Xalq Cəbhəsi. - 2019.- 4 yanvar. - ¹ 1. - S. 14.

 

Ziya Goyalp: Türkçülüyün milli hərəkat səviyyəsinə yüksəlməsində xidməti olan şəxsiyyətlərdən biri

                                                                                                           

1-ci yazı

 

Elman Quliyev,

filologiya üzrə elmlər doktoru, professor

 

XX əsrin əvvəllərində Türkiyədə başlayan milli hərəkatlar ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, milli-ədəbi proseslərdə də bir canlanma yaratdı. Artıq bütün türkləri birliyə çağıran türkçülük ideyaları cəmiyyətin dərinliklərinə nüfuz edir, onların eyni qayə ətrafında toplaşmasını sürətləndirirdi. Türkçülük ideyalarının qüvvətli şəkildə inkişafında, onun milli hərəkat səviyyəsinə yüksəlməsində xidməti olan şəxsiyyətlərdən biri də Ziya Göyalpdır.

Ziya Göyalp 1876-cı ildə Diyarbəkirdə anadan olub. Atası Mehmed Tofiq dövrünün tanınmış qəzetçisi və ziyalısı idi. O, yeni fikir və yeni ideyalar tərəfdarı kimi zamanın nəbzini tutmağı bacaran şəxslərdən hesab olunurdu. Təbii olaraq belə bir şəxsin ailəsində böyümək, tərbiyə almaq Ziya Göyalpın gələcəkdə fərqli şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərib. Ziya Göyalp təhsilini Diyarbəkir əsgəri rüşdiyyəsində tamamladıqdan sonra fəlsəfi biliklərə yiyələnməyə başladı. Riyazi fəlsəfə, İslam fəlsəfəsi və digər sahələri öyrənməyə xüsusi səy göstərmişdir. Ziya Göyalpın xarici dil öyrənmək istəyi də böyük olmuş, bu istək nəticəsində o, fars, ərəb, fransız, kürd dillərini dərindən mənimsəmişdir.

Ziya Göyalpın gərgin çalışmaları, həyatında baş vermiş əsəbi gərginlik, yorğunluq və s. problemlər onun intihar etməsinə səbəb olub. Lakin başına çaxdığı güllə təsadüfən onun sağ qalması ilə nəticələnib. O, bu hadisədən sonra sanki həyatında heç nə olmamış kimi yenidən işgüzar fəaliyyətə başlayıb və İstanbula gedərək təhsilini davam etdirib. Orada baytarlıq məktəbində oxuya-oxuya siyasi fəaliyyətə başlayır. Lakin gizli cəmiyyətdə göstərdiyi fəaliyyəti polis aşkara çıxarıb və o, baytarlıq məktəbini qurtarmağa bir il qalmış həbs edilib. Ziya Göyalp bir ilə yaxın həbsdə qaldıqdan sonra Diyarbəkirə qayıdıb. Diyarbəkirdə o, təqib olunur, ciddi nəzarətdə saxlanılırdı. 1908-ci il hadisələri onun ictimai-siyasi fəaliyyətə yenidən qoşulmasına şərait yaratdı. Ziya Göyalp Diyarbəkirdə “İttihad” və “Tərəqqi” cəmiyyətlərini təsis etdi. 1910-cu ildə Selanikdə konqres oldu və bu konqresdə Ömər Seyfəddin, Ali Cənib kimi millətçi gənclər də iştirak etdilər. 1910-cu il tarixli konqresin Ziya Göyalpın türkçülük ideyalarının geniş fəaliyyət imkanlarının formalaşmasında böyük rolu oldu. Artıq Ziya Göyalp Türkiyədə siyasi fəaliyyət aktivliyinə görə birinci sırada dayanırdı. İstanbul Darülfünununda işləyərkən onun türk gənclərinə böyük təsiri olmuşdur. Birinci dünya müharibəsindən sonra xarici dövlətlərin Türkiyəyə nəzarəti artmağa başladı. Daha doğrusu, onlar əksər sahələrdə Türkiyəyə nəzarəti öz əllərinə aldılar. Demək olar ki, həmin dövlətləri Türkiyədə milli ruhlu gənclərin fəaliyyəti daha çox narahat edirdi. Ona görə də bu cür gənclərin təqibi görünməmiş dərəcədə vüsət aldı. Bu dövrdə Ziya Gö- yalp ingilislər tərəfindən Maltaya sürgün edildi. 1921-ci ildə o, Maltadan geri döndü, əvvəlcə İstanbula, sonra isə Ankara və Diyarbəkirə getdi. Onun arzuları Türkiyədə milli dövlət qurulduqdan sonra həyata keçdi. Ziya Göyalpın çoxdan formalaşdırdığı türkçülük ideyalarının həyata keçməsi üçün geniş imkanlar yarandı. O, Böyük Millət Məclisinə üzv seçildi. Turançılıq və türkçülük ideyalarının yorulmaz təbliğatçısı, gözəl şair və filosof Ziya Göyalp 1924-cü ildə İstanbulda vəfat edib. Ziya Göyalp 48 il yaşasa da vətən və milləti üçün çoxlu işlər görə bilib.

 

Yaradıcılığı

 

Ziya Göyalp bütün bədii, elmi, fəlsəfi və publisistik yaradıcılığında türkçülük ideyaları ilə yaşayıb yaradan sənətkardır. Onun nəzərində türkçülük türk millətini sevmək və yüksəltmək deməkdir. Bu mənada həmin ideyalar onun nəinki yaradıcılığına, həm də ruhuna, mənəviyyatına hakim kəsilmişdi. Ziya Göyalpın yeni ideyaları eyni zamanda böyük təsir dairəsinə malikdir. O, Türkiyədə yetişməkdə olan sağlam ruhlu gənclərin bir neçə nəslinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Təsadüfi deyil ki, Atatürk Ziya Göyalpı “fikirlərinin atası” hesab edib.

Ziya Göyalp gözəl şairdir. Onun şeirləri olduqca sadə və anlaşıqlıdır. Şair şeirlərində türkçülük ideyalarının ilk şərti və göstəricisi kimi türk dili sevgisini belə ifadə edir:

 

Gözəl dil türkcə bizə,

Başqa dil gecə bizə,

İstanbul konuşması

Ən saf, ən incə bizə.

 

Ziya Göyalpın nəzərində dil millətin göstəricisidir. Dil varsa, demək millət də var. Bu dili bəyənməmək, digər dillərin ayağına vermək pis niyyət və düşüncədən başqa bir şey deyil:

 

Turanın bir eli var,

Və yalnız bir dili var.

Başqa dil var deyənin,

Başqa bir əməli var.

 

Türk dili, bu dilin yeri, işlənmə imkanları barəsində Ziya Göyalpın maraqlı fikirləri var. “Türkçülüyün əsasları” kitabında Ziya Göyalp qeyd edir ki, Türkiyənin milli dili İstanbul ləhcəsidir. O, İstanbulda iki türkcənin olduğunu qeyd edir. Yəni birinci türkcəni danışılan, lakin yazılmayan, ikinci türkcəni isə yazılan, lakin danışılmayan dil adlandırır. Əlbəttə, burada kəskin fərqlərin əlamətləri gizli qalmır. Ziya Göyalp ona görə də danışılan İstanbul türkcəsini əsas dil hesab edir və göstərir ki, xalq ədəbiyyatının təməl vəzifəsini yerinə yetirən türk dilini milli dil hesab etmək olar. Qeyd etmək lazımdır ki, Ziya Göyalp bir sənətkar olaraq yaradıcılığında xalq dili əsasında formalaşan milli ədəbi dilə üstünlük verdi və bu yolla əsərlərinin lazımi keyfiyyətini təmin etdi.

Ziya Göyalp anlamında vətən məfhumu ucsuz-bucaqsızdır. O, nə şairin doğulduğu Diyarbəkirdir, nə vətəndaşı olduğu Türkiyədir. Onun nəzərində vətən türkün hər biri üçün əziz və müqəddəs olan Turandır. Məsələn, “Vətən” şeirində göstərdiyi kimi:

 

Vətən nə Türkiyədir türklərə, nə Türküstan,

Vətən böyük və müəbbəd bir ölkədir, Turan!

 

Ziya Göyalp Turan ellərinə məhəbbət bəsləmiş, onun daim yaşamaq və ucalmağını arzulayıb. Şairə görə hər bir insan vətən və millət yolunda hər nəyini qurban verməli, onun sabahını fikirləşməlidir. Ziya Göyalpa görə millət o vaxt millət olur ki, o, yalnız vətəni düşünür. “Əxlaq” şeirində oxucu bilavasitə şairin aşıladığı bu ideya ilə tanış olur, fikirlərini tam mənada qəbul edir:

Haqq millətin, şan onun,

Gövdə sənin, can onun,

Sən öl ki, o yaşasın,

Töküləcək qan onun.

 

Millətə ver canını,

Ocağını şanını.

Bir aşiq olsan belə,

Fəda et cananını.

 

Ziya Göyalp həyatının bütün dövrlərində fəaliyyətini millətinə xidmətə yönəldən şəxsiyyətdir. Onun yaradıcılığı əslində millətini yüksəltməyin geniş proqramıdır. Bu proqramda görkəmli şəxsiyyət birinci növbədə milli şüur və milli vicdan problemini ön planda saxlayır.

Ziya Göyalp yaradıcılığında millət anlayışı, millətə baxış konsepsiyası da özünün aktuallığı ilə seçilir. O, hər bir milləti dil, din, əxlaq, milli-estetik düşüncə və s. baxımından yekdil olmağa səsləyirdi. Ziya Göyalp millətinə bağlı, onu canından da artıq sevən bir şəxs kimi daim mənsub olduğu xalqının inkişafını arzulayıb. Təbii olaraq bu halın göstəricisi kimi yaradıcılığında müxtəlif konsepsiyaların şahidi olsaq da, bu konsepsiyalar arasında digər millətlərlə qarşılıqlı mədəni əlaqə və bağlılığın birinci cərgədə dayandığı diqqəti cəlb edir. Lakin maraq doğuran odur ki, o dövrdə Türkiyə üçün səciyyəvi olan Qərbə meyl və aludəçiliyin sərt tənqid və təkzibi Ziya Göyalp yaradıcılığında özünün birmənalı ifadəsini tapdı. Ziya Göyalp Qərbdən öyrənməyin vacibliyini daim qəbul etsə də, qərbləşməyin, Qərb təqlidçiliyinin əleyhinə olub. Bu da özlüyündə onun milli dəyərlərə, xalqının tarixi ənənələrinə möhkəm bağlanması və yüksək qiymət verməsindən irəli gəlir, milli keçmişlə gələcəyin bağlılığını təmin edir.

Ziya Göyalp türklərin yaşadığı əraziləri dünyanın ən gözəl guşəsi hesab edir. Onun nəzərində bu guşələr bir də ona görə gözəldir ki, orada türklər yaşayır. Şair türkləri ağıllı, igid, humanist və s. xalq kimi qiymətləndirir. Bu xalq ancaq zəhmətlə məşğuldur, heç kimin haqqını tapdamaz və heç kimin torpağında gözü olmaz.

 

Bir ölkə ki, torpağında başqa elin gözü yox,

Hər fərdində məfkurə bir, lisan, adət, din birdir.