Ədalət. - 2019.- 24 yanvar. - 15. - S. 5.

 

MİR CƏLAL ƏDƏBİ İRSİ AZƏRBAYCAN MİLLİ KİTABXANASININ NƏŞRLƏRİNDƏ

 

Aygün Hacıyeva,

Azərbaycan Milli Kitabxanasının şöbə müdiri,

AMEA-nın doktorantı

 

Azərbaycan Milli Kitabxanasının elmi-biblioqrafik fəaliyyətinin əsas istiqamətlərindən biri biblioqrafik vəsaitlərin hazırlanmasıdır. Bu vəsaitlər biblioqrafik xidmətin və biblioqrafik informasiyadan istifadənin vasitəsi kimi mütəmadi olaraq müxtəlif mövzularda tərtib olunur və tədqiqatçıların ixtiyarına verilir. Kitabxana tərəfindən hazırlanmış çoxsaylı şəxsi biblioqrafik göstəricilərdən biri də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayev haqqında tərtib edilmiş vəsaitlərdir.

Ədib haqqında ilk göstərici 1968-ci ildə 60 illiyi münasibətilə Azərbaycan EA-nın Əsaslı Kitabxanası tərəfindən "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından, ikinci göstərici isə ədibin 90 illiyi münasibətilə 1998-ci ildə Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunmuşdur. R.Q.Muradova tərəfindən tərtib olunmuş, redaktoru N.P.Nağıyeva olan bu göstəriciyə Altay Həsənov ön söz məqaləsi yazmış, vəsaitdə 238 biblioqrafik təsvir əks olunmuşdur. 1969-1998-ci illərin materiallarını əhatə edən göstərici 1968-ci ildə çap olunmuş vəsaitin davamı kimi hesab oluna bilər.

Vəsait "Əsərləri" (kitabları, dövri mətbuat, məcmuələrdə və dərsliklərdə nəşr olunmuş bədii əsərləri), "Həyat və yaradıcılığı haqqında" (kitablar, dövri mətbuatda çap olunmuş məqalələr), "Kitablara müqəddimə, redaktə etdiyi və uşaqlar üçün işlədiyi kitablar" (kitablara yazdığı müqəddimə və redaktə etdiyi əsərlər, uşaqlar üçün işlədiyi kitablar), "Başqa dillərdə" (əsərləri, uşaqlar üçün işlədiyi kitablar, həyat və yaradıcılığı haqqında) və "Köməkçi göstəricilər" (Azərbaycan və rus dillərində əsərlərinin və müəlliflərin əlifba göstəricisi) adlı 5 hissədən ibarətdir.

Yazıçı haqqında Azərbaycan Milli Kitabxanası tərəfindən çap edilmiş ikinci biblioqrafiya 2006-cı ildə N.P.Nağıyeva tərəfindən tərtib edilmiş, 1926-cı ildən 2005-ci ilin avqust ayına qədər olan bir dövrü əhatə edir. Elmi redaktoru Ş.Ə.Axundov, ixtisas redakroru prof. K.M.Tahirov, redaktoru isə M.Ə.Vəliyeva olan göstəricidə əvvəlcə tərtibçi-müəllifdən qısa yazı, sonra isə Xalq yazıçısı Elçinin Ön söz kimi yazılmış "Sadəlik və müdriklik (Müəllim haqqında söz)" adlı məqaləsi verilmişdir.

Daha sonra "Mir Cəlalın həyat və yaradıcılığının əsas tarixləri" xronoloji qaydada əks olunmuşdur.

Biblioqrafik hissədə Azərbaycan dilində "Əsərləri" - kitabları, dövri mətbuatda, məcmuələrdə və dərsliklərdə çap olunan bədii əsərləri, ədəbi-tənqidi və publisist məqalələri, tərcümələri, başqa dillərdə nəşr olunmuş əsərləri, uşaqlar üçün işlədiyi kitablar, redaktə etdiyi əsərlər, dissertasiyalara elmi rəhbərliyi, "Mir Cəlalın həyat və yaradıcılığı haqqında" adlı hissədə isə kitablar, dövri mətbuat və məcmuələrdə çap olunan məqalələr yer almışdır.

Rus dilində yenə ədibin əsərləri, ədəbi-tənqidi və publisistik məqalələri, uşaqlar üçün ədəbi işləri, həmçinin həyat və yaradıcılığı haqqında ədəbiyyatların biblioqrafik təsvirləri əks olunmuşdur.

Başqa dillərdə isə ədibin kitabları, dövri mətbuat nümunələri, həyat və yaradıcılığı haqqında materiallar təsvir edilmişdir.

Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə tərtib edilmiş köməkçi göstəricilər bunlardır: Mir Cəlalın əsərlərinin, ədəbi-tənqidi və publisist məqalələrinin, tərcümələrinin, başqa dillərdə nəşr olunmuş əsərləri və məqalələrinin, uşaqlar üçün işlədiyi kitabların, redaktə etdiyi əsərlərin, elmi rəhbər olduğu dissertasiyaların, ədibin həyat və yaradıcılığı haqqında əsərlərin və onun haqqında yazmış müəlliflərin əlifba göstəricisi. Rus dilində də ədibin əsərlərinin, ədəbi-tənqidi və publisistik məqalələrinin, müəllif tərəfindən işlənmiş uşaq ədəbiyyatının, Mir Cəlalın həyat və yaradıcılığı haqqında məqalələrin əlifba göstəricisi, adlar göstəricisi, digər dillərdə əlifba göstəricisi tərtib edilmişdir. Göstəricidə ümumilikdə 1471 adda biblioqrafik təsvir verilmişdir ki, bunun 1242-si Azərbaycan dilindədir.

Layihə rəhbəri Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, elmi redaktoru və buraxılışa məsul Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Şamil Axundov, redaktoru kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi, Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva olan "Mir Cəlal (Paşayev Mir Cəlal Əli oğlu): biblioqrafiya" adlı növbəti vəsait bu il "Azərbaycanın görkəmli şəxsiyyətləri"seriyasından kitabxananın əməkdaşları Mədinə Vəliyeva və Mətanət İbrahimova tərəfindən ədibin 110 illiyi münasibətilə tərtib edilmişdir.

Son on iki il ərzində ədib haqqında kifayət qədər əlavə materialların çap olunduğunu nəzərə alan Milli Kitabxana tərəfindən oxuculara təqdim olunan bu yeni biblioqrafiya daha da təkmiləşdirilmiş, yeni bölmələr və yarımbölmələr əlavə edilmiş, son on iki ilin materialları da əhatə olunmuşdur.

Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, xronoloji çərçivə daxilində isə əlifba sırası gözlənilmişdir.

3 dildə Mir Cəlalın həyat və yaradıcılığının əsas tarixləri verilmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, akademik Nərgiz Paşayevanın, Xalq yazıçıları Elçin, Mehdi Hüseyn, İsa Hüseynov və Qılman İlkinin, Xalq şairləri Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi və Balaş Azəroğlunun, professor Hafiz Paşayevin, akademiklər Nizami Cəfərov, Məmməd Arif və Məmməd Cəfərin, professorlar Firidun Hüseynov, Şamil Salmanov, Yusif Seyidov, Əmirxan Xəlilov, Qara Namazov, Şəmistan Mikayılov, Pənah Xəlilov, İsmayıl Vəliyev, Abdulla Abbasov, Teymur Əhmədov, Nahid Hacızadə və Təhsin Mütəllimovun, filologiya elmləri doktoru Vaqif Yusiflinin ədib haqqında fikirləri və ürək sözləri yer almışdır.

"Mir Cəlalın müdrik kəlamları" bölməsində yazıçının çörək, dünya, insanlıq, azadlıq, birlik, analıq, qadın, subaylıq, hörmət, sənətkarlıq, ədəbiyyatşünaslıq, gənclik, sevgi, qəlb, dostluq, təhsil, tərbiyə haqqında, "Mir Cəlal görkəmli şəxslər və ədəbiyyatımız haqqında" adlı hissədə isə ədibin Füzuli, Səməd Vurğun, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, İsmayıl bəy Qutqaşınlı, Süleyman Sani Axundov, Nəriman Nərimanov, Lev Tolstoy, Mehdi Hüseyn, Seyid Hüseyn, Firidun bəy Köçərli, Mikayıl Müşfiq, Nizami, Mirzə Ələkbər Sabir barədə dediyi sözlər verilmişdir. Daha sonra Xalq yazıçısı Elçinin "Sadəlik və müdriklik (Müəllim haqqında söz)" adlı geniş məqaləsi verilmişdir. Biblioqrafiya 5 hissədə tərtib edilmişdir. "Əsərləri" başlıqlı I hissədə ədibin kitabları, dövri mətbuatda, məcmuələrdə və dərsliklərdə çap olunan əsərləri, romanları, hekayələri, oçerk, novella və felyetonları, ədəbi-tənqidi və publisistik məqalələri, şeirləri, pyesləri və kino-ssenariləri, uşaqlar üçün işlədiyi və nəsrə çevirdiyi kitablar, tərcümələri, tərtibçisi və redaktoru olduğu kitablar və rəhbərlik etdiyi dissertasiyaların təsvirləri əksini tapmışdır.

"Mir Cəlalın həyat və yaradıcılığı haqqında materiallar" başlıqlı II hissədə yazıçı barədə yazılmış kitablar, haqqında yazıların yer aldığı kitablar, dissertasiya və avtoreferatlar, dövri mətbuatda və məcmuələrdə dərc edilən məqalələr verilmişdir.

III hissədə rus dilində ədibin əsərləri - kitabları, dövri mətbuatda çap edilmiş əsərləri, ədəbi-tənqidi və publisistik məqalələr və uşaqlar üçün işlədiyi əsərlər, həmçinin həyat və yaradıcılığı haqqında kitablar, avtoreferatlar, dövri mətbuatda və məcmuələrdə dərc edilən materiallar yer almışdır.

IV hissədə yazıçının 30 dildə - alman, belorus, çex, ispan, ingilis, fars, türk, rumın, qazax və s. çap olunmuş əsərlərinin tam biblioqrafik məlumatları verilmişdir. Bundan başqa, Mir Cəlalın ABŞ Konqres Kitabxanası, Rusiya, Fransa, İspaniya, Ukrayna, Bolqarıstan, Avstriya, Avstraliya, Belarus, Çexiya, Polşa, Türkiyə, Qazaxıstan, Almaniya, Latviya, Estoniya, Slovakiya, Finlandiya, Moldova milli kitabxanaları, Rusiya, Bavariya Dövlət kitabxanaları, Qazaxıstan Milli Akademik Kitabxanası, Fərabi adına Qazaxıstan Milli Universitetinin kitabxanasında mühafizə edilən əsərlərinin biblioqrafik məlumatları əks olunmuşdur.

Göstəricidə ümumilikdə 2914 adda biblioqrafik təsvir verilmişdir.

Həmçinin Mir Cəlal Paşayevin Bakı şəhərində yerləşən "Ədibin evi" muzeyində və Gəncə şəhərində yerləşən ev-muzeyində saxlanılan materiallar əlavə edilmişdir.

Sonuncu, V hissə ənənəvi olaraq köməkçi göstəricilərdən ibarətdir. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə Azərbaycan dilində yazıçının əsərlərinin, uşaqlar üçün işlədiyi və nəsrə çevirdiyi kitabların, tərcümə etdiyi əsərlərin, tərtibçisi və redaktoru olduğu kitabların və Mir Cəlal haqqında yazan müəlliflərin, rus dilində yenə ədibin əsərlərinin, uşaqlar üçün işlədiyi əsərlərin, Mir Cəlal haqqında yazan müəlliflərin əlifba göstəriciləri, həmçinin digər xarici dillərdə nəşr olunmuş əsərlərinin əlifba göstəricisi hazırlanmışdır.

Biblioqrafik vəsaitin informasiya-axtarış aparatından ədibin əsərlərinin və haqqında ədəbiyyatın nəşr dinamikasının müəyyənləşdirmək, statistik təhlil aparmaq, müəyyən göstəricilər əldə etmək mümkündür. Məsələn, Mir Cəlalın "Seçilmiş əsərləri" 7 dəfə çap olunmuşdur ki, bunun ilki 1956 və 1957-ci illərdə 2 cilddə, ikinci dəfə 1967 və 1968-ci illərdə 4 cilddə, III dəfə 1986-1987-ci illərdə 2 cilddə, daha sonra 2005-ci ildə yenidən 2 dəfə işıq üzü görmüşdür. 6-cı dəfə 3 cilddən ibarət 2008-ci ildə və son olaraq 5 cilddə 2013-cü ildə nəşr olunmuşdur.

 

(ardı gələn sayımızda)