Ədalət. - 2019.- 18 yanvar. - ¹ 11. - S. 4.

 

20 Yanvara gedən yol

 

Ələmdar Məmmədov,

Təqaüddə olanBaş ədliyyə müşaviri

 

(əvvəli ötən sayımızda)

Dini şüarlar səsləndirməklə hadisələri tamam başqa səmtə yönəltmək istəyən qüvvələr var. Bütün bunların qarşısı alınmasa... Baş verənlər məşq xarakterlidi. Cəlilabad raykomunun başına gələnlər bir az sonra Mərkəzi Komitənin də başına gələ bilər. Bu sözlərimdən sonra Telman Orucov əsəbləşdi. Dedi ki, sən Mərkəzi Komitənin dərdini çəkmə. Dedim niyə, məgər mənim partbiletimin rəngi yaşıldı? O zaman Mərkəzi Komitənin katibi mənim fikirlərimə ciddi yanaşmadı.Yenə xalqla açıq dialoqa girmək əvəzinə aldadıçı manevr edərək, hakimiyyəti de yuri çəbhəçilərə verdilər. Beləliklə, SSRİ məkanında ilk dəfə olaraq Çəliabadda -kimin üçün qeyri formallar, kimin üçün də demokratik qüvvələr-adlanan qurum hakimiyyətə gəldi. Moskvanın istədiyi də bu idi.Mən həmin gündən qayıtmamaq niyyəti ilə Cəlilabaddan getdim.Lakin taleyin hökmü ilə daha 27 ay Cəlilabad rayon prokuroru vəzifəsində işləməli oldum.

P.S. Sual olunur. 20 Yanvar hadisələrinin qarşısını almaq olardımı? Yəqin ki,almaq olardı. Heç olmasa itkilərimiz azalardı. Litvanın paytaxtı Vilnüsdə 13 nəfər, Gürcüstanın paytaxtı Tbilisidə 9 nəfər, bizdə isə 130 nəfərdən çox insan şəhid oldu,yüzlərlə insan yaralandı. Maraqlı cəhət burasıdır ki,bu hadisələrdə nə Respublika partiya, sovet rəhbərlərindən,nə də Xalq Cəbhəsi liderlərindən, necə deyərlər, burnu qanayan olmadı.Təəssüf ki, o zamankı Respublika rəhbərliyində siyasi iradə və qətiyyət, Xalq Cəbhəsi rəhbərliyində isə sanbal çatmadı. İndi həmin dövrdə rəhbərliyin yüksək mərtəbəsində təmsil olunmuş insanlar 20 Yanvar hadisələri ilə bağlı danışanda, onu-bunu, xüsusi ilə hüquq-mühafizə orqanlarını günahlandıranda, onların yerinə xəcalət çəkirəm. Bütün səlahiyyətli şəxslərin baş verəcək faciədən xəbərləri var idi. Əgər mən, rayon səviyyəli rəhbər, noyabr ayının axırlarından, baş berə biləcək faciəni görə bilirdimsə, Mərkəzi Komitə katibi və Xalq Cəbhəsinin liderləri bunu necə görməyə bilərdi?! Onlar qoşun yeridiləcəyini bilirdilər, amma faciəli nəticələrin miqyasını görmür və başa düşmürdülər.

Hələ bir il əvvəl hiss etmişdim ki,respublikanın "beyni" hesab edilən Mərkəzi Komitə və "partaparat" sərbəst düşünmək qabiliyyətinə malik deyil.Millətin,xalqın fəlakət qarşısında qaldığı bir vaxtda, ən cüzi məsələnin həlli üçün mütləq yuxarıların razılığı olmalı idi.Heş kim üzərinə məsuliyyət götürmək istəmirdi.Az qala oturuş-duruş qaydalarını tənzimləyən "partaparat" aciz görünürdü.(Əgər belə olmasaydı son üç birinci katib təyinatında mənim-rayon prokurorunun rəyi soruşulardımı?) Bütün işlərini hüquq- mühafizə işçilərinin əli ilə görmək istəyirdilər.Mətkəzi Komitədən gələnlərin-təlimatçıdan tutmuş şöbə müdürlərinə, katibə kimi hamısının mənə ilk sualı bu olurdu:

-Miralimə,Sakitə,Səxavətə "Xəbərdarlıq" elan etmisinizmi?

Hər dəfə izah etməyə çalışırdım ki, təkrarlığa görə heç bir hüquqi məsuliyyət yaratmayan "Xəbərdarlıq"la onları geri oturtmaq olmaz.

Ələsgər Qocamanov istefa verəndən iki gün sonra Daxili İşlər Nazirinin 1-ci müavini Yusifov və Respublika prokurorunun 1-ci müavini Mirağa Cəfərquliyev rayon DİŞ-nin binasında cəbhənin liderləri ilə görüşməli idilər.Nazir müavini mənə müraciətlə dedi:

-Siz prokuror kimi cəbhə liderlərinə nə üçün"Xəbərdarlıq" elan etməmisiniz?

Mən neçənci dəfə eşitdiyim bu "iraddan" təngə gəldiyimə görə əsəbilərimi zorla cilovlaya bildim.Vəziyyəti belə görən Mirağa müəllim söhbətə qarışaraq dedi:

-Prokuror xəbərdarlığı telefonla etməlidir? Bacarırsınız onları prokurorun yanına gətirin, bir əvəzinə beş "Xəbərdarlıq" elan etsin.

Yarım saatdan sonra baş tutan görüşdə V.Polyaniçko ilə 2 saatlıq sohbətdən və Ələsgər Qocamanovun istefaya göndərməsindən daha da ruhlanan cəbhənin lideri Miralim məntiqli danışığı və cəsarəti ilə nazir müavinini çətin və çıxılmaz vəziyyətə saldı.       Bu gərgin anda səlahiyyətim olmasa da, müdaxiləmdən sonra söhbət yenə də sakit məcrada davam etdi.Yeri gəlmişkən, təvazökarlıqdan uzaq olsa da, Miralim iştirak etdiyim bütün dialoqlarda yalnız mənim sözümü kəsmir,həmişə hörmət və ehtiramla davranırdı.

Bir məsələni də vurğulamaq istəyirəm.Yazının əvvəlində qeyd etdiyim kimi yuxarı dairələr sanki xalqla dialoqa girməkdən qorxurdular.Dialoqa girənlər də radikalların "çaldığığı havaya oynayır",onların qeyri qanuni, həlli mümkün olmayan tələbləri qarşısında geri çəkilir, yerlərdə günahkar axtarışında olub,bəli,bəli deyir əsliində xalqı aldadırdılar. Məndə hərdən belə təsəvvür yaranmışdı ki,bu adamlar ya baş verə biləcək faciəni görmür və yaxud bu faciənin baş verməsini,qoşun yeridilməsini arzu edirlərdi.İnsanlarla dialoqa girməyin nümunəsi kimi bir faktı qeyd etmək istəyirəm.

Cəlilabadda baş vermiş faciənin           səhərisi günü, 30 dekabr 1989-cu il tarixdə Respublika Prokuroru İlyas İsmayılov mühüm işlər üzrə müstəntiq Oqtay Qasımovla Cəlilabad rayon prokurorluğuna gəldi. Masallı rayon prokuroru Əzizağa Həsənovla birlikdə hər üçü hadisə yerinə - yandırılmış və dağıdılmış RPK-nın binasına getdi. Həmin vaxtı raykomun binası qarşısında, 20 min adamın iştirakı ilə mitinq geçirilirdi. Raykomun binasından çıxıb, prokurorluğa qayıdan İlyas müəllimi və onu müşahidə edən şəxsləri mitinqçilər görürdülər. Bu zaman mitinqi idarə edən şəxs aksiyaçılara müraciətlə dedi:

-Görürsünüz, qanunların keşiyində dayanan, ədalət carçısı Respublika Prokuroru İlyas İsmayılov da mafiyanı müdafiə edir, gələn kimi raykomun binasına getdi.O da xalqdan qaçır, xalqın içərisinə gəlmir. Bu zaman İlyas müəllim tribunaya tərəf vüqarlı addımlarla irəlilədi. O, yaxınlaşdıqca insanlar dəhliz açır və ona yol verirdilər. İlyas müəllim tribunaya qalxıb, əlini mikrofona uzatdı. Mitinqi idarə edən mikrofonu ona verdi. İlyas müəllim soruşdu:

- Sənin adın nədir?

- Səxavət.

İlyas müəllim üzünü camaata tərəf çevirərək dedi:

-Səxavətin danışdıqlarının hamısı yalandır.

Mitinqdə uğultu əmələ gəldi. Sonra İlyas müəllim çoxsaylı suallara cavab verdi. Bütün cavablar qanun çərçivəsində və normasında idi. Bundan sonra yenə mitinqçilər dəhliz açdılar və İlyas müəllim prokurorluğa gəldi. (Video görüntü qalır).

Həmin dövr üçün xarakterik olan bir hadisəni də misal çəkmək istəyirəm. 1989-cu ilin noyabr ayının axırları idi. Birinci katib Ələsgər Qocamanov məni yanına çağırdı. Miralim və Novoqolovka kəndindən gələn 10-15 nəfər də katibin kabinetində idi. Kənd Qızılağac qoruğu ilə sərhəd olduğundan tez-tez vəhşi heyvanların hücumuna məruz qalırdı. Camaat da yığılan ov tüfənglərinin qaytarılmasını xahiş edirdi. Birinci katib həmin dəqiqə Daxili İşlər Nazirinə telefon açdı. Nazir dedi ki, Mərkəzi Komitənin icazəsi olmasa milis tüfəngləri qaytara bilməz. Katib bizim yanımızda Telman Orucova, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibova zəng etdi. Onların hər ikisi dedi ki, gərək Əbdürrəhman Vəzirovun razılığı olsun. Ələsgər müəllim öyrəndi ki, Vəzirov Moskvadadı. Çox əziyyətdən sonra onun Moskvadakı telefonunu tapıb Vəzirovla danışdı. Lakin respublikanın birinci katibinin də bu problemi həll etməyə gücü çatmadı. 14 ov tüfəngini qaytarmağa iradəsi çatmayan respublika rəhbərliyi 20 Yanvar hadisənin qarşısını necə ala bilərdi?