Xalq qəzeti. - 2019.- 6 yanvar. - ¹ 3. - S. 1,4.

 

Azərbaycan güclü ölkə kimi artıq dünya miqyasında özünü təsdiqləyib

 

Əliqismət Bədəlov

 

2018-ci il beynəlxalq münasibətlər sistemində gərginliyin daha da dərinləşməsi, regional güclər arasında ixtilafların artması, həmçinin ­miqrant axınının, etnik qarşıdurmaların güclənməsi, münaqişələrin getdikcə alovlanması kimi hadisələrlə yadda qaldı. Həmişə olduğu kimi, yola saldığımız ildə də beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, müstəqil dövlətlərin daxili işlərinə müdaxilələr özünü büruzə verdi. Təbii ki, bütün bunlar bizim ölkəmizə də öz təsirini göstərdi. Hər şeydən əvvəl, ölkəmizə qarşı ikili standartlar, bir sıra hallarda ədalətsizlik davam etdirildi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyə yenə də biganəlik nümayiş etdirildi.

Bütün bunlara baxmayaraq, respublikamızda daxili sabitlik və inkişaf təmin edilmiş, irimiqyaslı layihələr reallaşdırılmış, ölkəmizin beynəlxalq aləmdəki reytinqi getdikcə güclənmiş, bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmışdır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən xarici siyasət qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı baxımından yüksək dəyərə malikdir. Bu nailiyyət Przident İlham Əliyevin nitqlərində də öz əksini tapıb: “...Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur… Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır”.

Yola saldığımız ilin daha çox yaddaqalan hadisələrdən biri də xalqımızın əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşamasıdır. Bu gün də Avropanın, həmçinin dünyanın inkişaf etmiş bir sıra ölkələrində, məsələn Fransada və digərlərində baş verən etiraz aksiyaları, qarşıdurmalar, minlərlə aksiya iştirakçısının həbsi, onların zorakılığa məruz qalmaları, dinc əhalinin, məktəblilərin gülləbaran edilməsi adi hala çevrilib. Dünyada müxtəlif böhranların hökm sürdüyü bir vaxtda Azərbaycanda sabitliyin və dayanıqlı inkişafın mövcud olması, təbii ki, düşünülmüş strategiyanın, “xalq-dövlət” vəhdətinin nəticəsidir.

Ölkəmizin dünya birliyindəki mövqeyinin getdikcə möhkəmlənməsi, əlaqələrimizin genişlənməsi dövlət başçısının xarici səfərlərinin zənginliyində, habelə respublikamıza gələn dövlət və hökumət başçılarının çoxluğunda da özünü göstərib. İkitərəfli səfərlər, həmçinin nüfuzlu beynəlxalq qurumların tədbirlərində Azərbaycan həqiqətlərinin çatdırılması ölkəmiz haqqında yalan informasiyalar yayan, kimlərinsə sifarişi ilə böhtanlarla dolu hesabatlar hazırlayan bəzi beynəlxalq qurumların ifşasında əhəmiyyətli rol oynayıb. Bu baxımdan, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Prezident İlham Əliyevin bu dövrdə 16 xarici ölkəyə səfər etməsi və 16 dövlət və hökumət başçısının Azərbaycana səfərə gəlməsi, bu səfərlər çərçivəsində ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində sənədlərin imzalanması ölkəmizin çox çevik və çoxşaxəli xarici siyasət yeritməsindən xəbər verir. Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana səfərləri reallaşdırılıb. Eyni zamanda, Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almaniyanın Federal Kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliya və Fransaya rəsmi və işgüzar səfərləri də xarici siyasətimizin uğurlarındandır.

32 ölkənin dövlət və hökumət başçıları ilə dövlətçilik, milli maraqlarımızın qorunması, həmçinin siyasi, geosiyasi, iqtisadi, humanitar, nəqliyyat, hərbi, müdafiə və digər xarakterli faktorların olması baxımından vacib olan müzakirələrin aparılması istənilən siyasi lider üçün kifayət qədər gərgin və intensiv fəaliyyətdir. Ancaq Prezident İlham Əliyev daim böyük enerji və fəallıqla müzakirələr aparmış, sistemli və səmərəli fəaliyyət göstərərək, konkret nəticələr əldə edilmişdir.

Ötən il Rusiya-Azərbaycan münasibətlərində qeydə alınmış irəliləyiş uzun müddət yaddaşlarda qalacaq. Bunu prezidentlər Vladimir Putinlə İlham Əliyevin bu il altı dəfə keçirilən görüşləri də təsdiqləyir. Bu görüşlər həm də dövlət başçıları arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan- ­Rusiya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar, həmçinin imzalanan sənədlər zəruri sahələr üzrə əlaqələri daha da möhkəmləndirib. Rusiya və Azərbaycanın regionları arasındakı qarşılıqlı fəaliyyətin daha da yaxşılaşdırılması münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Bundan başqa, Rusiyanın Azərbaycanla beynəlxalq arenada, BMT-də, Avropa Şurasında qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirməsi də əməkdaşlığın yeni mərhələsindən xəbər verir.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin prioritetlərindən biri də qonşu dövlətlərlə əməkdaşlığın yüksək səviyyədə qurulmasıdır. Dövlətimizin başçısı ötən ildə də münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışdır: “Hesab edirəm ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıbdır. Mənim qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlərim olub. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir”.

Ötən il ərzində Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin

suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində yaddaqalan uğurlu diplomatik səylərimiz az olmayıb. İl ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin maraqlarına cavab verən əhəmiyyətli sənədlərin qəbul edilməsinə nail olunub.

2018-ci ildə 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilib.

Bundan başqa, Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası iclasının yekun sənədinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bəndin daxil edilməsi, Banqladeşin Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələrin qəbul edilməsi, İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamənin qəbul olunması, Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul edilmiş “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından ölkəmizə önəmli dəstək ifadə olunması, bununla yanaşı, 2018-ci il dekabrın 12-də Avropa Parlamentinin qəbul etdiyi “Vahid xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi üzrə illik plan” adlı qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi dövlət başçısı tərəfindən həyata keçirilən xarici siyasətin uğurlarıdır.

2018-ci il iyulun ­11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün yekun bəyannaməsində Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə etməsi və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasının öz əksini tapması da münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyinin dəstəklədiyinin göstəricisidir.

Azərbaycan dövlətinin bölgə və dünya üçün böyük əhəmiyyətə malik əməkdaşlıq müqavilələri imzalaması, dövlət başçımızın qətiyyətli, müasir və milli maraqlara cavab verən addımlar atmasının bariz nümunəsidir.

Ölkəmizin Avropa İttifaqı ilə münasibətlərində də bir sıra yeniliyin, münasibətlərin yaxşılaşmasının şahidi olduq. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, Avropa İttifaqı ilə münasibətlərini tam suverenlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzrə qurur. Ötən ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında çox əhəmiyyətli olan "Tərəfdaşlıq prioritetləri" sənədinin imzalanması isə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğundan xəbər verir.

2018-ci ildə ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurlar yenicə qədəm qoyduğumuz 2019-cu ildə mövqelərimizin daha da möhkəmləndirilməsinə zəmin yaradıb.