Xalq qəzeti. - 2019.- 9 yanvar. - ¹ 5. - S. 1.

 

Azərbaycan 2018-ci ildə İslam dövlətləri ilə əməkdaşlıqda böyük uğurlar qazanıb

 

Uğurlu hadisələr və faktlarla  zəngin olan 2018-ci il milli tariximizin şərəfli səhifələrindən birinə  çevrildi. Ötən il Prezidentin  çoxsaylı xarici səfərləri, dünyanın aparıcı dövlət başçılarından bir neçəsinin ölkəmizə gəlməsi, qonşu ölkələrlə əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılması, Avropa İttifaqı ilə münasibətlərin daha da möhkəmləndirilməsi, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində  prinsipial mövqeyimizin qətiləşdirilməsi,  Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin  və Ələt Ticarət Limanının açılışı qeyd edilən uğurların  bir hissəsidir.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bütün bunlar barədə ətraflı söz açılmaqla yanaşı, qeyd edilir ki, İslam həmrəyliyi məsələlərində bizim rolumuz artır. Dövlət başçımız vurğulayır ki, İslam Əməkdaşlıq Təşkilatı bu sahədə apardığımız siyasətə çox yüksək qiymət verir. Tam əminliklə demək olar ki, Azərbaycan müsəlman aləmində öz rolunu daha da gücləndirə bilib. Müsəlman ölkələri tərəfindən bizə göstərilən diqqət, hörmət və rəğbət göstərir ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olubdur.

Xatırladaq ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra  İslam Əməkdaşlıq Təşkilatı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa xüsusi önəm versə də, son iki ildə bu əlaqələr daha  geniş sahələri əhatə etmişdir. Məsələn, 2017-ci il mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində “Birlikdə güclüyük” devizi altında Ərəb–İslam–Amerika Sammiti keçirilmişdi. Ərəb və İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirak etdikləri sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdi. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılmışdı.

Yaxud, həmin  il sentyabrın

10-11-də Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə I Sammiti keçirilmişdir. Sammitdə təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev sammitin sessiyasında “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusunda çıxış etmişdir. Prezident İlham Əliyev vurğulamışdır ki, son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün fəsadlarından bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

2017-ci il dekabrın 13-də Türkiyə Respublikasının təşəbbüsü ilə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair keçirilən fövqəladə Zirvə toplantısında “Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizini dəstəkləyən 50-dək ölkədən dövlət və hökumət başçıları qatılmışdılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış edərək Azərbaycanın Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bəyan etmişdir.

Xüsusilə vurğulayaq ki, 2018-ci il aprelin 17-19-da Bakıda İslam Əməkdaşlıq Təşkilatı  ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının IV sessiyası keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İƏT, Dialoq və Əməkdaşlıq üzrə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) birgə təşkilatçılığı ilə baş tutmuşdu. Konfransda İƏT Gənclər Strategiyası, Ortaq Gənclər Fəaliyyəti və İdman üzrə qətnamələr, konfransın yekun hesabatı, nazirlərin görüşünün 5-ci sessiyanın tarixi və yerinin müəyyənləşdirilməsi ilə bağlı qərar, eləcə də yekun Bakı Bəyannaməsi müzakirə olunaraq qəbul edilmişdir.

Bakı tədbirinin özəl cəhətlərindən biri İƏT tarixində ilk dəfə olaraq bu arealda konkret sahələr – təhsil, elm, məşğulluq, biznes və s. üzrə gənclərin inkişafına xidmət edəcək Gənclər Strategiyası, eləcə də bu quruma üzv olan ölkələrin gənclik siyasəti sahəsində fəaliyyətini əlaqələndirəcək Ortaq Gənclər siyasətinin qəbul edilməsidir. 2025-ci ilədək dövrü əhatə edəcək bu fəaliyyət planları İƏT ölkələrində gənclərlə bağlı ən əhatəli sənəddir.

Yeri gəlmişkən, aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı  Gənclər və İdman Nazirləri Konfransının IV sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşmüşdü. Dövlət başçımız xatırlatmışdır ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür: “Son illərdə biz nazirlər səviyyəsində çox sayda tədbirlər təşkil etmişik. Mən şadam ki, bu gün gənclər və idman nazirləri bizim qonaqlarımız sırasındadır. Azərbaycan hər zaman qardaş müsəlman ölkələrinin dəstəyini hiss edir və öz növbəsində, bütün beynəlxalq təşkilatlarda qardaşlarını dəstəkləyir. Biz BMT-də, sözsüz ki, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi başqa müxtəlif regional təşkilatlarda fəal əməkdaşlıq edirik. Azərbaycan qardaş ölkələrlə həmrəyliyin və tərəfdaşlığın gücləndirilməsi siyasətini davam etdirəcək. Biz hər zaman bir-birimizi dəstəkləməli, bir-birimizin yanında olmalıyıq”.

Dövlət başçımız qonaqların nəzərinə çatdırmışdır ki, İslam Əməkdaşlıq Təşkilatı  Azərbaycan  torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı  ilə bağlı bir neçə qətnamə qəbul edib. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkünə çevrilib. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Hazırda bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınır. Biz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan qardaşlarımızın Azərbaycana göstərdikləri davamlı dəstəyə görə çox minnətdarıq.

 Xatırladaq ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunmuşdu. Dövlətimiz həm ölkə daxilində, həm də  xaricdə çox sayda tədbirlər təşkil edərək müsəlman ölkələrinin birliyini nümayiş etdirmişdir. Dövlət başçımızın dediyi kimi, biz dinimizin əsl simasını, mədəniyyətimizi, tarixi irsimizi, potensialımızı və bəşəriyyətin inkişafına verdiyimiz töhfəni nümayiş etdiririk. Məhz həmin dəyərlərə verilən önəmin nəticəsi idi ki, Azərbaycan 2017-ci ildə  IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi.

Yeri gəlmişkən, 2018-ci il Azərbaycanın qədim şəhəri olan Naxçıvan ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu və xalqımız  bunu geniş şəkildə qeyd etdi. Bir neçə il bundan əvvəl paytaxtımız Bakı da İslam mədəniyyətinin paytaxtı idi. Bu, bizim gördüyümüz işlərin,  müsəlman dünyası ilə birliyin və həmrəyliyin nümayişidir.

 

Hazırladı:

İttifaq Mirzəbəyli