Azərbaycan.-2019.-3 aprel.-70.-S.10.

 

Tarix və mədəniyyətin qovuşduğu məkan

 

Məhəmməd Nərimanoğlu

 

Qoşa Qala qapısı...

 

Bakının rəmzi yadigarlarından ən yaddaqalanı olan İçərişəhər salındığı dövrdən bu günə kimi nələrin şahidi olmayıb ki?! Biz də onun yaşadıqlarının şahidi olmaq üçün Novruz bayramı günlərində Qoşa Qala qapısından daxil olmaqla, yolumuzu bir vaxtlar "dar və daş küçələri ilə sevilən İçərişəhərdən saldıq. Öncə xatırladaq ki, Qoşa Qala qapısı İçərişəhərin şimal-qərbindədir, gələnin də, gedənin də üzünə daim açıqdır. Dünyada "açıq səma altında qoruq-muzeylər çox olsa da, yalnız bəziləri İçərişəhər kimi təkrarsızdır. Səbəbi bu qədim şəhərin cəlbedici imicində muzeylərin, tarixi abidələrin, hətta iki-üçmərtəbəli rahat hotellərin mövcudluğu, çoxsaylı kafe-restoranların milli mətbəxində bişirilənlərin və Şərqlə Qərb mədəniyyətində özünəməxsus yeri olan "pürrəngi çay dəstgahının dadını çıxarmaqdır. Bir sözlə, burada hər addımda xalqımıza xas olan milli elementlərlə və qonaqpərvərliklə qarşılaşırsan.

 

Qoşa Qala qapısı həm də Novruz şənliklərinin keçirildiyi, uşaqdan-böyüyə istər bakılıların, istərsə də şəhərin yerli və əcnəbi qonaqlarının bayramlaşdığı məkan kimi yaddaşlara yazılıb. Burada Novruz şənliklərində daim qələbəlik olub. Dövlət başçısı və Birinci vitse-prezident də Novruzda burada olur, insanlarla görüşür, folklor kollektivlərinin bir-birindən maraqlı, rəngarəng şənlik proqramlarına tamaşa edirlər. Elin, xalqın, millətin milli birlik nümayişini əks etdirən bayram günlərində İçərişəhərdə şənlik sevincə, bayram bayrama qovuşur.

 

Milli birlik nümayişi

 

Novruz günlərində bu məkanda kimlərə rast gəlmirsən ki? Multikulturalizmin və dini tolerantlığın məkanı kimi dünyaya səs salan Bakıda yaşayan azsaylı xalqlar, o cümlədən ruslar da bayram şənliklərində özlərini olduqca rahat hiss edirlər. Baharın, yazın gəlişi onların da əhvali-ruhiyyəsini yüksəldir. Bunu həmsöhbət olduğumuz Anna İvanovna da bildirdi: "Bakı mənim doğma şəhərimdir. Milliyyətcə rus olsam da, adət-ənənələrimiz qaynayaraq qarışıb. Burada yalnız azərbaycanlılar deyil, müxtəlif xalqların nümayəndələri də öz doğma evlərindəki kimi yaşayırlar. Xalqlarımız arasındakı qardaşlıq münasibəti əsrlərlə davam edib. Bu gün də eyni doğma hislərlə bayram keçiririk. Novruzun adət-ənənələri çox tarixi və mədəni yol keçib. Ona görə də milli birlik bayramı kimi sevirik. Novruz xalqları həmişə bir-birinə dost-mehriban olmağa səsləyib...

Milliyyətcə gürcü şair-tərcüməçi Giya Paçxatalaşvili də Novruz bayramı ilə bağlı fikrini yığcam şəkildə ifadə etdi: "Azərbaycan mənim də vətənimdir. Qaxda doğulsam da, uzun illərdir ki, Bakıda yaşayıram. Dövlət başçısı tərəfindən gözdən əlillərə verilən mənzillərdən mənə də pay düşüb. Burada bütün millətlərin nümayəndələri özlərini çox rahat hiss edirlər. Regionlarda, xüsusən Qax-Zaqatala-Balakən bölgəsində, həmçinin Bakıda azsaylı xalqlar Novruz bayramını həmişə yüksək səviyyədə keçiriblər. Bu bayram xalqların dostluq rəmzidir desəm, daha doğru olardı. Azərbaycan dilini sevərəkdən öyrənmişəm. Azərbaycanca yazılan bədii əsərləri rus və gürcü dillərinə çevirirəm. Novruz bayramı münasibətilə Azərbaycan xalqını, o cümlədən etnik azsaylılarımızı təbrik edirəm. Bu birlik nümayişinin milli adətə çevrilməsində bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik...

 

Müxtəlif dinlərin qovuşduğu məskən

 

Yolumuz İçərişəhərədir. Meqapolis olan paytaxtın müdafiəyə istehkamı olan İçərişəhərdə turizm infrastrukturu qonaqlara müasir marka ilə yanaşı, az tanınan məkanları da nümayiş etdirir, məsələn, məhəllə məscidləri. Məhəllələrin adları böyük maraq doğurur: "Ağşalvarlılar, "Gəmiçilər, "Arabaçılar, "Hamamçılar, "Seyidlər, "Cuhudlar...

Turistlərin "minişəhəri yaxından tanımaları üçün hərtərəfli şərait yaradılıb. Burada hətta puldəyişmə problemləri yaşanmır - "exchange öz xidmətini Qoşa Qala meydanında təklif edir. Qədim şəhər öz mədəni potensialını turistlərə vizual görünüşü ilə yanaşı, onlara milli atmosferini də dərindən və canlı hiss etdirir.

İçərişəhər eyni zamanda üç dinin məskənidir - zərdüştlüyün, xristianlığın və islamın. Numizmatik ekspozisiyasında Azərbaycan ərazisində tapılan ən qədim - 5000 il yaşı olan sikkəni görmək olar. Hər bazar günləri bədii-tətbiqi sənət nümunələrinin satış sərgisi də keçirilir ki, bu, ziyarətçilərin həm də alış-verişinin təmini üçün vacib amillərdəndir.

 

Şirvanşahlar Saray Kompleksi

 

Söhbət Azərbaycanın şimal-şərqində VI əsrin birinci yarısında mövcud olan Şirvanşahlar dövlətindən gedir. Şirvanşahlar dövləti Azərbaycanın orta əsrlər tarixində böyük rol oynayıb. İlk Şirvanşahların şah titulu daşımaları onların qismən müstəqil olduqlarını göstərir. Yarandığı zamanlarda dövlət Xəzər dənizi ilə Qəbələ arasındakı ərazini tuturdu. X əsrdə yaşamış Əl-Məsudi Şirvan ölkəsinin uzunluğunun 1 aylıq məsafə olduğunu göstərirdi. Dövlətin ərazisi sonralar baş vermiş siyasi hadisələrlə əlaqədar gah genişlənmiş, gah da kiçilmişdi. Bununla belə, onun təxmini sərhədlərini belə göstərmək olar: şimaldan Samur çayı, Dərbəndlə (Dərbənd özü də bu dövlətin tərkibində olub), şərqdən Xəzər dənizi, qərbdən isə Şəki və Gəncə ilə əhatələnirdi.

Şirvan torpağı Azərbaycan xalqının tarixini özündə yaşadan qədim xalçaları ilə də məşhurdur. Şirvanın xalça nümunələri dünya muzeylərini, ən məşhur kolleksiyaları bəzəməkdədir. Yüzillər öncə Şirvanşahlar Sarayının döşəmə və divarlarını misilsiz gözəlliyi ilə görənləri heyrətləndirən xalı və gəbələr bəzəyirdi. Sarayların, daha sonralar isə bəy və xanların, dövlətlilərin evlərində böyük sahəli döşəmələrin örtülməsi üçün nəzərdə tutulmuş xüsusi "Dəst xalı-gəbələr toxunardı. Dəst üç, dörd və ya beş xalçadan ibarət olurdu: mərkəzi, iki ədəd yan və ya kənarə, başlıq və ayaqlıq xalça. Sarayda gördüyünüz digər xalçalar isə "Yolluq və "Bico xalçalarıdır. "Bico Şirvanın Ağsu rayonu ərazisinə daxil olan eyniadlı kəndin adını daşısa da, Qafqazda ən məşhur xalça hesab olunur. Milli koloritli ornamentlərin mürəkkəb kompozisiyası onları seyr edənləri düşündürür...

 

Ginnesin Rekordlar Kitabına daxil edilən Miniatür Kitab Muzeyi

 

Dünyada ən böyük kolleksiyaya sahib olduğuna görə Ginnesin Rekordlar Kitabına daxil edilən Miniatür Kitab Muzeyi də "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən və öz unikallığı ilə digərlərindən seçilən məbədlərdən biridir. Muzeyin yaradıcısı və təsisçisi əməkdar incəsənət xadimi Zərifə Salahovadır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və xüsusi göstərişi ilə Zərifə Salahovanın kolleksiyası əsasında İçərişəhərdə yaradılmış Miniatür Kitab Muzeyində dünyanın 66 ölkəsində nəşr olunmuş 5600 miniatür kitab nümayiş olunur. Buradakı kolleksiya 30 ildən artıq bir müddət ərzində formalaşdırılmış və bu gün də onun zənginləşdirilməsi davam etdirilir. Muzeydə nümayiş olunan kitabların ölçüsü 0,75x0,75 millimetrdən başlayır...

 

Muzeyləşən Bəylər məscidi və "müqəddəs əmanətləri

 

İçərişəhərin şimal-qərbində, Şirvanşahlar Sarayının Murad darvazasının yaxınlığında dini tikililər arasında xüsusi memarlıq üslubunun nümunəsi hesab olunan Bəylər məscidi yerləşir. 1895-ci ildə inşa olunan məscid yerli əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Bu sənət incisi Bakının məşhur bəylərinin sifarişi ilə tikilib. Onun tikintisində Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsipləri birləşdirilib.

Bəylər məscidində "İçərişəhər Dövlət Tarix-Mədəniyyət Qoruq İdarəsi tərəfindən Avstriyanın məşhur bərpaçı eksperti Erix Pummer cəlb edilməklə, bərpa və konservasiya işləri aparılıb. 2014-2015-ci illərdə aparılan təmir-bərpa işlərində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi iştirak edərək, qapı və pəncərələri memarlıq elementləri ilə bəzəyib. Nəticədə təyinatına uyğun muzeyləşdirilən məsciddə "Müqəddəs əmanətlər ekspozisiyası yaradılıb. Ekspozisiyada islam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid "Qurani-Kərim kitabları nümayiş etdirilir.

Ziyarətçilər məsciddə 73 nüsxə "Qurani-Kərim, 7 əlavə dini kitab, 19 dini atribut, ümumilikdə isə 99 ədəd eksponatla tanış ola bilərlər. Qədim Dərbənd şəhərinin məscidinə aid olan və onun axundu tərəfindən divara hörülərək yanğından hifz olunan "Qurani-Kərimin vərəqləri diqqəti cəlb edən eksponatlardandır.

 

Sıratağlı dini-memarlıq kompleksi

 

Azərbaycanın zəngin maddi-mədəni irsinin daşıyıcısı olan İçərişəhər ərazisində tarixi əhəmiyyəti olan yüzlərlə abidə var. Onlardan biri də Qız qalasının şimal tərəfindəki Sıratağlı dini-memarlıq kompleksidir. Son vaxtlara qədər "Bazar meydanı adlandırılan bu ərazi İçərişəhərin ölkə əhəmiyyətli abidələrindən biri sayılıb. Kompleks ötən yüzilliyin 60-cı illərində Qız qalasının ətrafında köhnə evlər sökülərkən təsadüf nəticəsində aşkar edilib. Bu məkan minilliklər ərzində Azərbaycan ərazisində bir-birini əvəz edən dinlər üçün müqəddəs ibadətgah olub.

Burada nümayiş olunan "İçərişəhər Tarix Muzeyinin bədii daşyonma sənəti nümunələrinin ekspozisiyası yenidən 2010-cu ilin mart ayında açılıb. Daşyonma yüksək inkişaf etmiş tətbiqi-dekorativ sənət sahəsidir. Orta əsrlərdə bədii daşyonma sənəti memarlıq və qəbirüstü abidələrdə geniş tətbiq olunub. Mahir ustalar - həkkaklar, xəttatlar abidələrin üzərini bədii nümunələrlə yanaşı, naxış elementləri ilə də zənginləşdiriblər. Ekspozisiyada təqdim olunan abidələr Tunc dövründən başlayaraq geniş bir tarixi dövrü əhatə edir.

Bütpərəstlik dövrünün heykəlləri əzəmətliliyi ilə fərqlənir. Xristianlıq dövrünə aid qəbirüstü abidələrin üzərində alban xaçı təsvirləri daha çox diqqət çəkir. Başdaşı, sənduqə, qoç, at heykəlli məzar daşları isə islam dövrünün qəbirüstü abidələrinin nümunəsi kimi geniş təqdim olunur. Həmin dövrün məzar daşları həndəsi və nəbati ornamentlərlə, Quran ayələrindən bəhs edilən mənzum parçalarla bəzədilib.

 

"İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi

 

Paleolit dövründəki daş üzərində oyma işlərindən başlayan xalq sənətkarlığı bəşəriyyətin tərəqqisi ilə paralel inkişaf edərək yeni sənət növləri yaradıb. Luvrdan tutmuş Ermitajadək dünyanın, eləcə də ölkəmizin müxtəlif muzeylərinin bəzəyi olan nəfis sənət əsərləri - xalçalar, kəlağayılar, dulusçuluq və keramika əşyaları, gümüş və zərgərlik, eləcə də digər məmulatlar xalqımızın ruhunun bir parçasını özündə yaşadır.

2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılan "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Böyük Britaniyanın "Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə layihənin nəticəsidir. Mərkəzin fəaliyyətinin əsas məqsədi istedadlı və yaradıcı gənc rəssamlara təlim vasitəsilə ənənəvi sənətkarlıq növlərini yaşatmaq və inkişaf etdirməkdir.

Azərbaycanın zəngin incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən və "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu "canlı tarix konsepsiyasının həyata keçirilməsi çərçivəsində yaradılan mərkəz həm də cəmiyyət həyatında böyük sosial rol oynayır. Mərkəzin uğurlarından biri Şirvanşahların taxtının dizaynının hazırlanmasıdır. Bu unikal layihə Şirvanşahların hakimiyyət rəmzi olan taxtı rekonstruksiya etmək və ona yenidən həyat vermək üçün bir imkandır.

 

Bakı Fotoqrafiya Evinin iki "zaman səyyahı

 

"İçərişəhərin mərkəzində yerləşən Bakı Fotoqrafiya Evinin ilk sərgisi "İçərişəhər adlanıb. Bu fotolayihə bizə şəhərlə fotoqraf arasında yarım əsr müddətində cərəyan edən "dialoq prosesini izləməyə imkan verir.

Həmin sərgi iki "zaman səyyahının foto kolleksiyasının birləşməsi sayəsində təşkil edilib. Sənan Ələsgərovla Bəhruz Hüseynzadənın fotoqrafiyaya olan fərqli yanaşmaları belə bir sərgini ərsəyə gətirib. Fotoqraf-rəssam Sənan Ələsgərovun foto kolleksiyası İçərişəhərlə davam edən həqiqi ünsiyyətdən yaranıb. Müəllif özü də İçərişəhərdə doğulub boya-başa çatanlardandır. 40 ildən çoxdur ki, bu "minişəhərin foto-xronikasını lentə alır.

Tədqiqatçı-rəssam Bəhruz Hüseynzadə isə illərdir ki, foto kolleksiyası ilə məşğuldur. Kolleksiyasına XIX əsrin sonu, XX əsrin əvvəlinə aid olan yüzlərlə orijinal fotoşəkil daxildir. 20 mindən çox təsviri özündə birləşdirən bu arxivdə materiallar estamp, çap və ya rəqəmsal nüsxə formasında saxlanılır.

Böyük Qala küçəsi-42 ünvanındakı "Zəncirli Binada nümayiş olunan "İçərişəhər sərgisi ziyarətçilərinin yaddaşına dünənki və bugünkü Bakını olduğu kimi yazıb.

 

Qız qalası - qalaların anası

 

Tarixləri qovuşduran Bakının qəlbindəki bu məkanda bəlkə də dünyanın ən məşhur, həm də ən sirli abidəsi də ucalır: Qız qalası...

Qədim şəhərlər, memarlıq incilərinin hər biri səyahətçilərin diqqətini daha çox çəkən tarixi, dini mədəniyyət məbədləri kimi daim qorunub saxlanıb. Minlərlə şəhər içərisində şəhəri düşünən kimi göz önünə öncə qədim Bakının İçərişəhəri gəlir. Türkiyənin Antalya şəhərindəki İçşəhər də bizim İçərişəhərin sanki kiçildilmiş, yığcamlaşdırılmış modelidir. Bakının İçərişəhəri Xəzərin, Antalyanın İçşəhəri isə Ağdənizin bəzən layla çalan, bəzən şıltaq, bəzən isə dəlisov dalğalarına sinə gərməyi ilə də ilk dəfə ziyarət edən səyyah və turistlərin yaddaşına yazılır.

Qız qalası Xəzərin sahilində, dənizə doğru uzanan nəhəng maili qayanın üzərində, silindrik formada tikilib. Ona dəniz tərəfdən kontrfors adlanan, böyük, uzunsov bir dayaq divarı birləşir. Maili qaya üzərində durduğuna görə qalanın hündürlüyü şimaldan 31, cənub tərəfdən 28 metrdir. Qala səkkizmərtəbəlidir. Yeganə giriş yolu qərb tərəfində, 1859-cu ildə açılıb. Yazılı mənbələrdə abidə haqqında geniş, dəqiq məlumatların olmaması onun tikilmə tarixi və funksiyası barədə bir çox fərziyyələrin yaranmasına zəmin yaradıb.

Qala divarları boyunca irəlilədikcə dünənə doğru sanki daha bir əsrlik yol gedirsən... Yolumuz isə İçərişəhərin digər tarixi və mədəni məbədlərinədir. Bura həm də sirlər-sehrlər məkanıdır axı...