Xalq Cəbhəsi. - 2019.- 17 yanvar. - 10. - S. 14.

 

 

Koroğlunun vücudnamələri

 

İslam Sadıq,

filologiya üzrə elmləri doktoru

 

Vücudnamə bir şeir şəkli deyil. Azərbaycan poeziyasında ayrı-ayrı söz ustaları gəraylı, qoşma, divani və s. şeir şəkillərində vücudnamələr düzüb-qoşublar. Azərbaycan poeziyasındakı vücudnamələri barmaqla saymaq olar. Bu da ondan irəli gəlir ki, vücudnamə qoşmaq çox çətin işdir. Hər sənətkar vücudnamə qoşa bilmir. Vücudnamə qoşmaq üçün bəzən böyük istedad da azlıq eləyir, burada daha geniş dünyagörüşü, zəngin bilik, psixoloji, fəlsəfi duyum və s. tələb olunur.

Koroğlunun elə qoşmaları var ki, istər bədii siqlətinə, istər poetik gözəlliyinə, istərsə də misraların fikir tutumuna görə, gəraylılarından geri qalmır. Hətta Koroğlunun bir sıra qoşmalarındakı fəlsəfi fikir yükü Koroğlunu mütəfəkkir şair adlandırmağa imkan verir. Bu baxımdan onun Bənzərsən rədifli vücud- naməsi daha səciyyəvidir.

Koroğlunun iki vücudnaməsi bəllidir və hər ikisi qoşma şəklindədir. Onlardan biri insan, digəri at haqqındadır. İnsan haqqındakı Bənzərsən rədifli qoşma təkcə Azərbaycan ədəbiyyatında yox, mən deyərdim ki, dünya ədəbiyyatında ən gözəl, dolğun, tutumlu, bənzərsiz vücudnamələrdən biridir. Bənzərsən vücudnaməsi dastanın heç bir qolunda yoxdur. Onu müstəqil qoşma kimi 1804-cü ildə Əhərli şair Əndəlib Qaracadaği yazıya alıb, öz əlyazmalarına daxil etmişdir. Ə.Qa- racadağinin əlyazmalardan ibarət həmin dəftəri hazırda Sankt-Peterburq şəhərində saxlanır. Koroğlunun Bənzərsən vücudnaməsinin də orijinalı həmin dəftərdədir.

Bənzərsən vücudnaməsi adi şeir deyil. Bu qoşma ən gözəl ustadnamə kimi yüzillər boyu aşıqlarımızın dilinin əzbəri olmuşdur. Məclislərdə onu həm sevə-sevə oxumuşlar, həm də böyük maraqla dinləyiblər. Bu qoşmanı sevdirən əsas keyfiyyətlərdən biri odur ki, onun bütün misraları fəlsəfi düşüncə və duyğularla yoğrulub:

Üç yaşından beş yaşına varanda,

Yenicə açılan gülə bənzərsən.

Beş yaşından on yaşına varanda

Arıdan saçılmış bala bənzərsən.

 

Bu şeir bir insan ömrünün neçə-neçə rəssam lövhələrində rəsmini vermək mümkün olmayan bədii mənzərəsini göz önündə bütün çalarlarıyla canlandıra bilir. Üç yaşında uşağın təzəcə açılan gülə, on yaşında bala bənzədilməsi nə qədər poetikdirsə, o qədər də gerçəkliyə yaxındır. Üç yaşında uşaq doğrudan da çiçəyə, gülə bənzəyir. Təzə açılan gül gündən-günə pardaxlandığı kimi, üç-beş yaşında uşaq da gündən-günə totuqlaşır, gözəlləşir. Beş yaşından on yaşına qədər uşaq şirinləşir, hətta bəzi adamlar bu yaşda olan uşaqları dişləyirlər.

On dördündə sevda yenər başına,

On beşində yavan girər duşuna.

Çünki yetdin iyirmi dörd yaşına,

Boz, bulannıq axan selə bənzərsən.

Otuzunda kəklik kimi səkərsən,

İyidlik eyləyib qanlar tökərsən.

Qırxında sən əl haramdan çəkərsən,

Sonası ovlanmış gölə bənzərsən.

On dörd yaşında başına sevda dolan cahıl iyirmi yaşında doğrudan da boz, bulanlıq selə bənzəyir. İyirmi yaş cavanlığın çağlayan, aşıb-daşan, gözü- başı qaynayan, özünü oda-közə vuran, yolunu azan, məqsədini bilməyən dövrüdür. Təkcə bu misralara görə Koroğluya ən böyük psixoloq-filosof demək olar. İnsan psixologiyasını bu qədər dərindən duyan, müşahidə eləyən, onun belə yüksək poetik ifadəsini yaradan Koroğlunun şairliyinə şübhə etmək Günəşi buludda gizlətmək kimi bir şeydir. Şeirin ikinci bəndini yazmaq üçün doğrudan da şairlikdən başqa, bir də güclü psixoloji hissiyyat, duyum lazımdır. Şeirin sonrakı bəndləri isə dərin müşahidənin və güclü istedadın pıçıltılarıdır. İnsanın otuzunda kəklik kimi səkməsini, iyidlik eləyib qanlar tökməsini, qırxında haramdan əl çəkməsini Koroğlu istər bir qəhrəman kimi, istərsə də bir şair kimi dərindən müşahidə etmiş və onun sözlə gözəl ifadəsini verib.

Əllisində əlif qəddin çəkili,

Altmışında ön dişlərin tökülü.

Yetmişində qəddin, belin bükülü,

Karvanı kəsilmiş yola bənzərsən.

Səksənində sinir yenər dizinə,

Doxsanında qubar qonar gözünə.

Koroğlu der, çünki yetdin yüzünə,

Uca dağ başında kola bənzərsən.

Əllisində əlif qəddinin əyildiyini, altmışında ön dişlərin töküldüyünü, yetmişində belinin büküldüyünü görən Koroğlu insanı bu yaşda karvanı kəsilmiş yola bənzədərək gördüklərini gözəl poetik deyimlə möhürləyib. Səksənində dizləri, doxsanında gözləri zəifləyən insanı yüzündə uca dağ başında kola bənzədən Koroğlu bu bənddə də sözlə elə bir canlı mənzərə yaradıb ki, onu heç bir rəsm lövhəsi ilə yaratmaq olmaz. Təkcə bu qoşmayla bağlı Bəxtiyar Vahabzadə Xalq! Yenə xalq! adlı bir məqalə yazıb. B.Vahabzadə xalqı bilmədən, duymadan onun qəlbinə yol tapmağın mümkünsüzlüyünü söyləyib. Xalqı xalq dilində dindirən, danışdıran, öz sənət incilərini xalqın canlı danışıq dilində yaradan ilk sənətkarlarımızdan biri doğrudan da Koroğlu olub.

Bəxtiyar Vahabzadə çox haqlı olaraq şeirin formasına deyil, məzmununa, ondakı ifadə vasitələrinin gözəlliyinə valeh olduğunu söyləyib:

- Buradakı həyati detallar, ştrixlər, obrazlar adamı valeh edir. 5 bəndlik bir qoşmada aşıq böyük bir ustalıqla 100 illik ömrün müxtəlif pillələrini ümumiləşdirə bilib. Boz-bulanıq axan sel, sonası ovlanmış göl, karvanı kəsilən yol, uca dağ başında kol detallarının hər biri ömrün bir pilləsinə nə qədər uyğun, nə qədər münasibdir. Bu şeirin mayası həyatdan, dərin müşahidədən gəlir. Bizi burada forma maraqlandırmır. Biz məzmuna, ondakı ifadə vasitələrinin gözəlliyinə valeh oluruq.

Koroğlunun Bənzərsən qoşması bütöv bir insan ömrünün körpəlikdən qocalığa qədər ayrı-ayrı yaş dövrlərinə görə bioloji, fizioloji, psixoloji və sosioloji yaşantılarını hiss və həyəcanlarıyla, arzu və istəkləriylə, fikir və duyğularıyla, acı və şirinləriylə, sevinc və kədəriylə, doğru və yalanlarıyla birgə sözün poetik gücüylə ifadə edən ölməz ədəbi-fəlsəfi abidədir. Təkcə bu şeirin, ondakı bənzətmələrin, digər məcazların müəllifi olduğuna görə, Koroğlunu psixoloq, fizioloq, filosof-şair adlandırmaq olar.

Koroğlunun Bənzərsən vücudnaməsi dastanın heç bir qolunda yoxdur, o müstəqil şeir kimi ağızdan-ağıza düşüb yaşamışdır. Bir cəhətə fikir vermək lazımdır ki, Koroğlunun ayrı-ayrı şeirləri dastanın müxtəlif nəşrlərində bir-birindən fərqləndiyi halda, Bənzərsən vücudnaməsinin yalnız bircə variantı mövcuddur. Bu da həmin qoşmanın bircə sözünü, hətta nöqtəsini-vergülünü dəyişməyin mümkünsüzlüyündən irəli gəlib.

Türkiyə alimlərindən S.Sakaoğlu, Ə.B.Alptəkin və Ə.Şimşək yanlış olaraq bu vücudnamənin Qırat haqqında qoşulduğunu söyləmişlər: Koroğlunun Kır atı için söyledigi vücutname bir atın hayatının anlatılması kibidir.

 

Otuzunda keklik kimin sekersen,

İyidlik eleyib qanlar tökersen.

Gırxhında sen el haramdan çehersen,

Sonası ovlanmış göle benzersen.

 

Görünür, müəlliflər bu vücudnaməni duymayıblar. Beş bəndlik bu qoşmanın bir misrasını da ata aid etmək mümkün deyil. Buradakı bənzətmələr və digər məcazlar da şeirin at haqqında olduğunu söyləməyə imkan vermir. Bu vücudnamə həqiqətən insan haqqındadır və onun at haqqında söyləndiyini düşünməyə də əsas yoxdur. Burada bircə fakta diqqət yetirmək kifayətdir ki, at on beş, iyirmi ildən artıq yaşamır. Vücudnamədə isə insanın üç yaşından yüz yaşınacan bütün ömrü təsvir edilmişdir. Şeirdəki bütün təsvirlər onun insan haqqında olduğunu göstərir. Koroğlunun ikinci vücudnaməsi at haqqındadır. Bu şeir də qoşma şəklində olub, Ərəb atın dastanını söylərəm misrası ilə başlayır. Bu misradan bəlli olur ki, Koroğlu onu Ərəb atın haqqında qoşub.

Koroğlu Ərəb atın vücudnaməsinə onun üç yaşının təsviri ilə başlayıb. Bənzərsən vücudnaməsində gördüyümüz kimi, insanın həyatı da üç yaşından başlayaraq təsvir edilib. Görünür, bu da təsadüfi deyil. Uşağın nişanları üç yaşından başlayaraq görünür, hiss olunur, onun gələcəyi bu andan etibarən müəyyən cizgilərdə və hərəkətlərdə özünü göstərir. At da üç yaşına qədər tutulmur, boğulmur, bağlanmır və başlı-başına buraxılır. Üç yaşında atı boğurlar və onun bütün nişanları bundan sonra bəlli olur. Koroğlu da vücudnamənin birinci bəndində buna işarə vurub:

 

Ərəb atın dastanını söylərəm,

Üç yaşında hər nişanı bəllolur.

Bir asma gərdənli, qulun sağrılı,

Sığır qabırğalı, maral əllolur.

Burada çox maraqlı müşahidələr və onların obrazlı ifadələri var. Azərbaycan şeirində gözəllərin təsvirində Mina gərdənli deyimi çox işlənir. Koroğlu Ərəb atın asma gərdənindən danışır. Bundan sonra Ərəb atın sağrısı qulununkuna, qabırğası sığırınkına, əlləri maralınkına oxşadılır ki, bunların hamısı orijinaldır, real bədii təsvirlərdir. Həm də bu cür düzgün seçilmiş gözəl bənzətmələrlə Ərəb atın boyu-buxunu, eni-uzunu olduqca gözəl və inandırıcı şəkildə təsvir edilmişdir. Bütün vücudnamələrdə yaş ardıcıllığı mütləq gözlənir və bu, vücudnamənin birinci şərtidir. Heç bir vücudnamədə on yaşdan sonra üç yaşın təsviri verilmir. Ərəb at haqqındakı vücudnamədə də Koroğlu yaş ardıcıllığını dəqiqliklə gözləyib. At üç yaşında minilir. Ona görə də birinci bənddə bütövlükdə atın üç yaşındakı durumu təsvir edilib. Yalnız bundan sonra ikinci bənddə onun dörd yaşından beş yaşına keçdiyi zamandakı nişanları göstərilib:

 

Dörd yaşından yetişəndə beşinə,

Yəhər üstdən əl yetişməz başına.

Qovğa günü üzün tutar qoşuna,

Gözləri dağlarda, burnu yellolur.

 

Yuxarıda xatırlatdım ki, Türkiyə alimlərindən S.Sakaoğlu, Ə.B.Alptəkin və Ə.Şimşək yanlış olaraq bu vücudnamənin Qırat haqqında qoşulduğunu söyləyiblər. Ərəb at haqqındakı vücudnamədəki bənzətmələrlə Bənzərsən vücudnaməsindəki bənzətmələrin müqayisəsi də aydın şəkildə göstərir ki, ikinci qoşmanın atla heç bir bağlılığı yoxdur. Ərəb at haqqındakı vücudnaməni insana aid etmək mümkün olmadığı kimi, insan haqqındakı vücudnaməni də ata aid etmək olmaz. Onu da unutmaq lazım deyil ki, ərəb at haqqındakı vücudnamə on yaşın təsviri ilə tamamlanıb. Bənzərsən vücudnaməsinin insan haqqında olduğu heç bir şübhə doğurmadığı halda, S.Sakaoğlu, Ə.B.Alptəkin və Ə.Şimşəyin bu fikri niyə söyləfikləri bəlli olmur. At on-on beş il yaşadığı halda, Bənzərsən vücudnaməsi insanın yüz yaşının təsviri ilə tamamlanır ki, bunu unutmaq lazım deyil.

Koroğlunun biri insan, digəri at haqqında olmaqla iki vücudnaməsi var və onların hər ikisi gözəl söz incisidir. Koroğlunun hər iki vücudnaməsi bənzərsiz və çox dəyərli poetik söz örnəkləridir. Ümumiyyətlə, Azərbaycan aşıq yaradıcılığında vücudnamə düzüb-qoşma ənənəsi Koroğludan başlanır və sonrakı bütün örnəklər onun təsiri altında yaranıb.