Xalq qəzeti. - 2019.- 6 yanvar. - ¹ 3. - S. 5.

 

20 Yanvar mövzusu sənət əsərlərində

 

M. Mükərrəmoğlu

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nda mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş ədəbi-bədii tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi də nəzərdə tutulmuşdur.

Məlum olduğu kimi, o qanlı gecənin ruhunu yaşadan sənət əsərləri yaradılıb. Bu gün azadlıq eşqinin coşduğu Qanlı Yanvar gecəsinin müdhiş əhvalını əks etdirən filmlərimiz, rəsm, musiqi əsərlərimiz, heykəltaraşlıq nümunələrimiz bizi həmin müdhiş gecənin real mənzərələri ilə yenidən görüşdürür. Bu sənət əsərləri əsl tarixdir, xalqın, millətin qeyrət, azadlıq uğrunda mübarizə salnaməsidir.

Hazırda ölkəmizdə elə bir muzey, elə bir kitabxana yoxdur ki, orada xalqımızın qanlı yaddaşına çevrilmiş 20 Yanvar faciəsi ilə bağlı əsərlər toplanmasın. Bu faciənın bədii təcəssümünə çevrilmiş belə əsərlərlə təkcə anım günlərində deyil, hər zaman tanış olmaq mümkündür. Amma anım günlərində mədəniyyət müəssisələri bu tədbirlərə xüsusi hazırlaşır. Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində kitabxanalarımızda, muzey və kinotetrlarımızda şəhidlərin xatirəsi anılır, onların qəhrəmanlıqlarına həsr olunan filmlər nümayiş etdirilir, kitablardan və rəsm əsərlərindən ibarət sərgilər açılır. Belə tədbirlər gənc nəslin qəhrəman Vətən övladlarını yaxından tanımasında, onların vətənpərvərlik tərbiyyəsində çox əhəmiyyətli rol oynayır.

Tariximizin 20 Yanvar səhifəsi Azərbaycan kino xadimlərinin daha çox müraciət etdiyi mövzulardandır. Elə hadisələrin baş verdiyi həmin gecə operatorlarımız bu qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürmüşlər. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Salnamə” sənədli filmlər studiyasında da faciə ilə bağlı və ümumilikdə Azərbaycan tarixinin qanlı səhifələrinə həsr edilmiş kifayət qədər ekran əsəri istehsal olunmuşdur.

Qeyd edək ki, 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimləri də hər il “Salnamə” studiyası tərəfindən lentə alınır. Bütün bunlar gələcək nəsillərə ötürüləcək tarixi sənədlərin əsasını təşkil edir.

Son illər studiyada vətənpərvərlik mövzusunda yeni filmlər ərsəyə gətirilib. Bu filmlərdə 1988-ci ildən bəri ölkəmizə qarşı həyata keçirilən düşmənçilik siyasəti, xalqımızın başına gətirilən faciələr fərqli rejissor yozumlarında xronoloji ardıcıllıqla kinolentin yaddaşına köçürülüb. “Azadlığa gedən yollar” sənədli filmində 20 Yanvar faciəsi süjet xəttinin əsasını təşkil edir. Bu sıraya “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti”, “Mən evə qayıdıram” filmlərini də əlavə etmək olar. Hərbi vətənpərvərlik mövzusunda çəkilmiş “Mən evə qayıdıram” bədii filmi ötən əsrin 90-cı illərinin real hadisələrini əks etdirir. Film Azərbaycanın hərbi təyyarəçilərinin qəhrəmanlıq hekayətindən bəhs edir.

Rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filmi də faciənin real hadisələri əsasında lentə alınmışdır. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyənin tanınmış aktyorları çəkilmişlər. Film dünyanın bir çox ölkələrinin ekranlarında göstərilib.

20 Yanvar faciəsinə həsr olunmuş musiqi əsərləri də şəhidlərin xatirəsinin yad edilməsində önəmli rola malikdir. Son illər ərzində Qanlı Yanvara və şəhidlərə həsr olunmuş 20-dən artıq musiqi əsəri yazılmışdır. Vaxtilə görkəmli bəstəkarlar Cövdət Hacıyevin “Şəhidlər” simfoniyası (1990), Hacı Xanməmmədovun solist və xalq çalğı alətləri orkestri üçün “Əlimdə sazım ağlar” poeması (1991), Azər Rzayevin “Bakı-90” simfoniyası, Vasif Adıgözəlovun ”Qəm karvanı” oratoriyası və digər əsərlər faciənin miqyasını notların dili ilə göstərib. Qanlı tarixdən keçən 29 il müddətində bu nümunələrin sırasına yeni-yeni əsərlər daxil olub, faciəyə sənət dili ilə yanaşmalar nümayiş etdirilib.

Son illər 20 Yanvar faciəsi və şəhidlərə həsr olunmuş musiqi əsərlərinin arasında Arif Mirzəyevin “Yanvar passionları” matəm messası, Nazim Quliyevin “Şəhidlər” operası, Oqtay Rəcəbovun “Çingiz” oratoriyası, Zabitə Məmmədovanın solist, xor və orkestr üçün “Elegiya” əsərini qeyd edə bilərik.

Bu mövzuda yaradılan rəsm əsərlərində təkcə faciə deyil, həm də xalqın qəhrəmanlıq ruhunun nümayişi əsas motivləri təşkil edir. Ulu öndər Heydər Əliyevin 1995-ci il yanvarın 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən “Qanlı Yanvar” rəssamlıq sərgisindəki çıxışından sonra bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təcəssüm etdirən obrazlar yaradılmağa başlandı. Rəssamlıq sahəsində bu şərəfli tariximiz, bəlkə də, daha canlı, ifadəli və obrazlı təsvir edilməyə başlandı.

Xalq rəssamı Fərhad Xəlilov belə əsərlərin vacibliyinə toxunaraq deyib: “Xalq yaxşı günləri yaşadıqca faciələrinin də unudulmaması naminə onları gələcək nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də rəsm əsərləridir. Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq da bir o qədər mümkünləşər və asanlaşar”.

Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğrulan “Nakamların dəfni” əsərinə tamaşa etdikcə, həqiqətən, öz xalqının qəhrəmanlığından qürur duyursan. Bu əsərdə 20 Yanvar faciəsini yaşayan bir xalqın müqəddəs ruhu əks olunur. Eyni zamanda, bu faciəni törədən cəlladlara qarşı rəssamın hədsiz nifrəti aydın duyulur.

Görkəmli fırça ustalarından Rasim Babayevin “Təcavüz”, Kirman Abdinin plakat janrında işlədiyi bir sıra silsilə əsərlərində, rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə Vətəndir...”, Asim Səmədovun “Ruhlar” və s. tablolarında qanlı şənbə gecəsinin ağrı-acılı yaşantıları öz bədii ifadəsini tapıb.

Qrafika ustaları Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Əliyevin “Qara Yanvar” və Arif Ələsgərovun “20 Yanvar” əsərləri də xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, bizi düşmənə qarşı daim ayıq-sayıq olmağa səsləyir. Xalq rəssamı Ağəli İbrahimovun fikrincə, 20 Yanvar faciəsi təsviri sənətin əbədi mövzularından biridir: “Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daim müraciət etdiyi mövzu kimi qalacaq. Xalq rəssamları Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları da bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar.”

20 Yanvar hadisələri ilə bağlı xalçaçı rəssam Fəxrəddin Əli “Şəhidlər” adlı iri həcmli xalçanı araya-ərsəyə gətirib. Əsərin ortasında 20 Yanvar faciəsini ruhən yaşayan ana obrazı, onun ətrafında isə şəhid ruhları ifadəsini tapıb. 20 Yanvar motivi Bakıdakı qırğının təsviri ilə yadda qalır. Bütün xalça boyunca qərənfil obrazı aparıcıdır. 1991-ci ilin 20 Yanvarında bu xalça-əsər ziyarətə gələn on minlərlə soydaşımızın kədərini özündə yaşadan rəmz kimi Şəhidlər xiyabanının girişindən asılmışdır. Bir neçə gün ərzində xalça orada qaldı, sonra Milli Azərbaycan Tarix Muzeyinə təhvil verildi. Hazırda həmin əsər orada saxlanılır.

 Bu mövzuya həsr olunmuş sənət əsərlərində, heykəltəraşlıq və memarlıq nümunələrində həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur.