Xalq qəzeti. - 2019.- 5 yanvar. - ¹ 2. - S. 1-2.

 

İlham Əliyev: Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır

 

Dövlət başçımızın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xalqımıza ünvanladığı təbrik məktubu təkcə müasir Azərbaycan həqiqətlərinin dilə gətirilməsi baxımından deyil, həm də beynəlxalq ictimaiyyətin ölkəmizə və dövlətimizə xüsusi önəm verdiyini sübut edən faktların söylənildiyinə görə xüsusi önəm kəsb edirdi. Ekspertlərin fikrincə, bu təbrik təkcə Yeni il münasibətilə deyil, həm də dünyanın əksər ölkələrində məskunlaşmış soydaşlarımıza – həmrəylik günü münasibətilə ünvanlandığına görə dövlət başçımız bir sıra beynəlxalq məsələləri də xüsusilə qabartmışdır.

 

Birinci: Prezident qeyd edir ki, Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib: “Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik”.

Xatırladaq ki, dünyanın istənilən dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasıdır. Həmin məsələni xüsusilə yada salan Prezident deyir: “Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir”.

 

İkinci: Azərbaycanın iqtisadi qüdrətinin artmasını və dövlət müstəqilliyinin əbədiləşdirilməsini istəməyən qüvvələr beynəlxalq aləmdəki ikili standart müəllifləri və ermənipərəst qüvvələrlə birləşərək, ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Uzun illərdir ki, ölkəmizdə reallaşdırılan əksər siyasi kampaniyalar ərəfəsində antiazərbaycan dairələrin sifarişi ilə bizə qarşı qərəzli iddialar irəli sürülürdü. Bu isə bəzi Avropa qurumlarının Azərbaycanla əməkdaşlığına xələlsiz ötüşmürdü. Ancaq dövlət başçımızın yürütdüyü müdrik xarici siyasət nəticəsində biz Avropa qurumları ilə münasibətlərin yüksək səviyyəsini qoruyub saxlaya bilirik.

Prezident adıçəkilən təbrikdə həmin məsələyə məxsusi toxunaraq deyir: “Biz Avropa İttifaqı ilə əlaqələrimizi daha da möhkəmləndirmişik. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir”.

 

Üçüncü: SSRİ-nin dağılmasından sonra yaranmış beş Xəzəryanı ölkənin arasında ortaya çıxmış Xəzərin statusu məsələsi (Sovet dönəmində Xəzərə cəmi iki ölkənin – SSRİ və İranın – çıxışı olduğuna görə bu məsələ heç zaman gündəliyə gətirilməmişdi) də, nəhayət ki, ötən il öz həllini tapdı. Dövlət başçımızın təbrikində həmin məsələyə belə münasibət bildirilir: “Bu il Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi öz həllini tapdı. Bu, hesab edirəm ki, tarixi nailiyyətdir. Çünki bildiyiniz kimi, uzun illər ərzində bu məsələ həll olunmamış qalmışdı. Ancaq bu, hazırda öz həllini tapıb və Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini vermişdir”.

 

Dördüncü: “Azərbaycan istənilən problemini öz gücünə həll etmək iqtidarındadır” – deyən dövlət rəsmilərimiz və politoloqlarımız ardınca da qeyd edirlər ki, bu gün ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir problemi yoxdur. Ancaq yaranmış situasiya sübut edir ki, yaxın vaxtlarda bu münaqişənin həlli də mümkün olacaqdır. Çünki ermənipərəst qüvvələrin dəstəyinə arxalanaraq, ölkəmizin bir hissəsini işğal etmiş İrəvan rəsmiləri açıq şəkildə bəyan edirlər ki, bu münaqişənin həllinin uzanması Ermənistan iqtisadiyyatını tamamilə çökdürə bilər.

Həmin məsələ dövlət başçımızın təbrikində bu şəkildə ifadə edilir: “Deyə bilərəm ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”.

 

Beşinci: Son bir neçə ildə beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər, xüsusən, iqtisadi problemlər, maliyyə böhranı nəinki Azərbaycanla eyni dövrdə müstəqillik əldə etmiş ölkələr, hətta, ən güclü iqtisadiyyata malik olan dövlətlər üçün də çox ciddi problemlər yaratmışdır. Azərbaycan rəhbərliyi isə belə düşünürdü ki, iqtisadi böhranlar qaçılmaz olsa da, çıxılmaz deyil. Məhz həmin prinsipləri əsas tutan Azərbaycan rəhbərliyi öz fəaliyyətini elə qurdu ki, biz beynəlxalq iqtisadi böhranlardan ən az ziyan görmüş ölkələr arasında olduq.

Ötən il də bu baxımdan uğurlu oldu. Prezident təbrikdə bu məsələyə toxunaraq deyir: “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur. Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir”.

 

Nəhayət: Məlum olduğu kimi, bu ilin əvvəlində dövlət başçımızın sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir. Xalqımız AXC-nin 100 illiyini həm ölkə daxilində, həm də bir çox xarici ölkələrdə böyük təntənə ilə qeyd etmişdir. Dövlət başçımız xalqa ünvanladığı təbrikdə həmin məsələyə münasibət bildirərkən hər birimizin fəxr edəcəyi bir tarixi faktı da yada salır: “Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad ­olmamışdır”.

 

Hazırladı:

İttifaq Mirzəbəyli