Azərbaycan. - 2019.- 9 fevral. - ¹ 32. - S. 7.

 

Türk mifoloji təfəkküründə Xıdır Nəbi bayramı

 

Ülkər Nəbiyeva,

Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru

 

Türksoylu xalqların mifik düşüncəsində təbiətin oyanışını müjdələyən, yazın, yaşıllığın səbirsizliklə gözlənilməsini tərənnüm edən, bolluq, bərəkət, firavanlıq inanclarının rəmzi kimi uzun əsrlər boyu yurdumuzda keçirilən bayramlardan biri "Yazağzı Xızır”, "Xıdır Nəbi”, "Xıdır İlyas”, yaxud "Qışyarısı” bayramıdır. Bu bayram tarixən əsasən Kiçik çillənin hökm sürdüyü ərəfədə, daha doğrusu, fevralın ilk ongünlüyündə, təqribən fevralın 9-11-ci günlərində keçirilmişdir.

Xıdır Nəbi bayramının başlıca iştirakçısı olan Xıdır və ya Xızır əski türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır Yer, Su, Umay kimi bir vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir.

Xıdır Nəbi bayramının mifik rəmzi olan Xıdır, yaxud Xızır barədə islam qaynaqlarında müxtəlif mülahizələr söylənilir. Bəzi mənbələrə görə, hətta Xızırın məzarının bir neçə yerdə olması, yaxud onun əbədiyaşarlığı haqqında fikirlərə də rast gəlmək mümkündür. Bu obraz xalq tərəfindən sevilmiş və onun haqqında müxtəlif əfsanələr, rəvayətlər dolaşmışdır. Rəvayətlərdən birində deyilir ki, "Xızır və İlyas iki qardaş olmuşdur. Makedoniyalı İsgəndər Zülqərneyn bu qardaşlarla birlikdə "abi-həyatı” - dirilik suyunu tapmaq üçün qaranlıq dünyaya səfər edir, müəyyən müddət keçəndən sonra qaranlıq dünyada fırtına qopur və onların hərəsi bir tərəfə düşüb dirilik suyunu axtarmalı olurlar. Xızır suyun üzündə, İlyas isə quruda gəzib-dolaşır. Bir gün qardaşlar rastlaşır və "abi-həyatı” birlikdə axtarmağa başlayırlar. Yorulub əldən düşəndə dincəlmək üçün su kənarında dayanırlar. Quru balığı təmizləmək üçün suya salarkən balıq dirilir. Qardaşlar bunun axtardıqları dirilik suyu olduğunu bilir, həmin sudan doyunca içib əbədi həyat qazanırlar. Makedoniyalı İsgəndər Zülqərneyn isə nə qardaşları, nə də dirilik suyunu tapa bilir, qeybə çəkilir”.

İnanca görə, Xıdır Nəbi mərasimi hər evdə, hər ailədə qeyd olunmalı, Xıdırın şərəfinə məclis qurulmalı, süfrələr açılmalıdır. Əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaqdır. Mərasimin əsas atributlarından biri qovutdur, buğda qovrulub qovut çəkilir və süfrəyə qoyulur. Erkən etiqadlara görə, Xıdır əlini qovuta çəkir, bununla da Yer üzünə özü ilə bolluq, bərəkət, xoşbəxtlik gətirir.

Xıdır Nəbi mərasiminin digər atributları Su və Torpaqdır. İnanca görə, Boz atlı Xıdır Nəbi təbiəti, torpağı ağ örpəyə bürüyür, onun atının dırnağı torpağa dəyəndə insanlar ilboyu quraqlıqdan əziyyət çəkmir. Xıdır Nəbi mərasimi üç gün davam edir, mərasimin birinci günü Xan Xıdır, ikinci günü Rəiyyət Xıdır, üçüncü günü isə Çillə Xıdır kimi qeyd olunur. Azad Nəbiyevə görə, bu mərasim erkən əkinçilik təsəvvürləri ilə bağlı yaranan Novruzqabağı mərasimlərə daxildir. Mərasimin birinci günündə torpaq üzərində od, ocaq qalayardılar, ikinci gün əkinə yarayan hər öküzün adına üç duzsuz kömbə bişirib öküzlərin qarnının altından diyirlədib belə oxuyardılar:

 

Xıdır Nəbi, Xıdır İlyas,

Bitdi çiçək, oldu yaz!

 

Üçüncü gün cütçü və əkinçiləri tərif edərdilər. Bu zaman Xıdır Nəbinin əlində məşəl olacağı təsvir edilir, gəlişi ilə torpağa, elə-obaya istilik, sağlamlıq gətirəcəyinə ümid bəsləyərdilər. Mərasim zamanı "Xıdırçılar” sübh tezdən əkin yerlərinə gedib Xıdır Nəbini "axtarardılar”.

Xıdır Nəbi mərasiminin əsas amalı insanların qışdan salamat çıxmasını, üzləşdikləri çətinliklərə sinə gərməsini, yazın gəlişini gözləməsini əks etdirməkdir.

Xıdır Nəbi mərasimilə bağlı folklor mətnləri xalq arasında bugünümüzədək qorunub saxlanılıb, onlardan birinə diqqət yetirək:

 

Xıdır, Xıdır xıd gətir,

Dağ-dərədən od gətir.

Mən Xıdırın nəyiyəm,

Bircə belə dayıyam,

Ayağının nalıyam,

Başının torbasıyam.

Xıdıra Xıdır deyəllər,

Xıdıra çıraq qoyallar,

Xıdır Nəbi, Xıdır İlyas,

Bitdi çiçək, oldu yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam...

 

Xızır, yaxud Xıdır sözlərinin etimologiyası ilə bağlı maraqlı fikirlər var, məsələn, Mirəli Seyidova görə, "Xızır” türkdilli xalqların sözüdür və yazın istisini, hərarətini, odunu, qüvvəsini, gətirən kişi, qəhrəman deməkdir. Türk xalqları arasında "xız-qor, alov, ir-ər” isə insan mənalarını ifadə edir, bəzən də "oyanıb ayağa qalxmış insan” mənasında qəbul edilir. Həmçinin bəzi ensiklopedik lüğətlərdə "yaşıl” mənasını ifadə edən ərəb mənşəli söz kimi təqdim olunur.

Xıdır Nəbi bayramında əcdadlarımız havaların tədricən yumşalması, sərt, soyuq qışın getdikcə başa çatması ümidi ilə Xızırı layiqincə qarşılamaq, bir-birinə kömək etmək, paylaşmaq amalı ilə bayram tədbirləri keçirərdilər. Bu bayramda müqəddəs Xızıra belə müraciətlər olunurdu:

 

Xızır baba çıx çölə,

Od gətir bizim elə...

 

Əski mifoloji təsəvvürlərə görə, Xızır bu müraciətləri eşidəcək, səmada "Xızır yolu” açılacaq və müqəddəs Xızır Boz atının belində əlində "od butası” ilə birlikdə Yerə enəcək və insanların arzularını yerinə yetirəcək, onlara sağlamlıq, səadət və xoş həyat bəxş edəcək, hər evdə onun üçün ayrılmış nemətlərin üzərində iz qoyub yenidən səmaya qalxacaqdır. Erkən inanca görə, Xızırın gəldiyi "Xızır yolu”nu görənlərin bütün arzu-istəkləri yerinə yetərmiş. Qədim adətə görə, "Xıdır Nəbi” bayramı günü heç kim işləməməli, əziyyət çəkməməlidir. İnanca görə, hər evdə ailə başçısı sübh tezdən yüksək bir yerdə qoyulmuş un və ya qovut üzərində "iz” görərsə, deməli, gecə Xızır gəlib və mübarək izini həmin una, qovuta çəkmiş, beləliklə də özü ilə xeyir, bərəkət, xoşbəxtlik gətirmişlər. Həmin undan, qovutdan bir qədər götürüb səpin vaxtı buğdaya qarışdırıb səpmək üçün saxlayarmışlar ki, Xızırın xeyir-duası ilə torpaq bərəkətli olsun. Bu bayram gecəsində otların üzərinə düşmüş şehdən xəmir yoğrularmış ki, bu da bolluq-bərəkətə yozularmış.

Əski məxəzlərə görə, Xıdır Nəbi bayramında icra olunan ayinlər arasında buğdaya həsr olunmuş "güligəndum” adlı arxaik bir ritual diqqəti xüsusilə cəlb edir. Bu ayin bilavasitə buğdanın torpağa səpilməsi, taxılın yetişdirilməsi və biçinilə bağlı görülən işlərin ümumi məzmununu əhatə edir. Bu ayinin icrası zamanı Xızırın səmadan Yerə enib taxıla əl basması digər inamlarla paralellik təşkil edir.

Təsadüfi deyildir ki, İslam qaynaqlarında Xızırın şəxsiyyəti ilə bağlı fikirlər arasında Xızırın ibtidai dinlərdə bitki Tanrısı kimi qəbul edilməsi də yer almışdır.

Araşdırmalar nəticəsində Xızır bir kult olaraq türk təfəkkürünün məhsulu kimi dəyərləndirilmişdir. Ölüb-dirilmə hadisəsi ilə bağlı olan Xızır tanrıçılıq görüşlərinin əsasında yaranan obrazdır.

Şərq - İslam dini sistemində Xızır dirilik suyunu içdiyinə görə peyğəmbər statusu qazanmışdır. Hətta İslamda onun Məhəmməd peyğəmbər (s.ə.s.) və Həzrət Əli ilə görüşməsi haqqında müxtəlif mülahizələr də vardır. 1647- ci ildə Azərbaycana gələn türk səyyahı Övliya Çələbi Xıdır-Zində pirini ziyarət etdikdən sonra "həmin türbədə yatan Xızırın bədəninin təzəliyinin hələ də qorunduğunu” qeyd etmişdir. 1858-1859-cu illərdə Qafqaza gəlmiş fransız yazıçısı Aleksandr Düma da həmin türbəni ziyarət etmiş və onu şirvanlıların müqəddəs hesab etdikləri bir ziyarətgah olduğunu yazmışdır.

Mənbələrə görə, hər 500 ildən bir Xızırın cismi yenilənir, təzələnir, o yaşıl geyimdə, boz at belində səma məclislərinə qoşulan bir obraz kimi təsvir edilir.

Türk xalq inanclarında Xızırla bağlı çoxsaylı mətnlər vardır ki, onların əksəriyyətində Xızır çətinlikdə qalmış insanları dardan qurtaran mübarək üzlü xeyirxah bir varlıq kimi təqdim edilir.

M.Təhmasibə görə, "hətta Xəqaniyə, Nizamiyə yol göstərən, Xətainin əlindən tutan, Füzuliyə ilham və təxəllüs verən də Xızır övliyadır”.

Xızır, yaxud Xıdır obrazı, həmçinin Novruz çərşənbələrində mifoloji təsəvvür və süjetlərdə iştirak edən xeyirxah bir varlıq olaraq diqqəti cəlb edir.

Qışın oğlan çağı sayılan Kiçik çillənin ortalarında keçirilən Xıdır Nəbi bayramında "Xızır süfrəsi” açılar, müxtəlif xəmir xörəkləri bişirilərdi. Əski inanclara görə, "Xızır gəlsin ocağına, şadlıq versin bucağına” deməklə bayrama hazırlıq görülər, xüsusən də Xıdır Nəbi günlərində səməni bişirilərdi. Bayramda adətə görə, oğlan evindən qız evinə "Xızır xonçası” gedərdi. Bu bayram qədim türk mifik düşüncəsində mövsüm mərasimləri arasında məhz Kiçik çillə dövründə keçirilən, təbiətin oyanmasını, Günəş və istilik etiqadlarına bağlı olan böyük bir mərasim kompleksidir.

Təqdirəlayiqdir ki, qədim tarixi köklərə malik Xıdır Nəbi bayramı çağdaş dövrdə həm Azərbaycanın müxtəlif bölgələrində, Naxçıvanda, həm Cənubi Azərbaycanda yaşayan həmvətənlərimiz, həm də Anadolu türkləri tərəfindən qeyd olunur. Bu qədim bayram Təbrizdə "Nəbi bayramı” adı altında keçirilər, "girdə” çörəyi xüsusi olaraq bayram süfrəsi üçün hazırlanardı. Anadoluda fevralın ortalarında "Xızır Cəmi”, yaxud "Cəmrə”, may ayının 5-6 da isə "Xızırəlləz” mərasimləri xüsusi təmtəraqla keçirilir.

Göründüyü kimi, Xıdır Nəbi bayramı yazın gəlişini müjdələyən, erkən əkinçilik inanc və etiqadları ilə zəngin olan, türk mifik təfəkkürünün ulu qaynaqlarından xəbər verən arxaik mövsüm mərasimlərinin toplusu kimi çağdaş dövrümüzdə də öz aktuallığını itirməmiş və əbədiyyət qazanmışdır.