Ədalət.-2019.-16 fevral.-¹32.-S.12.

 

Qaradağlı faciəsi: yaralar qaysaq bağlamır

 

Salman Alıoğlu

 

27 il bundan əvvəl Dağlıq Qarabağda dinc, zəhmətsevər insanlar təpədən dırnağadək silahlanmış və havadarlarının köməyinə arxalanmış ermənilərin təqiblərinə, hücumlarına məruz qalmışdı. Erməni silahlı dəstələri azərbaycanlılar yaşayan kəndlərə aramsız hücumlar edir, kənd sakinləri qətlə yetirilir, onları dədə-baba yurdlarından qovmağa çalışırdılar. Adamlar qorxu və vahimə içərisində qalmışdılar. Nə edəcəklərini bilmirdilər. Çox gərgin və ziddiyyətli dövr idi. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar tamamilə köməksiz qalmışdılar. Kəndlər bir-birinin ardınca boşaldılırdı.

 

Elə gün olmurdu ki, bir qanlı hadisə baş verməsin, azərbaycanlılar qətlə yetirilməsin. Onların harayını, naləsini isə respublikanın o vaxtkı rəhbərləri sanki eşitmir, yaxud da heç eşitmək belə istəmirdilər. Erməni təcavüzünün qanlı izləri və azərbaycanlılara qarşı törətdikləri soyqırımı bizə misli görünməyən faciələr yaşatmış, qədim yurd yerlərimizi xarabalığa çevirən erməni terror təşkilatları minlərlə azərbaycanlının həyatına qəsd etmiş, ən ağır cinayətlər törətmişlər.

Məlumat üçün qeyd edək ki, Qaradağlı kəndi Xocavənd (keçmiş Martuni) rayon mərkəzindən 13 km qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə, Xonaşen çayının sahilində yerləşir. Əhalisi əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülük və bostançılıqla məşğul olub. Kəndin vərəndəli, mirzəli, məmmədsəfili, mirzəxanlı, alılı, tağlı, məşəmmədli, qaradağlı, hacıus şədihüseynli, məmmərzəli, gəmcilli, gülpərilər, əbülhəsənli və s. adlı tirə və tayfalar var.

Qeyd etmək lazımdır ki, XX əsrdə Qaradağlı kəndi beş dəfə ermənilər tərəfindən dağıdılmışdır. 1905, 1907, 1915, 1918 və 1992-ci il fevralın 17- də.

Kənddə Şuşu, İtuçan qaya, Nağı meşəsi, Heydər bağı, Kar daş, Namaz ölən yol, Şirinin meşəsi, Manas dərəsi, Manas düzü, Musa dərəsi, Pişikli dərə, Dəhnə dərəsi, Bəylik bağı, Baba bulağı, Məmməd bulağı, Bəylik bulağı, Kar daş bulağı, Çanaq bulağı, Fındıqlı bulaq və s. coğrafi adlar qeydə alınıb. Kəndin işğalına qədər ,yəni 1991-ci ildə Dağlıq Qarabağ, demək olar ki, Azərbaycanın nəzarətindən çıxmış və bu qədim diyar erməni quldur dəstələrinin, Ermənistandan və digər ölkələrdən gəlmiş muzdlu döyüşçülərin əlinə keçmişdi. Azərbaycanlılar öz ata-baba yurdlarında köməksiz qalmış, yalnız öz kəndlərini necə müdafiə etmək haqqında düşünürdülər. Ermənilər tərəfindən terror hadisələri, basqın və hücumlar isə ara vermirdi.

Hələ sovetlər dövründə dinc dayanmayan ermənilər, milli münaqişəni qızışdırmaq üçün ən qanlı terror hadisələrini törətməkdən belə çəkinmirdilər. 1967-ci ildə milli münaqişə yaratmaq üçün üç nəfər azərbaycanlıya, əslən Qaradağlı kəndindən olan adamlara böhtan ataraq həbs etdirən ermənilər, məhkəmədə onların bəraət almalarına məhəl qoymayaraq günün günorta çağı sovet əsgərlərinin gözü qarşısında həmin adamların başlarını vəhşicəsinə kəsərək, üzərilərinə benzin tökərək yandırmışdılar. Bu, azərbaycanlılara qarşı hazırlanan və həyata keçirilən qanlı və ən qatı terror hadisələrinin başlanğıcı oldu.

Dağlıq Qarabağın Azərbaycandan ayrılması istiqamətində öz iyrənc məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edən ermənilər Moskvanın yüksək statuslu antiazərbaycan meyilli məmurlarından güclü şəkildə dəstək alır və ondan məharətlə istifadə edirdilər.

Hadisələrin başlandığı ilk günlərdən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz haqq səslərini hər tərəfə çatdırırdılar. Lakin bunlar heç bir nəticə vermədi. Münaqişə isə getdikcə genişlənir, daha qanlı xarakter alırdı. Respublikanın o vaxtkı rəhbərliyi isə yalnız öz hakimiyyət kreslolarını qorumağa çalışırdı. Rəhbərliyin bu səriştəsizliyi və maymaqlığı ermənilərin daha da azğınlaşmasına gətirib çıxarırdı. Kəndlər, şəhərlər yandırılır və talan edilirdi. Dörd il öz kəndlərini təkbaşına müdafiə edən Qaradağlı camaatı kəndin hər daşı, hər qayası uğrunda can verdilər, 800-ə yaxın sakindən bu yolda 77 nəfər, daha doğrusu hər 10 nəfərdən biri şəhid oldu, lakin öz məğrurluqlarını heç zaman itirmədilər. Həmin faciəni heç vaxt unutmaq mümkün deyil. Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri Qaradağlıda yazıldı.

Qaradağlı faciəsinin qısa xronikasına nəzər salaq.

1990-cu il noyabrın 24-də 3 nəfər azərbaycanlını (biri Qaradağlı kəndindən, ikisi isə həmin kəndə qonaq gəlmişdi) Xocavənd-Xankəndi yolunda vəhşicəsinə qətlə yetirən ermənilər onların sinələrinə xaç şəkli çəkmişdilər. Kənd sakini Hüseynov Xandəmir Bəbir oğlu doğma kəndlərində dəfn olundu. Həmin hadisədən sonra kənd sakinləri Bakıya, Azərbaycan KP MK-ya müraciət etdilər. Yalançı vədlər verildi, heç bir tədbir görülmədi. Ardınca növbəti qanlı hadisə baş verdi.

1991-ci il yanvarın 9-da yenidən həmin yerin yaxınlığında (bu yerlər bütövlükdə erməni məntəqələrinin əhatəsində idi) kəndə gələn UAZ markalı avtomaşın erməni quldurları tərəfindən atəşə tutuldu. Bir nəfər - 4 uşaq atası Bayramov Soltan Rəşid oğlu öldürüldü və 4 nəfər yaralandı. Yaralılardan Səmədov Nemət Əsgər oğlu və Əzizov Əfqar Musa oğlu sonralar aldıqları yaralardan dünyalarını dəyişdilər.

1991-ci ilin martın 2-də kəndin ətrafinda 2 nəfər vəhşicəsinə qətlə yetirildi-Hüseynov Zülfüqar Dəmir oğlu, Quliyev Ələkbər Məmməd oğlu. Bir qədər sonra 1991-ci il iyunun 28-də kəndi dörd bir tərəfdən atəşə tutdular. Üç saata yaxın davam edən atışmada bir neçə yaşayış evi yandırıldı. Atəş səngiyəndən sonra kəndin kənarındakı fermada, Vərəndəli adlanan yerdə güclü atışma səsləri eşidildi. Hadisə yerinə gələnlər daha bir qanlı terror hadisəsinin şahidi oldular. Fermada olan 6 nəfər-3 kişi və 3 qadın ermənilər tərəfindən diri-diri yandırılmışdı.

Növbəti qanlı terror hadisəsi Prezident seçkisi günü-8 sentyabr 1991-ci il tarixdə baş verdi. Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunda pusquda durmuş erməni quldurları tərəfindən güclü atəşə tutulur və avtobus güllələrdən deşik-deşik olur. Avtobusda olan 40 nəfərə yaxın adamdan 2 gənc oğlan, 6 qadın qətlə yetirilir.

Yenə də kənd sakinlərindən ibarət nümayəndə heyəti Ayaz Mütəllibovun qəbuluna gedir, böyük çətinlikdən sonra onun qəbuluna düşürlər. O, vədlər verərək gedənləri geriyə yola salır. Müsibət də elə həmin vaxtdan sonra başlanır. Cəzasız qalan ermənilər daha da azğınlaşaraq növbəti qanlı planlar hazırlayır və həyata keçirirdilər. Bu tarixdən etibarən kəndə gediş gəliş mümkün olmur və ermənilər isə get-gedə daha da quduzlaşırdı.

1992-ci il yanvarın 8-də kəndin yaxınlığında Böyük Vətən Müharibəsi iştirakçısı Əliyev Qasım Hüseyn oğlu vəhşicəsinə qətlə yetirildi. 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı. Həmin gün Milli Ordumuzun döyüşçüsü, 23 yaşlı Məzahir Gülverdiyev ağır döyüşdə şəhid oldu. Kəndin qonşuluğunda olan Xocavənd kəndi 1991-ci il dekabrın 19-da işğal edildi. Kəndə yaxın olan Malıbəyli kəndi isə 1992-ci il fevralın 12-də yandırıldı. Hamıya aydın oldu ki, növbəti hədəf Qaradağlıdır. Bütövlükdə 20-ə yaxın erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi keçmiş Martini və Stepanakert yolunun üzərində yerləşirdi. 4 il 4 ay bu yoldan ermənilərin gediş gəlişi kəsilmişdir və ermənilər digər erməni kəndlərindən salınmış yoldan istifadə edirdilər. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün hər dəqiqə yaxınlaşırdı. Ağdamda olan kənd sakinləri özlərini oda-közə vursalar da respublika rəhbərliyi kömək etmir, insanları yalançı vədlərlə aldadırdılar. Düşmən isə çirkin niyyətlərini həyata keçirmək üçün yeni planlar hazırlayır, qurbanlar axtarırdı.

1992-ci il fevralın 14-də kəndin bütün yolları kəsilmişdi. Həmin vaxt 104 nəfər kənd sakini və 14 əsgərimiz demək olar ki, son anlarını yaşayırdılar. Ermənilər fevral ayının 14-də hücuma keçdilər. Kənd güclü atəşə tutuldu. Kənxurd (mənfur Zori Balayanın anadan olduğu kənd) Qağarza, Ağkənd, Aşan, Müşkabad, Ninqi-Xankəndi və digər erməni kəndləri istiqamətində xarici muzdluların, Xankəndində yerləşən keçmiş Sovet ordusunun 366-cı alayın texnikasından və canlı qüvvəsindən istifadə edən ermənilər köməksiz qalan Qaradağlı kəndinə qəti və sürətli hücuma keçdilər. Az miqdarda sadə silahlarla təmin olunmuş qaradağlılar 14 nəfər Milli Ordunun əsgəri ilə birlikdə amansız və qeyri-bərabər döyüşə girdilər. Qarşıda iki yol dururdu: Şərəfli ölüm və ya təslim olma. Onlar birinciyə üstünlük verdilər. Bu yolu seçən qaradağlılar son patronlarına qədər 4 gün döyüşdülər. Döyüş vaxtı onlarla erməni yaraqlısı məhv edildi. Silah sursatı tükənən soydaşlarımızı sonda ermənilər əsir götürdü. Hadisələrin şahidlərini dinləyək. Qaradağlı kənd sakini İlqar Əliyevin dediklərindən:

Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfəri öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kəndin yaxınlığındakı Bəylər bağı adlanan yerdə “silos” quyusuna töküb üzərini torpaqladılar. Həmin vaxt ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular.

Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq.

İ. Əliyev Xankəndində yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldüyünü vurğulayıb:

Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndində həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi.

Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu işgəncə və qətliamlar haqda danışıb:

Mən fevralın 17-də əsir götürüldüm. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndindəki həbsxanada isə dişlərimi zorla çəkdilər.

O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını deyib:

Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər. Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi.

O. Əliyevin sözlərinə görə, Qaradağlının alınması əməliyyatına və orada baş verən qətliamlara Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada yatarkən eşitdiyini söyləyib.

Bütün bu deyilənlər Qarabağ dərdli məmləkətimizin kiçik bir dağ kəndində üzləşdiyi qanlı faciədir. Dörd il ərzində hər gün Qaradağlı kəndi ermənilərin hücumuna məruz qalmış, hər gün kənddə, demək olar ki, bir qanlı hadisə törədilib. 17 fevral 1992-ci il tarixdə Qaradağlının işğalı günü kənddə 118 nəfər olmuşdur ki, onların hamısı əsir götürülüb. Onlardan 104 nəfəri Qaradağlı kənd sakini olmuşdur. Bunlardan 54 nəfəri öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. 14 nəfər Milli Ordunun əsgərindən 12 nəfəri öldürülmüş, 2 nəfəri isə girovluqdan azad edilmişdir. Bu hadisələr zamanı 10 qadın, 8 məktəbli qətlə yetirilib, işğal nəticəsində Qaradağlı kəndində 200 yaşayış evi əşyalarla birlikdə, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana və çoxlu sayda digər obyektlər dağıdılmışdır. Kəndin sağ qalan sakinləri məcburi köçkün düşmüşdür. 2 ailənin hər birindən 4 nəfər şəhid olmuşdur. 42 ailə başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalıb.

Hər il olduğu kimi, faciə qurbanlarının xatirəsinə həsr edilmiş anma mərasimi keçirilib. Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov həmyerlilərinin ağır kədərini və düşmənə nifrətini ifadə edərək bu qanlı faciəni törədənlər və onların təşkilatçıları haqqında ətraflı məlumat verərək bildirmişdir ki, beynəlxalq təşkilatlar Ermənistanı işğalçılıq siyasətini dayandırmağa məcbur etməlidirlər.

Anma mərasimində çıxış edənlər tam əminliklə vurğuladılar ki Azərbaycan dövləti ötüb keçən illər ərzində qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğı göstərib, əhalinin bu təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir, indi rayon ərazisində yeni qəsəbələr salınıb və burada məcburi köçkünlər üçün hər cür şərait yaradılıb.

Bu faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə rayon icra hakimiyyətinin təşəbbüsü ilə azərbaycan, rus və ingilis dillərində “Soyqırım: Qaradağlı” və “Soyqırım: Qaradağlı davam edir” sənədli filmləri çəkilmiş və həmin filmlərin təqdimat mərasimləri keçirilib. Bundan əlavə erməni vandallarının Qaradağlı kəndində törətmiş olduqları cinayət əməllərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə üç dildə azərbaycan, ingilis və rus dillərində məlumatların yerləşdirildiyi “Qaradağlı.orq” internet saytı yaradılıb.

Bu faciə uzun illərdir ki, qaysaq bağlamır, soyqırımı qurbanlarının ruhu dinclik tapa bilmir.2016-cı ilin aprel ayında cəbhədə erməni silahlı qüvvələrinin təxribat-diversiyasının qarşısını yüksək peşəkarlıqla alan milli ordumuzun hissələri düşmənə tutarlı cavab verərək onları susdurdular. Canlı qüvvə və hərbi texnika itkisinə məruz qalan Ermənistan ciddi zərbələr aldı. Azərbaycan əsgəri işğal altında qalan bəzi əraziləri azad etdi. Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndinin işğaldan azad edilməsindən sonra həmin kəndin bərpa edilməsi üçün Prezident sərəncamı bütün məcburi köçkünlərdə, o cümlədən, Qaradağlı kəndinin əhalisində böyük bir ümid yaradıb. Onlar doğma kəndlərinə qayıdacaqlarına indi daha çox inanırlar...