda, həmçinin onun
əmək hüquq və fəaliyyət qabiliyyəti də
yaranır. Beləliklə, əmək hüquq
nəzəriyyəsində əmək hüquq subyektliyinin şərtləri qismində
yaş və iradəvi meyarlar
götürülür. İradəvi
meyar fərdin psixi vəziyyəti ilə əlaqədardır.
Ayrı-ayrı müəlliflər hətta
üçüncü meyarı -
şəxsin fiziki vəziyyətini də
fərqləndirirlər (10, s. 85).
Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
əsasən, əmək hüquq subyektliyinin
yaranması üçün müxtəlif yaş hədləri
müəyyən edilmişdir. Belə ki, məcəllənin
42-ci maddəsinə əsasən, ümumi yaş həddi 15
yaş müəyyən edilmişdir. Məcəllənin 46-cı
maddəsinə əsasən, on beş yaşından on
səkkiz yaşınadək olan şəxslərlə əmək
müqaviləsi bağlanarkən onların valideynlərinin və
ya övladlığa götürənlərin,
qəyyumlarından birinin və yaxud qanunla onları
əvəz edən şəxslərin yazılı
razılığı alınmalıdır. Əmək
Məcəlləsinin 249-cu maddəsində isə yaşı
15-dən az olan şəxslərin, bir qayda olaraq, işə
qəbul edilməsinə yol verilməməsi
haqqında göstəriş təsbit edilsə də
həmin maddənin 2-ci bəndində göstərilir ki,
gəncləri istehsalata hazırlamaq üçün orta
ümumtəhsil məktəblərinin, peşə
məktəblərinin, litseylərin
və orta ixtisas tədris müəssisələrinin 14
yaşına çatmış şagirdlərinin istehsalat təlimi
keçirilməsi üçün dərsdən asudə
vaxtda onların səhhətinə ziyan yetirməyən
yüngül işlər yerinə yetirməklə,
valideynlərin, yaxud onları əvəz edən
şəxslərin razılığı ilə işə
qəbul edilməsinə yol verilir (2). Lakin bu zaman
hökmən valideynlərin, yaxud Azərbaycan Respublikası
Ailə Məcəlləsində nəzərdə tutulan,
onları əvəz edən şəxslərin - qəyyumların, himayəçilərin,
övladlığa götürənlərin
razılığı tələb olunur (3, s. 684).
Qeyd etmək
lazımdır ki, təcrübədə 14 yaşından
aşağı şəxslərin də əmək müqaviləsi
bağlamaq zərurətinin yarandığı halların
şahidi olmaq olar. Lakin Azərbaycan Respublikasının
əmək qanunvericiliyi bu məsələnin
tənzimlənməsini nəzərdə
tutmamışdır ki, bunu da qanunvericilikdə mövcud olan
boşluq ki-mi qiymətləndirmək olar. Bu məsələ
ilə bağlı xarici ölkələrin
təcrübəsinə nəzər salsaq görərik ki,
məsələn, Rusiya Federasiyasının əmək
qanunvericiliyinə əsasən kinomatoqrafiya,
teatr, konsert, sirk və s. müəssisələrdə 14
yaşına çatmamış şəxslərlə
də əmək müqaviləsinin bağlanmasına
icazə verilir. Bu zaman yalnız onların valideynlərinin
və ya qəyyumlarının (himayəçilərinin)
razılığı tələb olunur. Qeyd etmək
lazımdır ki, respublikamızda da göstərilən
fəaliyyət sahələrində azyaşlıların
əməyindən istifadə olunur və onların
əməyinin hüquqi cəhətdən tənzimlənməməsi
əmək qanunvericiliyində mövcud olan boşluq kimi
qiymətləndirilə bilər. Buna görə də hesab
edirik ki, Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 249-cu maddəsinə müvafiq bənd
əlavə olunmalı və 14 yaşınadək
azyaşlılarla əmək müqaviləsi
bağlanmasına icazə verilməlidir.
Rusiyanın hüquq
ədəbiyyatında 14 yaşadək şəxslərin
əmək hüquq subyektliyinin xarakteri
ilə bağlı məsələ birmənalı
qarşılanmamışdır. Məsələn, V.V. Fedinin fikrincə,
belə şəxslərin əmək hüquq qabiliyyəti
müstəsna xarakter daşıyır, çünki yalnız
müəyyən növ fəaliyyət sahəsi ilə
(incəsənət sahəsi ilə) bağlıdır və
onların əmək hüquq qabiliyyətinin belə erkən
yaşda başlanması heç də əmək hüquq subyektliyinin yaranması üçün
müəyyən edilmiş ümumi yaş həddinə
heç bir təsiri olmamalıdır (6, s. 156). Korobçenko V.V. isə
əksinə olaraq hesab edir ki, əgər qanun
müəyyən hallarda işə qəbul üçün
daha erkən yaş həddi müəyyən edirsə,
deməli, əmək hüquq qabiliyyəti də məhz
həmin yaşdan başlamalıdır. Müəllifin
fikrincə, yetkinlik yaşına çatmayanların
müstəsna hüquq qabiliyyəti hər hansı bir iş
və ya peşə qabiliyyəti ilə bağlı olmayaraq
məhz ümumi əmək hüquq qabiliyyətinin
təzahürüdür (20, s. 138-149). Konkret hüquq və
vəzifələrlə müəyyən edilən hüquq qabiliyyətinin
dinamikliyi konsepsiyası baxımından bu mövqe qəbulediləndir. Lakin statistik hüquq
qabiliyyəti konsepsiyası baxımından bu mövqeni
heç bir şəkildə düzgün hesab etmək olmaz.
Hər bir
konkret haldan asılı olaraq 14 yaşına
çatmamış şəxsin hüquq qabiliyyətinin
yaranıb və ya yaranmaması hüququn
subyektləri üçün əmək hüquq qabiliyyətinin
qeyri-bərabərliyi fikrinin formalaşmasına səbəb
olur. Belə bir fikirlə razılaşmaq olar ki, bu halda hüquq
qabiliyyətinin anadangəlmə yarandığı ehtimal
olunur (15, s. 67), fəaliyyət qabiliyyətinin yaranması
isə əmək münasibətlərinə daxil olunan andan
yaranır. Burada əmək hüquq qabiliyyətinin və
fəaliyyət qabiliyyətinin ayrılması problemi meydana
çıxır. E.N. Bondarenkonun
fikrincə, 14 yaşına çatmamış
şəxslərin əmək hüquq qabiliyyətinin anadangəlmə yaranması imkanının qanunda
təsbit edilməsi əmək hüquq və fəaliyyət
qabiliyyəti təsəvvürləri ilə uyğun gəlmir.
Bunun səbəbi odur ki, azyaşlı uşağın
fəaliyyət qabiliyyətini onun valideynlərinin
fəaliyyət qabiliyyəti ilə əvəz etmək
mümkün deyil, hüquq subyektliliyi şəxsən
həyata keçirilməlidir. Lakin hüquq qabiliyyəti
isə xaraktercə bioloji deyil,
ictimai-hüquqi kateqoriyadır, onun xarakteri və yaranması
dövlət tərəfindən
müəyyənləşdirilir. Həyatda elə hallar ola
bilər ki, əmək hüquq qabiliyyətinin
anadangəlmə yaranması imkanına yol verilməsi vacib
əhəmiyyət kəsb edər və hüququn subyektinin müdafiəsinə
yönələr.
Mülki
hüquq qabiliyyətinin məzmununun təhlili bir sıra
xüsusiyyətləri aşkar etməyə imkan vermişdir.
Məsələn, əmlakı vəsiyyət etmək
mülki hüquq qabiliyyətinin məzmununa daxildir, lakin miras
qoyan bunu şəxsən yerinə yetirməlidir. Bundan
başqa, hüquq qabiliyyətinin tərkibinə qanuna zidd
olmayan istənilən əqdləri
bağlamaq hüququ da daxildir. Lakin qarşılıqlı
xidmət göstərilməsi müqaviləsinə
əsasən müqavilədə başqa hal
nəzərdə tutulmayıbsa müqavilənin tərəfləri
xidməti şəxsən göstərməlidirlər. Beləliklə,
mülki hüquq qabiliyyətinin tərkibinə
anadangəlmə olaraq hüquqlara malik olma qabiliyyəti
daxildir və bu şəxsən yerinə yetirilməlidir.
Məhz bununla da əmək hüquq qabiliyyəti və
mülki hüquq qabiliyyəti arasında oxşar və
fərqli xüsusiyyətləri müəyyən etmək
olar. Belə ki, mülki hüquq normalarının əmək
münasibətlərinə analogiya üzrə tətbiqi
zamanı bir məsələyə diqqət yetirmək
lazımdır ki, mülki hüquqdan fərqli olaraq, ümumi
qaydaya əsasən, əmək hüquq qabiliyyəti
fəaliyyət qabiliyyəti ilə eyni zamanda yaranır.
Artıq qeyd
edildiyi kimi, AR Əmək Məcəlləsində
əmək hüquq qabiliyyətinin və fəaliyyət
qabiliyyətinin leqal anlayışı verilməmişdir.
Lakin əmək hüququnun subyektləri üçün
mühüm əhəmiyyət kəsb edən bir hüquqi
kateqoriya kimi əmək hüquq qabiliyyətinə dair
məsələlərin qanunvericiliklə dəqiq şəkildə
tənzimlənməsinə ehtiyac vardır.
AR Mülki
Məcəlləsinin 25-ci maddəsinə əsasən, fiziki
şəxsin mülki hüquq qabiliyyəti insanın mülki
hüquqlara malik olmaq və mülki hüquq
vəzifələri daşımaq qabiliyyətidir (4). Bu
anlayışın təhlili aşağıdakı
nəticələrə gəlməyə imkan verir: birincisi,
mülki hüquq qabiliyyəti kimi şəxslərin məhz
mülki hüquqlara və vəzifələrə malik
olmasından danışılır və buradan belə
çıxır ki, Mülki Məcəllədə yalnız
sahəvi hüquq qabiliyyətindən
söhbət gedir. Eyni zamanda Mülki Məcəllənin 28-ci
maddəsinə əsasən, mülki hüquq fəaliyyət
qabiliyyəti şəxsin öz hərəkətləri ilə
mülki hüquqlar əldə etmək və həyata
keçirmək, özü üçün mülki
vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
Beləliklə, Mülki Məcəllədə yalnız
mülki hüquq sahəsinə aid sahəvi
hüquq və fəaliyyət qabiliyyətinin
anlayışı verilmişdir.
Mülki
Məcəllənin 30-cu maddəsinə görə 14
yaşdan 18 yaşadək olan yetkinlik yaşına çatmayanlar
öz əməkhaqları və
qazancları üzərində sərbəst sərəncam
vermək hüququna malikdirlər. Deməli, AR Mülki
Məcəlləsi məhdud mülki hüquq fəaliyyət
qabiliyyətinə baxmayaraq həmin şəxslərin
əmək münasibətlərində iştirak
etmələrini, yəni onların əmək hüquq subyektliyinin yarandığını
nəzərdə tutur. Bundan başqa 16 yaşına
çatmış şəxsin əmək hüquq subyektliyinin mövcud olması həmin
şəxsin emansipasiya qaydasında tam
mülki fəaliyyət qabiliyyətini də alması
imkanı verir. Belə ki, AR Mülki
Məcəlləsinin 28-ci maddəsinə əsasən, on
altı yaşı tamam olmuş yetkinlik yaşına
çatmayan əmək müqaviləsi üzrə
işləyirsə və ya valideynlərinin,
övladlığa götürənlərin və ya
himayəçinin razılığı ilə sahibkarlıq
fəaliyyəti ilə məşğul olursa, tam
fəaliyyət qabiliyyətli sayıla bilər.
Beləliklə, AR Mülki Məcəlləsi bir
tərəfdən yalnız sahəvi
qaydada mülki hüquq subyektliyinin
tənzimlənməsi ilə məhdudlaşır, digər
tərəfdən isə əmək hüquq subyektliyinin
mülki hüquq subyektliyinə
təsirini təsbit edir.
Ümumiyyətlə,
Mülki Məcəllədə hüquq və fəaliyyət
qabiliyyəti məsələlərinin yalnız sahəvi baxımdan tənzimlənməsi
yenə də onu göstərir ki, AR Mülki
Məcəlləsinin normaları əmək
münasibətlərinə birbaşa şəkildə
tətbiq edilə bilməz.
AR Mülki
Məcəlləsinin hüquq və fəaliyyət qabiliyyəti ilə bağlı normaları
əmək münasibətlərinə boşluqların aradan
qaldırılması mexanizmi vasitəsilə, yəni
analogiyanın qaydalarına əməl edilməklə
tətbiq edilə bilər. Beləliklə, analogiya
üzrə Mülki Məcəllənin hüquq və
fəaliyyət qabiliyyətinin anlayışını
müəyyən edən normaları, qanunla nəzərdə
tutulmuş hallar istisna olmaqla, hüquq və fəaliyyət
qabiliyyətinin məhdudlaşdırılmasına yol verilməməsi ilə bağlı
normaları və s. əmək münasibətlərinə
tətbiq edilə bilər. Hətta tədqiqatçı alim
A.M. Qasımov özünün "Əmək hüququ"
dərsliyində işçini əmək hüququnun subyekti
kimi xarakterizə edərək hüquq qabiliyyəti
məsələsi ilə bağlı Mülki
Məcəllənin normalarına istinad vermişdir (10, s. 86).
Lakin hüquq ədəbiyyatında əmək hüququnun
belə bir xüsusiyyətinə xüsusi diqqət
yetirilməsi göstərilir ki, əmək hüququ
üzrə fəaliyyət qabiliyyəti heç bir
şəkildə məhdudlaşdırıla bilməz,
çünki işçi əmək hüquq və
vəzifələrini şəxsən həyata
keçirməlidir (5, s. 19). Prof. A.M. Qasımov
göstərir ki, əmək hüquq subyektliyinin
məhdudlaşdırılması məhkəmənin
qərarına müvafiq surətdə fərdi qaydada
tətbiq olunur və bu məhdudlaşma daimi deyil,
müvəqqəti xarakter daşıyır (10, s. 91).
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 31.3-cü
maddəsinin əmək münasibətlərinə tətbiqi
məsələsi çox mühüm və problemlidir.
Belə ki, həmin maddəyə əsasən, fiziki
şəxsin hüquq qabiliyyətindən və ya
fəaliyyət qabiliyyətindən tamamilə və ya
qismən imtina etməsi və
hüquq qabiliyyətinin və ya fəaliyyət
qabiliyyətinin məhdudlaşdırılmasına
yönəldilmiş digər əqdlər
əhəmiyyətsizdir. Bu maddənin tətbiqi birbaşa
şəkildə AR Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı
ilə bağlı müddəaları vasitəsilə
mümkündür. AR Əmək Məcəlləsində
isə belə müddəalar mövcud deyildir.
Beləliklə, Mülki Məcəlləsinin 31.3-cü
maddəsinin analogiya üzrə əmək
münasibətlərinə tətbiqi halında əqdlərin etibarsızlığı
ilə bağlı müddəaların da tətbiqi
zərurəti yaranır.
İstifadə olunmuş
mənbələr:
1. Allahverdiyev
S.S. Azərbaycan Respublikasının
mülki hüququ: Dərslik. - B.: Digesta, 2003
2. Azərbaycan
Respublikasının Əmək Məcəlləsi.-
B.: Qanun, 2008
3. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin Kommentariyası / Red. A.M. Qasımov.- B.: Qanun, 2006
4.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi..-
B.: Qanun, 2008
5. Dadaşov
Z.N. Bazar iqtisadiyyatına keçid şəraitində
əmək haqqında müqavilələr: Hüq.
elm. nam. diss... Avtoref.- B., 2004
6.
Əsədov S.A. Əmək hüquq münasibətlərinin
dəyişməsinin və xitamının əsasları
haqqında / Azərbaycan Respublikasında dövlət və
hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr
məcmuəsi. 16-cı buraxılış. -B.:
Adiloğlu
7.
Əsgərli Y.S. Əmək hüquq subyektliyinin
yaranması // Qanun.- 2005. -
№07
8.
Əsgərli Y.S. İşçi əmək hüququnun subyekti
kimi // Qanunçuluq.- 2005. -
№08
9.
İsmayılov İ.İ. Bazar
iqtisadiyyatı ilə əlaqədar əmək münasibətləri.- B.,
1995
10.
Qasımov A.M. Əmək hüququ: Dərslik.-
B.: Adiloğlu, 2007
11.
Mustafayeva Ə.Ə. İşçinin
və işəgötürənin əmək hüquq subyektliyinin anlayışı və strukturu /
Azərbaycan Respublikasında dövlət və hüquq
quruculuğunun aktual problemləri. Elmi məqalələr
məcmuəsi. 21-cı
buraxılış. B.: Adiloğlu,
2008
2. Агарков М.М. Избранные труды
по гражданскому праву: в 2-х т. Т.1.- М., 2002
13. Александров Н.Г. Трудовое правоотношение.- М., 1948
14. Бегичев Б.К. Трудовое
правоспособность советских граждан.- М.: Юридическое
литература, 1972
15. Бондаренко Э.Н. Трудовая правоспособность,
дееспособность и юридические факты // Журнал российского права.- 2003.- № 1
16. Братусь С.Н. Субъекты
гражданского права.- М., 1950
17. Гейхман В.Л. Особые основания
возникновения трудовых правоотношений // Советское государство и право.- 1973.-
№ 5
18. Иоффе О.С. Развитие цивилистической
мысли в СССР: в 2-х ч.- Л., 1975
19. Карпушин
М.П. Социалистическое трудовое правоотношение.- М., 1958
20. Коробченко В.В. Возраст как условие
возникновения трудовой правосубъектности работника //
Российски ежегодник трудового права.- 2005.- № 1
21. Маврин СП., Филиппова М.В.,
Хохлов Е.Б. Трудовое право России: Учебник.-СПб.,
2005
22. Попов В.И. Содержание субъективного права работника //
Советское государство и право.- 1981.- № 6
23. Скобелкин В.Н. Трудовые
правоотношения.- М., 1999
24. Тарасова В.А. Юридические факты в области пенсионного
обеспечения. М.: Изд-во Московского университета, 1974
25. Теория государства и права: Учебник для вузов /Отв.
ред. проф. В.Д. Перевалов.-М.,
2004
26. Федин В.В. Юридический статус работника как субьекта трудового права.- М.: Проспект, 2005