Paralel. - 2019.- 16 yanvar. - ¹ 9. - S. 10.

 

Azərbaycan müsəlman dünyasında İslam həmrəyliyinə müstəsna töhfələr verən dövlət kimi tanınır

 

Ölkəmizdə tolerantlıq təkcə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda və həyat tərzində özünü göstərir

 

 Son illər Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, heç şübhəsiz ki, burada ictimai-siyasi proseslərin inkişafına da təsirsiz ötüşmür. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə istər regionda, istərsə də beynəlxalq səviyyədə əldə edilən nailiyyətlər ictimai-siyasi və sosial həyatla birbaşa bağlı olan dini və milli məsəllərə də öz müsbət təsirini göstərir.

Bunun nəticəsidir ki, bu gün ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar arasında heç bir anlaşılmazlıq müşahidə olunmur, əksinə, bu münasibətlər artıq birgə əməkdaşlığın yeni səviyyəsinə - qarşılıqlı yardım və empatiya mərhələsinə yüksəlib. Bunu sübut edən bir çox faktlar var, ən diqqətçəkəni odur ki, hər hansı konfessiya üçün ibadət evi tikiləndə digər konfessiyalar ona yardım və dəstək olurlar. Bu, dünyada analoqu olmayan bir yanaşma və tolerantlıq nümunəsidir. Çünki müasir Azərbaycanda tolerantlıq təkcə cəmiyyətdə deyil, həm də hər bir vətəndaşın şüurunda, mövqeyində və həyat tərzində özünü göstərir. Eyni zamanda ölkəmizdə insan hüquq və azadlıqlarına, o cümlədən vicdan və din azadlığına dair qanunvericilik bazası respublikada tolerantlıq və dini dözümlülük kimi ali dəyərləri möhkəmləndirmək məqsədi ilə beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının da əsasını məhz, multikultaralizim və tolerantlıq təşkil edir. Bütün ömrünü Azərbaycançılığın və Azərbaycan xalqının rifahına həsr edən Ulu Öndərimiz dövlət-din münasibətlərinin tənzimlənməsində, dini-əxlaqi dəyərlərin müdafiə olunmasında və dini tolerantlığın möhkəmlənməsində müstəsna xidmətlər göstərib, özündən sonra bu sahədə böyük siyasi və dövlətçilik təcrübəsi miras qoyub. O həmçinin, gənclərin dini dözümlülük və tolerantlıq ruhunda tərbiyə olunmasının əhəmiyyətini xüsusi qeyd edib, bu məsələləri həmişə diqqətdə saxlayıb.

Son illər Ümummilli Liderin siyasətini həyatımızın bütün sahələrində uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, İslam dininə hörmətin və ehtiramın, digər dinlərə tolerantlığın möhkəmlənməsi sahəsində böyük işlər görülüb.

Prezidenti İlham Əliyevlə yanaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da multikulturalizmin Azərbaycan modelinin reallaşması istiqamətində mühüm işlər həyata keçirir. Mehriban xanımın rəhbərliyi və dəstəyi ilə Heydər Əliyev Fondu özünün beynəlxalq fəaliyyətində çoxsaylı layihələr həyata keçirir, bununla da Azərbaycan multikulturalizminin üstünlüklərini bütün dünyaya əyani şəkildə təbliğ edir. Onu da qeyd etmək lazımdır ki, H.Əliyev Fondunun  "Azərbaycan - tolerantlıq məkanı" layihəsi çərçivəsində həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda həyata keçirdiyi tədbir və layihələr beynəlxal ictimaiyyət tərfindən də rəğbətlə qarşılıanır.

Əgər biz Azərbaycanda multikulturalizmin və tolerantlığın inkişafı istiqamətində son illər görülən işlərə diqqət etsək, görərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə olunub, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib. Keçən il keçirilən prezident seçkiləri və Prezident İlham Əliyevin növbəti möhtəşəm qələbəsi, ilin ən əlamətdar hadisələrindən bir oldu. Bunun da əsas səbəbi ölkəmizdə həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir.

Bilirsiniz ki, müstəqilliyinin 28-ci ilinə qədəm qoyan Azərbaycan bu müddət ərzində çox mühüm nailiyyətlər əldə edib, böyük uğurlara imza atıb. Bu uğurların nəticəsidir ki, bu gün Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə öz yeri, rolu və xüsusi çəkisi olan nüfuzlu dövlətdir. Bu da sevindirici haldır ki, Azərbaycan həm də müsəlman aləmində çox böyük hörmətə, nüfuza malikdir. Azərbaycan bütün islam dünyasında İslam həmrəyliyinə müstəsna töhfələr verən bir dövlət kimi tanınır. 2018-ci ildə də Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirib.  Ölkəmizin İslam həmrəyliyi ilə bağlı atdığı addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir. Bu da o deməkdir ki, Azərbaycan dövlətinin islam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirmək istiqamətində həyata keçirdiyi siyasət həm ölkə daxilində, həm xaricdə islami birliyin daha da möhkəmlənməsinə böyük töhfələr verib.

Bu da məlumdur ki, Azərbaycanın həyatımızın bütün sahələrində, o cümlədən islam həmrəyliyi, multikulturalizm, tolerantlıq, dini və milli özünəgüvənci, bəzi dairələr tərəfindən hər zaman qısqanclıq və narahatlıqla qarşılanır. Buna görə də, onlar respubilikamızın müsbət beynəlxalq imicinin və uğurlarının üzərinə kölgə salmaq məqsədiilə bütün çirkin metodlardan istifadə etməyə cəhd edirlər. Bəzi bizi sevməyən, uğurlarımıza qısqanclıqla yanaşan qüvvələrin əlində alətə çevrilən bu qruplar, ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla, ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Ölkəmizdə mövcud olan multikultural mühit göstərir ki, bu cəhdlər əbəsdir. Azərbaycan müstəqil, milli maraqlara əsaslanan siyasət yeridir. Dövlətimizin müstəqil siyasətinə, bu inkişaf yolunda irəliləməsinə təsir etmək mümkün deyil.

Bu qüvvələrin baş verən olaylara dini don geyindlirmək cəhdəri də, heç zaman öz təsdiqini tapmayıb və tapmayacaq. Çünki ölkəmizdə dövlət-din münasibətlərinin hansı səviyyədə olduğu Azərbacan xalqına da, beynəlxalq ictimaiyyətə də gün kimi aydındır.  Məlumdur ki, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması, inkişaf etdirilməsi, bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət hazırda Onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz, bunun nəticəsidir ki, Azərbaycanda həyata keçirilən dini dözümlülük və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin sərəncamları ilə son illər tarixi dini abidələrin, ziyarətgahların bərpa edilməsi və milli-mənəvi dəyərlərə verilən yüksək qiymət də, bu siyasətin göstəricisidir. Ölkəmizdə milli-mənəvi və dini dəyərlərin qorunaraq inkişaf etdirilməsi üçün Prezidentin sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da, dövlətimizin həyata keçirdiyi siyasətin bariz nümunəsidir.

Bütün beynəlxalq təşkilatlar, ölkəmizdə səfərdə olan yüksək səviyyəli din və elm xadimləri də Azərbaycanda din-dövlət münasibətlərinin nümunəvi xarakter daşıdığını, məmləkətdə tolerantlıq və multikultural mühitin hökm sürdüyünü çıxışlarında hər zaman qeyd edirlər. Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqi ilə əlaqədar müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq konfranslar və digər tədbirlər çox böyük coğrafi ərazini əhatə edib. İspaniya, Avropanın müxtəlif ölkələri, Almaniya və başqa ölkələrdə təşkil edilən tədbirlərdə Azərbaycanın multikultural dəyərləri ətraflı şəkildə insanlara çatdırılır.

Prezident İlham Əliyevin dəstəyi ilə reallaşan beynəlxalq tədbirlər insanların multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün və əməkdaşlığın təşviqinə xidmət edir. Dövlət başçımızın rəhbərliyi ilə son illərdə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində çox böyük işlər görülür, tədbirlər həyata keçirilir.

Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, multikulturalizm və tolerantlığın qorunmasına və inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır. Bu gün öz nümunəvi dəyərlərini bütün dünyaya təqdim edən Azərbaycan əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən istifadə edərək, artıq dünyada ən mühüm dialoq mərkəzlərindən birinə çevrilib.

 Bütün bu işlərin davamlılığı üçün dini maarifləndirmə istiqamətində də fəaliyyətin gücləndirilməsinə ehtiyac yaranır. Çünki, təcrübə bu gün dini sahədə ortaya çıxan əksər problemlərin kökündə dini savadsızlığın, İslamın olduğu kimi təqdim edilməməsinin dayandığını göstərir. Bu səbəbdən də, Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinə xüsusi diqqət ayırır. Dini maarifləndirmə düzgün aparıldığı zaman dini təhlükəsizlik və ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin, dövlətlər və xalqlar arasındakı qarşıdurmaların qarşısı alınır.

Azərbaycan dövləti ölkəmizdə dövlət-din münasibətlərinin, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini radikalizm meyillərinin qarşısının alınması, o cümlədən milli-mənəvi dəyərlərimizin, ölkədəki zəngin tolerantlıq və multikulturalizm mühitinin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işlərinin daha da genişləndirilməsinə dəstək verir.

 

 “Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub