Xalq qəzeti. - 2019.- 9 yanvar. - ¹ 5. - S. 3.

 

20 yanvar gecəsində sönən "ömür şamlari"

 

Əfsanə Bayramqızı

 

Bakının qəribə cazibəsi var. Kim bu şəhərdə yaşayıb ömür sürürsə, ömürlük ona vurulur və bu doğmalıq, milliyyətindən asılı olmayaraq, şəhər sakinlərinin hər birinin könlündə taxt qurur. Bu, əvvəldən də belə olub, indi də belədir. Odur ki, “Bakı multikultural və tolerant şəhərdir” – deyimi şəhərin həyat tərzində və ab-havasında həmişə özünü göstərib.

Azərbaycan xalqının azadlığının şərəf və qürur yeri olan Şəhidlər xiyabanını hər dəfə ziyarət etdikcə, həmin məşum 20 Yanvar gecəsində canlarını qurban vermiş azərbaycanlılarla yanaşı, ukraynalı, tatar, yəhudi, rus kimi digər millətlərin nümayəndələrinin məzarlarında yazılmış adlara nəzər yetirirəm. Demək olar ki, hamısı Azərbaycanda doğulub. 20 Yanvar gecəsi Bakını, bütövlükdə Azərbaycanı doğma bilən və illərdir bu məmləkətdə yaşamış azərbaycanlısı da, rusu da, tatarı, yəhudisi də... eyni taleyi paylaşmışlar. Həmin gecə milliyyətindən, dinindən asılı olmayaraq, ölkənin taleyi ilə bağlı haqsızlığa qarşı hamı həmrəy idi, bir idi...

Bu yaxınlarda araşdırma zamanı tanınmış jurnalist Qulu Kəngərlinin “Qara Yanvar şəhidləri” kitabını (1992) vərəqlədikcə, bunun bir daha şahidi oldum...

 

Veranın nakam ömrü

 

Sovet qoşunları Bakıya girərkən heç kim təsəvvür edə bilməzdi ki, 70 il tərkibində yaşadıqları və xidmət etdikləri bu ordu insanlara qarşı belə bir vəhşi, qanlı cinayət törədər. Ancaq, həmin gecə insanlığa qarşı törədilmiş cinayət göstərdi ki, 70 il zorla, güc və qan bahasına qurulmuş imperiyanın əsas niyyəti tamamilə başqadır. Xalqlar arasında “Birlik, dostluq və bərabərlik” şüarları sadəcə sözdə imiş. İmperiyanın bu çirkin niyyətini anlayan insanlar öz vətənlərinin azadlığı, istiqlaliyyəti uğrunda küçələrə axışdı, tankların qabağında son nəfəslərinədək mərdi-mərdanə dayandılar...

20 Yanvar gecəsinin amansız gülləsi Bessantina Vera Lvovnanı haqlayanda bu məsum və incə ruhlu qızcığazın 17 yaşı tamam olmamışdı. Yəhudi əsilli, hərbi qulluqçu ailəsində dünyaya göz açmış Vera ömrünün ən gözəl və təravətli çağında idi, 258 nömrəli orta məktəbin 11-ci sinfində oxuyurdu. Onun da, yəqin ki, hamı kimi məktəbdən sonrakı həyat barədə arzuları, xəyalları vardı. 23 nömrəli musiqi məktəbində skripkanın sirlərinə yiyələnmişdi. Bəlkə də, o amansız gecə olmasaydı, kim bilir, indi Vera ölkəmizi layiqincə təmsil edən istedadlı ifaçı ola bilərdi... Sovet ordusunun dinc əhalini amansızca gülləbaran etməsi çoxsaylı günahsız vətəndaş kimi Veranın da canına qıydı. Salyan kazarması ilə üzbəüz binaya açılmış atəş evdə olan Veranın nəğməli ürəyini əbədi susdurdu. 20 Yanvar şəhidlərinin qırxı günü – martın 2-də isə Veranın doğum günü münasibətilə onu sevindərəcək güllər Şəhidlər xiyabanında məzarı üstünə düzüldü...

 

Tatar Fərqətin sonuncu vətənpərvərliyi

 

Şəhidlər xiyabanında asta addımlarla irəliləyirəm. Daha bir 20 Yanvar şəhidi Fərqət Şərəfullayeviç Tuxtamışevin məzarı önündə dayanıram. Fərqət milliyətcə tatardır, 1958-ci il oktyabrın 29-da dünyaya göz açdığı doğma Bakıda da gözlərini əbədi yumub. Bakı elektrik maşınqayırma zavodunda yığıcı çilingər işləyirdi. Həmin gecə iş yoldaşları ilə birgə o da digər azərbaycanlılar kimi xalqımızın taleyüklü sınaq günündə Salyan kazarmasının yanında idi. Xalqımıza, günahsız və silahsız əhaliyə qarşı tuşlanan amansız güllələrə o da sinəsini sipər etmişdi. Fərqət həmin gecə başından yaralanır. 20 Yanvar qətliamından sonra 32 yaşlı Fərqətin meyitini valideynləri yanvarın 26-da o vaxt Semaşko adına xəstəxananın morqundan tapırlar....

 

Aleksandr: Uşaqlar, məni niyə?

 

Andrey Nişşenkonun isə 17 yaşı vardı. 1972-ci il mayın 6-da Bakıda doğulmuşdu. 2 nömrəli Dəmir yolu məktəbinin üçüncü kursunda oxuyurdu. Həmin gecə dostu Fuad Babayevlə “Xəzər” kinoteatrının yanında görüşmüşdülər. Qəfildən kinoteatra tərəf hərəkət edən tanklardan dostlar atəşə tutuldu. Andreyin dostu Fuad Babayev o günləri belə xatırlayır: “Biz qaçmağa üz qoyduq. Bu vaxt mən ayağımdan yaralandım. Andrey isə qaçdı. Mən elə bildim ki, o, canını qurtara bilib. Amma yox...Sonra məni tanımadığım adamlar xəstəxanaya apardılar. Ertəsi günü öyrəndim ki, əsgərlər onu süngü ilə vurublar. Onun boynunun ön səthi kəsilmiş, nəfəs boruları zədələnmişdir.”... Yanvarın 20-də axşam saat 20-də Tbilisi prospektində 81-27 nömrəli QAZ-24 markalı maşında vurulmuş oğlanın adı Aleksandr Vladimiroviç Semyonov idi. Əslən rus olan Aleksandrı sovet hərbi geyimində olan əsgərlər odlu silahla vurmuşdular. Daha sonra yaralı halda başqa maşınla əsgərlər tərəfindən qospitala aparılan Aleksandr son nəfəsini toparlayıb rus dilində bu sözləri deyə bilmişdi: “ Rebyata, zaçem menya...” Yanvarın 25-də ölümlə sonacan mübarizə apara bilməyən Aleksandr vəfat edir. Aleksandrın doğulduğu Zabrat onun həm də son mənzili olur...

Valeri Zakiroviç Boqdanov milis leytenantı idi. Otuz bir yaşı vardı. Gəncədə doğulub, böyümüşdü. Yanvarın 19-da onu səhər tezdən işə çağırmışdılar. Yanvarın 20-də səhər tezdən evə gələn Valeri ailəsinə baş çəkib və həyat yoldaşına deyib ki, bir azdan qayıdacaq. Bu, onun son görüşü olur. Kapitan Oqtay Mirzəyev və leytenant Ağanəzər İsrayılovla birgə maşınla Tbilisi prospektindəki kimya şəhərciyinə dönərkən arxadan güllə səsi eşidilir. Valeri körpəsinin üzünü görməmiş həyata “əlvida” deyir. Valeri Boqdanov Gəncə şəhər qəbiristanlığında dəfn edilib.

 

Köməyə gedənlər yarı yolda qaldılar...

 

Alimov Ramis Xarisoviç 1958-ci il iyulun 21-də Bakıda anadan olmuşdu. Milliyyətcə tatar olan Ramis 1973-cü ildən Bakı Boru Kəməri İdarəsində avtomobil təmiri çilingəri işləyirdi. 20 Yanvar gecəsində tankların uğultusuna, şəhərdə eşidilən vahiməli səsə körpə qızı Liliya ilə birgə oyanır. Küçədən güllə səsləri gəlirdi. Sonra qonşular deyib ki, küçələr yaralılarla doludur. Bir çoxları kimi, Ramis dərhal geyinib, bayıra çıxıb. Həyat yoldaşı Nuraniyyə xanım Ramisin getməsinə mane olmaq istəyib. Lakin Ramis belə bir gecədə evdə otura bilməzdi. Ən azı küçədə yaralılara kömək etmək etmək lazım idi. Elə yaralılara kömək edərkən də özü gülləyə tuş gəlib.

Yanvarın 20-də 00.38 dəqiqədə “Azərbaycan” nəşriyyatına çağırışa 1 nömrəli hərbiləşdirilmiş yanğınsöndürmə dəstəsi yollanır. Maşının sürücüsü isə Oleq Yusupov idi. Oleq 1944-cü il fevralın 28-də Bakıda anadan olmuşdu. Bir nömrəli hərbiləşdirilmiş yanğınsöndürmə dəstəsində sürücü işləyirdi. Həmin gecə də yoldaşları ilə birgə həmişəki kimi işinin başında idi. Lakin yanğınsöndürmə dəstəsi ünvana çatmır. Oleqin idarə etdiyi yanğınsöndürmə maşını [53-31-AQA] “Naxçıvan” mehmanxanasının yanından keçəndə maşın atəşə tutulur və həlak olur.

Aleksandr Vitalyeviç Marxyevka Buzovna təcili yardım məntəqəsində həkim işləyirdi. Əslən yəhudi olan Aleksandr 1958-ci ildə Bakıda anadan olmuşdu. Həmin gecə yanvarın

19-da axşam saat 23.05 dəqiqədə məntəqəyə Türkan şosesinə çağırış verilir. İki təcili yardım maşını həmin yerə göndərilir. Lakin Türkan şosesinə çatar-çatmaz atəşə tutulurlar. Hər iki maşın zədələnir. Həkim Aleksandr Marxyevka döş qəfəsindən yaralanır və şəhid olur.

... O qan donduran, ürək üşüdən gecədən 29 il keçir. Mənə görə, Şəhidlər xiyabanında uyuyan və Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş bu şəhidlərimizin seçimi ən böyük həmrəylik və birlik nümunəsidir. Onlar həyatları bahasına bu həmrəyliklə Azərbaycanın istiqlalına yenidən qovuşmasında fədakarlıq göstərdilər.

Bu gün müstəqil Azərbaycanın əhalisi Şəhidlər xiyabanına and yeri kimi baxır.