Ədalət. - 2019.- 3 aprel. - 58. - S. 7.

 

Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar

 

Əvəz Mahmud Lələdağ

 

(əvvəli ötən saylarımızda)

Ovçular ov etməkdən vaz keçib özlərini çatdırırlar Soltan bəyə:

-Bəy, başın qarışıb təsərrüfata düşmən gəlib oturub çənənin altında. Onlar gördüklərini yerbəyerdən Soltan bəyə çatdırdılar. Soltan bəy qəzəblənir və deyir:

-Mən bu dağlarda elə bir tufan qopardım ki, onun dalğası bütün Zəngəzuru bürüsün.

Qısa arayış: Soltanov Soltan bəy 145 il bundan əvvəl 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Kürdhacı kəndində) anadan olmuşdur. Atası Paşa bəyin, babası qatırçı Muradın var dövləti adla deyilərmiş. Paşa bəy bədahətən şeir deyən, müdrik el ağsaqqalı, müdrik kəlamlar işlədən dünya görüşlü adam olub. Soltan bəy ilk təhsilini Şuşada, Tiflisdə sonra Sankt-Peterburqda mükəmməl təhsil almış, hərbi akademiya bitirmişdir. Soltan bəyin məzarı hazırda Türkiyənin Köçqoy kəndindədir. Soltan bəy Zəngəzurun, ümumilikdə azərbaycanın igid oğludur. Təsərüfatı çox sevdiyindən orduda xidmət etməyib gəlib öz doğma kəndində böyük pendir zavodu tikdirib və zavodun avadanlığını Almaniyadan gətirib. Zavodda hasil olan məhsul-yağ, pendir, xama, qaymaq bütün Şərqdə məhşur imiş. O, Avropa və başqa Şərq dövlətləri ilə ticarət əlaqələrinə girir və rus ordusunu yağ, pendirlə təmin edir.

Bu bəd xəbəri eşidən kimi Soltan bəy qüvvələri səfərbər edir. Işi belə görən Andronik Soltan bəylə sazişə girmək fikrinə düşür. Din xadimlərinin toxunulmazlığından istifadə edən daşnak Andronik keşiş Mesropu Soltan bəylə görüşə göndərir. Soltan bəy yad adamlarla pərdə arxasından söhbət edərmiş. Keşiş Andronikin göndərdiyi məktubu Soltan bəyə təqdim edir.

Məktubun məzmunu belə olur:

"Soltan bəy, bizim Şuşa yürüşümüzün təhlükəsizliyini təmin etsəniz, Abdallar oylağından keçib getməyimizə icazə versəniz, sizə istədiyiniz qədər qızıl verərəm. Hörmətlə: Andronik Paşa".

 

Soltan bəy ağıl dəryası imiş. O, keşişə deyir ki, elə cavab məktubunu da özün yaz. Yaz ki, türk hərbi adı "Paşa" sizə yaraşan ad deyil. O ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə ermənisiniz. Və onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar. O ki, qaldı Şuşa yürüşünün təhlükəsizliyini təmin etməyə, bizə 20 qatır yükü silah lazım olacaq. Danışıqlarımız baş tutsa işarəmi gözləyin. Amma bütün silahları, topları, plemyotları söküb qatırlara yükləyin, üstünü də basdırın diqqəti cəlb etməsin. Bu yerlərin dəliqanlı igidləri şuluqluq salar, biabır olarıq. Soltan bəy ixtisasca topçu idi. Fənd işlətməklə bir gecənin içində düşmənin silah yüklü 170 qatır karvanının ağzını Kürdhacıya döndərir. Andronikin quldur dəstəsini, nizami ordusunu Zabığın dərəsində darmadağın edir. Çıxış yolu tapmayan quldur Andronik Ozanyan keşişi öldürür, libasını geyinir. 5-6 yaşında bir uşağın əlindən tutub bəyə tərəf gedir.

Qələbədə məğrurlaşan Soltan bəy:

-Keşiş, hardan gəlib, hara gedirsən?

Andronik uzun əbasının balağını dəstələyə-dəstələyə:

-Bəy, başına pırlanım, bu uşağa hayıpım gəlir, azıb eyləyər, aparıb ötürüm.

O, hiylə ilə xaç çevirir, "astvasa" (Allaha) da xoş gələr, deyir.

Soltan bəy qılçını aralayır və deyir:

-Keşiş, gəl keç.

Andronik bəyin paçasının arasından keçib gedir. Bir azdan əsgərlər xəbər gətirirlər ki, Andronik keşişi öldürüb paltarlarını geyinib aradan çıxıb. Gedək onu tutaq gətirək. Soltan bəy üzünü onlara tutub:

-Əzizlərim, Türkiyədə türklər onun qulağını kəsiblər. Burada da mənim qılçımın arasından keçib. O bir daha Azərbaycana qayıtmayacaq.

Doğrudan da, elə olur. Zabığ məbluğiyyətindən sonra Andronik 30 nəfərlə gedib çıxır Üçməzdinə. 1923-cü ildə gedib Bolqarıstana. Oradan da özünün iki öğlunu götürüb qaçır Amerikaya və 1925-ci ildə orada gəbərir. 1927-ci ildə Fransada yaşayan daşnaklar onun sümüklərini Parisə köçürürlər. 1990-cı ildə millətçilik, şovinistlik tərbiyəsinin gözünə qatmaq üçün onun qəbrindən bir ovuc torpağı Yerevana göndərmişdilər. Biz isə erməni daşnaklarının fitfası ilə Soltan bəy kimi el oğlunu "Xalq düşməni" çıxartdıq, nəslini sürgünlərdə çürütdük.

Ruhun şad olsun, ay Soltan bəy! əmanət qoyub getdiyin torpaqları saxlaya bilmədik. Ümumiyyətlə 1918-ci ildə 50 mindən çox soydaşımız qətlə yetirilib, 20 min nəfər dinc əhali yaralanıb, 50 min adam əlil olub, 4 min əsir və itkin düşmüşdür, 811 kənd, şəhər, qəsəbə yer üzündən silinmişdir.

Ümumilli liderimiz H.Əliyev tariximizin faciəli səhifələrindən danışarkən qeyd etmişdir: "Soyqırım və deportasiya prosesi mərhələlərlə müxtəlif tarixi şəraitdə, düşünülmüş plan əsasında həyata leçirilmişdir. Sərsəm "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək üçün saxta iddeoloji tezislər formalaşdırılmış, terrorçu təşkilatlar qurulmuşdur. Erməni əhalisi türk və Azərbaycan xalqına qarşı daim millətçilik, şovinizm ruhunda tərbiyyə olunmuşdur...

Soyqırım Azərbaycan xalqına böyük siyasi, maddi və mənəvi zərbələr vurmuşdur. Bütövlükdə XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı deportasiya və soyqırım siyasətinin ağır nəticələrini öz üzərində hiss etmişdir...

Bu hadisələri, onların dərdlərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir".

Dünya ictimai fikrinə ermənilərin məkirli siyasətini, azərbaycanlıların erməni tərəfindən soyqırıma məruz qalmalarını çatdırmaq üçün ümumilli liderimiz cənab Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərman təqdirə layiqdir. Həmin fərmanda "31 mart Azərbaycanlıların soyqırımı günü" kimi qeyd olunur.

Bu gün vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı, hər bir vətən övladı ermənilərin xəbis niyyətlərini, ortaya atdıqları yöndəmsiz, sərsəm planları ifşa etməli, Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni əsirgəməməlidir.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev bu xüsusda demişdir "Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqrımı siyasətini yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli-birliyi məqsədyönlü fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrmların dünya ictimaiyyətinə çatdırılması prosesində önəmli rol oynayacaqdır ".