Xalq Cəbhəsi. - 2019.- 1 fevral. - ¹ 21. - S. 14.

 

Oğuz eposunda inisiasiya, sakrallaşdırma və qurban

 

2-ci yazı

 

Ağaverdi Xəlil

 

İnisiasiya ən qədim ritual formasıdır. Bu ritualın ilkin nümunələri təbii şəraitdə icra edilib. Ritualın icrası üçün təbiətin imkanlarından hazır şəkildə istifadə olunub. Belə uyğun şəraitlərdən biri bizə zəngin arxeoloji məlumat çatdıran mağaralardır. İbtidai insan mağaralarda yaşayıb. Bir mağarada özləri yaşayıb, digər mağaraya isə ölülərini yerləşdirib onlarla yanaşı yaşayıblar. İbtidai cəmiyyətdə ölülər torpağa basdırılmayıb, dəfn edilməyib, onlar mağaralara, dağ başına, meşəyə qoyulub, suya atılıb. Ölülərin “o dünya”ya yola salınmasında sonuncu formalar torpağa basdırma, bildiyimiz dəfn və odda yandırmadır. Hami rihlara inanan ibtidai insan ölüsünü mağaradakı qoruyucu əcdad ruhlarına təhvil verib, dağ kultuna inandığı zaman ölüsünü dağ başına qoyub, suya inandığı zaman ölüsünü suya atıb, ağac kultuna inandığı dövrdə ölüsünü meşəyə qoyub, ağacdan asıb, yeraltı ruhlara inandığı zaman yerə basdırıb, od ruhuna inandığı zaman odda yandırıb. Bütün formalarda o, ölüsünün diriləcəyinə, “o dünya”da ruhların himayəsində olacağına inanıb. Əcdad mağarası, mağara kultu, əcdad ruhunun mağara ilə bağlılığı da buradan gəlir. Arxaik inisiasiya ritualı da mağarada icra edilib. Ona görə də eposda öz rəngarəng rudimentlərini saxlayan inisiasiyanı bəşəriyyətin “mağara mədəniyyəti”nin nümunəsi kimi dəyərləndirmək lazımdır.

Ölülərin qurda-quşa yem olması qurdu və quşu da əcdad ruhları ilə əla¬qələndirməyə və müqəddəsləşdirməyə səbəb olub. “Qurd totemi” və “quş onqonu” da öz kökləri etibarilə əcdad ruhlarına inancdan qaynaqlanır. Statusdəyişmənin inisiasiya kimi və ya onun sinonimi kimi verilməsi yan¬lışdır. Çünki inisiasiya ibtidai cəmiyyətə aid arxaik ritualdır və ya “ölüb-diril¬mə” oyunudur. Statusdəyişmə isə ibtidai icma dövrünün bitdiyi, xüsusi mülkiy¬yətin yarandığı yeni epoxanın ritual hadisəsidir. Arxaik ritualdan fərqli olaraq burada “can mübadiləsi” deyil, “mal mübadiləsi” oynanılır və əsasən, mülki münasibətləri ifadə edir. Ritualın əsas funksional elementləri - ruhi, mənəvi, abstrakt müvafiq olaraq, fiziki, maddi və konkretlə əvəzlənir. Nəzərə almaq lazımdır ki, ibtidai cəmiyyətdə sosial status yoxdur.

Qurban. Qurban universal xarakterli əski ritual hadisəsidir. Animizm və totemizm dövrlərinin təsəvvürləri ilə də sıx şəkildə bağlıdır. Ən əski çağda yaranmasına baxmayaraq müasir dövrdə də öz mövcudluğunu davam etdirmək¬dədir. Türklərdə qurban adətləri ilə bağlı A.İnanın, B.Ögəlin, F.Sümerin, J.P.Runun araşdırmalarında bəhs olunub. “İslam ensiklopediyası”nda, Türkiyədə çıxan bir sıra dini terminlər lüğətində qurbanla bağlı geniş məlumatlar verilib.

“Qurban” sözünün mənşəyi etibarilə ibranicə “korban” sözündən gəldiyi və ərəb dili vasitəsilə bizim dilimizə keçdiyi məlumdur. Əsas mənası dini adətə görə və ya müəyyən bir niyyətlə heyvan kəsilməsini bildirir. Bu qurbanın indi də işlənən və məlum tərəfidir. Bununla yanaşı müxtəlif qurban anlayışları da mövcud olub. Qurban verilməsi müxtəlif tarixi dövrlərə və xalqlara görə fərqli xüsusiy¬yətlərə də malik olmuşdur. Bütövlükdə qurban bir ritual hadisəsi olaraq özündə bir neçə əsas məqsədi birləşdirir. Qurbanla bağlı əsas nümunələr belədir: ilk meyvə, məhsul və ya bitki qurbanı, ilk ov və heyvan qurbanı, dilək və ya niyyət qurbanı, təşəkkür qurbanı, günah və bağışlanmaq qurbanı.

Araşdırmalardan aydın olur ki, qurban əski inisiasiya ilə bağlıdır, paleloit dövründən mövcuddur və ilk dəfə ondan yunan filosofu Platon bəhs edib. Qurban qoruyucu ruhlara, totemlərə, əcdad ruhlarına, nisbətən sonrakı dövrlərdə isə ilahlara, Tanrıya və Allaha verilir. Bu qurban verilməsi öz mahiyyətində bir mübadilə mənası ifadə etməkdədir. Can verib can almaq, mal verib mal almaq, qurban verib məhsul bolluğuna, can sağlığına və rifaha çatmaq məqsədi bu ritualın əsas ideyasını təşkil edir.

Əski dövrlərdə qurban ritualı müxtəlif şəkillərdə gerçəkləşdirilib. Məsələn, dünyanın ən qədim mədəniyyətinə malik olan şumerlərdə insan qurban edilib. Onların ən çox istifadə etdikləri qurbanlıq heyvan quzu olub. Şumerlərdə donuz qurbanı da kəsilib. Qurban kəsilən heyvanın ətindən ilk öncə Tanrı üçün pay ayrılır, ondan sonra ritualı icra edən rahib ətdən yeyir və bundan sonra qurban əti digər ritual iştirakçılarına paylanır.

Qədim türklərdə at, qoyun, öküz, dəvə və keyik qurbanı olduğu məlumdur. Adam öləndə onun çadırının yanında bir heyvan qurban edilir. Türklərin qədim¬dən ən çox istifadə etdikləri qurban atdır. Türklər əskidən qurbanları başlarına vuraraq öldürürlər. Qurbanlıq at boğularaq və ya bel süçükləri qırılaraq öldürü¬lür. Qurban əti “qazançı” adlanan adam tərəfindən bişirilir. Türklər qurbanlıq heyvanı “ıduk” adlandırırlar. Bu cür heyvanlar öncədən damğalanır və sərbəst buraxılır. Bu hadisəni KDQ-də “Bəkil oğlu İmranın boyu”nda heyvanların dam¬ğalanıb sərbəst buraxılması ilə müqayisə etmək olar. Eposda izlərini saxlayan bu nümunə də əski qurban ritualının rudimentləridir. Türklərin əskidən xoruz qurbanı etmələri “xoruzlu pir”lər şəklində öz qalıqlarını qoruyub. Əski oğuzların ritual qurbanları el quruluşlu dövlətçilik dövründə sakral məzmunundan tama¬milə məhrum olmur, onun müəyyən bir hissəsi “karnavallaşır”, oğuz el başçıları, xanların ictimai həmrəyliyin gücləndirilməsi məqsədi ilə icra etdikləri möhtə¬şəm şölənlər şəklində eposa daxil olur. Türklərdə insan qurbanı olmadığı qaynaqlarda qeyd olunur. İslamla baş¬lanan İsmayıl qurbanı özündə insan qurban etmə epoxasının bitməsini və yeni dövrün qurban mədəniyyətini simvolizə etməkdədir.

Ritual və hədiyyə. Türklərdə əskidən ritual payı vermək ənənəsi olub. Bu pay ət və ya başqa yemək nümunələrdən ibarət olub. Əski türk¬lər bu ritual payına «ürünç»” ((Ürünç bilə el açar) deyiblər. Rüşvət kimi tərcümə olunsa da, o daha çox transformativ bir hadisə kimi görünür. Bizə görə, «ürünç»” əski qurban ritualının (günəşin çıxması, yağışın yağması üçün) elmentidir və sakral mahiyyətlidir. Onun sosial sferaya daxil olması sonrakı hadisədir. Sonrakı dövrlərin mərasim ənənəsində belə paylara “ülüş” də deyilir.

İnisiasiya və içki. 1909-cu ildə Q.N. Potaninin 70 illiyinə həsr olun¬muş, Sankt Petrburqda çıxan bir məcmuədə V.V.Bartoldun “XVII əsr özbək xanlarının sarayında mərasim” adlı məqaləsi çap olunub. Burada özbək xanı Nadir Məhəmmədin (1651-ci ildə vəfat edib) sarayında “kumıs” (qımız) içilməsi mərasimi təsvir edilib. Bu nümunə Potapovun da tədqiqatında istifadə olunub. L.P.Potapov “Köçərilərin ibtidai icma məişətini əks etdirən qədim adət” adlı məqaləsində qədim türk mərasimlərindən bəhs edərkən arxaik ritualla bağlı bir sıra məsələlərə də toxunub. Burada diqqəti çəkən məsələlərdən biri ritualın təsviridir. “Yurd” adlanan dairəvi çadırda icra edilən ritualda bəy üzü girişə doğru mərkəzdə oturur. Onun sağında və solunda iki “atalıq” (bəyin əvəzediciləri), ondan sonra eşik ağası, yasaul (yerləşdirən) və digərləri yerləşirlər. Kişilər bəydən sağda, qadınlar solda, böyüklər bəyə yaxın, kiçiklər onlardan sonra ol-maqla dairəvi şəkildə otururlar. Kişilər ayaqlarının ikisini də altlarına qatlayaraq oturur, qadınlar isə bir ayaqlarını qatlayırlar. Altay türklərində qeydə alınan bu mərasimdə ritual içkisi içilir. Potapov yazır ki, Altayda ritualda içki içilməsi ənənəsi çox qədimdir. 552-ci il tarixli Tan sülaləsinə aid çin salnaməsində Al¬tayda “kumıs” içilməsi mərasimi haqqında məlumat verilmişdir. Bu məlumatdan aydın olur ki, “kumıs” sərxoşedici içkidir.

Türk xalqlarında ritualda “kumıs”, “boza” və “arak” içilməsi ənənəsi möv¬cud olmuşdur. Boza içmə mərasimində “allayar” deyilərək içki içilir. Bu ritualın ciddi etiketləri mövcuddur. Burada etiketi pozan şəxs suda isladılır. Bənzər etiket cənubi altaylarda da süddən hazırlanmış “arak” içmə mərasimində müşahidə olunur. Suda islatma elementinin məhsuldarlıqla bağlı arxaik ritualdan gəl¬diyi məlumdur. Bu baxımdan ritualı Azərbaycan “Xan bəzəmə”si ilə müqayisə etmək mümkündür.

Altaylarda “arak” mərasimlərdə, bayramlarda, toyda, qonaqlıqda və “qamlama”da içilir. Oğuz eposunun materiallarından aydın olur ki, oğuzlar ritualda “kumıs”, “sücik” və “şərab”dan istifadə ediblər. “Göl kimi kumıs sağdırmaq” ifadəsindən də məlum olur ki, bu içki süddən hazırlanır və bol şə¬kildə verilir. Azərbaycan bölgələrində “turş” mənasında “qımız kimi” sözünü işlədənlər əski kökləri ilə kumıs içən oğuzların nəslinə və ya ənənəsinə bağlıdır. Oğuz eposunda Qazan xanın “sücik” içib sərxoş olduğunu müşahidə edi¬rik. Bu tipli məlumatlar oğuzların rituallarında içkidən geniş şəkildə istifadə etdiklərini göstərməkdədir. “And içmək” ifadəsindəki sakral mətni müşayiət edən “içki” də ritual içkisinin xalq dilindəki qalığıdır.