Azərbaycan. - 2019.- 20 yanvar. - ¹ 15. - S. 4.

 

Son vida

 

Fərizə Əhmədova

 

"Səs-küyü eşidib evdən elə əynimdəki nazik geyimdə çıxmışdım. Gedib gördüm ki, yaralıdır, güllə ilə vurublar. Onu xəstəxanaya birtəhər çatdırdıq. Əməliyyat masasına uzatdılar. Mən də dayanmışdım başının üstündə, əllərimi möhkəm sıxmışdı... Yavaş səslə dedi ki, pencəyimi götür, geyin, soyuq olar sənə. Son sözü bu oldu: Soyuq olar sənə...”

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həyatı dəyişən müsahibimiz Şövkət Xanməmmədova gözündən aramsız yaşlar axa-axa o dəhşətli günlə bağlı acı xatirələrini danışır. Həyatda bəzi anların insanın gələcəyini müəyyən etdiyini deyən Şövkət xanım bu ağrının ömrü boyu onunla birgə yaşadığını, qaldıqca da hər il təzə imiş kimi incitdiyini deyir...

Həyat yoluna ani nəzər salan gözü yaşlı, səsi titrək, hər dəfə "O” deyəndə boğazında qəhər düyünlənən bu qadın o günü 68 illik həyat təqviminin ən ağır vərəqi kimi qiymətləndirir. Ondan sonra həyatında çox itkilər yaşayıb, amma onun itkisi...

Və həyatının da ikinci mərhələsi məhz o tarixdən başlayır.

XX əsr tarixinə bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisələrinin 29-cu ildönümü ərəfəsindəyik. Xalqımızı qəlbən sarsıtmış bu faciə ilə bağlı o günün şahidi, şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət xanım danışır...

 

Səssiz sevgi

 

- Yeni Suraxanıda qonşuluqda qalırdıq. Həmişə qızlarla həyətdə otururduq. O gəlib küçəmizdən keçərdi. Qızlar da həmişə deyirdi ki, bu oğlan hansımızısa sevir. Plan qurduq. Hər gün birimiz gizləndik. Növbə mənə çatdı. Mən gizlənən gün küçədən dörd-beş dəfə keçdi. Narahat qalmışdı ki, bu qız hara yoxa çıxdı? Onda 22 yaşım var idi, evlənmək barədə heç düşünmürdüm də. Qızlar da mənə deyirdi ki, ağlın yoxdur. Bu cür oğlana şans vermirsən.

Texniki Universitetdə (o vaxtkı Politexnik İnstitutu) oxuyurdum. Həmişə gəlib institutun qarşısında dururdu. Mənə sevdiyini də demirdi. Avtobusa kimi uzaqdan ötürüb sonra gedirdi. Məzun olduqdan sonra emalatxanada işə düzəlmişdim. Bir gün işdən evə gedəndə arxamca düşdü və bir kəlmə dedi ki, elçilərimi göndərirəm. Əgər verməsələr, qaçıracam səni. O vaxt da bakılılar arasında qaçırmaq söhbəti yox idi. Belə şey olsaydı qan düşərdi. Mənim də qardaşlarım, əmim oğlanlarım dəliqanlı yaşında idilər. Gəldim evə, böyük bacıma dedim ki, bəs, belə bir məsələ var, anama deyərsən razı olar. Qayıtdı ki, "Şövkət, sən onu sevirsən?” Dedim, fərq etməz, mən qohum-əqrəbamızı düşünürəm. Verməsəniz, qaçıracaq məni. Nə isə, elçi gəldilər, nişanlandıq. Bir il nişanlı qaldıq, söhbətləşdik, bir-birimizi tanıdıq. 12 yaş məndən böyük idi.

24 yaşımda ailə qurduq. Arzusu idi ki, Səadət sarayında nikahımız olsun. Ora gedəndə çox qəribə bir hadisə ilə qarşılaşdıq. Hansı küçəyə dönürdük, qarşımıza tabut çıxırdı. Ürəyimə qara xal düşdü. Dedim, gəl, qayıdaq. Etiraz etdi ki, elə şeyə inanma. Heç nə olmaz. O ölənlər də ömrünü bizə bağışlayıb.

Evləndik və onda elə xüsusiyyətlər gördüm ki, həqiqətən sevdim, öyrəşdim. Əsl adı Cəbrayıl idi. El arasında isə hamı ona Ramiz deyirdi. Elə mən də. Qaynım danışırdı ki, o, Ramiz adını qoymaq istəyib, amma qayınatam Cəbrayıl adını qoyub. Sonra da qaynım elə öz dediyində durub və hər yerdə onu Ramiz kimi çağırıblar. Evləndikdən sonra Hövsandan ev aldıq...

Evimiz olan küçəyə indi yoldaşımın adını veriblər.

 

Və o gün...

 

- O gün Suraxanıya, qayınanama baş çəkməyə gəlmişdik. Gecə saat 11 radələri olardı. Bayırda səs-küy idi. Adamlar da Yeni Suraxanı, aeroport yolunda toplaşmışdı. O gün xalq yumruq kimi idi. Xalqımızın birliyinin şahidi olduq. Xalq canından keçməyə hazır idi. Yalın əllə tankların qabağında sipər olmuşdular. Axı, heç kimin ağlına gəlməzdi ki, sovet ordusu belə qan tökər...

Yoldaşım dedi ki, camaatı qıracaqlar, gedim başa salım, dağılışsınlar. Uşaqlar da yatmışdı. Otağın işığını yandırdı, onlara baxdı. Qapıdan çıxanda bir də geri döndü, işığı yandırıb hamısının üzündən öpdü. Qayıtdım ki, bəsdi də, Ramiz, elə bil harasa gedirsən. Dedi ki, onu bilmək olmaz. Pencəyini geyinib qapıdan çıxdı.

Yuxulamışdım. Gecə idi, oyandım ki, bəs, evin qabağında səs-küydü. Eyvana çıxdım. Gördüm, küçədən tanklar keçir. Yanlarında da əlisilahlılar. Başladılar atmağa. Aşağı əyilməsəydim, güllə mənə dəyəcəkdi. Boynumu arxadan sıyırıb keçdi. Dərimi yandırmışdı. Nə qədər müddət o yara məni incitdi. Əynimə bir şey geyinmədən elə üstümdəki paltarla dəli kimi özümü tulladım bayıra.

Gələndən-gedəndən soruşdum ki, bəs, Ramiz hanı? Heç kim cavab vermirdi. Əmim oğlu gəldi. Maşının açarını istədi. Soruşdum ki, hara gedirsən? Alnımdan öpdü ki, sən gəlmə. Amma razı olmadım və onunla bir getdim. Gedib gördüm Ramizi ürəyinin aşağısından vurublar...

Yarasından çoxlu qan gedirdi. Maşına mindirib, Sabunçu xəstəxanasına apardıq.

 

Yaralı rus zabitini xilas etdik

 

- Başını qoymuşdum dizlərimə, möhkəm qucaqlamışdım. Hələ huşu özündə idi. Xəstəxanaya gedən yolda yaralı bir rus zabiti çıxdı qarşımıza. Meyitlərin arasında atıb getmişdilər, amma yaşayırdı. Rəhmimiz gəldi, onu da maşına mindirdik. Elə çatmağa az qalmışdı ki, uzaqdan bir tank çıxdı qarşımıza. Üstümüzə sürməyə başladı. Yoldaşım yavaş səslə dedi ki, siz düşün qaçın. Dedim, Ramiz, düşsək də onsuz öldürəcəklər. Ya belə ölmək, ya elə. Ölsək də, birlikdə öləcəyik.

Başını qucaqlayıb ağlayırdım. Maşındakı zabit papağını çıxarıb verdi əmim oğluma ki, bunu göstər, rus dilində denən atmayın. Əmimoğlu papağı götürüb tankın qabağına keçdi. "Vurmayın, sizinkidir”, deyə qışqırdı. Onlar da maşına işığı salıb hərbçini görəndə, dedilər ki, qaçın, gedin, arxa yollarla gedin, yoxsa, sizi öldürərlər. Mədənlərin arası ilə min bir zülmlə gəldik çıxdıq xəstəxanaya...

 

Ümidsizlik, son söz...

 

- Xəstəxanada nələr gördüm, İlahi!..

 

Bir nəfəri uzatmışdılar yerə. Tank ortasından keçmişdi. Ayaqları, bir də ürəyindən yuxarı hissəsi qalmışdı, amma gözlərini hələ də qırpırdı.

Başqa bir cavan oğlan da yarasını əliylə tutub uzanmışdı yerə. Arada əlini qaldırıb yarasına baxır, yenə bağlayırdı. Yoldaşımı tez gəlib apardılar. Xeyirxah əməllərinə görə onu hamı tanıyırdı. Ancaq xəstəxananın işıq sistemini partlatdılar. Məqsədləri bu idi ki, yaralılara kömək edilməsin, hamısı ölsün. Mən də yoldaşımla birgə əməliyyat otağına girdim.

Əlindən tutmuşdum. Həkimlər şam işığında əməliyyat etməyə çalışırdılar. Yoldaşım o halıyla çönüb mənə baxdı. Gözlərindəki ümidsizlik və son vidanın təsvirini gördüm... Dedi ki, bəs, sənə soyuq olar, götür pencəyimi geyin. Elə son eşitdiyim bu söz oldu.

Güllə ürəyinin aşağısından girmişdi, arxadan böyük bir deşik açmışdı. Həkimlər mənə dedilər ki, get, o biri binadan qan gətir.

Çıxdım bayıra, gördüm tanklar artıq xəstəxananın həyətinə daxil olub. Kolluqda gizləndim. Qorxudan tir-tir əsirdim. Birdən pəncərədən səs eşitdim: "Xanım, əlinizi verin mənə”. Əlimi uzatdım və güclə qaldırıb pəncərədən içəri saldılar. Gəldim yoldaşımın yanına. Həkim gəlib alnımdan öpdü və yoldaşımın artıq keçindiyini dedi.

Gecə saat 4 idi. Hönkürə-hönkürə ağlayırdım...

Sevdiyimi, ailəmi, hər şeyimi, dayağımı itirdim...

 

Öldürün bizi, əclaf faşistlər

 

- Onu məndən alan gülləni də özümə verdilər. O gülləni Tarix muzeyinə vermişəm, indi orda saxlayırlar. Bacara bilmədik... Vaxtında xəstəxanaya çatdıra bilsəydik, şikəst qalacaqdı, amma yaşayacaqdı. Bilmirdim nə edəcəm. Hər şeyin sonu imiş kimi donmuşdum.

Qaynım gəldi. Başını divara vururdu. Bizi yola saldılar ki, ara sakitləşsin, meyiti sabah gəlib götürərsiniz. Maşına minib xəstəxanadan çıxdıq.

Sabunçudan Ramanaya kəsmə yolla çatanda əsgərlər tutdu bizi. Maşından düşürüb divara dirədilər. Silahın çəkildiyini eşitdim. Düşündüm ki, bizi güllələyəcəklər. Üzümü çevirdim, pencəyimin qabağını açdım, başladım qışqırmağa ki, öldürün, əclaf faşistlər... Tüpürdüm əsgərin üzünə. Özbək, ya qırğız millətindən idi. Əsgər donub qalmışdı. Bizi buraxdılar. Mədənlərin içi ilə gəldik çıxdıq evə...

 

Məndən atalarını istədilər...

 

Səhər saat 6 idi evə çatanda. İçəri girəndə uşaqların hamısı yuxudan oyanıb bizi gözləyirdi. Qohum-qonşu da bizə yığışmışdı. Qapıdan içəri girəndə uşaqlar qabağıma qaçdı ki, ata indi axsaq gəzəcək, hə, ana? Güllə ayağından dəyib, hə? Heç nə olmayacaq ona, hə? Başladım ağlamağa. Balaca oğlum qayıtdı ki, ana, ata yoxdu daha? Heç nə demədim, bağrıma basıb hönkürdüm.

Yoldaşımı Yeni Sabunçu qəbiristanlığında dəfn etdik. Yarası çox qanayırdı deyə, üç dəfə kəfənəni dəyişməli olduq. Axırda yarasına xəmir qoyub basdırdıq. Sonra gəlib dedilər ki, meyiti çıxarıb verin, Şəhidlər xiyabanında basdıraq. Razı olmadım. Ancaq şəkilini vermişəm, orda vurublar.

20 Yanvar faciəsinin 20 illiyi zamanı yaxın dostu mənə onunla bağlı çox şeyləri danışdı. Mən onun həmin gün qəhrəmanlıq etdiyini bilmirdim. Çox adamı xilas edib, evinə aparıb. İndi ona görə Sabunçuda çox insan onu qəhrəman kimi tanıyır. Dostunun danışdıqlarından sonra mən bildim ki, onu tanımamışam. Necə gözəl insan olub. Nə qədər xeyirli əməllər görüb. Ancaq heç birindən məlumatım olmayıb.

 

Onun ruhundan, xalqın ona verdiyi qiymətdən güc aldım

 

- 50 yaşı həmin ilin dekabrın 23-də tamam olmuşdu. Ailə başçısı, ata olaraq çox yaxşı idi. Bizə hər şərait yaratmışdı. Çox qısqanc idi. Dörd övladımız var. Yoldaşım rəhmətə gedəndə böyüyün 13, balacanın isə 6 yaşı var idi. Böyük oğlumuzun hüquqşünas, qızların həkim, balaca oğlanın isə rəssam olmasını istəyirdi. Ən böyük arzusu isə oğul toyu görmək idi. Çox xəyallar qururdu. Deyirdim ki, Ramiz, hələ uşaqlar balacadır, indidən nə xəyal edirsən? Deyirdi ki, nolsun. Arzusu ürəyində də getdi... O öləndən sonra çox şeyimi itirdim. Ancaq onun ruhundan, xalqın ona verdiyi qiymətdən güc aldım.

Həmin yaşadığım stresdən dolayı astma və ürəkağrısı tapdım. Aylarla xəstəxanada yatdım. Anam uşaqlarıma baxırdı. 1990-cı ilin oktyabr ayında anam mənim dərdimə dözməyib öldü. 1993-cü ildə isə qayınanam dünyasını dəyişdi. Tam tək qaldım.

 

Heydər Əliyev qulağıma pıçıldadı ki...

 

- 20 Yanvar faciəsinin 10 illiyi ilə bağlı ulu öndər Heydər Əliyevin iştirakı ilə Respublika sarayında tədbir keçirilmişdi. Çıxışçı olaraq Suraxanı rayonundan mənim adımı qeyd etdilər.

Çıxışımda Şəhidlər xiyabanındakı məşələ toxundum. İndi yadımda qalanları bölüşə bilərəm. Demişdim ki, onun atəşi bizim şəhidlərin gözlərinin parıltısında əks olunub. Sönməz məşəl gecə-gündüz onları soyuqdan qoruyur.

Üçüncü çıxış etmişdim. Məndən sonra 15 nəfər də danışdı, sonra ulu öndər çıxış etdi və film nümayiş olundu. Heydər Əliyev çıxışında mənim dediklərimə toxundu. Sevincdən, həyəcandan gözümdən yaş axırdı. Çox qürurlanmışdım. Tədbir qurtaranda Heydər Əliyev məni soruşdu. Məni gətirdilər ki, budur o xanım.

Çox həyəcanlı idim. Mənə xoş sözlər dedi. Mənimlə söhbət edən zaman ordan-burdan ulu öndərə məktublar təqdim edirdilər. Qayıtdı mənə dedi ki, "bəs, sən nə istəyirsən de mənə...” Baxdım ona, dedim, çox sağ olun, təşəkkür edirəm, minnətdaram. Süzdü məni, qollarını açdı və mənə sarı gəldi. Donub qalmışdım. Məni qucaqladı, alnımdan öpdü və qulağıma pıçıldadı ki, "sənə halal olsun”. O söz mənim üçün ən böyük mükafat, mülk, medal, hər şey idi...

 

Şəhidlərimizin ruhu azaddır

 

- İndi 11 nəvəm var. Onlar babaları ilə şəkillərdə, mənim xatirələrimdə tanış olublar. Balaca nəvəm onun adını daşıyır. Ona da Ramiz deyirik. Babasına bənzəyir. Hər il dekabrın 23-ü yoldaşımın ad gününü qeyd edirik. Süfrə açırıq, onun üçün də qab dəsti qoyub, stulunu boş saxlayırıq. Yerinə fotosunu qoyuruq. O gün ağlamıram. Elə bilirəm ki, o da bizimlədi. Həmişə şəkilləri ilə söhbətləşirəm. Deyirəm ki, Ramiz, bu gün nəvələrin gəlmişdi. Bu gün sən sevdiyin yeməyi hazırladım. Ramiz, belə iş tutmuşam, səncə, düz etmişəm ya yox? Bu ağrı heç vaxt azalmayacaq.

Şəhid ailəsi olaraq həmişə dövlət qayğısını hiss edirik. Bu gün şadam ki, əmin-amanlığın, sakitliyin hökm sürdüyü bir respublikada yaşayırıq. Buna görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. İndi 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki müstəqilliyimiz var. O gün olsun ki, Qarabağ şəhidlərinin də ruhu azad olsun. Hər evdə bir şəhidimizin adını daşıyan var. Qoy düşmən sevinməsin...

O gün Şövkət xanım kimi başsız qalan çox qadınlarımız var. Onunla eyni ağrını artıq 29 ildir ürəyinin başında özüylə birgə yaşadan analarımız, bacılarımız gözü yaşlı qalıb. Tək arzuları isə o gün yenə olmasın, ölkəmizdə bərqərar olunan bu sabitlik pozulmasın. Müharibə bitsin, işğal altında olan torpaqlarımız geri qayıtsın və bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıtsın.