Qanunçuluq”.-2008.-№7.-S.41-45.

 

Konstitusiya Azərbaycan Respublikasında qanunvericilik sisteminin əsasıdır

 

Azər TAĞIYEV - Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi,

III dərəcəli ədliyyə qulluqçusu, BDU-nun "Konstitusiya hüququ" kafedrasının aspirantı

 

Müasir ictimai həyatda Konstitusiyanın mühüm əhəmiyyəti vardır. Onun əsas məzmun və mahiyyəti vətəndaş, cəmiyyət, dövlət arasında münasibətlərin, eləcə də, ictimai quruluşun əsaslarının, dövlət hakimiyyəti təşkilinin prinsip və formalarının tənzimlənməsinə yönəldilmişdir. Konstitusiya siyasi və hüquqi sistemin özülünü təşkil edir, vətəndaşların bərabərliyini, əsas insan hüquq və azadlıqlarını təsbit edir, dövlət, onun vəzifəli şəxsləri və nümayəndələrinin fəaliyyətini məhdudlaşdırır. Onun müddəaların qəbulu, ardıcıllıqla həyata keçirilməsi ictimai münasibətlərin sabitliyini, müəyyənliyini və inkişafını təmin edir.

Uzun müddət mövcud olmuş marksizm-leninizm məfkurəsi, bütün sovet və digər sosialist konstitusiyalara çox böyük nüfuz göstərmişdir. Elmi-kommunizmin baniləri konstitusiyaların sinfi mübarizədə qüvvələr nisbətinin gerçək ifadəsi olmasını qeyd edirdilər [14, c. 4, 443]. Alman siyasətçisi və hüquqşünası F. Lassal da cəmiyyətin qanun və hüquqi təsisatlarının müəyyənləşdirilməsinin əsas faktorunun qüvvələr nisbəti olmasını bildirmişdir [11, 9-20]. Ola bilsin ki, XIX əsrdə cəmiyyətin sosial strukturu və elmi təfəkkürün inkişaf səviyyəsi qeyd olunan daimi münaqişələrin mövcudluğu fikrini irəli sürməyə şərait yaradırdı. Ancaq sivilizasiyaların hazırkı qarşılıqlı inteqrasiyası, qloballaşan ictimai münasibətlər bu cür yanaşmanı imkansız edir.

Hər bir halda, cəmiyyətin sosial strukturu ilə konstitusiyanın əlaqəsini tam inkar etmək düzgün olmazdı. Ancaq konstitusiya burada sosial qüvvələrin daimi mübarizəsini deyil, onlar arasında müvazinəti təcəssüm etdirir. O, ilk növbədə ümumbəşəri dəyərləri, dövlətin beynəlxalq hüququn subyekti kimi əsas ünsürlərini göstərir, ölkənin bütün əhalisinin siyasi, iqtisadi, sosial mədəni maraqlarını təmin edir. N.A. Mixalevanın fikrincə, konstitusiya həmişə sosial-siyasi gerçəkliklərə cavab verən ümumi razılaşmadır [15, 94-98]. Hesab edilir ki, konstitusiyaya yalnız belə yanaşma milli maraqların sinfi, kooperativ və şəxsi maraqlardan üstünlüyünə, insanpərvərlik dəyərlərinin cəmiyyət həyatının əsas qayəsinə çevirəcək və bu, nəticədə siyasi uzlaşmaya yol açacaqdır.

Konstitusiya cəmiyyətin əsas tənzimləyicisi olub, daha kütləvi və sosial əhəmiyyətli ümumiləşdirilmiş ictimai münasibətləri nizama salır [13, 6-7]. Onun müddəaları əhəmiyyətli dərəcədə siyasiləşdirilmiş, dövlətin daxili və xarici funksiyalarının əsas istiqamətlərini normativləşdirir. Konstitusiya cəmiyyətdə olan bütün münasibətləri deyil, onlardan yalnız mühümlərini tənzimləyir. Əks halda aşağı qüvvəli qanunvericilik aktlarına, əxlaq, din, adət, kooperativ normalara heç bir ehtiyac olmazdı. Konstitusiya vasitəsi ilə bütün münasibətlərin tənzimlənməsi təsəvvürü isə xülyadır, çünki insan düşüncəsinin məhsulu olan nizamlayıcı heç zaman həyatın bütün sahələrini əhatə edə bilməz. Ancaq xarici ölkələrin konstitusiyalarının inkişaf meyllərinə nəzər yetirsək, bu siyasi-hüquqi aktlarla tənzimlənən ictimai münasibətlərin əhatə dairəsinin genişləndiyini görərik. Konstitusiyalar hüquq yaradıcı əhəmiyyət daşıyır, onlar hüquq sisteminin özünə məxsus mərkəzi, qanunvericiliyin əsas təməlidir.

Heç təsadüfi deyil ki, XIX əsrdə F. Lassal konstitusiyaya geniş məzmunlu və möhkəm hüquqi əlamətlərə malik olan təməl qanun kimi baxırdı [11, 7-8]. Konstitusiyalar bir çox ölkələrdə "Əsas qanun" (İtaliya), "Ali qanun" (Yaponiya), "cəmiyyətin ali və əsas qanunu" (Maldova), "Respublikanın ali qanunu" (CAR) adlanır [10, 279-456]. Azərbaycan Respublikası Konstitusiyası belə adlandırılmasa da, mövcud olan yeganə aktdır ki, özünün yaradılması mexanizmlərini təsis edir və bütövlükdə tənzimləyir. Ölkədə mövcud olan heç bir hüquqi akt konstitusiya ilə bir səviyyəyə qoyula bilməz, onun müddəalarını ləğv edə və dəyişdirə bilməz. Konstitusiyanın belə üstünlüyü həmin hüquqi aktın bir çox maddələrində bəyan edilmişdir və demək olar ki, bütün cari qanunvericilik aktları ilə bu üstünlük inkişaf etdirilmişdir.         Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində şərh olunan hüquqi-siyasi aktın ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olması və qanunvericilik sisteminin əsası olması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının bütövlükdə beşinci bölməsinə, 71, 93, 130, 134-cü və digər maddələrinə nəzər yetirsək konstitusiyanın hüquqi aktlar içərisində mühüm yerini görmüş olarıq [2]. Cari qanunvericilik aktlarında da konstitusiyanın yüksək hüquqi qüvvəsinə dair müddəalar nəzərdə tutulmuşdur. Məsələn, "Məhkəmələr və hakimlər haqqında" Qanunun 2-ci maddəsinə müvafiq olaraq, məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan. Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarət olması müəyyənləşdirilmişdir [7]. Konstitusiyanın hüquqi qüvvəsinə qanunvericinin belə yanaşması Azərbaycan Respublikası Mülki Məcəlləsindən də görünür. Həmin məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır [3]. Bu o deməkdir ki, mülki qanunvericiliyin ayrı-ayrı sahələri konstitusiyada təsbit olunmuş başlanğıc prinsiplər üzərində inkişaf edir. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülki qanunvericiliyin əsas sahələrindən biri olan mülkiyyət hüququnun əsas başlanğıc müddəaları aşağıdakı kimi müəyyənləşdirilmişdir: "Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət - dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz" [2].

Mülki Məcəllə həmin başlanğıc müddəaları inkişaf etdirərək, mülkiyyət hüququnun anlayışını, məzmununu, mülkiyyət hüququnun subyektləri dairəsini, fiziki və hüquqi şəxslərin mülkiyyət hüququnun, dövlət və bələdiyyə mülkiyyətinin, mülkiyyətin müdafiəsinin əsaslarım, mülkiyyətçi olmayan şəxslərin hüquqlarını, mülkiyyət hüququnun məhdudlaşdırılması, mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi və digər məsələləri ətraflı tənzimləmişdir.

Müstəqil dövlətimizin ilk konstitusiyası hazırda qüvvədə olan 12 noyabr 1995-ci il Konstitusiyasıdır. Məlum olduğu kimi, XX əsrin əvvəllərində qurulmuş müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti öz konstitusiyasını yaratmaq imkanından məhrum edilmişdir. Konstitusiya layihəsinin hazırlanmasına baxmayaraq, ölkənin işğalı və bolşeviklərin hakimiyyətə gəlməsi ilə konstitusiyanın qəbulu təxirə salınmışdır. 1920-ci ilin aprel işğalından sonra sovet hakimiyyətinin hüquqi əsaslarmı müəyyən etmək üçün Rusiyanın 1918-ci il Konstitusiyasına uyğun olaraq 1921-ci ilin mart ayının 19-da Azərbaycan sovetlər qurultayında ölkənin ilk konstitusiyası qəbul edilmişdir. Bu Konstitusiyanın ən mühüm səciyyəvi cəhəti onunla Azərbaycan SSR-nın müstəqil unitar respublika elan edilməsi və silahlı qüvvələr saxlamaq hüququnun verilməsi idi. Bu konstitusiyada da digər sovet konstitusiyaları kimi hakimiyyətlər bölgüsü prinsipi tanınmırdı.

1921-ci il Azərbaycan SSRİ-nin Konstitusiyasından sonra respublikamızda baş verən ictimai-siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937 və 1978-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir [5, 48-50]. Bu konstitusiyalar (əsas qanunlar) əsasən RSFSR-də qəbul edilmiş eyni adlı aktları təkrarlayırdı. Belə ki, Sovet İttifaqının son Konstitusiyasının 76-cı maddəsinə əsasən müttəfiq respublikaların konstitusiyaları SSRİ Konstitusiyasına uyğun olmalı idi [8]. Sovet konstitusiyaları marksizm-leninizm təliminin, elmi kommunizmin, partiyanın rəhbər mövqeyini, inkişaf etmiş sosializm cəmiyyəti quruculuğunu, kommunizmin qələbəsi uğrunda mübarizəni, dövlətin beynəlmiləl məsuliyyətini bəyan edirdilər. Bu konstitusiyalarda hüquq subyektlərinin statusu, cəmiyyət və dövlətin təşkili ilə bağlı ictimai münasibətlərin tənzimlənməsinə əsas diqqət yönəldilməsi əvəzinə, sosializm quruculuğunun nailiyyətlərinin təbliği aşılanırdı. Sovet konstitusiyaları əsas etibarilə xarici ünsürlərin tanışlığı üçün nəzərdə tutulurdu. Həmin konstitusiyalar, belə demək mümkündürsə, sovet təbliğatının əsas vasitələrindən biri kimi nəzərdən keçirilirdi. Bundan başqa konstitusiyaların cəmiyyətdə mövqeyi partiya və idarəçilik aktlarının faktiki mövcud olan üstünlüyü ilə zəiflədilirdi.

Sovet dövrünün həqiqi partiya təcrübəsi və digər dövlət hakimiyyəti mexanizmləri konstitusiya normalarından az asılı idi. Dövlət və ictimai-siyasi həyatda siyasi büro, Sov. İKP MK-nın katibliyinin və DTK kimi təsisatlar ən mühüm yer tuturdular. Onların fəaliyyəti qanunvericiliklə,  demokratiya və hüquq prinsiplərinə uyğun gəlmirdi. İstisna yalnız sovet konstitusiyalarında vətəndaşların bərabərliyi, sosial-iqtisadi hüquqların bəyan edilməsinə dair müddəaların təsbit olunması idi.

Sovet respublikalarında konstitusiyaların inkişafı qeyd edildiyi kimi, marksizm-leninizm təliminin tələblərinə cavab verməli idi. Bu ideologiyanı geniş kütlələrin nəzərinə çatdırmaq üçün onların yüksək hüquqi qüvvəyə malik olan vahid kodifıkasiya edilmiş akta daxil edilməsi çox önəmli idi. Sovet konstitusiyalarının bu xüsusiyyətləri bütün milli muxtariyyətlərə da sirayət etmişdir. Çünki yerlərdə sovet ideologiyasının yaxşı başa düşülməsi üçün milli konstitusiyaların qəbul edilməsi zəruri idi. Sovet İttifaqında konstitusiya quruluşunun belə inkişafı çox konstitusiyalı sistemin formalaşmasına səbəb olmuşdur [9, 60-61].

Sovet konstitusiyalarının rəsmi adlandırılmasının ikili xarakterə malik olması və məzmunu onun adi deyil, təsisedici-aparıcı akt olmasına dəlalət edirdi. Sovet təbliğatında konstitusiyanın bu xüsusiyyətlərindən geniş istifadə edilirdi. Təəssüflər olsun ki, artıq yuxarıda şərh edildiyi kimi sovet dövrünün siyasi və hüquqi təcrübəsinin böyük hissəsi konstitusiya normalarına əsaslanmırdı. Hətta bu zaman qüvvədə olan bəzi cari qanunvericilik aktları konstitusiyanın müddəaları ilə ziddiyyət təşkil edirdi.

Ötən əsrin sonlarında ümumittifaq səviyyəsində baş verən sosial-iqtisadi və siyasi çevrilişlərin hüquqi tənzimlənməsi zərurətindən əsas qanuna çoxsaylı dəyişikliklər edilmişdir. Həmin dövrdə qüvvədə olan yazılı konstitusiya dövrün tələblərinə cavab vermirdi və onun yenisi ilə əvəz edilməsi labüd idi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu bu zərurətin nəticəsi oldu. Çünki Azərbaycan SSRİ-nin sonuncu konstitusiyasına keçən əsrin 90-cı illərin əvvəllərində 400-ə yaxın dəyişikliklər və əlavələr edilmişdir.

1995-ci ilin yazında Azərbaycan Respublikası Prezidenti tərəfindən Konstitusiya Komissiyası təşkil olundu. Ümummilli lider Heydər Əliyev şəxsən həmin Komissiyanın işində yaxından iştirak edirdi. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi uğurla hazırlandı. Konstitusiya layihəsi 8 oktyabr 1995-ci ildə "Azərbaycan" qəzetində dərc olunmaqla ümumxalq müzakirəsinə verildi. 1 aylıq müzakirə müddətində konstitusiyaya çoxsaylı əlavə və dəyişikliklər təklif olundu və nəticə etibarilə layihənin ilkin variantında nəzərdə tutulmuş 185 maddədən yekun sənəddə 158 maddə əks olundu.

Konstitusiya layihəsinin yenidən işlənmiş variantı 8 noyabr 1995-ci il tarixində yenidən dərc olundu və bu yekun sənəd həmin ilin 12 noyabrında ümumxalq səsverməsinə - referenduma çıxarıldı. 27 noyabr 1995-ci il tarixində Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun nəticələri elan olunmaqla, 1995-ci il Konstitusiyası qüvvəyə mindi. Burada konstitusiya quruluşun əsasları möhkəmləndirilmiş, Azərbaycan dövləti - respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edilmişdir.

Konstitusiya ümumbəşəri dəyərləri özündə təsbit etdirməklə, insan, onun hüquq və azadlıqlarının ali dəyər olmasını, suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi kimi Azərbaycan xalqının olmasını, dövlətin sosial siyasətinin insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaranmasına istiqamətləndirməsini, dövlət, xüsusi və bələdiyyə mülkiyyəti formalarının eyni qaydada tanınması və müdafiə olunmasını, dövlət hakimiyyətinin qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilməsini, yerli özünüidarəetməni demokratik hüquqi dövlətin əsas elementi kimi tanınması və buna təminat verilməsini, ideoloji, siyasi müxtəliflik, çoxpartiyalılıq prinsiplərinin tanınmasını, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin onun qanunvericilik sisteminin tərkib hissəsi kimi bəyan etmişdir [5, 48-50]. Hesab edirik ki, konstitusiyanın legitimliyinə və həyatiliyinə təsir göstərən mühüm amil onun qəbul edilməsi qaydasıdır. Xoşbəxtlikdən, yuxarıda göstərildiyi kimi, müstəqil dövlətimizin ilk konstitusiyasının təməli qanuni əsaslar üzərində qurulmuşdur.

2002-ci ilin avqustun 24-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş ümumxalq referendumun nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasının bir sıra maddələrinə edilmiş dəyişikliklər Konstitusiyanın həyatiliyini daha da artırdı və dövlət quruculuğunun surətli inkişafının normativ tənzimləməsi məqsədlərinin həyata keçirilməsini daha da sürətləndirdi. Ölkə konstitusiyası demokratik və ümumbəşəri dəyərlərə uyğun gəlir, ölkədə hüquqi dövlət quruculuğuna təminat verir və vətəndaş cəmiyyətinin bərqərar edilməsi üçün zəruri olan şərait yaradır.

Konstitusiyanın sabitliyinin mühafizəsi onun çevikliyini zəiflətmir və bununla da cəmiyyətin inkişafına mənfi təsir göstərmir. Çünki bəyan edilmiş dəyərlər, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti üçün zəruri olan institutlar konstitusiyanın mətni dəyişdirilmədən də yaradıla bilər. Belə ki, konstitusiyada insan hüquqları üzrə müvəkkil institutunun adı bir neçə maddədə çəkilsə də onun fəaliyyətinin əsasları və təminatlarına, yaxud parlamentin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatlarını dinləmək, Mərkəzi Seçki Komissiyasının, Məhkəmə-Hüquq Şurasının, Dövlət Qulluğunu İdarəetmə Şurasının, Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvlərinin bir qismini seçmək səlahiyyətinə dair göstərişlər kimi müddəalar əks olunmamışdır.

Azərbaycan Respublikası Konstitusiyası sosial ədalət, hüquq bərabərliyi, insan hüquq və azadlıqlarının üstünlüyü kimi ümumbəşəri dəyərləri təsbit edərək, bir növ təbii hüququn bir çox müddəalarını normativləşdirmişdir. Antik dövrdən bəri müxtəlif şərhlərə məruz qalmış təbii hüquq nəzəriyyəsi Azərbaycan Respublikası Konstitusiyasının layihəsini hazırlayan Konstitusiya Komissiyası tərəfindən dərindən təhlil edilmiş və layihədə həmin nəzəriyyənin mütərəqqi müddəalarından lazımınca istifadə edilmişdir. Beləliklə, sovet konstitusiyalarından fərqli olaraq müstəqillik dövrünün ilk konstitusiyasında təbii hüquq nəzəriyyəsinin təməl müddəaları öz əksini tapmışdır. Bunlara Azərbaycan Respublikası Konstitusiyasının ayrı-ayrı maddələrində təsbit olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olması (12-ci maddə), hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlarının və azadlıqlarının olması (24-cü maddə), hamının qanun və məhkəmə qarşında bərabər olması (25-ci maddə), hər kəsin yaşamaq hüququnun olması (27-ci maddə), hər kəsin mülkiyyət hüququnun olması (29-cu maddə) kimi hüquq normaları aiddir [2]. Konstitusiyanın əsasını təşkil edən bu müddəalar hüquq yaradıcılığının, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətlərinin, yerli özünüidarəetmə və digər ictimai-siyasi qurumların işinin əsas məqsədlərini müəyyən edir.

Göründüyü kimi, konstitusiya hüquq mənbələri içərisində nəzərə çarpan dərəcədə xüsusi mövqeyə malik olan hüquqi aktdır. Belə ki, hər şeydən əvvəl onun normaları ilə dövlət-cəmiyyət-vətəndaş hüquqi münasibətlər sistemi tənzim olunur. Konstitusiya özünün nizama salma predmetinə malikdir, o, xeyli dərəcədə konstitusiya hüququ sahəsinin predmeti ilə üst-üstə düşür və həm konstitusiya hüququnun, həm də hüququn digər sahələrinin mənbəyi hesab edilir. Buna baxmayaraq, yalnız konstitusiya hüququnda konstitusiyanın müddəaları mühüm siyasi münasibətləri sistem halında nizamlayan bir tam kimi öyrənilir.

A.İ. Lepişkin, konstitusiyanın bütün müddəalarının heç də dövlət (konstitusiya) hüququnun mənbəyi olmadığını bildirir [12, 149]. Fikrimizcə, bu nəticə yanlışdır, Belə ki, konstitusiyasının müddəaları bir-birini məntiqi tamamlayır və bununla da vahid sistemə malik olan aktı təşkil edir. Bundan əlavə konstitusiyada konstitusiya hüquq münasibətlərinin təzahürü kimi formalaşmış ayrı-ayrı hüquq sahələri üçün başlanğıc olan prinsip və normalar təsbit edilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, hüquq ədəbiyyatında məzmunun xüsusiyyətlərinə və müvafiq hüquq sahəsindəki mövqeyinə görə bəzi hüquqi aktların statusunun konstitusiyaya yaxın və ya bərabər olmasına dair yanlış təsəvvürlər mövcuddur. Biz Mülki Məcəllənin "vətəndaş cəmiyyətinin əmlak dövriyyəsinin konstitusiyası", "iqtisadi konstitusiya", "ikinci əsas qanun" və ya Vergi Məcəlləsinin "vergi konstitusiyası" kimi səciyyələndirilməsinin əleyhinəyik. Düzdür, həmin məcəllələşdirilmiş aktlar müvafiq hüquq sahəsinin əsas institutlarmı təsis edir, tənzimləyir və onların ardıcıl inkişafını təmin edir. Lakin unutmaq olmaz ki, həmin aktların əsas müddəaları öz başlanğıcın konstitusiyadan götürür. Konstitusiya müddəaları bir növ "böyük ağacın kökü", cari qanunvericilik aktları isə "bu kök üzərində bitən budaqlardır".

Z.A. Əsgərov Azərbaycan Respublikası Konstitusiyasını düzgün olaraq suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini göstərən təsisedici hüquqi sənəd kimi müəyyənləşdirmişdir. Onun fikrincə, konstitusiya konstitusiya quruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır, konstitusiya quruluşunun sabitliyini təmin edir. Z.A. Əsgərov konstitusiyanın xalq hakimiyyəti və qanunların icrası üzərində nəzarətə nail olmasının, "müasir mədəni dövlət konstitusiya dövlətidir" fikrinin söylənilməsi üçün əsas olduğunu göstərmişdir [4, 50-55].

Azərbaycan Respublikası Konstitusiyasının strukturu çox sadədir. Buraya qısa preambula, beş bölmə, on iki fəsil, yüz əlli səkkiz maddə və on iki keçid müddəası daxil edilib. Preambula hissəsində konstitusiyanın qəbul edildiyi tarixi şərait təhlil edilir, bölmə, fəsil və maddələrdə konstitusiyanın əsas müddəaları və nəhayət, keçid müddəalarında yeni konstitusiyada göstərilmiş institut, akt və təsisatların yaradılması ilə bağlı bəzi məsələlər öz həllini tapmışdır. Yeri gəlmişkən qeyd edək ki, keçid müddəalarında göstərilmiş məsələlər artıq dövlətimiz tərəfindən həll edilmişdir.

Ölkə Konstitusiyasının preambulasında müasir dövlətçiliyimizin ilk aktı olan "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına istinad öz əksini tapmışdır. Hesab edirik ki, həmin Konstitusiya Aktı, konstitusiya qanunları kimi qiymətləndirilməklə, ölkə qanunvericiliyinin tərkib hissəsi hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası bütün hüquq sisteminə, xüsusilə qanunvericiliyə mühüm təsir göstərir. Burada hüququn konstitusiya qanunları, referendumda qəbul edilmiş aktlar, adi qanunlar, dövlətlərarası müqavilələr, fərmanlar, hökumətlərarası müqavilələr, hökumətin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları, bələdiyyə aktları, yerli icra hakimiyyətlərinin normativ aktları və digər mənbələr müəyyən edilmişdir.

Konstitusiya səviyyəsində hüququn mənbələrinin sistemi, qanunvericilik sisteminə daxil olan aktların ciddi iyerarxiya quruluşu, konstitusiyanın ən yüksək hüquqi qüvvəsi, daha aşağı qüvvəli aktların ona və qanunvericilik sisteminin yuxarı pilləsində dayanan digər aktlara uyğunluğu, konstitusiya nəzarətinin və qanunvericilik prosesinin təşkili və həyata keçirilməsi məsələləri birmənalı öz həllini tapmışdır. Burada normativ hüquqi aktlara anlayış verilir, normativ hüquqi aktların, beynəlxalq aktların və digər hüquqi aktların qüvvəsinə dair göstərişlər təsbit olunub.

Ölkə konstitusiyası hüquq sisteminin başlıca sahələri üçün mühüm institut və prinsipləri müəyyən etmişdir. Bunlar mülki hüquq üçün mülkiyyətin forma və növləri, mülkiyyətin bütün növlərinin bərabərliyi, əqli mülkiyyət və vərəsəlik hüququ, cinayət prosessual hüququ ilə bağlı hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, təqsirsizlik prezumpsiyası, bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi, qohumları əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi, tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin və cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkmiş şəxsin hüquqlarının qorunması və digərləridir. Konstitusiyanın əksər göstərişlərinin həyata keçirilməsi onun əsasları üzərində çoxsaylı cari qanunvericilik aktlarının qəbul edilməsini tələb edir. Ölkə konstitusiyasında qanunvericinin mühüm ictimai münasibətləri tənzimləyən qaydalar müəyyən etmək səlahiyyətləri təsbit edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında aparıcı-təsisedici hüquq sahəsi olan konstitusiya hüququ üçün də əsas institutlar təsis edilmişdir. Bunlar insan hüquqları, seçki hüququ, məhkəmə quruluşu, ərazi quruluşu, yerli özünüidarəetmə və idarəetmə fövqəladə hallar rejimi, konstitusiya nəzarəti, hüquq və qanunvericilik sistemi və digərləridir. Göstərilən konstitusiya hüququ institutlar tənzimləyən əksər qanunvericilik aktları artıq dövlət tərəfindən qəbul edilmiş və ictimai həyatın bir hissəsinə çevrilmişdir.

 

ƏDƏBİYYAT:

 

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Mətbuat Xidmətinin məlumatı // Bakı: "Xalq qəzeti", iyun 2002-ci il, № 140.

2. Azərbaycan Respublikası Konstitusiyası /12 noyabr 1995-ci ildə qəbul edilmişdir (24 avqust 2002-ci il tarixdə olan dəyişiklik və əlavələrlə). Bakı, Qanun, 2003.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Bakı, Hüquq ədəbiyyatı, 2005.

4. Əsgərov Z.A. Konstitusiya hüququ. Bakı, Bakı Universiteti, 2006.

5. Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları. Bakı, 2005.

6. Xropanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi. Bakı, Sabah, 1995.

7. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, Qanun, 2006.

8. Sovet Sosialist Respublikaları İttifaqının Konstitusiyası (Əsas Qanunu). Bakı, Azərnəşr, 1988.

9. Зивс C.Л. Источники права. Москва, Наука, 1981.

10. Конституции зарубежных государств / под ред. В.В. Маклаков. Москва, Бек, 1997.

11. Лассаль Ф. Сочинения. В томах. Т. 2. СПб., изд-во Н.Глаголева, 1905-1906 г.

12. Лепешкин А.И. Курс советского государственного права. В томах т. 1. Москва, Юридическая литература, 1961.

13. Лучин В.О. Источники советского государственного права. Учебное пособие Куйбышев. Из-во. Куйб. ун-та. 1976.

14. Маркс К, Энгелс Ф. Соч. 16 томах, т. 4. Москва, 1955.

15. Михалева Н.А. Конституционное право зарубежных стран СНГ. Москва, Юристъ, 1998.