Azərbaycan. - 2019.- 19 yanvar. - 14. - S. 4.

 

Qürur yerimiz

 

Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə hazırdır

 

Fərizə Əhmədova

 

Sabah qanlı 20 Yanvar faciəsinin 29-cu ildönümüdür. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı ziyarətçilərini qəbul etməyə hazırdır.

Faciədən 29 il keçməsinə baxmayaraq, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il insan axını xiyabana üz tutur. Bu il də vətən övladları şəhidlərimizi yad edəcəklər. Məhz həmin gün böyük bir izdihama qoynunu açan bu müqəddəs məkan al-qırmızı rəngə boyanacaq...

Artıq yanvarın ikinci on günlüyündən etibarən bu münasibətlə xiyabanda müxtəlif hazırlıq işlərinə başlanılıb. Biz də Şəhidlər xiyabanına yollanaraq oradakı abadlıq işləri ilə tanış olduq.

 

Ağ-qırmızı qərənfil kompozisiyası

 

Tədbirlər planına uyğun olaraq şəhidlərimizin əziz xatirəsinin dərin hüznlə yad edilməsi, 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün layiqincə keçirilməsi məqsədi ilə lazımi işlər artıq görülüb.

Şəhidlər xiyabanında xüsusi hazırlanmış layihə əsasında bədii-estetik cəhətdən 20 Yanvar tematikasına uyğun dizayn-tərtibat işləri aparılıb, ərazidə cari təmir, abadlıq və təmizlik işləri görülüb, ağaclar və yaşıllıqlar qaydaya salınıb. Bakı Şəhər İcra Hakimiyyətinin ərazidə olan nümayəndəsi bildirdi ki, xiyabandakı bütün elektrik avadanlıqları, eləcə də naqillər yenidən yoxlanılıb və lazımi tədbirlər görülüb.

Hər il olduğu kimi, bu il də xiyabanın girişində xüsusi zövqlə qərənfillərdən hazırlanmış xalça göz oxşayır. Divarlara və səkilərə bərkidilən təbii qərənfillər də xüsusi düzülüşü ilə seçilir.

 

Güclü külək və soyuğa rəğmən, hər kəs iş başında idi

 

Havanın yağışlı və küləkli olmasına baxmayaraq, əraziyə cəlb olunan mənzil-kommunal təsərrüfatı birliyinin işçiləri və ayrı-ayrı ustalar böyük həvəslə öz işlərini görürdülər. Xiyabanın ərazisində təmizlik və abadlıq işləri ilə məşğul olan Nadir Rəhimov bildirdi ki, gördüyü işdən çox zövq alır və əməyinin qarşılığında heç bir maddiyyat güdmür. Onun fikrincə, şəhidlərə ehtiram nümunəsi göstərməkdən gözəl bir şey yoxdur və nə qədər çalışsalar da, qəhrəmanlarımızın borcundan çıxa bilməzlər. Çünki onların sayəsində bu gün müstəqil Azərbaycanda sakit həyat yaşa bilirlər.

Qeyd edək ki, yanvarın 14-dən Bakı şəhər ictimaiyyəti nümayəndələrinin, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların, orta və ali təhsil müəssisələrinin şagird və tələbələrinin Şəhidlər xiyabanına ziyarəti başlayıb.

 

Dövlət bayraqları endiriləcək

 

Matəm günü Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən yanvarın 20-də ziyarətə gələnlərin hərəkət marşrutunun müəyyənləşdirilməsi, ictimai asayişin qorunması, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən xiyabanda təcili tibbi yardım xidmətinin təşkili həyata keçiriləcək.

Mərasim günü ərzində xiyabanda matəm musiqisi səslənəcək, digər təşkilati işlər görüləcəkdir. Yanvarın 20-də saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, faciənin ildönümü ilə bağlı hüzn əlaməti olaraq dövlət bayraqları endiriləcək.

 

Xalqımızın müqəddəs ziyarətgahı

 

Bu müqəddəs məkanda 158 nəfər 20 Yanvar şəhidi uyuyur. Onlardan dörd nəfəri naməlum şəxslərdir. Burada həmçinin 256 nəfər Qarabağ müharibəsi və 38 nəfər daxili qoşunların şəhidi dəfn olunub. Xiyabanda 1992-ci il yanvarın 25-26-da baş verən Daşaltı əməliyyatındakı 70 şəhidin adına isə abidə ucaldılıb.

Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanında əbədiyyət yuxusuna getmiş Vətən övladları İlahi zirvəni fəth ediblər. Bu səbəbdən də Şəhidlər xiyabanı xalqımızın müqəddəs yerlərindən sayılır.

20 Yanvar günü təkcə hüzn deyil, həm də qürur yerimiz olan Şəhidlər xiyabanı öz rəngarəng görünüşü ilə yenə də diqqət çəkir.