Xalq qəzeti. - 2019.- 17 yanvar. - ¹ 12. - S. 5.

 

Bakı qərənfilinin göz yaşları

 

İlham Abbasov

 

Hər bir xalqın tarixində elə hadisələr olur ki, onun təkcə həyat salnaməsində deyil, həm də ruhunda, qan yaddaşında iz qoyur. Ölkəmizin müasir tarixində belə hadisələrdən biri 20 Yanvar faciəsidir. 1990-cı ilin 20 yanvar gecəsi sovet ordusunun Bakıda törətdiyi qırğın, öz vətəndaşlıq hüquqlarını ifadə etmək, qorumaq üçün ayağa qalxmış dinc, silahsız insanların amansızlıqla qətlə yetirilməsi millətimizi varlığının dərinliklərinə qədər sarsıtdı. Təbii ki, bu faciəvi duyğular xalq ruhunun ifadəsi olan ədəbiyyatı, poeziyanı biganə qoya bilməzdi. İndi, üstündən illər keçəndən sonra biz o hadisələri xalqımızın qəhrəmanlıq tarixinin bir səhifəsi kimi xatırlayır, şəhidləri azadlıq mübarizəmizin yalnız qurbanları kimi deyil, həm də qəhrəmanları kimi yad edirik.

 

Qanlı Yanvar günlərində isə hələ millətin yarasından qan sızırdı, insanların gözü də, ürəyi də qan ağlayırdı. Belə bir ovqat içində yaranan poeziya nümunələri də, təbii ki, matəm notları üzərində köklənir, ağı, mərsiyə məzmunu daşıyırdı. Faciənin bədii ifadə formasını tapmaq üçün şeir sənətinə bütün məqamlarda yerinə düşən, rəmzi məna daşıyan mükəmməl poetik obraz lazım idi. Belə bir simvolik obrazı isə həyat özü təqdim etdi...

Yanvarın 20-də səhər açılar-açılmaz şəhərə çıxan insanlar Bakının şəhid qanı tökülmüş bütün yerlərini – küçə və meydanları qan rəngli qırmızı qərənfillərə bürünmüş gördülər. Və hüzn ovqatı başa çatana qədər 40 gün belə davam etdi. Qan tökülmüş yerlərlə yanaşı, paytaxtın giriş yolları, Azadlıq meydanı, dəfn prosesinin keçdiyi küçələr, Şəhidlər xiyabanı, metro stansiyaları, hava limanının qarşısı bütün bu müddət ərzində qırmızı qərənfil örtüyü altında qaldı. Həmin günlərdə hamının dilinin əzbəri olan M.Aslanın “Ağla, qərənfil, ağla” şeiri ilə Yanvar faciəsinin çiçək simvolu həm də poetik simvola çevrildi.

 

Qərənfil – şəhid qanı,

Ağla, qərənfil, ağla!

Ağla, inlət meydanı,

Ağla, qərənfil, ağla!

 

Hər şəhidə bir düzüm,

Abşeron – qan dənizim.

Sən mənim ağlar gözüm,

Ağla, qərənfil, ağla!

 

Xeyrə Şər üstün gəldi,

İniltili ün gəldi...

Ağlamalı gün gəldi,

Ağla, qərənfil, ağla!

 

O vaxtacan qırmızı qərənfil məhəbbət çiçəyi sayılırdı. Dövrün ən yaxşı sevgi şeirlərini yazan N.Kəsəmənli qərənfilin rəmzi “statusunu” –

 

İndi sevənlər üçün

Beş qərənfil dəbdədir. –

 

misraları ilə ifadə etmişdi.

Yanvar faciəsindən sonra qərənfilin başına gələn qəziyyəni isə Əjdər Ol poetik deyimlə belə mənalandırdı:

 

Qanlı Yanvar, can bacı,

görürsənmi neylədi?

Bakı qərənfilini yas çiçəyi eylədi.

 

Doğrudan da, əvvəllər şadlıq məclislərinin bəzəyi olan qərənfil o məşum gündən sonra yalnız qara haşiyəli şəkillərin qarşısına, məzar daşlarının üzərinə düzmək üçün alınır.

O illərə qədər SSRİ-nin bütün böyük şəhərlərini çox dəbdə olan qərənfil çiçəyi ilə Abşeron istixanaları təchiz edirdi. Qərənfilin birinin təxminən bir manata satıldığını nəzərə alsaq, matəm günləri ərzində heç bir rəsmi göstəriş olmadan yüz milyonlarla çiçəyi “küçələrə tökmüş” Bakı gülçülərinin mənəvi dəyanət və maddi səxavətinin miqyasını təsəvvür edə bilərik. Zənnimcə, onların bu hünərini sinəsini güllə qabağına vermiş şəhidlərin qəhrəmanlığı ilə müqayisə etmək olar.

Həmin gün və sonrakı illərdə – 20 Yanvar faciəsinin ildönümü münasibətilə yaranmış poeziya nümunələrində qərənfil obrazı aparıcı motiv olaraq qalır. Qabil “Mərsiyə” şeirində yazır:

 

Tutulub vahimədən nitq bu gün, dil bu səhər,

Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,

Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,

Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.

Gecəni atəş ilə qırmızı qan eylədilər,

Xalqımı-millətimi gülləbaran eylədilər.

 

Z.Yaqub şəhidlərin torpağa tökülmüş al qanı ilə qanlı torpağa düzülmüş al qərənfillərin paralel, fəqət kontrastlı duyğular oyatdığını bədii təzad vasitəsilə belə ifadə edir:

 

Həyatımda ilk dəfə bu qədər qan  görürdüm,

Qızıl qana bələnmiş sökülən dan  görürdüm,

Qan içində çalxanan Azərbaycan görürdüm

Yerdən, göydən, dənizdən axırdı şəhid qanı!

 

Həyatımda ilk dəfə bu qədər gül görürdüm,

Hər gülün arxasında sınan könül görürdüm,

Bütün Azərbaycanı məlul-müşkül görürdüm,

Dünyanı yandırırdı, yaxırdı şəhid qanı!         

 

Bir neçə il sonra Qarabağ döyüşlərində şəhid olaraq ölümündən sonra Milli Qəhrəman adına layiq görüləcək A.Mustafayev həmin günlərdə Şəhidlər xiyabanında keçirdiyi hissləri belə ifadə edirdi:

 

Torpaqda haqqı var axan qanın da,

Bir nərin qolları düşüb yanında,

Müqəddəs Şəhidlər xiyabanında,

Dəli bir ağlamaq keçir könlümdən.

Yanmadım ömrümdən keçən illərə,

Baxıb məzarımda solan güllərə,

Söykəyib üzümü qərənfillərə,

Dəli bir ağlamaq keçir könlümdən.

 

 İ.Qaçayoğlu dağı-daşı ağladan faciənin fonunda qərənfili poetik obraz olaraq göz yaşının simvolu mənasında rəmzləşdirirək yazır:

 

Mən səni şad yerə necə aparım,

Sən ey gözlərimin yaşı qərənfil.

Daşdan səs çıxmırdı milyon il idi,

Sən necə ağlatdın daşı, qərənfil?

 

 M.İsmayıl qırmızı qərənfil çiçəyi ilə rəmzləşdirilən şəhid qanının yerdə qalmayacağına, qisas gününün gəlib çıxacağına inamını poetik tərzdə bu sayaq dilə gətirir:

 

Qara gələn ildi bu qan,

 Axdı, ya kəsildi bu qan?

 Açan qərənfildi bu qan –

 Bu qan yerdə qalan deyil!

 

 Yoxsa, bu sönən od-ocaq

 Kim söndürüb, unudacaq?

 Hələ çoxunu tutacaq –

 Bu qan yerdə qalan deyil!

 

 Ey axan qanın yiyəsi,

 Canımda canın yiyəsi,

 Çıxacaq qanun yiyəsi,

 Bu qan yerdə qalan deyil!

 

 İllər keçdikcə Qanlı Yanvarla bağlı matəm duyğularını tədricən qürur hissi əvəz etməyə başladı. Bu, Şəhidlər xiyabanında keçirilən mərasimlərin xarakterində də özünü göstərirdi. Poeziyada isə bu mənada dönüş nöqtəsi olaraq M.Arazın “Ağlama” şeirini göstərmək olar.

 

 Əyilməkdir ağlamağın tərs üzü,

 Dərdi dartıb üzməyəni dərd üzür.

 Ağlayanı tez də tapır dərd-hüzür,

 Bəlkə Tanrı belə yazıb, ağlama.

 Səsini boğ, millət qızı, ağlama.

 

 Bu torpağın son qurbanı mən olsam,

 Öz odumda yanıb külə tən olsam,

 Eldən ötən güllələrə dən olsam,

 Ata millət, oğul deyib ağlama.

 Ağlamağın yeri deyil, ağlama.

 

  Şəhidlik mövzusu ədəbiyyatımızda yeni hadisə deyildi. Klassik poeziyamızda bu mövzu ən çox Kərbəla müsibəti ilə bağlı işlədilmiş, onlarca mərsiyə yazılmışdır. Böyük Füzulinin ən irihəcmli əsəri olan “Hədiqət-üs süəda” da bu mövzudadır.

Ümumiyyətlə, şəriət qaydalarına görə, şəhid adına, ilk növbədə, din yolunda qurban gedənlər layiq görülür. Azərbaycan ədəbi düşüncəsində isə ən qədim qaynaqlarından üzü bəri el-oba, Vətən yolunda, azadlıq, haqq-ədalət uğrunda canlarından keçənləri də şəhid saymaq ənənəsi var. Hələ 1300 il əvvəl ulu kitabımız “Dədə Qorqud”da Qaraca Çoban elin sərvətini yağılardan qoruyarkən həlak olmuş qardaşlarını “şəhid” adlandırır. M.Ə.Sabir Vətənin istiqlalı yolunda canlarından keçmiş Səttarxan əsgərlərini “şəhida” deyə vəsf edir.

 

 Həqq mədətkar oldu Azərbaycan ətrakına,

 Ali-Qacarın protest etdilər Zöhhakına.

 Ol şəhidanın səlam olsun rəvani-pakına

Kim, tökülmüş qanları Təbrizü Tehran xakına,

 Onların cənnət deyildir mənzili, aya nədir?!

 Afərinim himməti-valayi-Səttarxanədir!

 

 Sovet dövründə yazılmış şeirlərdə R.Rza Babəki, Ə.Kərim Nəsimini, S.Rüstəmxanlı Cavad xanı “şəhid” adlandırırlar. 20 Yanvar hadisələrindən və Qarabağ döyüşlərindən sonra çağdaş ədəbiyyatımızda daha da aktuallaşan şəhidlik mövzusunda bir sıra dəyərli poeziya nümunələri yaradılır. Bu sırada Xalq şairi B.Vahabzadənin qələmindən çıxmış əsərlərin xüsusi dəyəri vardır.

 Qanlı Yanvarın ertəsi günü hətta ölümdən belə çəkinmədən adam arasında rus generalının üzünə tüpürmüş Bəxtiyar müəllim elə həmin gün yazdığı şeirdə şəhidliyin həm ictimai-fəlsəfi, həm də mənəvi-insani mənasını ifadə edə bilmişdir.

 

Qatil gülləsinə qurban gedirkən,

Gözünü sabaha dikdi Şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla,

Vətən torpağına çəkdi Şəhidlər…

O şənbə gecəsi, o qətl günü,-

Mümkünə döndərdik çox namümkünü,

Xalqın qəlbindəki qorxu mülkünü,

O gecə dağıdıb sökdü Şəhidlər…

İnsan insan olur öz hünəriylə.

Millət, millət olur xeyri, şəriylə,

Torpağın bağrına cəsədləriylə,

Azadlıq tumunu əkdi Şəhidlər.

 

 B.Vahabzadənin bir neçə ay sonra qələmə aldığı “Şəhidlər” poeması isə, heç şübhəsiz, müasir ədəbiyyatımızın bu mövzuda yaradılmış ən dəyərli nümunəsidir. ­Poemada müəllif 20 Yanvar hadisələrini, faciənin səbəblərini, şəhidlərin fədakarlığını, mərkəzin məkrli siyasətini, qatillərin qaniçənliyini bütün vacib detalları ilə açıb göstərməyə müvəffəq olmuşdur. Yüksək vətənpərvərlik pafosu ilə yazılmış bu əsərdə şair 20 Yanvar hadisələrini tariximizin qəhrəmanlıq səhifəsi, əsarətdən xilas olmaq uğrunda mübarizə aktı kimi qiymətləndirir.

 

 Özgənin əlindədir xeyirimiz, şərimiz,

Sərvətimiz daşındı, hey soyuldu dərimiz.

Gözümüz üfüqdədir, açılmır səhərimiz,

 Bizə düşən səmada gün tutulmuş, ay Allah!

 

İllərlə məhkumluğun keşiyində dayandıq,

Özümüzə biz bunu, yoxsa, şərəfmi sandıq?

Xoşbəxt olduğumuza inandıq, çox inandıq,

Düz yalana, haqq zora, demə, qulmuş, ay Allah!

 

Gözümüzdə qalsa da muradımız, kamımız,

Görünənə deyil, yox, bir nəfər tək hamımız

Deyilənə inandıq... Bizim bu inamımız,

Demə, qul olmamıza kəsə yolmuş, ay Allah!

 

B.Vahabzadə şəhidlərin qəhrəmanlığını ilk növbədə Vətən məhəbbətindən doğan bir əməl kimi mənalandıraraq belə qənaətə gəlir ki, qurban verməyə qadir olmayan millət azadlıq qazana bilməz.

 

Gəldi ürəkdəki arzular dilə,

Silahı məhəbbət, son sözü Vətən.

Şəhidlər göstərdi ölümləriylə,

Ölüm aşağıdır Vətən eşqindən.

 

Azadlıq verilmir, alınır, dayan!

Onun elçisidir, ölüm, qan-qada.

Ölümə, cəfaya hazır olmayan,

Millət hazır deyil azadlığa da.

 

 Hər gecənin bir səhəri var, – deyirlər. O qara gecənin də sonunda səhər açıldı. Təkcə o mənada yox ki, axşam batan Günəş ertəsi gün yenidən doğdu, həm də o mənada ki, həlak olan Vətən oğullarının yerinə yeni Vətən balaları doğuldu. Onlar millətimizim vüqarını sınmağa, ümidini sönməyə qoymadılar. Poemanın sonunda şair də ağrılı mətləblərdən uzaqlaşaraq sözünü nikbin notlarla ­tamamlayır:

 

 ...İyirmi yanvarda doğum evləri

Ölümdən, qırğından xəbərsiz idi.

O gün Bakımızda gecədən bəri,

Ölüm ilə həyat üzbəüz idi.

 

Güllə səslərini çağa səsləri,

Batırdı o gecə, şükür Allaha!

Doldu şəhidlərin boşalan yeri,

Naşükür olmayaq, vallah, bir daha!

 

 Axıdılan qanların, söndürülən ocaqların qisası yerdə qalmadı. Şəhidlərin uğrunda qurban getdikləri böyük amal yerinə yetdi – millətimiz azadlığa, dövlətimiz istiqlala qovuşdu. Solan qərənfillərin yerinə yeni tər çiçəklər cücərdi...