525-ci qəzet. - 2019.- 17 yanvar. - 10. - S. 8.

 

Mir Cəlalın "Ədəbi tənqid" kitabı mənəviyyat məcrasında

 

Asif Rüstəmli,

Filologiya elmləri doktoru, professor

 

(əvvəli ötən sayımızda)

Bugünlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ədəbi tənqidi məqalələrini əhatə edən "Ədəbi tənqid" kitabı nəşr olunub.

Milli Kitabxananın arxiv materialları əsasında tərtib olunan və ilk dəfə işıq üzü görən bu topluya professor Asif Rüstəmlinin yazdığı "Ön söz"ü cüzi ixtisarla oxuculara təqdim edirik.

"Ədəbiyyatdan romantizmə" adlı araşdırma gənc Mir Cəlalın parlaq istedadından və böyük elmi-nəzəri hazırlığa malik, ədəbiyyat nəzəriyyəsinə xüsusi meyl göstərən tədqiqatçı olmasından xəbər verirdi. O, sonralar da yazıçı və şairlərin yaradıcılığını təhlil edərkən və dəyərləndirərkən ədəbi nümunələrə nəzəri aspektdə münasibət bildirmiş, müəllifin bənzərsiz ədəbi portretini yaratmağı bacarmışdır. O, yazıçı Ənvər Məmmədxanlı haqqında bir məqaləsində yazır: "Ənvər istedadlı və ümidli ədiblərimizdəndir. Mən onu nəsrimizdə bir romantik kimi tanıyıram. Ənvərin romantikası faydalı romantikadır. Doğrudur, bəzi yoldaşlar onun bədii qidasını kənarda - Avropa və ya rus ədiblərində görürlər. Məncə, bu, azdır.

Ənvər Azərbaycan klassik nasirləri-mizə də yad deyil. Onun xəyalında, lirikasında "Can yanğısı" kimi gözəl bir əsər ilə, Süleyman Sani yaxud, Şaiqin bəzi hekayələri ilə mehriban bir səsləşmə vardır. Ənvər heç kəsə oxşamaq istəmir, tamam başqa cür yazmaq istəyir. O, adi və hər kəsə məlum hadisələrdən yox, seçilən, müstəsna və bəzən də nadir hadisələrdən yazmağa çalışır. Onun təsvir etdiyi adamlar daxilən güclü, məğrur olurlar. Öz aləmləri ilə yaşayır, ətraf ilə hesablaşmaq istəmirlər".

Böyük ədib Ənvər Məmmədxanlı yaradıcılığında romantikanı təqdir etsə də, onun "Burulğan" romanına münasibət bildirərkən realizm elementlərini bəyənməmiş, əsərdə "hadisə və ziddiyyətlər əsas etibarilə realistcəsinə verilmişdir. Lakin bu realizm sönük və olduqca ibtidai bir realizmidir" - deyə dəyərləndir-mişdir.

Ədəbi tənqiddə bu düşüncələr Ənvər Məmmədxanlı yaradıcılığına yeni yanaşma, obyektiv baxış sistemidir və bu gün də elmi dəyərini, aktuallığını qoruyub saxlamaqdadır.

Professor Mir Cəlal Paşayev elmi-nəzəri görüşlərində, ədəbi-tənqidi məqalələrində, mötəbər məclislərdəki məruzələrində formalizm və naturalizm probleminə hələ ötən yüzilliyin 30-cu illərində tam aydınlıq gətirirdi. Onun müşahidələrinə əsasən "müasir formalizm bədiilik şüarı altında, naturalizm isə realizm şüarı altında çıxır, həm də gizlənir".

Bədii yaradıcılığın mühüm elementi və məzmunla sıx bağlı olan, onun təzahür görüntüsü kimi özünü büruzə verən forma problemi zaman-zaman mübahisələrə səbəb olmuş, məsələyə düşüncə adamları fərqli mövqelərdən yanaşmışdır. Mir Cəlal müəllimin "forma" və onun ifrat aludəçilərinin təqdim etdiyi "formalizm" haqqında elmi qənaətləri, dəyərləndirməsi isə qısa və aydındır. Mir Cəlal yazırdı: "Forma mündərəcənin daxili strukturasıdır. Forma əsərin yalnız qafiyəsi, ölçüsü, dili, stilistikası məcazları deyil, həm də əsərin mündəricəsini formalaşdıran strukturası, quruluşu, kompozisiyası, daxili rabitələri, maneraları, motivləri və bu motivlərin veriliş şəkilidir. Çıplaq forma axtarmaq fikri ona görə yanlışdır ki, hazır bir forma yoxdur və olmamışdır".

Ədəbi terminlərə, metodlara, cərəyanlara yetərincə diqqət yetirilmədiyi, dəqiq və dərin münasibət bildirilmədiyi, nəzəriy-yələrin, baxışların stabil olmadığı dövrdə məsələyə tam aydınlıq gətirilmiş, problemə müasirlik müstəvisindən yanaşılmışdır.

Professor Mir Cəlal Paşayevin düşüncələri naturalizm məsələsində də əsaslandırılmış məntiqə söykənir, yetərincə konkret və aydındır. O, problemə toxunaraq yazırdı: "Hər gözə görünən, hər yazan, hər hiss olunan şeyi şərtsiz, təhlilsiz, seçkisiz alıb, bədii əsərə doldurmaq, həyatın hər təsadüfi faktı və hadisəsini bədii ədəbiyyat obyekti saymaq müasir naturalizmin ilk başlıca xüsusiyyətidir. Natu-ralist, qələmə aldığı səhnənin, tədqiqatçılara layiq dəqiq şəkildə, onun ehtiva etdiyi bütün ünsürlər kompleksi ilə fotoqraf qədər "obyektiv" verməyə çalışır".

Qeyd edildiyi kimi, naturalist əsərlərdə çox vaxt bədii-estetik keyfiyyət, zövqün və dünyagörüşün inkişafı məsələləri arxa plana keçir, intim səhnələrə, jarqon və biədəb sözlərə geniş meydan açılır, yüngül və ucuz oxucu marağına hesablanmış "əsərlər" cəmiyyətə və ədəbi mühitə mənfi emosiyalar ötürür. Görkəmli tənqidçi, istedadlı ədəbiyyatşünas Mir Cəlal müəllim əsərlərində naturalizm pərdəsi altında işlədilən xüsusilə biədəb sözlərə öz münasibətini olduqca dəqiq və sərt bildirərək demişdir: "Bizim əsərlərdə isə ədəbsiz çıplaq təsvir, ifadə moment olaraq vardır. Qantəmirdə biədəb söz əsərin canıdır. Bizim hekayələrdə biədəb söz əsərin nöqsanıdır. Yəni bu sözləri atsan hekayə pozulmaz, biləks sağlamlaşar".

Milli ədəbiyyatımızın saflığı, büllurluğu, duruluğu, sağlamlığı həmişə Mir Cəlal müəllimi düşün-dürmüş, onun bədii yaradıcılığa yeni gələn, gələcəyinə ümidlər bəslənilən gənclərin əsərlərinə tənqidi münasibəti də sabit və birmənalı olaraq xeyirxahlıq, qayğıkeşlik səciyyəsi daşıyırdı. Ədibin aspirantlığının ilk illərin-də Həmid Araslı ilə müştərək yazdığı və "Kommunist" qəzetində çap etdirdiyi "Hücum" adlı məqaləsində (1931.239. 16 oktyabr) həmyaşıdlarının yaradıcılığına dövrün ədəbi-estetik meyarları nəzərə alınaraq obyektivlik, prinsipallıq müstəvisindən qiymət verilmişdir. Məqalədə yazılırdı: "Dilbazının "Pambıqlı çöllərdə" parçası mövzu etibarilə ən aktual olsa da, kolxoz tarlalarında gedən kəskin mübarizə və əmək həyatını göstərməkdən çox aciz və bədii qiymətcə zəifdir. "1 avqust" münasibəti ilə buraxılan "Baltıkdan Atlantikə" şeiri müvəffəqiyyətli parçadır. Osman yoldaş (Osman Sarıvəlli nəzərdə tutulur - A.R.) müharibə haqqında yazan gənclərin bir çoxundan irəli gəlmişdir.

Səməd (Vurğun), "Ölən şeirlərim"də sadaladığı şeylər ilə "ağır və çətin dəqiqələrə qatlanaraq", ələmlər içərisindən ayrılır... Zərbəçi yazıçılardan Mirzə yoldaşın (Mirzə İbrahimov - A.R.) "Yanlandır yalan" parçası keçmişlərə nisbətən iləri atılmış bir adımdır. Bu parça dünya görüşü uğurunda mübarizədən danışır. Mirzə, Müşfiqin "Həyatı gözəl duyan məncə, şair olandır:" ...təsəvvüfi fikrinə, doğru cavab verə bilməmişdir... Nədənsə Mirzə həyatı duyma məsələsini proletaryata aid edir. Və hətta proletaryatın və onun rəhbərlərinin böyüklüyünü həyatı duyub dəyişməklərində görür. "Cavad, Cavid duydularmı biz duyan kimi həyatı?" Mirzə bu sualına mənfi cavab verməklə (Cəfər Xəndan kimi və başqaları kimi) burjuaziyanın düşünmədiyi, hətta duymadığına ina-nır. Elə çıxır ki, burjuaziya sinifi inqilab və sosializm quruluşunun doğruluğunu anlamadıqları üçün buna tərəfdar olmurlar".

O dövr üçün Mir Cəlal Mir Əli oğlunun proletar - burjuaziya ziddiyyətləri və ikincilərin təmsilçiləri haqqında yanlış, əsassız düşüncəni cəsarətlə təkzib etməsi, haqqa, həqiqətə, düzlüyə sadiq-liyi, ədalətlilik, obyektivlik prizmasından həmyaşıdlarının əsərlərinə tənqidi yanaşması, repressiya buludlarının ziyalıların, qələm əhlinin başı üzərində sıx-laşdığı bir ərəfədə cəmiyyətdə heyrət və rəğbətlə qarşılanır, sözə və onun sahibinə sayğını artırırdı. Gənc yazarların əsərlərinin yüksək peşəkarlıqla təhlili, ciddi qüsur-ların aşkara çıxarılması, həlli yollarının araşdırılması istiqamətində metodik tövsiyələr, müsbət xüsusiyyətlərin vurğulanması, uğurlu bədii nümunələrin ürək genişliyi, sevinc hissi ilə təqdir olunması şair və yazıçıların formalaşmasına, sənətkarlıq keyfiyyətlərinin yüksəlişinə təkan verirdi. Etiraf edilməlidir ki, XX yüzilliyin 30-60-cı illərində Azərbaycan ədəbi mühitində yetişən görkəmli şair və yazarların, qələm əhlinin uğurlarında Mir Cəlal tənqidinin böyük töhfəsi, əhəmiyyətli təsiri və sanballı çəkisi hiss olunmaqdadır.

Mir Cəlal Mir Əli oğlunun ədəbi-tənqidi yaradıcılığında poeziyasına dəfələrlə istinad edilən, işıqlı, tutumlu poetik düşüncələri, obrazlı deyim tərzi təqdir olunan, Azərbaycan dilinin gözəlliyini, şirinliyini, axıcılığını ədəbiyyata gətirməklə yeni məktəbin təməlini qoyan istedadlı gənclərdən biri də Səməd Vurğundur. O, Vurğunla ilk tanışlığını belə xatırlayırdı: "1926-cı ilin, gərək ki, payızında Kirovabadın (indiki Gəncə şəhəri - A.R.) Maarif Evində, mərkəzdən gələn yazıçı nümayəndələrinin iştirakilə bir ədəbi məclis tərtib olunmuşdur. Zal müəllimlər, tələbələr, həvəskarlarla dolu idi. Məruzə, çıxışlar, şeir oxunması, alqışlar... hər şey öz qaydası ilə aparılırdı.

Məclisdəkilərin çoxunun tanımadığı boz şinelli, qara və sıx saçlı bir oğlan tribunada göründü. O, özündən əvvəl oxunan bir şeirə işarə edərək nitqini təhlili sual ilə başladı:

- Buna siz şeir deyirsiniz və alqışlayırsınız? Bu, şeir deyil, açıq məktubdur!

Bu qara oğlanın nitqi də, şeiri də məclisdəkilərin diqqətini topladı. Onun çıxışı çoxlarının dediyini demirdi. Onun sözlərində xüsusi bir cürət, orijinallıq duyulurdu. Onun səsi, hər eşitdiyini alqışlamağa adət etməyən, ürəyinin sözünü deyən, bu günün şeirinə yüksək tələblə yanaşan, axına qarşı getməkdən qorxmayan bir gəncin səsi idi. Bu natiq, o zaman hələ ilk şeirlərini yazan gənc Səməd Vurğun idi".

"O zaman hələ ilk şeirlərini yazan gənc"in 20, Mir Cəlalın isə 18 yaşı vardı. Ədəbiyyata sevgi, poeziyaya məhəbbət bu iki gənci tezliklə yaxın məsləkdaşlara çevirdi. O vaxt Mir Cəlalın da ilk şeirləri kütləvi mətbuat orqanlarında, o cümlədən, "Qızıl Gəncə" qəzetində, "Maarif yolu" jurnalında nəşr edilirdi. 1929-1930-cu illərdə bu gənclər Gəncə mühitindən ayrılaraq Moskvada və Kazanda təhsil almağa getsələr də, tale onları 1931-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasında yenidən birləşdirdi. Təhsil illəri, ədəbi mübahisələr, yeni ədəbiyyat və sənət uğrunda mübarizələr onların bir-birinə inamını, dostluğunu daha da möhkəmləndirdi. Səməd Vurğunun şeirdən-şeirə inkişafı Mir Cəlal tənqidinin nəzərindən yayınmırdı. 1932-ci ildə Səməd Vurğunun yaradıcılığına həsr etdiyi ilk irihəcmli "Özünü yenidənqurma yollarında" adlı məqaləsini "Hücum" jurnalında (1932. 5-6. səh.31-35) çap etdirən Mir Cəlal yazırdı: "Səmədin yaradıcılığı haqqında indiyə qədər prinsipli, ...möhkəm bir tənqidimiz yox dərəcəsindədir.

Ümumiyyətlə ...ədəbiyyatımızdan danışarkən 5-3 sətirdə Səmədə həsr edilmiş məqalələrə rast gəlmək olar. Bunlar isə bəzi parçalara əsaslanaraq, onu damğa-lamaq və qiymətləndirməklə kifayətlənmiş, Səmədin yaradıcılıq inkişafına konkret köməkedici bir mahiyyətdə olmamışdır. "Şairin andı" haqqında son zamanlarda yazılan "tənqid"lər isə, Səmədin yazılarını düzgün ...tənqidi süzgəcindən keçirmək, onun yaralı xəstəliklərini açıb şərh etmək əvəzində daha da oxucuları dolaşdır-mışdır. Bu tənqidlər Səmədi ayrı-ayrı misraları ilə cilovlayaraq istədikləri tərəfə çəkmiş, onun yaradıcılığının ana xəttini belə müəyyən etməmişlər.

... Səmədin yazıları həqiqi, bədii əsərdir, sənətkar məhsuludur. Bu hal bizi Səmədə qarşı olan tələblərimizi kəskin qoymağa və ondan ədəbiyyat "maqnitostroyu" yaratmaq üçün qəti və zərbəli mübarəzəyə keçməsini, sənətindəki xəstəliklərdən azad olmasını tələb etmək zərurəti qarşısında qoyur".

Qeydlərdən də göründüyü kimi, tənqidçi Səməd Vurğun yaradıcılığına qeyri-obyektiv yanaşmalara, əsassız damğalara, qərəzli münasibətlərə sərt etirazını bildirmiş, "Səmədin yazıları həqiqi, bədii əsərdir, sənətkar məhsuludur" - deyərək onu yüksək dəyərləndirmişdir.

Mir Cəlal Mir Əli oğlu dönə-dönə qayıtdığı Səməd Vurğun yaradıcılığını şərh edərkən onun poetik dil xüsusiyyətlərini, üslub cazibədarlığını, bədii təsvir vasitə-lərindən yerli-yerində işlədilməsini vurğulamaqla yanaşı, xüsusilə poema və dram əsərlərində konfliktlərin kəskinliyinə, obrazların təbiliyinə, inandırıcılığına diqqət çəkir, bədii əsərlərdə sənətkarlıq keyfiyyətini gənc yazarlar üçün örnək sayırdı. Onun "Gənc işçi" qəzetində dərc etdirdiyi "Yaxşı bir əsər haqqında" (1938. 16 oktyabr) adlı məqaləsi Səməd Vurğunun "Vaqif" dramının səhnə həyatından bəhs edir. Tənqidçi əsərin tamaşasına baxdıqdan sonra ilkin təəssüratlarını belə bildirirdi: "Səməd mənfi obrazları da eyni qüvvətdə, real və zəngin boyalarla vermişdir. O, bəzi şablona alışmış avtorlar kimi düşməni axmaq, ağılsız göstərmir, düşmənin əl-qolunu bağlayıb müsbət obrazın qarşısına yıxmır. O, konflikti çox çətin və mürəkkəb yollarla inkişaf etdirir. İstər mənfi, istər müsbət tipləri bərkə-boşa salıb çıxarır, onları mürəkkəb situasiyalarda verir".

 

(Ardı var)