Xalq qəzeti. - 2019.- 5 yanvar. - ¹ 2. - S. 3.

 

20 Yanvar şəhidlərinin xatirəsi yenə də layiqincə yad ediləcək

 

İttifaq Mirzəbəyli

 

Ulu öndər Heydər Əliyevin “milli tariximizin qanlı və şanlı günlərindən biri” adlandırdığı 20 Yanvar faciəsinin növbəti ildönümü də  azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş həmvətənlərimizin adına layiq  qeyd olunacaq. Ümummilli liderimiz tövsiyə edirdi ki, biz həmin hadisələri təkcə hüzn günü kimi matəm əhval–ruhiyyəsi ilə yad etməməliyik. Çünki 20 Yanvar hadisələrində  Azərbaycan xalqı özünün  milli-azadlıq hərəkatının dönməz xarakter aldığını sübut etmişdi. Yəni o qırğın  çoxlu sayda şəhid verdiyimizə görə tarixə  qanlı gün, xalqın azadlıq istəyinin ölmədiyini sübut etdiyimizə görə isə şanlı gün kimi yazılmışdır.

Məlium olduğu kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sənəddə göstərilir ki, faciənin ildönümü ərəfəsində respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələr təşkil ediləcək, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur.

Sərəncamda öz əksini tapmış daha bir məqam da var ki, onu xüsusilə qeyd etməliyik. Belə ki,  dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılması barədə tapşırıqlar verilib.

Təbii ki, söhbət milli tarixin, xüsusən, bir əsrdə ikinci dəfə vüsət alan milli-azadlıq hərəkatının keçdiyi yolun öyrənilməsindən gedirsə, o zaman ilk böyük auditoriya ölkənin gənclər kontingenti, şagird və tələbələr olmalıdır. Ona görə də  tədbirlər planında xüsusilə qeyd edilir ki, ildönümü ərəfəsində respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Əlavə edək ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilməsi istiqamətində ötən illər formalaşmış ənənə bu il də davam etdiriləcək. Belə ki, hər il olduğu kimi bu il də  paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarəti təşkil olunacaq, həmin gün saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək Bundan başqa respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər də planlaşdırılır.

Xatırladaq ki, 20 Yanvar şəhidlərinin xatirəsinə göstərilən ən böyük ehtiramın müəllifi məhz ulu öndərimiz Heydər Əliyev olmuşdur. Məhz onun siyasi hakimiyyətə qayıdışından sonra – 1994-cü ilin martında Azərbaycan Respublikası Milli Məclisi 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında geniş müzakirələr aparmış və martın 29-da tarixi qərar qəbul edilmişdir.

Həmin müzakirələr barədə olan sənədlərdə o qədər də uzaq olmayan tariximizin bəzi faktları öz əksini tapır.  Məsələn, Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin tövsiyəsini qəbul edərək və məsələnin müzakirəsi zamanı söylənmiş fikir və mülahizələri, habelə əldə edilmiş faktları nəzərə alaraq qəbul etdiyi qərarın ilk bəndi belədir:

“Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

 İnanırıq ki, həmin təcavüz, törədilmiş cinayət nəticəsində qətlə yetirilmiş həmvətənlərimizin – onların arasında az qala Azərbaycanda yaşayan bütün xalqların nümayəndəsi var idi – xatirəsinin ehtiramla yad edilməsi üçün təsdiq edilmiş tədbirlər planının icrası hər il olduğu kimi, bu il də mütəşəkkil təşkil ediləcək və ölkə mətbuatı həmin tədbirlərin hamısını kifayət qədər işıqlandıracaq. Çünki bugünkü qüdrətli Azərbaycan dövlətinin qurulması yolunda canını fəda etmiş hər bir şəhidin  xatirəsi milyonlarla insanın qəlbində yaşayır və yaşayacaqdır.