Səs. - 2019.- 4 yanvar. - 1. - S. 6.

 

20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

 

Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələr təşkili ediləcək

 

Nəzakət Ələddinqızı

 

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədiblər. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

20 yanvar faciəsinin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq və insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi və milli qürurumuzu qıra bilmədi. Xalqa qarşı törədilən bu cinayət Sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində, imperiyanın Bakıda qanlı hadisəni törətməklə, İttifaqa üzv olan digər respublikalara gözdağı vermək planı və imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatları və SSRİ DTK-nın "A" təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.

SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı.

M.Qorbaçovun fərmanı ilə paytaxtımızda fövqəladə vəziyyət elan olundu. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın və uşaq var idi.

 

1990-CI İLİN QANLI 20 YANVAR FACİƏSİNƏ DÖVLƏT SƏVİYYƏSİNDƏ TAM SİYASİ-HÜQUQİ QİYMƏT VERİLDİ

 

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş gündə Ulu Öndər Heydər Əliyev xalqının səsinə hər kəsdən əvvəl səs verdi. Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Dahi Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

 

ŞƏHİDLƏR XİYABANI XALQIMIZIN MÜQƏDDƏS AND YERİNƏ VƏ ZİYARƏTGAHINA ÇEVRİLDİ

 

Ümummilli Lider Heydər Əliyev, 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də, bir sıra mühüm tədbirlər həyata keçirdi. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, ilk olaraq, Şəhidlər Xiyabanını ziyarət etdi və tapşırıq verdi ki, qısa müddətdə, bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin və əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətində böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin və əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsi gücləndirilir. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildəki prezident seçkilərindən sonra dərhal sonra imzaladığı birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olmuşdur.

Bu Fərman Azərbaycan vətəndaşına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş, sağlamlığını itirmiş insanlara olan münasibətin bir göstəricisidir. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər Xiyabanı Vahid Kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun "20 Yanvar" stansiyasının üzərindəki dairədə Xatirə-Kompleksin yaradılması oldu. Prezident İlham Əliyevin tapşırığı ilə Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində Memorial Abidə-Kompleks yaradıldı. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.

Bu gün xalqımız 20 Yanvar hadisələrinin 29-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır və onların əziz xatirəsini böyük ehtiramla yad edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib.

Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Həmçinin, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də, televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər Xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər Xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar, hüzn əlaməti olaraq, dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.