«Dövlət
və din».-2008.-¹3(7).-S.79-81.
MƏZHƏBLƏR – DİN
RAHATLIĞI, YOXSA DİNİ QARŞIDURMA
Gündüz İSMAYILOV - Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Dini qurumlarla iş üzrə
şöbəsinin müdiri
İslam dünyasının yetərincə problemləri
var, ancaq bütün problemlərinin kökündə iki amil
dayanır: elm və birliyin olmaması.
Maraqlıdır, heç bir dində İslamda olduğu
qədər birliyə və elmə çağırış
yoxdur. İslam yeganə dindir ki, mənsublarının elm
sahibi və həmrəy olmalarını inanc
səviyyəsinə kimi qaldırıb,
müsəlmanların rifah və tərəqqisi naminə
bunları vacib buyurub.
Qurani-Kərimin ilk ayəsinin «Oxu» əmri ilə
başlamasını, müqəddəs kitabda «elm»
sözünün dəfələrlə işlədilməsini,
İslam Peyğəmbərinin və xəlifələrinin
elmə, təhsilə yüksək qiymət verməsini
hər halda heç kim təsadüf saya bilməz.
Təxminən on beş əsrlik İslam tarixi
müsəlmanların elmə yüksək dəyər
verməsi ilə bağlı inkaredilməz faktlarla
zəngindir.
Bir müsəlmana oxuyub-yazmağı öyrətmək
müqabilində əsir aldığı düşmən
döyüşçüsünü azad etmək faktına
yalnız İslam tarixində rast gəlmək mümkündür.
Bu, elmə, təhsilə verilməsi mümkün olan ən
böyük qiymətdir.
Başqa bir fakt: bizanslıları məğlub edən
müsəlmanlar təzminat kimi var-dövlət yox,
imperiyanın məşhur kitabxanalarında qorunan qiymətli
kitabları tələb etmişlər.
Bu gün elmin və tərəqqinin önündə
gedən Avropa buna görə İslama və
müsəlmanlara çox şey borcludur. Çünki
müsəlmanların indi İspaniya adlanan Əndəlüs
ərazisində qurduqları sivilizasiya əsrlər boyu
avropalılar üçün elmin qaynağı və
mərkəzi funksiyasını yerinə yetirib. Bəlkə
də, müsəlmanlar Əndəlüsü
vaxtında «işğal etməsəydilər» bu gün
avropalıların taleyi afrikalıların taleyindən
heç nə ilə fərqlənməyəcəkdi.
Çünki müsəlmanlar Avropaya təkcə
özlərini yox, həm də mədəniyyətlərini
və elmlərini gətiriblər,
İslamdakı birlik və
həmrəylik anlayışının dünyada analoqu
yoxdur. Müsəlmanların qardaşlıq
anlayışı milli, irqi və sosial fərqliliyin fövqündə dayanır. Tarixdə
bir-birini müdafiə edən və həmrəylik
göstərən xalqlar, dövlətlər, müxtəlif
sosial qruplar çox olub, lakin onların heç birinin birlik
anlayışı İslamdakı qədər
mükəmməl deyil. Müsəlmanların Qurani-Kərimdən,
başqa sözlə, inanclarından qaynaqlanan
birliklərinə aid tarixdə yüzlərlə fakt var.
Bunun - elmin və birliyin nəticəsidir ki,
müsəlmanlar təxminən on iki əsrlik
müddətdə dünyada aparıcı qüvvə,
söz sahibi olublar. Çünki inanclarından irəli
gələn vəzifə kimi elm arxasınca «uzaq Çinə
qədər» getmiş müsəlmanlar bu müddətdə
elm və birlik sahibi olmağı bacarıblar.
Son iki
əsrdə islam dünyası aparıcı mövqeyini
itirib, üçüncü qüvvəyə -
idarəedilən tərəfə çevrilib və bu gün
də «zəif bənd» olaraq qalır. Səbəb aydındır:
müsəlmanlar elm və birlikdən, daha doğrusu, bunlara
zəmin yaradan inanclarından uzaq düşüblər,
hələ bu azmış kimi, İslam dünyasında
məzhəb qovğası yaranıb Günahkarlar da məlumdur:
İslamı və müsəlmanları sevməyənlər.
İslam
dünyası nə vaxtadək üçüncü
qüvvə kimi qalacaq, müsəlmanlar «alın yazılarını»
dəyişdirmək üçün nədən
başlamalı və hansı yolla getməlidirlər? Bu sualların
yüzlərlə cavabı ola bilər, amma istənilən
variantda həqiqət birdir: «müsəlmanlar öz
talelərini dəyişdirməyənə qədər Allah
onların talelərini dəyişdirməyəcək». Bunun
üçünsə ilk növbədə cahillikdən - məzhəb qarşıdurmasından və
savadsızlıqdan uzaqlaşıb, elm və birlik sahibi olmaq lazımdır.
Bu gün
İslam dünyasındakı məzhəb
qovğasının kökündə cahillik dayanır.
Yalnız müsəlmanların elmi - istər
dini, istər dünyəvi - artdıqca məzhəbçilik, cahillik aradan qalxa
bilər. Buna gedən yeganə yol isə maariflənmədən
keçir.
İslamda
məzhəblərin dini məsələlərdən,
xüsusilə də ibadətlə bağlı fikir
ayrılığından yarandığını
bildirdikdə dərhal belə bir sual ortaya çıxır:
məgər ibadətlə, ümumiyyətlə, bütün
dini məsələlərlə bağlı məqamlar Quranda
və Həzrət Məhəmməd Peyğəmbərin
hədislərində öz əksini tapmayıb? Əgər
tapmayıbsa, nəyə görə hər şeyi bilən
Allah müsəlmanlar arasında qarşıdurma
yaranacağını əvvəlcədən bilib, dinlə
bağlı bütün hökmləri Quranda
göstərməyib?
İlk
baxışdan bu suallar, bəlkə də, məntiqli
görünə bilər, lakin reallıq tamamilə fərqli
və daha məntiqlidir.
Allah Quranda
dinlə, ibadətlə bağlı əsas hökmləri
bildirib. Necə ki, Quran yalnız namaz qılmağı əmr
edir, amma namazı necə qılmağı konkret
göstərməyib. Namazı necə
qılmağımızı peyğəmbərdən
öyrənməyimiz məqsədəuyğun sayılıb.
Peyğəmbərin necə namaz qılmasını isə
yalnız onun dövründə yaşamış və onunla
görüşmüş insanların nəql etdikləri
hədislərdən öyrənə bilərik.
Məsələn, Peyğəmbərin həm əli
açıq, həm də əli
bağlı namaz qılması barədə hədislər
var. Şiə alimləri Peyğəmbərimizin daha çox
əli açıq namaz
qıldığını əsas götürərək namazın
əli açıq qılınmasına
hökm veriblər.
Digərləri
bunun əksini iddia edərək, namazın əli
bağlı qılınması hökmünü
çıxarıblar. Amma əsl islam alimlərindən
heç biri iddia etməyib ki, onun hökmünə
əməl etməyənlərin namazı qəbul olunmayacaq. Çünki
namazın qəbul olunması üçün önəmli
olan şərtlər var ki, onları əsas
məzhəblərin hamısı, demək olar ki, qəbul
edir.
Məzhəblər
arasında fikir ayrılığına səbəb olan
məsələlər önəmli olan, amma namazı pozmayan
digər məqamlarla bağlıdır. Məzhəblər
yarandığı vaxtlarda heç bir alim bu məqamları
yerli-yersiz qabartmayıb. Onlar bir-birilərinin
hökmünə hörmətlə yanaşıblar.
Cəfəri
(şiə), Hənəfi, Şafii, Maliki
və Hənbəli olmaqla islamda beş
əsas məzhəb var. Bu məzhəblər yaradıcılarının
adları ilə adlandırılır. Maraqlıdır ki, bu
alimlər bir-birilərinə qərəzli və bədniyyətli
münasibət bəsləməyiblər. Hətta
sünniliyin ən böyük qolu olan Hənəfi
məzhəbinin yaradıcısı Əbu
Hənifə ən böyük şiə alimlərindən
olan altıncı imam Cəfər Sadiqin tələbəsi
olub.
Əslində,
belə fikir ayrılıqları, məzhəblər
müsəlmanların qarşıdurması yox, rahatlığı
üçündür və bu cür vəziyyətin
yaranacağını əvvəlcədən bilən Peyğəmbərimiz
onu belə qiymətləndirib: ümmətimin
arasındakı fikir ayrılığı onun
rahatlığıdır.
Ola bilsin ki,
bu, bir qədər qəribə görünsün. Amma
reallıq, doğrudan da belədir. Məsələn,
şiəliyə və hənəfiliyə görə
bədənin hansısa yerindən
çıxmasından asılı olmayaraq, axan qan dəstamazı pozur. Amma İmam Şafii bu hökmü məqbul saymır.
Təsəvvür
edin ki, harasa gəzintiyə çıxmısınız,
adi səhlənkarlıqdan bədəninizin hansısa
yerini cüzi yaralamısınız və
dəstamaz almaq üçün yaxınlıqda
su yoxdur. Hənəfiliyə görə, vaxtı girsə
belə, namaz qıla bilməyəcəksiniz. Çünki dəstamazınız pozulub. Amma Şafiiliyə görə, namaz qıla
bilərsiniz. Dində bax belə vəziyyətlərdə
fikir ayrılığı müsəlmanın
köməyinə çatır və onun üçün rahatlığa
çevrilir.
Bütün
bunlardan sonra dinlə, ibadətlə bağlı
xırdalıqların hamısının Quranda göstərilməməsinin hikmətini anlamamaq
qeyri-mümkündür. Bir sözlə, Allah dinlə
bağlı əsas hökmləri bildirib, yerdə qalanları
dolayısı ilə müsəlmanlara rahatlıq yaransın
deyə açıqlamayıb, necə deyərlər, bu
işi alimlərin öhdəsinə buraxıb.
Belə
demək mümkündürsə, bütün
məzhəblərin yanlış və doğru
tərəfləri ola bilər. Hər bir müsəlmanın
da məzhəbinin olması normaldır. Əsas odur ki, məzhəbçilik etməyəsən.
Əks təqdirdə öz məzhəbini
yüzdə-yüz doğru, digərlərini isə
tamamilə səhv hesab edəcəksən. Nəticədə
isə müsəlmanlar üçün rahatlıq hesab
edilən fikir ayrılığı -
məzhəblər ixtilafa, qarşıdurmaya gətirib
çıxaracaq. Təəssüf ki, müsəlmanların
indiki vəziyyəti elə belədir.