Azərbaycan. - 2019.- 19 yanvar. - ¹ 14. - S. 4.

 

Musiqi haray çəkəndə...

 

Zöhrə Fərəcova

 

1990-cı il Azərbaycan üçün faciələrlə başladı. Vətəninin azadlığını, dövlətinin müstəqilliyini tələb edən xalqımıza qarşı amansızlıqla qətliam törədildi. Sovet qoşun hissələri soydaşlarımızı qətlə yetirdilər. Azərbaycanı yasa bürüdülər. Ancaq azadlığa gedən yolda şəhidlər verən xalq təmkinini, qürurunu qorudu, düşməndən aman diləmədi.

Sinəsinə dağlar çəkilən Azərbaycan xalqı azadlığı, müstəqilliyi yolunda qurban gedən övladlarına matəm saxladı. 1990-cı ilin o Qanlı Yanvar günlərində ustad musiqiçilərin - Kamil Cəlilovun qaboyunda, Habil Əliyevin kamanında inləyən musiqi sədaları da fəryada, naləyə, döndü. "Zəminxarə”, "Segah”, "Bayatı-şiraz”, "Çahargah”, "Humayun”... qaboyun, kamanın dili ilə haray çəkdi, şəhidlərimizə həzin-həzin ağı dedi...

 

Bəstəkarlarımız daha çox əsər yaratdılar

 

Şər qüvvələr qarşısında xalqımız əzmi, təpəri, birliyi ilə əfsanələr yaratdı. Bu qəhrəmanlıq salnaməsi o hüznlü günlərdən başlayaraq, öz təcəssümünü müxtəlif janrlı musiqi, rəsm, səhnə və ekran əsərlərində, ədəbi-bədii nümunələrdə tapdı.

20 Yanvar faciəsi daha çox musiqidə ifadə olundu. Bəstəkarlarımızın əksəriyyətinin yaradıcılığında Qanlı Yanvar hadisəsi əhəmiyyətli yer tutdu. Hələ 1990-cı ildə görkəmli bəstəkar Cövdət Hacıyev "Şəhidlər” simfoniyasını bəstələdi. "Şəhidlər” adlı başqa bir simfoniyanın müəllifi isə bəstəkar Oqtay Kazımi oldu. Bəstəkar Hacı Xanməmmədov 1990-cı ildə Əzizə Cəfərzadənin sözlərinə solist və xalq çalğı alətləri orkestri üçün bəstələdiyi "Əlimdə sazım ağlar” əsərini 20 Yanvar şəhidlərinə ithaf etdi. Azər Rzayevin "Bakı-90” simfoniyası, Tofiq Bakıxanovun "Humayun” simfonik muğamı, Ramiz Mustafayevin "Bu qan yerdə qalan deyil”, "Haqq səninlədir”, "Azərbaycan” vokal-simfonik poemaları, Mobil Babayevin "Ağlama, torpağım, ağlama” kantatası, Aydın Əzim Kərimoğlunun orkestr üçün "Qətl günü”, Sərdar Fərəcovun "Matəm harayları” simfonik lövhəsi, Məmməd Quliyevin xor və orkestr üçün, Faiq Sücəddinovun fortepiano üçün, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal simfonik "Vətən şəhidlərinə”, Cavanşir Quliyevin xor üçün "Şəhidlər”, Arif Mirzəyevin orqan üçün "Yanvar mərsiyələri”, Aqşin Əlizadənin "Ana torpaq” odası, Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi”, "Qəm karvanı” oratoriyaları və başqa qəhrəmanlıq, mübarizlik ruhunda yazılmış əsərlərdə xalqımızın başına gətirilən müsibətlər, şəhidlərimizin ruhuna ehtiram ifadə olundu.

 

20 Yanvar faciəsinə həsr olunmuş mahnı və romanslar...

 

Bəstəkar İlham Quliyev "İlham və Fərizə” operasını bəstələdi. Azər Dadaşov "20 Yanvar” xor, solist və simfonik orkestr üçün 9 saylı simfoniya, Faiq Nağıyev rejissor Xamis Muradovun real faktlara əsasən lentə aldığı "Şəhidlərdən-şəhidlərə” sənədli filminə musiqi yazdı.

Xalqımızın qanlı hadisələrdə yaşadığı kədəri, hüznü bəstəkarlar Fuad Cavadov "Qara Yanvar”, Azad Zahid "Mədhiyyə” əsərlərində əks etdirdilər. 20 Yanvar faciəsi və şəhidlərə həsr olunan musiqi əsərləri arasında Arif Mirzəyevin "Yanvar passionları” matəm messası, Nazim Quliyevin "Şəhidlər” operası, Oqtay Rəcəbovun "Çingiz” oratoriyası, Zabitə Məmmədovanın solist, xor və orkestr üçün "Elegiya”sı da diqqəti cəlb edir.

20 Yanvar faciəsinə irihəcmli musiqi əsərləri ilə yanaşı, mahnı və romanslar da həsr olundu. Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə "Şəhidlər ağısı” mahnısını yazdı. "Şəhidlər ağısı”nı ilk dəfə dünya şöhrətli müğənni Zeynəb Xanlarova ifa etdi. Sonralar bu mahnı bir çox müğənninin repertuarında yer tutdu.

Vasif Adıgözəlov 1991-ci ildə Fikrət Qocanın "Bir şərqi de” şeirinə musiqi bəstələdi. Oqtay Rəcəbov Məmməd İsmayılın sözlərinə "Qana dönən qərənfillər”, Mehriban Əhmədova Məmməd Arazın sözlərinə "Ana millət, ata millət, ağlama”, Nəriman Əzimov Hikmət Mahmudun sözlərinə "Mənim şəhid bacım, şəhid qardaşım” mahnılarını yazdılar. İlham Abdullayevin Dönməzin sözlərinə yazdığı "20 Yanvar”, Ruhəngiz Qasımovanın "Şəhid oğullara” mahnıları da xalqımızın Qara Yanvar dərdinə haray çəkdi.

 

Mübarizlik, yenilməzlik təbliğ edən musiqi...

 

Bəstəkarların müraciət etdikləri janr və üslublar müxtəlif olsa da, bu əsərlərin mövzusu və mahiyyəti birdir. Eyni olan həm də həmin əsərlərdə ifadə olunan duyğu və düşüncələrdir. Bəstəkarlarımız 20 Yanvar hadisələrinə münasibəti, hüzn və qüruru musiqinin dili ilə çatdırdılar. Həmçinin onlar əsərlərində şanlı tariximizdən dərs almağı, vətəni sevməyi təbliğ etdilər.

Yalnız ümumxalq kədəri deyil, həm də haqq yolundan dönməzlik, mübarizlik, yenilməzlik əks edilən bu əsərlər musiqi kollektivlərinin, orkestrlərin ifasında xarici ölkələrin müxtəlif konsert salonlarında da səsləndirilir, 20 Yanvarda Azərbaycan xalqının başına gətirilən müsibətlər dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılır.

Tarixin müəyyən məqamlarında bizi özümüzdən ayırmağa, kimliyimizi unutdurmağa çalışanlar sonda həmişə məğlub oldular. Ruhumuz bizi məhv olmağa qoymadı. Xalqımızın ən ağır sınaqlarla üz-üzə qaldığı vaxtlarda əsrlərdən-əsrlərə adlayan, nəsillərdən-nəsillərə yol gələn musiqisi mübarizlik ruhuna köklədi. Musiqi bizə faciələrimizdən dərs almağı, kədərə boyun əyməməyi aşıladı. 20 Yanvar faciəsinin sarsıntıları, hüznü, qüssəsi də musiqi əsərlərinə çevrildi. Amma bu əsərlər həm də bir xalqın ölməz ruhunun ifadəsi oldu.