Xalq qəzeti. - 2019.- 16 yanvar. - ¹ 11. - S. 4.

 

Azadlığın səhərinə aparan qanlı gecə

 

Qasım Hacıyev,

AMEA Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru

 

Bu il dərin hüzn və ehtiramla 29-cu ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsi uzun bir prosesin – XIX əsrdən başlayıb çağdaş dövrə qədər davam edən, böyük dövlətlərin yurdumuza qarşı törətdiyi məqsədyönlü təzyiq və təcavüz siyasətinin növbəti bir vəhşi aksiyası və xalqımızın öz torpaqlarının müdafiəsi uğrunda mübarizəsində göstərdiyi yeni bir qəhrəmanlıq səhifəsi kimi tarixə yazılıb. O dövrdə baş verən toqquşma və qanlı hadisələr ağalarının əlində alətə çevrilmiş, məsuliyyətsiz liderlərinin millətçilik və işğalçılıq xülyaları ilə ağlını itirmiş erməni toplumunun imperialist güc mərkəzlərinin dəstəyindən istifadə edərək xalqımıza qarşı etnik təmizləmə siyasətini addım-addım irəlilətməsinin növbəti təzahürü idi.

SSRİ DTK-nın təşkil etdiyi Sumqayıt hadisələri və M.Qorbaçovun göstərişi ilə törədilən 20 Yanvar qırğını azərbaycanlıları Dağlıq Qarabağın Ermənistana verilməsinə zorla razı salmağa yönəldilmişdi. Qanlı yanvar qətliamı XX əsrdə tarixi torpaqlarımızda yaradılmış Ermənistan adlı oyuncaq dövlətin sərhədlərini yenidən Azərbaycan əraziləri hesabına genişləndirmək məqsədilə start verilən qondarma Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini aşkar şəkildə ortaya qoyan xəyanətkar hərbi-siyasi addım kimi xalqımızın səbir kasasını daşdırdı, ərazilərimizin bütövlüyü uğrunda ümumxalq oyanışını milli azadlıq hərəkatı mərhələsinə səmtləndirdi. Sovet rəhbəri M. Qorbaçovun Azərbaycana qarşı fitnəkar siyasətində “keyləşdirici zərbə” kimi düşünülmüş 20 Yanvar faciəsi, gözlənildiyinin əksinə olaraq, “oyadıcı effekti” ilə xalqımızı yumruq kimi birləşdirdi, yaxınlaşan müstəqillik epoxasına hazır olmağa səfərbər etdi.

Tarixi müşahidələr göstərir ki, 30 ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsi adlı irimiqyaslı etnik-siyasi təcavüzə qədər də dəfələrlə ermənilərin əli ilə Azərbaycana qarşı soyqırımı və deportasiyalar gerçəkləşdirilmişdir. XX əsrin əvvəllərində – 1905-1906-cı illərdə ermənilərin Qafqazda törətdikləri türk-müsəlman qırğınları, 1918-ci ildə daşnak-bolşevik quldur dəstələrinin bais olduğu azərbaycanlıların kütləvi soyqırımı, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistandakı tarixi torpaqlarından siyasi yolla deportasiya olunması bu xain xalqı zaman-zaman şirnikləndirərək, nəhayət, qədim Azərbaycan vilayəti olan Qarabağı ələ keçirməyə təşviq etmişdir.

1988-ci ilin fevral ayında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, etnik təmizləmənin yeni mərhələsi Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında Ermənistanın rəsmi qurumlarının qəbul etdiyi əsassız, fitnəkar qərarla başlandı. Vəziyyəti gərginləşdirmək üçün ittifaq dövlətinin ali rəhbərliyi ermənilərlə azərbaycanlılar arasında ədavəti açıq-gizli qızışdırdı. Bütün cəbhə boyu – quruda, dənizdə, təkərlər və polad relslər üzərində azərbaycanlılara qarşı ardıcıl qətllər törədildi. Ermənilər Moskvadan idarə olunan bu prosesləri davakar istiqamətə yönəldərək, istədiklərinə nail olmaqdan ötrü əvvəlcədən düşünülmüş ssenari üzrə davam etdirdilər.

Baş verənlərdən hiddətə gəlmiş Azərbaycan xalqının emosiyalarını daha da qızışdırmaq üçün Dağlıq Qarabağ bölgəsində əvvəlcə “meşələrin qırılması” əməliyyatını təşkil etdilər, bununla 1988-ci ilin payızında bütün Azərbaycan xalqını ayağa qaldırdılar. Ermənilərin “xaç atası”na çevrilmiş M.Qorbaçov Azərbaycan xalqını sarsıtmaq, onun mübarizə əzmini qırmaq üçün 1990-cı ildə Bakıya qoşun yeritdi və 20 Yanvar qırğınını törətdi. Bu addım ermənilərin xalqımıza qarşı məkrli siyasətini bir az da irəlilətməyə – Dağlıq Qarabağı Azərbaycandan faktiki ayırmağa hesablanmışdı. Elə həmin vaxt erməni hərbi birləşmələri Azərbaycan ərazilərinə silahlı basqınlar etdilər. Naxçıvan MR Ermənistan tərəfindən blokadaya alındı. Muxtar respublikanın Ermənistanla həmsərhəd kəndləri quldur dəstələrinin hücumlarına məruz qaldı. Ermənilər dinc əhaliyə vəhşicəsinə divan tutdular, günahsız insanları qətlə yetirdilər.

20 Yanvar faciəsi zamanı ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, hadisəyə öz münasibətini bildirən bəyanatı ilə Azərbaycan xalqına başsağlığı verdi, Bakıda qırğın törətdiyi üçün SSRİ-nin rəhbərlərini kəskin ittiham etdi və faciəni törədənlərin cəzalandırılmasını tələb etdi. Həmin dövrdə baş verənləri ulu öndər Heydər Əliyev belə şərh etmişdir: “Yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti yeridilmişdi. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, hava hücumundan müdafiə qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin dəhşətli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisələri M.Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu da nümayiş etdirdi.

1990-cı il ­iyulun 25-də M.Qorbaçov “SSRİ qanun­vericiliyində nəzərdə tutulmayan hərbi dəstələrin yaradılmasının qadağan edilməsi, qeyri-qanuni saxlanılan silahların yığılması haqqında” növbəti riyakar bir fərman verdi. 1990-cı il yanvarın 22-də Moskvanın xeyir-duası ilə Azərbaycan KP MK-nın birinci katibi “seçilən” A.Mütəllibovun davam etdirdiyi mütilik siyasəti nəticəsində əsassız “fövqəladə vəziyyət” axıradək davam etdi. Bu dövrdə Azərbaycan tərəfi tam tərksilah edildi, ermənilər isə gizli yollarla yenidən silahlandırıldı.

Blokada şəraitində köməksiz qalan Naxçıvanda isə MR Ali Məclisinin sədri Heydər Əliyev öz şəxsi nüfuzundan istifadə edərək xalqın özünümüdafiəsi məqsədilə sovet ordusunun regiondakı rəhbərliyindən hərbi sursat ala bilmişdi. Heydər Əliyev Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın ləğv edilməsi və onun bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında razılıq əldə etmişdi. Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin 25 iyun 1992-ci il tarixli iclasında Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin ləğvi və onun əsasında Azərbaycan Müdafiə Nazirliyi tərkibində müvafiq strukturun yaradılması zəruri hesab edilmişdi. Bununla Azərbaycanda ilk olaraq sovet qoşun hissələrinin hərbi və təsərrüfat əmlakı Azərbaycan Müdafiə Nazirliyinin yeni yaradılan hərbi hissəsinin sərəncamına verilmişdi. Bu addım muxtar respublikanı Ermənistanın hərbi təcavüzündən qorumaqda həlledici rol oynamışdı.

Çox keçmədi ki, uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. O zamankı Azərbaycan rəhbərliyinin xalqımızı erməni təcavüzü ilə üz-üzə qoymuş Moskva qarşısında mütiliyinin əsl milli cinayət olduğunu bəyan edən Heydər Əliyev son dərəcə acı bir həqiqəti belə açıqlamışdı: “Hələ Azərbaycanda Sovet hakimiyyəti dövründə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb dövlət istintaq komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri məhv edilmişdir”.

1991-ci ilin sonlarında Ermənistan faktiki olaraq Azərbaycan Respublikasına qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistan Respublikasının hərbi qüvvələri Azərbaycan Respublikasının sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları ilə birləşərək Respublikanın Qarabağ regionundakı şəhər və kəndlərini işğal etdilər. 1991-ci il sentyabrın 2-də erməni separatçıları Yuxarı Qarabağda qeyri-qanuni bir qurum, oyuncaq “Dağlıq Qarabağ Respublikası”nın yarandığını və müstəqilliyini elan etdilər. Buna cavab olaraq, 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın vilayət statusunu ləğv etdi və “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bildirdi.

Beləliklə, Rusiya imperiyasının Azərbaycana qarşı tarixi işğalçılıq siyasəti vaxtilə ermənilərin kütləvi surətdə Qafqaza, o cümlədən Azərbaycana köçürülməsinə səbəb olmuşdur. Daimi vətəni olmayan ermənilər köçürüldükləri əraziləri mənimsəmək üçün müxtəlif vasitələrə əl atmış, ilk növbədə, yerləşdikləri ərazilərin onlara məxsus olmasını sübut etmək üçün saxta tarix uydurmuş, süni ideologiya yaratmışlar. Ermənilər zaman-zaman ərazi iddiaları irəli sürərək onu reallaşdırmaq üçün bütün vasitələrdən – təşkilatlanma, təbliğat, təzyiq, deportasiya və hərbi üsuldan istifadə etmişlər.

Bu istiqamətdə yaratdıqları ideologiyaya uyğun olaraq, ermənilərin həyata keçirdikləri separatçılıq və etnik təmizləmə Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana böyük bəlalar gətirmişdir. Ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınları və soyqırımları baş vermişdir. Bütün bunlarla bərabər, illər keçdikcə hər bir tarixi hadisə mahiyyətinə görə öz adını alır. Bu baxımdan 20 Yanvar yaxın tariximizin qanlı faciəsi olmaqla yanaşı, həm də qəhrəmanlıq salnaməsi, müstəqillik savaşının başlanğıcıdır.