Türküstan qəzeti.-2019.-29 yanvar-4 fevral.-¹3.-S.11.

 

Babalarımızın müqəddəs yadigarı

 

Məqalənin müəllifləri: Erjan İsakulov,

siyasi elmlər doktoru

 

Zaripbay Orazbay,

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi üləmalar Şurasının üzvü

 

Qazaxıstan prezidentinin “Böyük çölün yeddi özəlliyi” məqaləsi türk dünyasında geniş əks-səda doğurub. Qazaxıstanın və türk dünyasının görkəmli ictimai xadimləri, alimləri, tarixçiləri bu məqalə haqqında öz fikrilərini bölüşür, kütləvi informasiya vasitələrində müzakirələr aparırlar. Bu günlərdə Qazaxıstanın Birinci Prezident Kitabxanasında Türk dünyasının tanınmış ictimai xadimi və ziyalıları professor Mırzatay Joidasbekov və TWESCO-nun prezidenti, tarix elmləri doktoru Darxan Kıdırəlinin “Böyük Çölün 7 özəlliyi” məqaləsinə həsr olunmuş kitablarının təqdimatı olub. Kitabların təqdimatı zamanı Nursultan Nazarbayevin “Mənəvi dəyərlər” adlı dövlət proqramı çərçivəsində verdiyi tapşırıqlara uyğun olaraq, Mırzatay Joldasbəkovun orta əsr türk tarixçisi Fəzlullah Rəşid Əd Dinin bu günlərdə qazax dilinə tərcümə etdiyi “Came ət-təvarix” (“Tarixlərin toplusu”) əsəri haqqında da danışılıb. Tədbirdə çıxış edənlər bildiriblər ki, “Came ət-təvarix” kitabı öz tarixini və türk dünyasının qədim tarixini araşdıran və öyrənmək istəyən tarixçilər üçün, tələbələr üçün gözəl bir vəsaitdir. Baxaq görək, Mirzatay Joidasbekov həmin əsərdə nələri aşkar edib. Ümid edirəm ki, türkdilli ölkələrin oxucularının həm qazax, həm Azərbaycan dilində oğuz və qıpçaq tarixini əsil mənbədən oxumalarının böyük əhəmiyyəti var.

 

“Came ət-təvarix”

 

700 il əvvəl fars dilində qələmə alınan “Came ət-təvarix əsəri dünyanın bütün tarixçiləri üçün orta əsrlər ensiklopediyası olmaqla yanaşı, həm də türkdilli xalqlarının tarixi haqqında əsil informasiya mənbəyidir.

Mən əvvəlcə “Came ət-təvarix” əsərinin fransız, çin, ingilis və rus dilində tərcümə edilən variantlarını oxudum. Belə nəticəyə gəldim ki, tərcümələr bir-birinə bənzəmirlər, həm də bu tərcümələr tam şəkildə olmayan kitablardan köçürülüblər. Məsələn, Çingiz xanın mənsub olduğu türk tayfaları olan muğulları döndərib “monqol” ediblər, hətta Fəzlullah Rəşid Əd Dinin qələmə aldığı tarixi kitabdakı insan, yer, məkan, torpaq, çay adları da tanınmayacaq dərəcədə dəyişdirilib. Bununla da bir çox sözlərin mənası və yerlərin adı itirilib. Biz belə qərara gəldik ki, ərəb əlifbasında saitlərin və samitlərinin dəqiq oxunuşunu verən “Zəmmə, fətha, kasrə, sükun” işarələri ərəb əl ifası üçün xarakterik olaraq ç, q, j, p həriflərini düzgün oxunmasını təyin edir. Və bu hərflərlə yazılan sözləri yenidən tədqiq etməyə başladıq. Biz çalışdıq ki, tərcüməmiz yüksək səviyyədə alınsın. Hər sözü, hər cümləni, hər adı elə tərcümə etdik ki, şübhə yeri qalmasın, hətta bir çoxlarının qarşısında sözlərin izahını da verdik. Türk-moğol lüğətini tərtib etməklə yanaşı, tərcümə etdiyimiz kitabın faksimilinl də fars dilində nəşrə əlavə etdik.

“... Müsəlman tarixində və Yəhudi övladlarının Tövratında yazıldığı kimi, Nuh peyğəmbər (Allah ona rəhmət eləsin) Yeri şimaldan üç yerə böldü: birinci hissəni o öz oğlanlarına -afrikalıların nəslinin bərqərar olduğu Hamu tayfasına, digər hissəsini - Samuya, ərəblərin və farsların törədiyi torpağa, üçüncü hissəsini isə özünün Yafəs adlı Abulca oğluna türklərin əcdadına verdi.

Yafəs Altau və Qaratau vadilərinin arasında məskən saldı. Bu vilayətdə Əbilcə xan Borsıkın qışladığı İnanc adlı şəhər var idi. Vilayətin ətrafında Talas (Taraz) və Köhnə Sayram (Kəpi-Sayram) şəhərləri yerləşirdi. Köhnə Sayram şəhərinin 40 darvazası var idi. Şəhərin bir başından o biri başına bir günə çatırdın. Əbilcə xan öz nəslinin oğlanlarını şimala - şimali şərqə və şimali qərbə göndərdi. Tədqiqatçılar belə yazırlar ki, yer üzündə yaşayan türk mənşəli xalqların hamısı Yafəsdən törəyib.

Əbülcə xanın nəvəsi Oğuz Allahın yolunu seçdiyi üçün xalq iki tərəfə bölündü. Onun qardaşları və əqidədaşları ulusa və orduya sahiblənmək üçün öz aralarında vuruşmaya başladılar, lakin məğlub oldular.(Oğuz onunla qalan, lakin böyük qardaşının yanına getməyən tərəfdaşlarına “uyğur” adı verdi sonradan bu insanlar tayfa halında birləşdilər- uyğutr tayfası yarandı-“uyğur” tərcümədə “Birləşmək”, “uyğunlaşmaq” deməkdir, eləcə də kanlı, kıpşak, kalaş və ağaş yeri-“meşədə yaşayan adamlar” deməkdir.)

Bundan sonra Oğuz Talasdan Sayrama, Sayramdan Buxaraya qədər olan bütün əraziləri ələ keçirib, sonra isə İranı, Turanı, Suriyanı, Ərəbistanı, Firəngləri (firəng və alman tayfaları), eləcə də başqa ölkələrdə yaşayan xalqları fəth edib, öz ətrafında birləşdirdi, bundan sonra sahibi olduğu nəsil torpaqlarını geri qaytardı. Qızıldan uca bir yurd (alaçıq) qurub toy çaldırdı, 900 at və 90 min qoyun kəsdirdi.

Oğuzun Gün, Ay, Ulduz, Göy, Tay, Dəniz adlı oğlanları var idi. İlk üç böyük oğullarını Bozok, sonrakıları isə Yüşək çağırardı. Oğuzun oğullarından isə 24 nəvəsi olmuşdu, bu nəvələr ordunun sağ cinahında xidmət göstərirdilər, qalanları isə sol cinahında keşik çəkirdilər. Sonradan həmin nəvələrin adı tayfaların və orduların adı kimi formalaşdı: uyğur, qanlı, qıpçaq, karlık, kalaş, ağac yeri, cəlayir, sünit, tatar, kəbtürin, merkir, kürleyit, tarğut, oyrat, barkut, korı, tulas, tumat, bülağaşın, keremüşin, urasut, tanlakut, küstemay, orman, uranxaylar, kürkan, sükayıt, kərəyit, şürkin, tünkayıt, sakiyət, tubayıt, albat, nayman, ünqit, tanqut, bəkirin, qırğız. Hər bir nəvəyə adlarına və yerlərinə uyğun vəzifə verildi, onların adına uyğun ləqəbi, həm də ayrıca tamğaları və işarələri də cızıldı. 24 nəslin davamçısının hər birinin adına bir totem yaradıldı ki, bu totəm də unkun (küt) quşu idi.

Ötən əsrlər ərzində Oğuz və onun oğullarının nəslindən çoxlu xaqanlar və padşahlar törədi. Uzun illər ərzində hakimiyyət Salur sülaləsinin əlində oldu, sonra isə Aymur sülaləsinə keçdi. Sonra da digər sülalələrdən qüdrətli hökmdarlar çıxdı. Bu hökmdarlar təkcə, Turan və İran üzərində 400 il hökmranlıq etdilər. Ərəbistandan tutmuş Çinə qədər bütün ərazilər onların nəzarətinə keçdi. Mənbələrdə qeyd edilir ki, Səlcuqlar sülaləsinin sultanları və onların əcdadları Kinik xanın (Dəniz xanın varisləri) törəmələridirlər.

Kitabda yazılanlardan belə nəticəyə gəlmək olur ki, türk tayfası olan muğulların nəsli Nukuz və Kiyan adlı kişilərdən gəlir. Bu nəsilin törəmələrindən qalan bir qrup insan ağır müharibədən qurtulub, qaçaraq 2700 il bundan əvvəl uca dağları olan Ergenekon (bizim eradan VII əsr əvvəl) deyilən yerdə məskunlaşdılar. Sonra Ergenekona yığışan tayfanın adından da iki tayfanın adı yarandı.

Uca dağlar arasında yaşayan bu sülalənin boyları törədilər, hər tərəfdən artıb çoxaldılar (böyük bir muğul ordusu yaratdılar: uranxay, konırat, koralas, olkunut, künleyit, ürnaut, üçin, suldıs, eldürkin, bayauıt, gincit: muğul nirrunların qollarından ayrılanlar: katağan, saljuıt, tayjuıt, sijuıt.urtigen, çinaz, sükan, kinkiyat). Yaşadıqları ərazilər artıb-törəyən tayfalara darlıq edəndə, Ergenekondan yol tapıb böyük ərazilərə yayıldılar, sonra isə dünyanı təlatümə gətirərək, insanlıq tarixində özlərinin silinməz izlərini qoydular.

Kitabda həmçinin muğul nirrunların kiyat boyundan olan Möhtəşəm Çingiz xanın həyatından, onun nəsil şəcərəsindən, onun hökmdar babalarından, hakim oğullarından və xələflərindən, onların döyüşlərindən, qələbələrindən, müdrik fikirlərindən və qanunlarından, həmin padşah və sultanların hakimiyyətdə olduğu illərdə dünyanı necə idarə etmələrindən danışılır.

“Came ət-təvarix” əsərində bu gün də dövlət idarəçiliyində böyük əhəmiyyət kəsb edən , həmçinin Çingiz xanın 5-ci nəsil törəsi olan Qazan xanın dövlət islahatı haqqındakı 40 bənddən ibarət hekayəti və Fəzlullah Rəşid Əd Dinə bu kitabı yazmaq üçün verdiyi göstərişdən söz açılır. Bu tapşırığı yerinə yetirmək üçün Fəzlullah Rəşid Əd Din dövrünün alim və filosofları, müdrik adamları ilə məsləhətləşərək, dünyanı səyahətə çıxır, muğul dilindəki yazıları və yazılı abidələri, əfsanə və rəvayətləri bir araya toplayır, onları tədqiq edir. Qazan xan mütəmadi olaraq, kitabın çıxmasına bu kitabın ən yüksək keyfiyyətdə olması üçün, tarixin olduğu kimi həqiqi yazılması üçün nəzarət edir.

 

“Zikzal”

 

Bekasıl Bibolatulının XIX əsrin ikinci yarısında caqatay dilində qələmə aldığı “Zikzal” kitabı öz məzmununa görə müdrik məsəllər və məsləhətlər, elm və ürfan kitabıdır. Bu kitabda həyatın bütün tərəfləri üçün məsləhətlər, hekayətlər yer alıb, buna görə də yazıldığı gündən hər zaman oxucuların diqqət mərkəzində olub.

Kitabın əsas hissəsi “Falname” (“Gizli işarələrin sirləri və gələcəkdən xəbər”) adlanır. Burada sözlərin və rəqəmlərin kodları “Əbcəd” əlifbası (ərəb əlifbasının ilk dörd hərfi) ilə açılır. Bu əlifbanın açmasını isə ancaq həmin mətinlərin açarını axtaran bilir. Bu mətinləri açıb oxuyan isə bu sahədə xüsusi istedada malik olur.

“Ulduzların elmi” hissəsində Zodiak işarələrinin 12 bürcünün xüsusiyyətlərindən danışılır. Bu bürclərin kəhkəşandakı hərəkəti, onların insan taleyinə təsiri, hər bir bürcün günün müəyyən vaxtlarındakı insan taleyinə təsir mexanizmi, və bu bürclərin 12 ildən bir sikl dəyişkənliyində göy səmadan insan taleyinə etdiyi təsirdən, bürclərin yerləşməsi ilə insanın adi günlərdə hansı işi görüb-görə bilməyəcəyindən bəhs edilir.

Müəllif “Zikzal” kitabında bir çox xəstəliklər və bu xəstəliklərin xalq təbabəti yolu ilə müalicə üsullarını göstərir, insanın hansı zaman çərçivəsində əmək fəaliyyəti ilə məşğul ola biləcəyi, günün, ayın hansı vaxtlarında yola çıxarsa yolun uğurlu olacağı, evin hansı hissəsində yatması barədə; uğur qazanmaq üçün, ticarətdə işlərin yaxşı getməsi üçün nə etməli; insanlar arasında isti münasibətlərin qurulması, mehribanlıq üçün, ailəni qoruyub saxlamaq, körpə uşağa qulluq qaydaları, qadın və kişi orqanizminin quruluşu haqqında məlumatlar da kitabda müfəssəl şəkildə öz əksini tapıb. Məsələn insanı ilan çalarsa, zəhərli əqrəb sancarsa, təbiət hadisələri zamanı hansı duaların oxunması, quraqlıq olarsa, yağış və qar yağması üçün, küləyin ötüb keçməsi üçün oxunan duaların mətni də bu kitabdadır.

Kitabın “Xütbə və hekayətlər” bölümündə ovçuluq məşğuliyyətinin sirləri, müxtəlif oyun məşğələləri, atların müalicəsi, ovçu quşların əhilləşdirilməsi barədə maraqlı hekayətlər toplanıb. Bekasıl övliya yazır ki, hələ Adəm (ə.s) peyğəmbərin dövründən Məhəmməd peyğəmbərin (ə.s) dövrünə kimi tarixdə 7770 müdrik və yolgöstərən olub, onlardan 18-inin böyük ərazilərdə torpaqları olub. Müəllif həmin torpaq sahiblərinin nəsihətlərini, həmçinin qəssab, toxucu, baqqal və digər sənətkarların nəsihətlərini də qələmə alıb. “Qayıb Eren” bölümündə isə Göy kəhkəşanında (aləmində) olan müqəddəslərdən danışılır.

Kitabın müəllifi təsdiq edir ki: “İnsan Allahın xüsusi məhəbbətlə yaratdığı ən gözəl əşrəfdir. Bütün yaratdıqlarının içərisində Allah təkcə insana ağıl, düşünmək və danışmaq məharəti verib. Əgər insanın xislətində xeyirli və mərhəmətli əməllər toplanıbsa, o hər zaman xoşbəxt və uğurlu olacaq”. İnsanlığın borcu - özündə mərhəmət hissini yaşatmaqdır: “İnsan özünün yüksək mənəvi dəyərləri- xeyirxahlıq, doğruluq və ədalət keyfiyyətləri ilə qiymətlidir. Allahın dərgahında haqq qazanan insan, heç vaxt qiymətsiz və hörmətsiz ola bilməz. Buna görə de bu qədər gözəl məqama sahib olan insanlar, gərək ki, özlərində yüksək mənəvi keyfiyyətləri tərbiyə etsinlər”.

 

«Kazaxstanskaə pravda» qəzeti, 15 yanvar, 2019-cu il.

Tərcümə etdi: Aida Eyvazlı.