«Qanun».-2008.-№9(173).-S.12-18.
AZƏRBAYCAN - ABŞ ARASINDA SİYASİ MÜNASİBƏTLƏRİN
İNKİŞAFI
Əliyeva
Almaz - Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının aspirantı, Bakı
Avrasiya Universitetinin müəllimi
Sosializm
sisteminin dağılması nəticəsində planetdə
fövqəldövlət rolunda çıxış edən
bir ölkə qalmışdır - Amerika
Birləşmiş Ştatları. Buna görə də
istər dövlətçiliyin formalaşması
sahəsində ABŞ-ın təcrübəsindən
istifadə baxımından bu təcrübənin
öyrənilməsi mənasında, istərsə də
Azərbaycanın siyasi və iqtisadi sahədə
Birləşmiş Ştatlar kimi strateji tərəfdar
qazanması mənasında indiki mərhələdə
fövqəldövlət fenomeninə maraq artıb.
Azərbaycanın
demokratik, hüquqi, dünyəvi dövlət kimi
formalaşmasında Qərb dövlətlərinin,
xüsusilə Amerika Birləşmiş Ştatlarının
böyük rolu ola bilər. Bu gün Azərbaycandakı
siyasi proseslərdə ABŞ-ın yerini və rolunu dəqiq
aydınlaşdırmaq zəruridir. Məqalənin
məqsədi Azərbaycan Respublikasındakı siyasi
proseslərin inkişafında, həyata keçirilən
islahatlarda, Azərbaycanın demokratik Qərbə
inteqrasiyasında Amerika Birləşmiş
Ştatlarının yerini və rolunu təhlil etməkdir.
Bu
baxımdan, məqalədə göstərilən problemin
aktuallığından və məqsədindən irəli gələrək
aşağıdakı vəzifələr qarşıya
qoyulmuşdur:
-
müstəqil dövlət kimi Azərbaycanda siyasi
proseslərin inkişaf istiqamətlərini və demokratik
dünyaya inteqrasiya olunmaq yolunda nailiyyətlərini
göstərmək;
-
Azərbaycanda siyasi plüralizm, söz, mətbuat, vicdan
azadlığının bərqərar olunması, insan
hüquq və azadlıqlarının qorunması, demokratik
idarəçiliyin yaradılması istiqamətində
proseslərin inkişaf dinamikasını göstərmək;
- ABŞ
siyasi modelinin qlobal siyasi proseslərdəki rolunun fövqəlgücünü
şərtləndirən amilləri, bütün dünyada
sülhə və demokratiyanın müdafiəçisi, insan
haqlarının qoruyucusu kimi tanınmasını, Amerika xarici
siyasətinin əsas prinsiplərini göstərmək;
- Azərbaycan
Respublikası ilə Amerika Birləşmiş Ştatları
arasında yaranan əlaqələrin inkişafı tarixini,
xarakterik xüsusiyyətlərini və bugünkü vəziyyətini
təhlil etmək, əlaqələrin müxtəlif aspektlərini,
təmas nöqtələrini və ziddiyyətli
məqamları göstərmək;
- Azərbaycanın
müəyyənləşdirdiyi prioritetlərə və
məqsədlərə nail olunmasında ABŞ-ın yerini
və rolunu təhlil etmək;
- Respublikada
demokratik dövlətin əsas atributlarından sayılan
vətəndaş cəmiyyətinin formalaşması və
inkişaf etdirilməsində ABŞ-ın qeyri-hökumət
institutlarının fəaliyyətinin rolunu göstərmək;
- Amerikanın
vətəndaş cəmiyyəti, hüquqi dövlət
quruculuğunda təcrübəsindən Azərbaycanın
inkişafı üçün istifadə edilməsinin
mümkünlüyünü və zəruriliyini
göstərmək.
1995-ci
ildən artıq demək olar ki, Azərbaycan öz
inkişafının ikinci mərhələsinə
qədəm qoymuşdur. Ötən müddət
Azərbaycanda artıq tədricən inkişaf dövrü
kimi səciyyələnir. Bu illər ərzində
Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğu yolunda, dövlət idarəçiliyinin
təkmilləşdirilməsində, demokratiyanın
inkişafı və insan hüquqlarının təmin
olunması istiqamətində çoxlu işlər
görülüb.
Bütün
bu dövr ərzində Azərbaycanda dövlət
müstəqilliyinin, dövlətçiliyimizin
möhkəmlənməsində çoxlu işlər
görülüb.
Azərbaycanın
xarici siyasət sahəsində böyük uğurlar
əldə edilib. Müstəqillik əldə etdikdən sonra
keçən müddət ərzində Azərbaycan
Respublikası Birləşmiş Millətlər
Təşkilatının, Avropa Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatının, İslam
Konfransı Təşkilatının, Türk Dövlətləri
Birliyinin, Qara Dəniz Ölkələri İqtisadi
Əməkdaşlıq Təşkilatının və
nəhayət 2001-ci il yanvarın 25-də Avropa
Şurasının üzvü olub.
Azərbaycan
dövlətinin xarici siyasətdə rəhbər tutduğu
əsas vəzifələri aşağıdakı
istiqamətlərdə qruplaşdırmaq olar:
-
ölkənin müstəqilliyini, suverenliyini və
beynəlxalq aləmdə tanınmış sərhədləri
çərçivəsində ərazi
bütövlüyünü qorumaq, onun
təhlükəsizliyini regional və beynəlxalq
təhlükəsizlik sistemi ilə sıx bağlamaq;
-
bütün beynəlxalq və regional təşkilatlara üzv
olmaq, sivilizasiyalı birgəyaşayış qaydaları
ilə tənzimlənən böyük dünya siyasətinə
qatılmaq, dünyanın siyasi xəritəsində layiqli yer
tutmaq, beynəlxalq və regional münasibətlərin həllində
layiqincə təmsil olunmaq;
-
dünyanın bütün dövlətləri ilə
bərabərhüquqlu, qarşılıqlı-faydalı
əməkdaşlıq əlaqələri yaratmaq, bu
əlaqələrdən respublikanın iqtisadiyyatını,
elmini və mədəniyyətini inkişaf etdirmək
üçün istifadə etmək;
- mənafeyi
Azərbaycanın dövlətçilik və milli
mənafeləri ilə uyğun gələn, üst-üstə
düşən dövlətlərlə
tərəfdaşlıq və müttəfiqlik
münasibətləri yaratmaq, respublikamızın
beynəlxalq mövqelərinin möhkəmlənməsi
üçün onların imkanlarından istifadə etmək;
-
ölkəmizin demokratiya və azad bazar iqtisadiyyatı yolu
ilə irəliləməsi, müstəqil daxili və xarici
siyasətin aparılması, kənardan müdaxilə
edilmədən dövlət quruculuğunun həyata
keçirilməsi üçün dinc beynəlxalq
şəraitin bərqərar olmasına çalışmaq;
- əhalinin
əsas hüquq və azadlıqlarının qorunmasına
yönəlmiş beynəlxalq normaların həyata
keçirilməsinə şərait yaratmaq;
-
regionda gərginliyin aradan qaldırılmasına və mehriban
qonşuluq münasibətlərinin yaradılmasına səy
göstərmək;
-
dövlətin bütün beynəlxalq, regional qurumlarda,
iqtisadi, elmi-texniki, mədəni, humanitar və s. təşkilatlarda
fəal iştirakına çalışmaq;
-
düşünülmüş və dövlətin
mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək,
ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına
inteqrasiya olunması üçün xarici və daxili
amillərdən istifadə etmək;
-
xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr
və geniş informasiya mübadiləsi mexanizmləri yaratmaq
və s.
Siyasi
sahədə Azərbaycan dövlətinin xarici siyasətinin
əsas mahiyyəti beynəlxalq hüquq normaları və
prinsipləri ilə tənzimlənən sivilizasiyalı
dövlətlərarası münasibətlərə
hörmət etməkdən, beynəlxalq, regional və
dövlətlərarası münaqişəli
məsələləri sülh və danışıqlar yolu
ilə həll etməkdən, bütün dövlətlərin
suveren hüquqlarına hörmətlə yanaşmaqdan;
iqtisadi sahədə qarşılıqlı-faydalı iqtisadi əməkdaşlıq
yaratmaqdan, dünya ölkələrinin imkanlarından
Azərbaycan iqtisadiyyatının, Azərbaycanın
imkanlarından isə dünya dövlətlərinin
mənafelərinin təmin olunması üçün
səmərəli istifadə etməkdən, iqtisadi maraqların
uzlaşdırılmasından,
uyğunlaşdırılmasından, qarşılıqlı
təminat və onun qorunmasından; mədəni sahədə
dövlətlərarası əlaqələrə mane olan
hər cür məhdudiyyətləri aradan qaldırmaqdan,
mənəvi sərvətlərin maneəsiz, azad və
demokratik mübadiləsindən və s. ibarətdir.
Azərbaycan
Respublikasının Konstitusiyasında dövlətin xarici
siyasətinin əsas məqsədi, prinsipləri və
əsas xüsusiyyətləri əks olunub. Dövlətin
xarici siyasəti ilk növbədə Azərbaycanın
dövlət müstəqilliyini müdafiə etməyə
yönəlməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 10-cu maddəsində
göstərilir: "Azərbaycan Respublikası başqa
dövlətlərlə münasibətlərini hamılıqla
qəbul edilmiş beynəlxalq hüquq normalarında
nəzərdə tutulan prinsiplər əsasında qurur".
Bütün
sadalananlar göstərir ki, Azərbaycan dünyanın
demokratik ölkələri səviyyəsində bir
ölkəyə çevrilmək üçün həm
idarəçilik sistemində, həm də iqtisadiyyatda,
həm sosial siyasətdə daha sürətlə islahatlar
həyata keçirir. Azərbaycan öz inkişafında
qərb yönümünü əsas
götürdüyü üçün Qərb ölkələrinin,
Amerika Birləşmiş Ştatlarının əldə etdiyi
nailiyyətlərdən, onların təcrübəsindən
istifadə etməlidir. Ölkə daxilində gedən
proseslər, qarşıda duran vəzifələr və
yeridilən siyasət dövlətin beynəlxalq
münasibətlər sahəsində tutduğu mövqeni,
atdığı addımları, yeritdiyi xarici siyasətin
istiqamətlərini, xarakterini, prinsiplərini
şərtləndirir. Bu mənada ölkənin
apardığı xarici siyasət ayrı-ayrı
dövlətlərlə qarşılıqlı
əməkdaşlığa, iqtisadi, siyasi və mədəni
həyatın bütün sahələrində əldə
edilmiş təcrübələrin
bölüşdürülməsinə, qarşıya
çıxan problemlərin aradan qaldırılması
üçün dövlətlərin səylərinin
birləşdirilməsinə xidmət etməlidir.
Tarix
sübut edib ki, öz inkişafının hər bir
müəyyən dövründə böyük gücə,
iradəyə, intellektual və əxlaqi stimula malik olan bir
dövlət irəli çıxır və bütün
beynəlxalq münasibətlər sistemini öz
dəyərlərinə uyğun qurur. Bu artıq tarixi
qanunauyğunluğa çevrilib.
Amerikanın
siyasi modelinin bugünkü qüdrətinin əsas
səbəblərindən danışdıqda, ilk
növbədə, onun dövlətçilik tarixini, iki
yüz illik konstitusiyasını, ölkə daxilində idarəetməni
qeyd etmək lazımdır. Federativ quruluşa malik olması,
böyük ərazidə yerləşməsi onun siyasi sisteminin
mürəkkəb və çoxcəhətli olmasını
şərtləndirir. Lakin ABŞ-ın siyasi sistemi qədim
konstitusiyanın əsasında formalaşmışdır ki,
bu da həmin siyasi sistemə və onun institutlarına sahiblik,
stabillik və təkrarolunmaz bir sosial möhtəşəmlik
verir. Birləşmiş Ştatların dövlət mexanizmi
iki əsrdir ki, heç bir kardinal dəyişikliyə
məruz qalmadan öz funksiyalarını yerinə yetirir.
ABŞ
dövləti amerikan cəmiyyətinin əsas
nüvəsidir. Dövlətin aparıcı rolu məhz
hakimiyyət funksiyalarında özünü göstərir,
cəmiyyətin digər institutlarında sabitlik və stabillik
formalaşdırır. Dövlətin bu rolu, birincisi,
məcburi davranış qaydalarını qoyan qanunların
və digər hüquqi-normativ aktların qəbulu; ikincisi,
cəmiyyətin idarə edilməsi üzrə xüsusi
aparatın gündəlik, operativ-icraedici fəaliyyəti;
üçüncüsü, qanunların icrasına ciddi
nəzarətin keçirilməsi; dördüncüsü,
qanuni əsaslarla məcburetmə qaydalarının
tətbiqi; beşinci, demokratik ənənələrin, insan
və vətəndaş hüquq və
azadlıqlarının, cəmiyyətdə amerikan
dəyərlərinin dəstəklənməsi və
qorunması yolları ilə təmin edilir. Bunların
hamısının əsasında isə Amerika
Birləşmiş Ştatlarının Konstitusiyası durur.
1787-ci
ildə Filadelfiyada bütün ştat-ların təmsil
olunduğu 55 nümayəndənin iştirakı ilə
Konvent çağırıldı. Konvent birləşmiş
dövlət - federasiya təsis etdi və
1787-ci il 17 sentyabrda ABŞ Konstitusiyasını qəbul etdi.
Konstitusiya 11 ştatın ratifikasiyasından sonra 1789-cu il 4
martda qüvvəyə mindi.
ABŞ
Konstitusiyası bir ölkənin ilk yazılı konstitusiyası
oldu, digər dövlətlərdə də konstitusionalizm
doktrinasının yayılmasında böyük rol oynadı.
ABŞ Konstitusiyası
ən sabit konstitusiyalardandır. Qəbul edildiyi gündən
ona yalnız 27 düzəliş edilib ki, onlar da
konstitusiyanın ilkin formasını dəyişmir, ilkin
mətnə əlavə qismində qəbul edilir.
İlk
dəfə olaraq ABŞ Konstitusiyası dövlətin
prezidentli respublika formasını təyin etdi, ştatlar
arasında yeni münasibətləri, hakimiyyət
orqanlarının fəaliyyət qaydalarını yaratdı.
Konstitusiya ali hakimiyyət orqanlarının konqres, prezident
və məhkəmənin təşkili, formalaşması
və fəaliyyəti prinsiplərini ətraflı
reqlamentləşdirdi. Bu orqanların fəaliyyəti
hakimiyyətin bölünməsi prinsipi
ilə müəyyənləşdirildi.
Bu gün Amerika
Birləşmiş Ştatları dünyanın ən
böyük və güclü inkişaf etmiş
fövqəldövləti hesab edilir. Heç bir dövlət
Amerika Birləşmiş Ştatları qədər XX əsrdə
beynəlxalq münasibətlərə qətiyyətli və
ziddiyyətli təsir etməyib. Amerikadan başqa heç bir
dövlətin ictimaiyyəti başqa dövlətlərin
daxili işlərinə qarışmağın
yolverilməzliyində qətiyyətlə təkid etməyib
və öz məxsusi dəyərlərinin
universallığını bu qədər müdafiə
etməyib. Cəmi bir əsr ərzində Amerika öz daxili dəyişikliklərinin,
eləcə də beynəlxalq aləmdə dinamik fəaliyyətinin
nəticəsində qərb yarımkürəsində
təcrid olunmuş bir ölkədən öz təsir və
maraqlarının əhatə dairəsinə görə
dünyanın fövqəldövlətinə çevrildi.
Hərbi sahədə o, bütün dünyada analoqu olmayan
qüvvələrə malikdir: iqtisadiyyatda dünyanın
ən aparıcı dövlətinə, hərəkətverici
qüvvəsinə çevrilib; elm və texnika sahəsində
öz mütləq liderliyini saxlayır; müasir
mədəniyyət sahəsində üstünlüyə
malikdir (xüsusilə də gənclər
arasında).
Bütün
bunlar Birləşmiş Ştatlara heç bir dövlətin
nail olmadığı siyasi təsir imkanları verir. Məhz
bu dörd amilin birləşməsi Amerikanı yeganə super
dövlət edib və Amerika siyasi modelinin qlobal siyasi
proseslərdəki üstünlüyünü təmin edir.
Amerikanın
tarixi inkişafı gedişində əldə etdiyi xüsusi
əlamətlər xarici siyasət
məsələlərinə iki əks yanaşmanın yaranmasına
səbəb olmuşdur. Birinci yanaşma ondan ibarətdir ki,
Amerika öz evində demokratiyanı
təkmilləşdirməklə məxsusi
dəyərlərini təsdiqləyir və bununla da digər
dövlətlər üçün göstərici rolunu
oynayır. İkinci isə odur ki, bu dəyərlərin
özü onların bütün dünya miqyasında
bərqərar olması uğrunda mübarizə aparmaq
öhdəliyi qoyur.
Tarixən
amerikalıların təfəkküründə iki yanaşma
mövcud olub: izolyasionizm və missionerlik.
Özlüyündə hər iki təfəkkür tərzi
ziddiyyətli görünsə də, onlar əslində vahid
inamı əks etdirir - Birləşmiş
Ştatların idarə sistemi dünyada ən yaxşı
idarə sistemidir və bütün qalan
bəşəriyyət sülhə və
çiçəklənməyə yalnız
ənənəvi demokratiyadan imtina edib Amerikaya xas olan
beynəlxalq hüquqa və demokratiyaya hörmət prinsiplərini
qəbul etməklə nail ola bilər.
Əlbəttə
ki, gənc Azərbaycan dövlətinin bu super
dövlətlə əlaqələri bu baxımdan çox
əhəmiyyətlidir və yuxarıda qeyd olunan
məqsədlərin əldə edilməsi üçün
zəruridir. Təbiidir ki, real nəticələrə nail
olunması üçün Azərbaycan və Amerika
Birləşmiş Ştatları arasında münasibətlərin
hərtərəfli təhlil məqsədəuyğundur.
Ümumiyyətlə,
Amerika tərəfi Azərbaycanla normal münasibətlərin
üç əsas prinsipdən keçdiyini göstərir:
azad bazar iqtisadiyyatı, insan hüquqlarının qorunması,
demokratik inkişaf və çoxpartiyalı sistem. Bu
prinsipləri Birləşmiş Ştatlar bütün
digər ölkələrlə münasibətlərini
qurarkən də irəli sürür.
Azərbaycan-ABŞ
münasibətlərinin ziddiyyətli məqamlarını
və təmas nöqtələrini təhlil etmək
üçün bu münasibətlərin tarixinə
nəzər yetirilməlidir.
Azərbaycan-ABŞ
münasibətlərinin tarixi keçən əsrdən
başlanır. Hələ XIX əsrin 70 -
80-ci illərində Bakı neft sənayesinin yaranması
və formalaşması dövründə ABŞ-ın iri
kompaniyaları və şirkətləri Azərbaycan
neftinə maraq göstəriblər. Bu illərdə Rusiya
bazarında neft məhsullarının satışı
məşhur iş adamı Rokfellerin
"Standart - Oyl"
kompaniyasının tam nəzarəti altında idi.
Tədricən Nobelin təzyiqi ilə Rusiya bazarından
sıxışdırılıb çıxarılan Rokfeller bir qədər sonra öz
nümayəndəsini Bakıya göndərərək, o
zaman burada möhkəm mövqe qazanmış olan
İngiltərə və başqa Avropa ölkələrinin
şirkətləri ilə danışıqlar aparmış
və müəyyən işlər görmüşdür.
Lakin Avropa dövlətləri ilə ABŞ arasında
mövcud olan ziddiyyətlər və həmin vaxt
üçün Amerikanın nisbətən zəifliyi onlara
Bakıda daimi möhkəmlənməyə imkan
verməmişdir.
Sonrakı
illərdə də İngiltərənin Azərbaycanda
güclü mövqeyi və ingilis-amerikan ziddiyyətləri
ABŞ-ın Azərbaycanda fəaliyyətinə və onunla normal
iqtisadi münasibətlər yaratmasına mane olmuşdur.
Azərbaycan-ABŞ
münasibətlərinin tarixini nəzərdən
keçirdikdə görərik ki, bu tarixdə ümumi
oxşar cəhətlər, tarixin özünün
təkrarladığı məqamlar var. 1918-ci ildə öz
dövlət müstəqilliyini əldə etmiş Azərbaycan
Birləşmiş Ştatlarla qarşılıqlı
əlaqələr yaratmaq, bu dövlətin diqqətini
özünə çəkmək istəyirdi.
Müharibənin yekunlarına həsr olunmuş Paris sülh
konfransında ABŞ Prezidenti Vudroo Vilsonun müstəqil Azərbaycan
dövləti nümayəndələrini konfransa buraxmasını
və Ə. Topçubaşovun nümayəndə
heyətinin başçısı kimi tanınmasını
vacib sayması ölkəmizin siyasi mövqeyinə
müsbət təsir göstərdi. Çünki dünya
müharibəsinin gedişində xeyli
möhkəmlənmiş, dünyaya mənəvi
rəhbərlik etmək iddiasında olan Birləşmiş Ştatlar
sülh konfransında həlledici yerlərdən birini tuturdu.
1919-cu il mayın 28-də Azərbaycan nümayəndə
heyəti Prezident V. Vilsonla və ABŞ
nümayəndə heyətinin üzvü, diplomat Morqentau ilə
görüşmüşdü. Ə. Topçubaşov
öz hökumətinin memorandumunu V. Vilsona
çatdıraraq dünyəvi və demokratik dövlət
qurmaq əzmində olduqlarını bildirmişdi. Q. Morqentau Azərbaycanın zəngin təbii ehtiyatlarını
və sənaye potensialını nəzərə alaraq
ABŞ kapitalının ölkəmizə
yönəldilməsini və maliyyə yardımı
göstərilməsini mümkün sayırdı.
Lakin I
dünya müharibəsindən sonra zəifləmiş
Qərb ölkələrinin başı özlərinə
qarışdığından və möhkəmlənmiş ABŞ isə daxilində "təcridçilik"
tərəfdarlarının təzyiqi ilə fəal
beynəlxalq siyasətə, o cümlədən
Azərbaycanın müstəqil olmasına kifayət
qədər hazır deyildir. Onlar "vahid, bölünməz
Rusiya" əsasında müvafiq
məsələlərin həllini vacib sayırdılar.
Mövcud çətinliklərə baxmayaraq ADR
rəhbərliyi Azərbaycanı tanıtmaq
məqsədilə hələ 1920-ci ildə Vaşinqtonda
xüsusi büro açmağı planlaşdırmışdı.
Hətta Maliyyə Nazirliyi bu iş üçün vəsait
də ayırmışdı. Ə. Topçubaşovun
amerikalı siyasətçi Çandlerlə
imzaladığı müqaviləyə əsasən, Çandler ABŞ-da Azərbaycan lobbisi yaratmaq
və bu ölkənin maraqlarını müdafiə etmək
missiyasını öz üzərinə
götürmüşdü. 1919-cu ildə Parisdəki
Azərbaycan nümayəndə heyəti ABŞ və Kanadaya
Azərbaycan haqqında məcmuələr,
xəritələr və digər mətbu materiallar
göndərərək amerikalıların diqqətini
zəngin neft yataqlarına cəlb etmək istiqamətində
ilk addımlar atmışdı. Lakin 1920-ci ilin aprelində
Azərbaycanın öz müstəqilliyini itirməsi
ölkələrimiz arasında başlamaqda olan
əlaqələrin elə ilk mərhələdə
qırılması ilə nəticələndi.
İstifadə
olunmuş mənbələr:
1. "Azərbaycan"
qəzeti.- 14 iyun 1994
2. Əliyev
Heydər. Müstəqilliyimiz əbədidir. IV cild.- B., 1997
3.
Həsənov Ə. Azərbaycan-ABŞ:
anlaşılmaz münasibətlərdən strateji
tərəfdaşlığa doğru (oktyabr 1991 - avqust 1997).- B., 1997
4. Həsənov
Ə. Müasir beynəlxalq münasibətlər və
Azərbaycanın xarici siyasəti.- B., 2005
5. Heydər
Əliyev Azərbaycanı dünyaya tanıdır.-
B., 1991
6. "Xalq"
qəzeti.- 08 may 1997
7. Qasımov
M. Azərbaycanın xarici siyasəti.- B.,
8. Nəsirov
E. Azərbaycan-ABŞ
münasibətləri (1991 - 1997-ci
illər).- B., 1998