Xalq qəzeti. - 2019.- 20 yanvar. - ¹ 15. - S. 1,4.

 

20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutur

 

Musa Urud,

Milli Məclisin deputatı, şair-publisist

 

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

XX əsrin 80-ci illəri Sovet imperiyasının ən mürəkkəb və tənəzzül illəridir. Artıq sosializm bir ideologiya və sosial-iqtisadi münasibətlər sistemi kimi öz süqutunu yaşayırdı. Sov. İKP ­MK-nın baş katibi, eyni zamanda SSRİ prezidenti Mixail Qorbaçov və onun komandasının uğursuz siyasəti imperiyanın çöküşünü daha da sürətləndirdi, ictimai və sosial ədalətsizliyi artırdı, millətlərarası münasibətlərin son dərəcə korlanaraq, milli münaqişələrə çevrilməsinə gətirib çıxartdı.

 

Yaranmış siyasi boşluq və dövlət idarəçiliyinin zəifləməsindən məharətlə istifadə edən və M.Qorbaçovun yaxın ətrafında təmsil olunmağı bacaran erməni millətçiləri Azərbaycana qarşı düşmən və separatçı niyyətlərini həyata keçirərək, Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək tələbi ilə çıxış etməyə başladılar. Xankənddə və İrəvanda başlayan antiazərbaycan əhval-ruhiyyəli mitinqlər tezliklə Ermənistanı bürüdü.

Təəssüf ki, nə SSRİ hökuməti, nə Azərbaycanın o vaxtkı kommunist rəhbərliyi belə ciddi, dövlətin əsasını sarsıdan, ictimai sabitliyi pozan, milli düşmənçiliyi alovlandıran təxribatçı hərəkətlərə adekvat reaksiya verdi, nə də vaxtında lazımi tədbirlər gördü. Bu ədalətsizliyə etiraz edən, torpağının bölünməsinə, ərazi bütövlüyünün pozulmasına qarşı çıxan Azərbaycan xalqı meydanlara toplaşaraq respublika və ölkə rəhbərliyindən qanun-qaydanın, haqq-ədalətin bərpa olunmasını tələb etdi.

Ancaq nə meydanda, nə də hökumət binasında öz xalqının haqlı tələblərini qarşılaya biləcək, xalqı axıra qədər öz arxasınca apararaq qanunun və ədalətin təntənəsini təmin edəcək yetkin lider olmadı. Meydanda xalqa rəhbərlik etmək iddiasında olan, o dövrün etiraz dalğası üzərində yaranan Azərbaycan Xalq Cəbhəsi liderləri ilə ölkənin kommunist rəhbərliyi arasında fikir və əqidə birliyinin olmaması, əksinə, ideoloji ziddiyyətin mövcudluğu, böyük tarixi, milli mücadilənin hakimiyyət uğrunda savaş müstəvisinə keçirilməsi bəzi təxribatçı qüvvələrin əl-qol açmasına rəvac verdi. SSRİ DTK-nın və bəzi gizli ermənipərəst missioner təşkilatların dəstəklədiyi və maliyyələşdiriyi təxribatçı qruplar ­meydana çıxdı.

Azərbaycan xalqı ölkənin kommunist rəhbərliyinə antimilli mövqeyinə görə nifrət edir və ona inanmırdı. Buna görə də 1989-cu ilin sonlarında xalq Azadlıq meydanında davamlı etiraz aksiyasına başladı və Əbdürrəhman Vəzirovun istefasını tələb etdi. Xalqın etiraz mitinqləri artıq milli azadlıq mübarizəsi müstəvisinə keçməkdə idi. Bundan ehtiyat edən, eləcə də digər xalqların və millətlərin gözünü qorxutmaq, milli-azadlıq arzularını boğmaq məqsədi ilə Mixail Qorbaçov və komandası bütün qanunları və hüquqları pozaraq, öz mülki vətəndaşlarının üzərinə silahlı qoşun yeritdi.

O zaman M.Qorbaçovun yaxın silahdaşı Yevgeni Primakov, SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və digər yüksək rütbəli hərbçilərin daxil olduğu böyük bir qrup Bakıya gəlmişdilər. Əhali qarşısında çıxış edən Yevgeni Primakov SSRİ rəhbərliyi adından bəyan etmişdi ki, Bakı şəhərində fövqəladə vəziyyət elan olunmayacaq və ordu şəhərə daxil olmayacaq.

Lakin bu vədlərə baxmayaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna yeridilərək  misli görünməmiş qanlı qətliam törətdi. Bu qanlı qətliamın tərkib hissəsi olaraq əhalinin informasiya təminatını kəsmək məqsədi ilə yanvarın 19-da Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Fövqəladə vəziyyət elan olunması barədə qərar isə yalnız qətliam gecəsinin səhəri əhaliyə çatdırıldı.

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi 29 mart 1994-cü il tarixli qərarda qeyd olunduğu kimi: “20 Yanvara qədər partiya, dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də Bakıda gedən ziddiyyətli proseslərin təhlili göstərir ki, yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olmuşdur. 1989-cu ilin axırından yanvar hadisələrinə kimi respublika rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun imzaları ilə Moskvaya ünvanlanan şifroqramlar buna əsaslı sübutdur”.

20 Yanvar Bakı faciəsi həm də tarixin məhək daşı, sınaq günü kimi əhəmiyyətlidir. Məhz bu hadisədən sonra xalq həqiqi liderin də, yalançı rəhbərlərin də kimliyini bir daha açıq-aşkar şəkildə gördü və özü üçün yəqinləşdirdi. Bu dəhşətli gecədə xalq sarsıldı, matəmə batdı, dövlətə, Kommunist Partiyasına, hərəkat liderlərinə az-çox olan inamını birdəfəlik itirdi. Belə bir faciəli gündə Azərbaycanın o vaxtki kommunist rəhbərləri də, Xalq Cəbhəsinin liderləri də xalqın yanında olmaq, ona təsəlli vermək, iradəsini və mübarizə əzmini yüksəltmək əvəzinə qaçıb gizləndilər.

Lakin o zaman xalqımızın böyük oğlu Heydər Əliyev həyatını risk altında qoyaraq, oğlu İlham Əliyevlə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək Bakıda baş verən qanlı qırğının günahkarlarını, Mixail Qorbaçovu və SSRİ hökumətini qətiyyətlə ittiham etdi: “Bakıda Sovet qoşunları tərəfindən Azərbaycan xalqına qarşı törədilən qanlı hadisə hüquqa, əxlaqa, mənəviyyata ziddir, xalqa qarşı tarixi cinayətdir”.

1990-cı il 20 Yanvar Bakı qətliamına ən doğru qiyməti tarix özü verdi. Şəhidlərin qanı yerdə qalmadı, şər imperiyası dağıldı, Azərbaycan öz müstəqilliyinə qovuşdu, milli birlik və azadlıq arzusu qalıb gəldi.

20 Yanvar faciəsinin dərslərindən danışarkən ümummilli lider Heydər Əliyev çox haqlı olaraq qeyd edirdi: “Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.”

20 Yanvar həm də qəhrəmanlıq dərsi, ölümü öldürməklə əbədiyaşarlıq nümunəsidir. Bu qəhrəmanlara şeirlər, mahnılar həsr olunması, onların hünərlərinin dram əsərlərində, rəsmlərdə, povest və romanlarda əbədiləşməsi, şəhidliyi ölməzliyə qovuşduran bədii sənət nümunələrinin yaradılması 1990-cı ilin 20 Yanvar gününü təqvimin adi bir günündən qəhrəmanlıq salnaməsinə çevirən mənəvi dəyərlərdir.