Kaspi. - 2019.- 22 yanvar. - ¹ 13. - S. 3.

 

“Qanlı Yanvar”ın növbəti ildönümü dünya mediasında

 

“Qanlı Yanvar”ın növbəti ildönümü dünya mediasında“20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş hərbi cinayət idi”

 

Azər Nuriyev

 

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şanlı səhifəsi kimi bəşər tarixinə düşən 20 Yanvar hadisəsinin 29 il tamam oldu. 29 il bundan öncə sovet qoşunlarının törətdiyi qətliam illərdir ki, beynəlxalq media tərəfindən ətraflı işıqlandırılır. Rusiyanın "Novıe İzvestisiya” nəşri "170 ölü, 800 yaralı... 29 il bundan əvvəl sovet qoşunları Bakını ələ keçirdilər” başlıqlı məqalədə publisist Aleksandr Tverskoyun fikirlərini dərc edib.

 

Müəllif yazır ki, "40 min sovet əsgəri Bakının ələ keçirilməsində iştirak edib. İşğalçılar tərəfindən 200-ə yaxın ev qarət edilib, yandırılıb, ən azı 90 avtomobil, o cümlədən təcili tibbi yardım maşınları məhv edilib. 6 milyon rublluq dövlət əmlakı dağıdılıb, məhv edilib. Silahsız insanlar və piketçilər gülləbaran edilib. Əsgərlər yaralıları minaxtaranların belləri ilə öldürür və çuxurlara atırdılar. Tanklar öz yollarında qabaqlarına çıxan avtomobilləri içərisindəki adamlarla birlikdə əzirdilər. Maşınların birindən azyaşlı uşaq çıxdı və bir neçə saniyə sonra sovet əsgərinin açdığı atəşlə öldürüldü. Küçə boyu qaçanlara arxadan atəş açılır, yerə yıxılan yaralıları süngü ilə qətlə yetirirdilər. Həmin qanlı hadisələrdən sonra azərbaycanlıların çoxu rus dilində danışmaqdan imtina etdi”. Daha sonra hadisə şahidlərinin fikirləri dərc edilib. Məqalədə həmin qətliamda iştirak etməkdən boyun qaçıran sovet zabitlərinin də adları çəkilir: "Məsələn, mayor Viktor Trofomov cəlladların başqa torpaqlardakı aksiyalarında iştirak etməkdən boyun qaçırıb. Dərhal da "sovet zabitinə yaraşmayan addım atmaq” ittihamı ilə ordudan qovulub”. Daha sonra fotojurnalist Vladimir Maşatinin fikirləri dərc olunub: "Bakıya göndərilən cəza dəstəsinə Yazov, Varennikov və Lebed rəhbərlik edirdi”.

Rusiya mediası ilə yanaşı, qardaş Türkiyənin də mediası qanlı hadisələrin 29-cu ildönümü ilə bağlı silsilə materiallar dərc edib. "Hürriyet” qəzetindəki "Azerbaycan’da "Kanlı Ocak” katliamının kurbanları anıldı” başlıqlı məqalədə qeyd edilir ki, hadisələrin 29-cu ildönümü rəsmi tədbirlə anılıb. "Səhər tezdən başlayan anım tədbirlərinə ölkənin bir çox bölgəsindən gələn vətəndaşlar qatıldı. Şəhidlik ziyarəti üçün Bakı və Azərbaycanın müxtəlif bölgələrindən gələnlər şəhidlərin məzarları önünə qərənfillər düzdülər. Prezident İlham Əliyev və hökumət rəsmiləri Şəhidlər Xiyabanına gələrək 20 Yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, şəhidlərin xatirəsinə çələng qoydular”, - deyə məqalədə vurğulanır. "Yeni akıt” qəzetində dərc edilən "Azerbaycan'da "Kanlı Ocak" kurbanları anılıyor” başlıqlı məqalədə də 20 Yanvar şəhidlərindən bəhs edilib. Məqalədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın mediaya açıqlamasına da yer ayrılıb: "Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır”. "Yenicağ” qəzetində dərc edilən "Acılar, hafızalardakı tazeliğini koruyor” başlıqlı məqalədə də şəhidlərdən bəhs edilir. "Türkiye” qəzetinin köşə yazarı İrfan Özfatura isə öz yazısında Dağlıq Qarabağda münaqişə başlanandan sonra yaşanan prosesləri tarixi ardıcıllıqla əks etdirib. Ermənistandan azərbaycanlıların deportasiyasından başlanan prosesin qanlı sonluğundan söhbət açan müəllif 200 min insanın qanunsuz olaraq öz ev-eşiklərindən qovulmasından bəhs edib. Müəllif yazısında bildirir ki, "Azərbaycanda rus xalqına kimsənin pis münasibəti yoxdur, amma sistem türk-islam düşmənidir. Və bir qeyri-səmimi dövlət də var, o da İrandır. Adı islam cümhuriyyəti olsa da, ermənilərə arxalanar. Niyə? Əgər Şimali Azərbaycan hürriyyətinə qovuşsa, bəlkə qığılcım Cənubi Azərbaycana da sıçrayar – deyə düşünürdülər. İranda türklər karikatura və təhqirlərlə aşağılanır, ana dili əzilir, fars dilinə üstünlük verilir”.

Yeri gəlmişkən, Anadolu və İHA xəbər agentlikləri, TRT HABER, TRT AVAZ televiziya kanalları, o cümlədən "Sabah” və digər qəzetlər, o cümlədən çoxsaylı xəbər portalları da 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın digər rayonlarında xalqımıza qarşı törədilən hərbi cinayətdən bəhs ediblər. Məqalə, reportaj və məlumatlarda 20 Yanvar faciəsinin məqsədli şəkildə törədilmiş hərbi cinayət olduğu diqqətə çatdırılır. Bildirilir ki, Azərbaycanı hərtərəfli blokadaya salan keçmiş SSRİ-nin rəhbərliyi təcavüzkar Ermənistanın əsassız ərazi iddialarına şərait yaradıb. İki ölkə arasında ədavət qızışdırılıb və Azərbaycan torpaqlarının işğalına zəmin yaradılıb.

 

Yeri gəlmişkən, qanlı Yanvar faciəsi İtaliya mətbuatında geniş işıqlandırılıb. İtaliyanın nüfuzlu "Globalist” xəbər portalında bu ölkənin tədqiqatçısı Daniel Pommier Vincellinin "Qara Yanvar: Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizənin simvolu” sərlövhəli məqaləsi yerləşdirilib. Bundan başqa, İtaliyanın "Askanews”, "Agenzia Nova”, "Yahoo Notizie”, "Giornale Diplomatico”, "Agenparl” kimi kütləvi informasiya vasitələri də Qanlı Yanvar hadisələrinə diqqət ayıraraq, bu faciənin baş vermə səbəbləri və acı nəticələri, eləcə də 20 Yanvar şəhidlərinin xatirəsinin 29-cu ildönümü münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunmuş anım tədbiri barədə məlumatlar dərc edib. Litvanın slaptai.lt portalında "1990-cı ilin 20 Yanvar tarixində Azərbaycan paytaxtı Bakıda nə baş verib?” sərlövhəli məqalə yerləşdirilib. Məqalədə keçmiş Sovet İttifaqının mərkəzi hakimiyyətinin Litvada da milli hissləri qızışdıraraq polyak və rus millətindən olan vətəndaşlardan istifadə etməklə təxribatlar törətmək və bu ölkənin müstəqillik arzusunun qarşısını almaq istədiyi qeyd edilir. Lakin Litvada bu, baş tutmadı. Azərbaycan Litvadan fərqli olaraq tam informasiya blokadasında idi. Bundan istifadə edən sovet rəhbərliyi 1990-cı ilin yanvarında çox sayda dezinformasiya, təxribat xarakterli hərəkətlər təşkil edərək Bakı şəhərinə ordu yeritdi. Məqalədə 20 Yanvar hadisəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şanlı səhifəsi kimi xarakterizə olunur.

Öz növbəsində "BRASÍLIA IN FOCO” nəşri də 20 Yanvar qətliamına həsr olunan məqalə dərc edib. "Worldmedia.az” həmin materialı tərcümə edib. Bildirilir ki, "Azərbaycan tarixində "Qara yanvar” kimi xatırlanan hadisədən – 1990-cı ilin yanvar hadisələrindən 29 il keçir. Azərbaycan xalqı isə 20 Yanvar faciəsini sanki dünən olubmuş kimi, xatırlamaqdadır. 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunları Azərbaycanda kommunist rejimini saxlamağa, xalqın milli azadlıq hərəkatını boğmağa çalışan Sovet İttifaqı rəhbərliyinin birbaşa göstərişiylə Bakıya girib və burada yüzlərlə dinc sakinə divan tutub. O vaxtdan hər il "Qara Yanvar” qurbanları yalnız Azərbaycanda deyil, bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən böyük hüznlə yad edilir. Azərbaycana qarşı 70 il yürüdülmüş sovet zülmü 1990-cı il yanvarın 20-də qanlı faciə ilə nəticələnib. 26 000 sovet əsgəri və "Alfa” xüsusi təyinatlı qüvvələri yanvarın 20-nə keçən gecə fövqəladə vəziyyət elan etmədən Bakıya girib, günahsız Azərbaycan xalqına qarşı amansız qətliam törədib. Bu zaman qadına, yaşlıya, uşağa fərq qoyulmayıb. Qətliam nəticəsində Bakı və ölkənin digər bölgələrində ümumilikdə 133 nəfər həlak olub, 611 nəfər yaralanıb, 841 nəfəri qanunsuz həbs olunub, 5 nəfər isə itkin düşüb. Lakin Azərbaycan xalqı həmin gün hərbi, mənəvi və siyasi təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxlaya bildiyini, vətənin azadlığı və müstəqilliyi uğrunda müqavimətə hazır olduğunu, həyatından belə keçə biləcəyini bütün dünyaya göstərib. Beləliklə, onlar 20 yanvar 1990-cı ildə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban verib və bu cəsarət Azərbaycanın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunub. Bakıda baş vermiş qətliamdan dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəsinin Moskvadakı daimi nümayəndəliyinə yollanmış, orada keçirdiyi mətbuat konfransında bu vəhşiliyi sərt tənqid etmişdi. O, yaşananları Azərbaycan xalqına, demokratiyaya və insanlığa qarşı terror kimi qiymətləndirmişdi. Heydər Əliyevin hələ Sovet İttifaqının mövcud olduğu bir vaxtda belə bəyanatla çıxış etməsi siyasətdə böyük addımların dahi şəxsiyyətlər tərəfindən atıldığını bir daha sübut edib. Məhz Azərbaycan prezidenti Heydər Əliyevin 16 dekabr 1999-cu il tarixli fərmanına əsasən, bu faciə qurbanlarına "20 Yanvar şəhidləri” statusu verilib.