Xalq qəzeti. - 2019.- 5 yanvar. - ¹ 2. - S. 1-2.

 

2018-ci il: dinamik inkişafın uğurlu davamı

 

Vaqif Bayramov

 

Yola saldığımız 2018-ci il Azərbaycanın siyasi, sosial-iqtisadi sahələrində bir sıra əlamətdar hadisələrlə, mühüm uğurlarla yadda qalacaq. Müsbət göstəricilərlə nəticələnən islahatlar ölkəmizin gələcək inkişafına təkan verəcək, respublikamızın regionda və beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirəcək.

 

Ötən il həyata keçirilən tədbirlər  sayəsində respublika iqtisadiyyatı 2015-ci ilin 2 şok devalvasiyasından sonra başlanan resessiya və durğunluq mərhələsindən artım trayektoriyasına çıxmağa başladı. Ölkədə inflyasiya prosesləri zəiflədi. Belə ki, 2018-ci ilin 11 ayında inflyasiyanın 2,3 faiz artımı fonunda orta aylıq əmək haqqı 2,8 faiz, əhalinin nominal gəlirləri 8 faiz artdı. Şəhid ailələrinə 11 min manat kompensasiyanın verilməsinə başlanıldı. Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri kimi icbari tibbi sığortanın tətbiqi istiqamətində ciddi hazırlıq işlərinin əsası qoyuldu, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən müvafiq fərman imzalandı.

Bu dövrdə Azərbaycan siyasi-diplomatik fəallığını davam etdirdi, bir çox ölkələrlə əlaqələri daha da intensivləşdirdi, enerji və iqtisadi-mədəni sahələrə aid strateji layihələri yüksək səviyyədə reallaşdırdı. Ən çox diqqətçəkən hadisə isə ötən il aprelin 11-də Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi oldu. Xalqımız demokratiyanın təntənəsinə çevrilən bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu, bütün dünyaya respublikamızda seçki mədəniyyətinin yüksək səviyyədə olduğunu göstərdi. Səslərin 86,02 faizini toplayan cənab ­İlham Əliyev seçkilərdə inamlı qələbə qazanaraq yeddiillik müddətə Azərbaycan Prezidenti seçildi.  

Ulu öndərimizin layiqli varisi İlham Əliyevin yenidən Prezident seçilməsi bundan əvvəl Azərbaycana müdrik rəhbərliyinin, iqtisadiyyatın 3,2 dəfə, qeyri-neft sektorunun 2,8 dəfə, sənaye istehsalının 2,6 dəfə, kənd təsərrüfatının 1,7 dəfə artması, qeyri-neft ixracının 4,1 dəfə çoxalması kimi mühüm uğurlarla ifadəsini tapan səmərəli fəaliyyətinin məntiqi nəticəsi idi.

 

Xəzəryanı ölkələr arasında əməkdaşlıq təhlükəsizliyin qarantıdır

 

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirildi. Toplantı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bununla da Xəzəryanı bölgədə hüququn təminatı və sabitliyin saxlanması istiqamətində yeni bir mərhələ başlandı, adıçəkilən ölkələrin beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıldı.

Yeri gəlmişkən, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanana qədər  bu istiqamətdə uzun bir yol qət edilmişdi, 22 il ərzində bu məsələ ilə bağlı 5 sammit keçirilmişdi. Nəhayət, yuxarıda qeyd edilən tarixdə reallaşan V Zirvə toplantısında Xəzərin dibinin “dəniz prinsipi”, suyunun isə “göl prinsipi” əsasında bölünməsi razılaşdırıldı.

Xəzəryanı ölkələrin dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşdi.

Zirvə toplantısında dövlətimizin başçısı cənab İlham Əliyev çıxışında respublikamızın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin Xəzər dənizində sabitliyə və təhlükəsizliyə müsbət təsir göstərdiyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti  bəyanatında bu barədə dedi: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim.

Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz var idi. Xəzər təhlükəsizlik, sabitlik dənizi və bölgədə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”.

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiya Azərbaycanın uzun illər irəli sürdüyü mövqe ilə üst-üstə düşür və Xəzəryanı dövlətlərə fayda gətirəcək, regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək.

 

Azərbaycan kosmik sənaye ölkələri arasında

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən etibarən bütün digər sahələrdə olduğu kimi, kosmik sənayenin inkişafını da diqqət mərkəzində saxladı. Ölkə rəhbərinin 2009-cu ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verildi.

Cənab İlham Əliyevin prezidentliyi dövründə respublikamız dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşuldu. 2010-cu il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peyki, ötən il sentyabrın 26-da isə daha bir telekommunikasiya peyki –  “Azerspace-2”  orbitə çıxarıldı.

Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımıza təbrikində bildirdi ki, bu peyklər vasitəsilə Azərbaycan öz məhsulunu ixrac edir və onların    fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzun inkişafını sürətləndirir, qeyri-neft sənayesində yüksək göstəricilərin qeydə alınmasını şərtləndirir.

Dövlətimizin başçısı daha sonra vurğuladı ki, “Azərsky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim izləyə, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azərsky” peykinin xüsusi rolu vardır. Respublikamız bu peykin fəaliyyəti nəticəsində müvafiq sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırıb və bir çox ölkələr üçün peyk xidməti göstərir.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Eyni zamanda, peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidməti nəzərdə tutur. 

Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki – “Azerspace-1”in orbitdəki ehtiyatı rolunu oynayır. Bu da, öz növbəsində, “Azərkosmos”a irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradır.

Dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.  

 

Ölkəmiz Asiya ilə Avropa arasında logistik əlaqə yaradır

 

Ötən il mayın 14-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi istifadəyə verildi. Bununla da ölkəmizə Xəzər dənizi üzərindən yüklərin daşınmasında əlverişli şərait yaradıldı. Digər tərəfdən, bu limanın tikintisi ilə ölkəmizin tranzit və logistik imkanları genişləndirildi.

Şimal–Cənub nəqliyyat marşrutu da Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu dəhlizin fəaliyyətə başlaması Asiyadan Avropanın şimalınadək geniş bir ərazidə yükdaşımaların həcmini artırır. Hazırda bu marşrut üzrə dəmir yolu xəttində yenidənqurma işləri həyata keçirilir. Nəticədə qatarların sürət həddi artacaq, daha çox yük daşınmasına imkan yaranacaq.

Prezident İlham Əliyev keçən il avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilən Abşeron Logistika Mərkəzinin açılışında iştirak etdi.

Tarixi İpək yolunun üzərində yerləşən mərkəzin sutkalıq yükdaşıma qabiliyyəti 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Mərkəz vasitəsilə ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı nəzərdə tutulub.

Yeni tranzit infrastrukturu olan Abşeron Logistika Mərkəzi Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəlidir. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyətə başladıqdan sonra bu mərkəz xarici ölkələrlə idxal-ixrac əməliyyatlarının və Azərbaycan ərazisindən multimodal yükdaşımalarının çevik həyata keçirilməsinə imkan yaradacaq. Mərkəzin Asiya ilə Avropanın, Şimalla-Cənubun qovuşuğunda yerləşməsi ölkəmizin tranzit əhəmiyyətini daha da artıracaq.

 

Azərbaycan investisiyası qardaş ölkədə

 

Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi.

SOCAR-ın 6,3 milyard dollar investisiyası hesabına tikilən bu müəssisə Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub. 2019-cu ildən etibarən tam gücü ilə işləyəcək zavodda  ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal ediləcək, 10 milyon ton xam neft emal olunacaq. Bununla da Türkiyə “Star”ın işə düşməsi ilə bir sıra mühüm enerjidaşıyıcı məhsulların idxalından qurtulacaq. Ölkəmizə gəldikdə isə, birincisi, xaricə ixrac etdiyimiz neftin bir hissəsi üçün sabit bir alış yeri qazanıldı. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal olunacaq. Bu, qiymətlərdən asılı olaraq ildə 300-400 milyon dollar arası təmiz gəlir deməkdir. İkincisi, istehsal olunacaq neft məhsullarının satışından əlavə gəlir əldə ediləcək.

 

Sənayeləşmə siyasətinin uğurlu nəticəsi

 

2018-ci il ərzində Prezident İlham Əliyevin “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yeni sənaye müəssisələri yaradıldı, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artdı, ixracın həcmi yüksəldi.

Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını sürətləndirmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və məhəllələrinin yaradılması davam etdirildi.

Artıq Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Bu parkların 40-dan çox rezidenti var və onlar tərəfindən indiyədək 2,7 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu və 7 minədək yeni iş yerinin açılması nəzərdə tutulub.

Sənaye parklarının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir. Bu yaxınlarda Sumqayıt Kimya Sənaye Parkının daha bir rezidenti – “SOCAR Polymer” MMC ixraca başlayıb.

Sənaye parklarının rezidentləri üçün dövlət tərəfindən əlverişli infrastruktur yaradılıb və bir sıra güzəştlər tətbiq olunub. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, habelə gömrük rüsumundan azaddır.

*  *  *

Göründüyü kimi, 2018-ci il ərzində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində müstəqilliyimiz möhkəmlənib, dövlətimiz qüdrətlənib, ölkəmiz davamlı və dayanıqlı inkişaf edib, Azərbaycanın dünyada nüfuzu daha da artıb.