Respublika.-2019.-17 fevral.-№39.-S.2.

 

Xocalı soyqırımı: tarixin qanlı faciəsi

 

Məhəbbət Əsgərova,

Yasamal rayonundakı 176 nömrəli məktəbin direktoru. 

 

Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə bir faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər İmperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçiləri 7 min nəfər əhalisi olan, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhərinə vəhşicəsinə hücum etdilər, heç kimə aman vermədən dinc sakinləri kütləvi şəkildə məhv etdilər, şəhərə od vurub yandırdılar, ağlasığmaz qəddarlıqlar, amansız qırğınlar törətdilər.

İyirminci yüzilliyin ən qəddar və amansız cinayətlərindən biri olan Xocalı soyqırımı bəşər tarixində analoqu olmayan dəhşətli faciə idi. Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı bəşər övladına qarşı, azəri türklərinə qarşı ağla gətirilməsi mümkün olmayan ən qanlı cinayət aksiyası idi. XX əsrin ən dəhşətli faciələrindən hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri və kütləvi insan qırğınları sırasına 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı da əlavə edildi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək xalqımıza qarşı soyqırımı siyasətini həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.

Ulu öndər hər il Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirlərdə çıxışlar etmiş və bu çıxışlarında hər hansı faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini bildirmişdir. Hələ 1995-ci ildə Xocalı soyqırımının 3-cü ildönümü zamanı Heydər Əliyev demişdir: “Biz kədər içindəyik, qəm içindəyik, üç ildir ki, qəm-dərd çəkirik. Xocalı faciəsinin nə qədər dəhşətli faciə olduğunu və Azərbaycan xalqına nə qədər böyük zərbə vurduğunu bir daha dərk edirik. Xalqımız çoxəsrlik tarixində belə bəlalardan çox keçibdir. Ancaq bu vaxtı başımızı aşağı salmamışıq, gücümüzü toplamalıyıq. Azərbaycan xalqının haqq işi qalib gələcək Azərbaycan xalqı bütün ərazisinin sahibi olacaq, müstəqilliyini bərqərar edəcək”.

Bütövlükdə Azərbaycan xalqının məhvinə yönəldilmiş Xocalı müsibəti erməni millətçilərinin məqsədyönlü soyqırımı siyasətinin davamıdır. Etnik təmizləmə siyasəti aparan erməni millətçi şovinistləri zaman-zaman Azərbaycan xalqına qarşı amansız olmuş, dəhşətli qırğınlar törədərək bu torpaqları ələ keçirməyə çalışmış, “böyük Ermənistan” yaratmağa ciddi cəhdlər etmişlər. Ermənistanda yaşayan azərbaycanlıları tamamilə və zorakılıqla didərgin salandan sonra Azərbaycan torpaqlarının işğalına başlayan daşnak quldurlar ərazimizin 20 faizini zəbt etdilər, 1 milyon 200 mindən çox həmyerlimizi məcburi qaçqına, köçkünə və didərginə çevirdilər.

26 fevral günü XX əsrin ən böyük insan faciələrindən biri oldu. Azərbaycanın Milli Məclisinin qərarı ilə 26 fevral Xocalı soyqırımı (genosidi) və Milli Matəm günü elan olunmuşdur. Azərbaycan xalqı hər ilin bu gününü dərin hüzn və kədər içində keçirir, günahsız şəhidlərimizin ruhu və xatirəsi hörmət və ehtiramla yad edilir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işlərdə Heydər Əliyev Fondunun müstəsna rolu var. Məhz bu Fondun dəstəyi ilə Xocalı faciəsinin ildönümü hər il dünyanın 100-dən artıq yerində qeyd olunur.

Vurğulamaq lazımdır ki, Xocalı soyqırımından 27 il keçir. Xocalı faciəsi bəşər tarixində ən qanlı, ən dəhşətli, ən qeyri-insani soyqırımının bariz nümunəsidir. Ölkəmizin hər yerində olduğu kimi, məktəbimizdə də Xocalı soyqırımına geniş hazırlıq işləri aparılır. Bu məqsədlə geniş tədbirlər planı hazırlanmışdır. Belə ki, soyqırımla bağlı ayrı-ayrı siniflərdə inşa yazı müsabiqələri keçirilir, divar qəzetləri hazırlanır, həmçinin rəsm əsərləri nümayiş etdirilir. Həmçinin şagirdlər tərəfindən soyqırım günü ilə bağlı keçirilən toplantıda ədəbi-bədii kompazisiya göstəriləcəkdir. Xocalı soyqırımına geniş hazırlıq işləri aparılmasında məktəbin müəllimi P.Nəbiyeva, uşaq birliyinin rəhbəri Gülsüm Hüseynova və başqalarının əməyi qeyd olunmalıdır.