Azərbaycan. - 2019.- 16 yanvar. - ą 11. - S. 5.

 

Xalqımıza qarşı məkrli siyasətin növbəti təzahürü

 

Şikar Qasımov,

Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor

 

Bundan sonra daha da iştahlanan Ermənistan KP-nin birinci katibi Arutyunov məktubla Stalinə müraciət edib Qarabağın da Ermənistana verilməsini xahiş edir. Lakin M.C.Bağırovun əzəli Azərbaycan torpağı olan Borçalı, Göyçə, Dərbəndin onda Azərbaycana verilməsi məsələsini qaldırması bu fikri arxa plana salmışdı. Bunu görən ermənilər azərbaycanlıların deportasiya edilməsi üzərində dayandılar. Onlar 1947-ci ildə dekabrın 23-də Stalinin imzası ilə bu barədə qanun çıxarılmasına nail oldular. 1948-ci il martın 10-da isə bu qanuna əlavə etdilər. Beləliklə, 1948-ci ildə 10.000, 1949-cu ildə 40.000, 1950-ci ildə 50.000 azərbaycanlı "könüllü” Kür-Araz ovalığına köçürüldü. 70 illik sovet rejimi bizi gerçək tariximizdən uzaq saldı. Hətta genosid qurbanı olmuş 12-14 min soydaşımızın uyuduğu qəbiristanlığı betonlayaraq üzərində Kirovun heykəlini ucaltmış, ətrafda isə istirahət parkı salmışdılar.

Ermənilər məkrli iddialarını dünyaya tanıtdırmaq üçün hələ sovetlər birliyi dövründən fəal iş aparmış, qondarma "soyqırımı qurbanları”na abidələr ucaltmışlar. SSRİ rəhbərliyinin bu məsələdə maraqlı olması erməni şovinistlərini daha da şirnikləndirmiş, "soyqırımı” təbliğatının sistemli şəkildə aparılmasına imkan yaratmışdır. SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türkiyə dövlətinə qarşı yönəlsə də, əslində, bu məsələdə bütün türk-müsəlman dünyası günahlandırılırdı. Qondarma "erməni soyqırımı” məsələsinin harada və necə müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə bu həm Türkiyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir siyasətə çevrilmişdir. Əslində, 1980-ci illərin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi iddiaları da məhz bu məkrli siyasətin davamı olmuşdur.

1980-ci illərin ortalarından etibarən Mixail Qorbaçovun bədnam yenidənqurma siyasəti başladı. Bu siyasət Azərbaycana qan-qada gətirdi. Millətçilik toxumu yenidən cücərdi. Ermənilər bundan istifadə etdilər və süni şəkildə Dağlıq Qarabağ problemini qondardılar. Bu zaman Moskvada yüksək vəzifədən Heydər Əliyev istefaya göndərildi. Azərbaycanda isə böhranlı vəziyyət yarandı. Erməni təcavüzünə və sovet rəhbərliyinin ermənilərə dəstəyinə etiraz olaraq, xalq küçələrə çıxdı. Azərbaycanlılar isə 1988-ci ildən başlayaraq Ermənistandan - dədə-baba torpaqlarından qovuldular.

XX əsrin 80-ci illərinin sonu və 1990-cı illəri, Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdu. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən və meydanlara çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun yeridilməsi, Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Həmin faciəli günlərində öz xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana və Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmüş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi.

Bəzi məlumatlara, xüsusilə "Şit” təşkilatı müstəqil hərbi ekspertlərin hesabatına görə, Bakıya yeridilmiş qoşun kontingentinin sayı 60 min nəfərə çatırdı, - onlar "doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişlər: Təbliğ edilirmiş ki, "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, guya yerli əhali onları vəhşicəsinə məhv edir, ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var. Binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”.

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA” və SSRİ DTK-nın "A” təxribat qrupları oynayırdı. SSRİ DTK-nın "Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. Məhz bu faciəli anlarda "Azadlıq radiosu”ndan, Mirzə Xəzərin səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı.

Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Bakının zəbt edilməsi xüsusi qəddarlıqla və misli görünməmiş vəhşiliklə müşayiət edilmişdi. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək isə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Yanvarın 20-də və sonrakı günlərdə isə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər tərəfi amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Hərbi qulluqçular 200 ev və mənzili, 80 avtomaşını o cümlədən yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Sovet qoşunlarının təcavüzü nəticəsində, bir gün ərzində Bakıda 137 nəfər öldürülmüş, 700-dək insan yaralanmış, 800-dən çox adam qanunsuz həbs edilmişdi. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanların, qadınların, qocaların, şikəstlərin də olması bir daha sual doğururdu ki, Qorbaçov və ətrafındakıların "millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi?

Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur; xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuşdu. Adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var idi. Qırğın zamanı "Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi.

Xalqımıza qarşı törədilmiş qanlı cinayətin ertəsi günü, ulu öndər Heydər Əliyev həyatının təhlükə qarşısında olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verdi və Mixail Qorbaçovun günahkar olduğunu birbaşa bəyan etdi. Bu hərəkətə etiraz səsini ucaltdı. Bundan başqa Heydər Əliyev Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə və Azərbaycan xalqına 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı teleqramı göndərmişdir. Eyni zamanda, teleqramın respublika mətbuatında, radio və televiziyada verilməsini xahiş etməsinə baxmayaraq, onun rəsmi mətbuatda belə, dərc olunmasına imkan verilməmişdir.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji vasitəsi olan "Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı: "Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır”...

Əslində isə 20 Yanvar faciəsi XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı siyasəti, sovet hakimiyyəti illərində ərazilərimizin tədricən ilhaq olunaraq 125000 kvadratkilometrdən 87000 kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə qondarılan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindən - əzəli torpaqlarından qovulması və 20 Yanvar faciəsi bu siyasətin mərhələləri kimi qəbul olunmalıdır.

 

(Ardı var)