Azərbaycan. - 2019.- 20 yanvar. - 15. - S. 4.

 

Qanla yazılan tarix

 

Ağaddin Babayev

 

Vətənimizin tarixində elə mühüm hadisə yoxdur ki, Lənkəran torpağında doğulub boya-başa çatan mərd, cəsur oğulların orada iştirakı olmasın. Bu torpağın vətənpərvər oğulları 1990-cı ilin 20 Yanvar hadisələrində də əsl hünər nümunəsi göstərmişlər.

Onlar Bakıya soxulmuş qırmızı imperiyanın qoşunu qarşısından qaçmamış, sinələrini yurda sipər etmişlər. Həmin günlərin hadisələri hər birimizin yaddaşında həm kədərli, həm də fəxr ediləsi notlar kimi bu gün də səslənir və heç vaxt unudulmayacaqdır.

1990-cı ilin yanvar günlərində arxalandığımız, xilaskar sandığımız sovet ordusu paytaxtımızı gülləbaran etmiş, günahsız uşaqları, qocaları, cavanları vəhşicəsinə qətlə yetirmişdi. Ağır tanklar şəhərin müxtəlif yerlərində yaralanmış insanları, mülki maşınları tırtılları altına salaraq əzmişdi. Silahlı ordunun əsgərləri evlərin eyvanından bu vəhşiliyi seyr edən şəhər sakinlərinə atəş açmaqdan belə çəkinməmişdilər.

20 Yanvar hadisəsi zamanı Lənkərandan 5 nəfər gənc - Mircamal Əbülfətov, Telman Bağırov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev də qəhrəmancasına həlak oldu.

Lakin qırmızı ordunun dəstələri Bakıda etdikləri vəhşilikdən usanmadılar. Onlar yanvar ayının 25-də Neftçalada bir nəfəri qətlə yetirdikdən sonra Lənkərana gəldilər. Azadlıq hərəkatı üzvlərinin bir hissəsinin rayon ərazisindəki Haftoni meşəsində daldalandıqları barədə məlumatları olan silahlılar tanklar, vertolyotlar vasitəsilə oraya hücum çəkdilər. Onlar Lənkəran rayonunun sakinləri Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlovu güllələdilər. Sonrakı mərhələdə imperiya qoşunlarının silahlıları 16 nəfər lənkəranlı gənci Rusiyanın Ulyanovsk şəhərinə, 30 nəfəri isə Bakı yaxınlığındakı Şüvəlan qəsəbəsinə apararaq 30 gün həbsxanada saxladılar. Bir nəfər həmyerlimizi - Tariyel Abdullayevi isə vertolyotda məftillə boğaraq vəhşicəsinə qətlə yetirdilər. Digər azadlıq mücahidləri də çoxlu təzyiq və işgəncələrə məruz qalmışdılar.

Bəli, bunlar ən yeni tariximizin qanlı və eyni zamanda şanlı səhifəsidir. Azadlıq yolunda qanından və canından keçən şəhidlərin xatirəsi xalqımızın yaddaşında daim yaşayır. Onların adlarının əbədiləşdirilməsi, ailələrinin sosial həyat səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər buna əyani misaldır. Bu günlər ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da 20 Yanvar şəhidlərinin adını daşıyan küçələr, parklar, xiyabanlar, məktəblər, müalicə ocaqları, uşaq bağçaları var. Şəhərin mərkəzində 20 Yanvar şəhidlərinin xatirə kompleksi yaradılmışdır.

Xalqımız bu hadisəni qəlbində yaşadır, onun mahiyyətini yeni nəslə çatdırmağa çalışır. Bu məqsədlə Lənkəranda da silsilə anım tədbirləri keçirilməkdədir. Lənkəran Şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq rayonun ümumtəhsil müəssisələrində, Lənkəran Dövlət Universitetində, humanitar və tibb kolleclərində faciəyə həsr edilmiş xüsusi dərs keçirilir, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar edilir.

Bu gün isə şəhərdəki Şəhidlər xiyabanında ümumxalq ziyarəti təşkil edilib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad olunur.