Səs. - 2019.- 17 yanvar. - ¹ 10. - S. 8.

 

Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi

 

Nəzakət Ələddinqızı

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar faciəsi XX əsrdə xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Artıq 20 Yanvar hadisələrindən 29 il keçir. Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tariximizdə yer alıb. Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir. İmperiyanın Bakıda qanlı hadisəni törətməklə, ittifaqa üzv olan digər respublikalara gözdağı vermək planı və imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

1990-cı ilin yanvar ayında, M.Qorbaçov başda olmaqla, Sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək, qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə, bu, tamamilə saxta bir tezis idi. 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu.

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt isə öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüşdü ki, onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almış, 4 şəxs itkin düşmüş, 400 nəfər isə həbs edilmişdi. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə, hər iki rayonda dinc insanlar qətlə yetirilmişlər. Beləliklə, Sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı, rəsmi olaraq, 147-yə çatmışdı. Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır. M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid etmişlər.

Faciədən bir neçə il sonra, yəni 1994-cü ilin yanvarında bu qanlı cinayətin başında duran SSRİ müdafiə naziri marşal Yazov DFVK işi üzrə prosesdə ifadə verərkən bildirmişdi: “1990-cı il yanvarın 19-da Qorbaçov məni, Bakatini və Kryuçkovu yanına çağırıb Bakıda fövqəladə vəziyyət tətbiq etmək əmrini verdi. Mən heç bir yazılı qərar, heç bir fərman görməmişəm”.

20 Yanvar faciəsi Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş gündə Ulu Öndər Heydər Əliyev xalqının səsinə hər kəsdən əvvəl səs verdi. Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola- ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20- də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29- da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Ulu Öndər şəhidlərin ailələrini dövlət qayğısı ilə əhatə etdi. Eləcə də, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı ilə bağlı tədbirlər görüldü. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək, həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də, davamlı olaraq, həyata keçirilir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətində böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən- ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.

Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Prezident ilham Əliyevin Sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi və yaşayış evləri inşa olunur. Müvafiq olaraq, 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə də verilir. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu.

Bu gün xalqımız 20 Yanvar hadisələrinin 29-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır və onların əziz xatirəsini böyük ehtiramla yad edir. Ölkəmizin hər yerində, eləcə də, xarici dövlətlərdə tədbirlər keçirilir. 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunur.