Hərbi and. - 2019.- 31 yanvar. - ¹ 4. - S. 12.

 

Azərbaycanda, Ermənistan xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktları və onların nəticələri

 

Faiq İsmayılov

 

1988-1994-cü illərdə Azərbaycan ərazilərində Ermənistanın təşkil etdiyi 373 terror aktı nəticəsində 1568 nəfər mülki vətəndaş həlak olmuş, 1808 nəfər yaralanmışdır. Azərbaycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilmişdir ki, həmin terror aktları Ermənistan Respublikasının xüsusi xidmət orqanları tərəfindən idarə edilmişdir.

Azərbaycanda mülki əhaliyə qarşı terrorçu fəaliyyət Ermənistan Respublikasının dövlət orqanları və separatçı qurumlar tərəfindən, üçüncü ölkə vətəndaşları, Azərbaycandakı azsaylı xalqlarının nümayəndələri, hərbi əsir və girovlardan istifadə etməklə reallaşdırıblar.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlığı nəticəsində Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi, polkovnik Can Ohanesyanın, onun müavini, mayor Aşot Qaloyanın, Rusiya Federal Əks-kəşfiyyat Xidmətinin Terrorizmlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, mayor Boris Simonyanın başçılığı ilə Rusiya ərazisində fəaliyyət göstərən erməni separatçı-terrorçu qrup məsuliyyətə cəlb olunmuşdur. Moskvada yerləşən və terrorçu Valeri Petrosyanın rəhbərlik etdiyi "TİRR" Assosiasiyası tərəfindən maliyyələşdirilən həmin qrup Rusiya və Azərbaycan ərazisində dəmiryolu qatarlarında dəfələrlə partlayışlar törətmişdir.

Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində fəaliyyət göstərən terrorçu-separatçı "Sadval" təşkilatı üzvlərinin 1994-cü ilin martın 19-da Bakı Metropoliteninin “20 Yanvar” və “28 May” stansiyalarında törətdikləri və 19 nəfər mülki vətəndaşın ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən partlayışların Ermənistanın xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi faktı da prosessual qaydada sübuta yetirilmişdir.

Çoxsaylı şahid ifadələri və maddi sübutlar bu təşkilatın yaraqlılarının Ermənistanın Nairi və Arzni rayonlarında yerləşən, xüsusi xidmət orqanlarına məxsus hərbi-təxribat hazırlığı bazalarında, habelə Dağıstan Muxtar Respublikasının Məhərrəmkənd rayonu ərazisində təşkil edilmiş xüsusi düşərgələrdə təlim keçdiklərini birmənalı şəkildə təsdiqləmişdir. Məhz Ermənistanın xüsusi xidmət orqanları terror aktlarının icrası üçün cinayətkarları zəruri partlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və maliyyələşdirmişlər.

Azərbaycanın milli təhlükəsizlik orqanları həmin cinayətin 43 təşkilatçısını və icraçısını aşkarlamış, onlardan 30 nəfəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunmuş, ölkənin hüdudlarından kənarda gizlənənlər barədə isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

2000-ci ilin əvvəlindən etibarən Azərbaycanın şimal rayonlarında yaşayan avar xalqının adından separatçılıq hərəkatı başlamaq məqsədini güdən bir cinəyatkar qrup fəallaşmışdı. 2001-ci ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Yol Polisinin postlarına, rayon polis şöbələrinə və hərbi hissələrə bir neçə basqınlar, Şeyx Şamilin abidəsinin partladılması kimi cinayətlərin törədilməsi Zaqatala və Balakən rayonlarında vəziyyəti kəskinləşdirmişdi.

Həmin cinayətlərin istintaqı zamanı göstərilən qrupun rəhbəri Hacı Maqomedovun və sonradan onun həbs edilmiş silahdaşı Şaban Buşdiyevin erməni xüsusi xidmətlərinin nümayəndələri ilə əlaqələrinin olması faktı aşkarlanmışdı. 1997-ci ildə onların hər ikisi Azərbaycan ərazisində "Avar dövləti"nin yaradılması üçün 1 milyon ABŞ dolları və 1000 ədəd avtomat silahın alınması məsələsinin müzakirəsi məqsədi ilə İrəvan və Xankəndnə səfər etmişdilər.

Bundan sonra avar separatçılarının "Car-Balakən dövləti"nin yaradılması ideyası və bu istiqamətdə fəaliyyətlərinə dəstək almaq üçün H.Maqomedov 2001-ci ilin dekabrında yenidən İrəvana səfər etmişdir. Bu səfərin əsas məqsədi yaz-yay mövsümündə Zaqatalada yerli icra hakimiyyətinin binasının zəbt edilməsi, həbs olunmuş silahdaşlarının azadlığa buraxılması şərti ilə vəzifəli şəxslərin girov götürülməsi və dövlətə qarşı digər cinayət əməlləri üçün müxtəlif növ silah, o cümlədən istilik raketlərinin alınması idi.

2001-ci ilin sentyabrında Zaqatala rayonu ərazisində müxtəlif cinayət əməlləri törətməklə əhalini təsir altında saxlamağa, ərazini nəzarətsiz zonaya çevirməyə cəhd göstərən şəxslərin dindirilməsi zamanı məlum olmuşdur ki, onların silah və maddi cəhətdən təchiz edilməsini Ermənistanın xüsusi xidmət orqanları təşkil ediblər.

1994-cü il iyulun 3-də Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında 14 nəfərin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmişdir. Bu məqsədlə Qarabağ uğrunda gedən döyüşlər zamanı əsir düşmüş Azər Aslanovun anasını aldadıb İrəvana çağırmış, oradan Azərbaycanın işğal olunmuş ərazilərinə apararaq girov saxlayıb və A.Aslanovu həmin cinayəti törətməyə sövq etmişdilər (bu fakt erməni millətçi-separatçı ekstremizminin əsas ideoloqlarından biri, hazırda İnterpol xətti ilə axtarışda olan Zori Balayanın "Cəhənnəm və cənnət arasında" kitabında öz əksini tapmışdır).

İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdir ki, A.Aslanovun terrorçu kimi hazırlanmasının "ideoloji təminatında" Zori Balayanın və Dağlıq Qarabağ erməni separatçılarının lideri və Ermənistan Respublikasının prezidenti olmuş Robert Koçaryanın iştirakı olmuşdur.

1990-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu qrupların liderlərinin reabilitasiyasına çalışan Ermənistan rəhbərliyi xarici diasporanın radikal təşkilatlarının, xüsusilə "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" və digər terror təşkilatları fəallarının Ermənistan ərazisində toplanması məqsədi ilə geniş miqyaslı kampaniyaya başlamış, onların fəaliyyətlərinə siyasi-hüquqi şərait yaradaraq sığınacaq vermiş, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz etmişdir. Həmçinin, Azərbaycanda ermənilərin sıx yaşadıqları əraziyə yardım adı altında bir sıra xarici dövlətlərdən terrorçular, silah və maliyyə vəsaitləri göndərilir, Türkiyə nümayəndəliklərinə qarşı terror aktları törətmiş ermənilərin azad olunması və dəstəklənməsi Ermənistanda dövlət səviyyəsində təşkil olunurdu. Belə ki, Suriyada doğulmuş, ASALA üzvü, 1983-cü ilin iyun ayında Fransanın “Orli” aeroportunda partalyış törətdiyinə görə həbs edilmiş Varujan Karapetyanın Ermənistan xüsusi xidmət orqanları tərəfindən Eçmiədzin kilsəsinin imkanları vasitəsi ilə azad olunması üçün imza toplama kompaniyası keçirilmişdir.

Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ vətəndaşı, tanınmış beynəlxalq terrorçu Monte Melkunyan azad olduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qarabağa göndərilərək azərbaycanlıları öz torpaqlarından məcburi köçkün vəziyyətinə salmış terrorçu qruplara rəhbərlik etmişdir. 1993-cü ilin yayında Azərbaycan qoşun hissələri tərəfindən məhv edilmiş M.Melkonyanın İrəvanda dəfn mərasimində prezident də daxil olmaqla Ermənistanın dövlət rəsmiləri iştirak etmiş, sonra bu beynəlxalq terrorçu Ermənistanın Milli Qəhrəmanı elan olunmuş, onun adı Ermənistan Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

1992-ci ildə Xankəndinə göndərilmiş Vazgen Sislyan, Yaxın Şərq terrorçuları Abu Əli, Qilbert Minasanyan və digər terrorçulardan zorakılıq siyasətini dünya ictimaiyyətinin diqqətini erməni məsələsinə yönəltmək üçün vasitə kimi istifadə edirdilər.

Robert Koçaryanın hakimiyyəti dövründə Ermənistanda terrorçu qrupların rəhbərlərinin reabilitasiyası halları daha da artmışdır. Tanınmış terrorçu, İran vətəndaşı və "Daşnaksütyun" partiyasının üzvü Qrant Markaryan həbsdən azad edilərək, Azərbaycana qarşı terror aktlarının keçirilməsində fəal iştirakına görə 1981-ci ildə Parisdə türk səfirliyi binasının zəbt olunmasının təşkilatçılarından biri Vazgen Sislyanla birgə Robert Koçaryan tərəfindən Qarabağ müharibəsinin qəhrəmanı adına layiq görülmüşlər. Bütün bunlar Ermənistan rəhbərliyinin Azərbaycana qarşı terror aktlarının təşkilində bilavasitə iştirakını bir daha təsdiq edir. Əslində Ermənistanın rəhbərləri: o cümlədən prezidentlər R.Koçaryan, S.Sarkisyan və Dağlıq Qarabağdakı işğalçı-separatçı rejimin rəhbərləri A.Qukasyan, B.Saakyan terrorçularla sıx əlaqədə olduqlarını özləri də gizlətmirlər.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin "sərhəd"i hazırda Ermənistanın silahlı qüvvələri tərəfindən qorunur, bu ölkədən olan çağırışçılar hərbi xidmət keçmək üçün həmin ərazilərdəki hərbi hissələrə göndərilir. Həmçinin hazırda işğal olunmuş ərazilərdə Ermənistanın silahlı qüvvələri və terrorçu qruplarla yanaşı qeyri-qanuni silahlı birləşmələr də fəaliyyət göstərir və bütün bunlar terrorizmə qarşı mübarizə üzrə beynəlxalq konvensiyaların nəzarətindən kənardadır. Beləki:

·         Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycanda sərnişin avtobuslarında törədilən terror aktları nəticəsində 68 nəfər həlak olmuş, 132 nəfər yaralanmışdır.

·         Sərnişin və yük qatarlarında törədilmiş terror aktları nəticəsində 74 nəfər həlak olmuş, 125 nəfər yaralanmışdır.

·         Hava nəqliyyatında törədilmiş terror aktları nəticəsində 104 nəfər həlak olmuşdur.

·         Bakı metropolitenində törədilmiş terror aktları nəticəsində 27 nəfər həlak olmuş, 91 nəfər yaralanmışdır.

·         Sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı 25 nəfər həlak olmuş, 88 nəfər ağır yaralanmışdır.

·         Mülki və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları nəticəsində 10 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır.

·         Mülki şəxslərə və hərbçilərə qarşı ermənilər tərəfindən

törədilmiş terror aktları nəticəsində 881 nəfər həlak olmuş, 1239 nəfər yaralanmışdır.