525-ci qəzet. - 2019.- 29 mart. - 55. - S. 6.

 

Türk düşüncə və siyasət adamı Əhməd bəy Ağaoğlu-150

 

Mədinə Karahan,

Xəzər Universitetinin doktorantı

 

(əvvəli ötən sayımızda)

Türkiyədə keçən ömür

 

Ə.Ağaoğlu Türkiyəyə gəldikdən dərhal sonra yeni cəmiyyətə tez uyğunlaşır. O zamanlar Osmanlıda böyük tarixi proseslər baş verirdi. Əhməd bəy bir-birini əvəz edən siyasi proseslərdə siyasi-ictimai fəaliyyətini daha da genişləndirir. Əvvəlcə "İslam məcmuəsi", "Sirati-müstəqim", "Hikmət", "Haqqa doğru", "Türk yurdu" qəzet və dərgilərində məqalələrlə çıxış edir. İstanbulda fransızca nəşr edilən "Le Jeune Turk" qəzetinə də yazılar yazan Ə.Ağaoğlu özünün qəzetini açmaq haqqında düşünür və ilk mətbuat orqanını "Tərcümani-həqiqət"i nəşr edir. Tezliklə azərbaycanlı mühacir burada baş verən ictimai-siyasi proseslərin mərkəzinə düşür. Onun evinə Türkiyənin gələcəyi üçün çalışan insanlar gəlirdi. Qızı Sürəyya Ağaoğlu yazırdı ki, "Türk ocağı"nın, "Türk yurdu"nun çalışmaları, dövrün siyasi və fikir inkişafı bizim evimizdə yaşanırdı. Bir yandan Ziya Göyalp, Hüseynzadə Əli bəy, Cəlal Sahir, Həmdullah Sübhi, Yusif Akçura, Fuad Köprülü, Abdullah Cövdət, göz həkimi Əsəd Paşa, Həlim Sabit, Ömər Naci bəy kimi yazıçı və türkçülər, Ənvər və Tələt paşalar, digər tərəfdən Seyid Tahir Əfəndi, Əbdürrəşid Əfəndi kimi din adamları tez-tez evimizə gəlirdilər. Məhz bu cür görüşlərdə türkçülük ideyaları formalaşır, gələcək Türkiyə cəmiyyətinin konturları cızılırdı. 1911-ci ildə türkçülük ideyalarını yayan təşkilatlardan biri "Türk yurdu cəmiyyəti", "Türk yurdu" dərgisi, "Türk ocağı"nı quranlardan biri də Ə.Ağaoğlu idi. "Türk ocağı"nın qurucuları sırasında Ə.Ağaoğlu ilə birgə Məmməd Əmin Yurdaqul, Əhməd Fərid bəy, doktor Suat Sabit bəy də təmsil olunurdu. İlk toplantıda təşkilatın nizamnaməsi də qəbul edilmişdi.

Ə.Ağaoğlunun Türkiyəyə getmə səbəblərindən biri də getdikcə siyasi proseslərə tərəf istiqamətlənməsi olmuşdur. Azərbaycandakı fəaliyyətinin ilk illərində daha çox ədəbi, mədəni, dini fəaliyyət əsas yer tutsa da, son illərində artıq siyasi həyata, proseslərə qoşulmuşdu; ermənilərlə Tiflisdəki sülh danışıqlarında fəal iştirakı, "Difai" partiyasının yaradılmasındakı və fəaliyyətindəki rolu onu getdikcə siyasət meydanına atılmasına səbəb olmuşdu. Ə.Ağaoğlu Osmanlıda olarkən siyasi, hərbi hadisələrin tez-tez dəyişməsi, Osmanlının düşdüyü vəziyyət və s. bu proseslərə və cəmiyyətdə gedən tendensiyalara münasibət bildirməyi tələb edirdi. Əgər ilk getdiyində o, Avropa ölkələrində fəaliyyət göstərən rusiyalı müsəlman türk-tatarların haqlarını müdafiə Komitəsinin üzvü idisə, bir qədər sonra İttihad və Tərəqqinin sıralarında yer alaraq partiya adından çıxış etmiş və fəaliyyət göstərmişdir. İstanbul Darülfünunun ədəbiyyat fakültəsində yeni açılan Türk Mədəniyyəti Tarixi kafedrasının müdiri olması və burada türk-moğol tarixindən dərs verməsi onun fəaliyyət istiqamətini genişləndirir. Bu dönəmdə artıq o, "Sirati müstəqim" və "Sebilürreşad" kimi dərgilərdən daha çox, diplomatik çevrələrə yönəlik çalışma sferasına daxil olur və bu çevrələrə yaxın fransızca "Hilal" və "Le Jeune Turc" qəzetlərində məqalələrlə çıxış edir.

Ə.Ağaoğlunun Türkiyə siyasi həyatında son dərəcə yaxından iştirakı və proseslərin içində olması onun Maltaya sürgünü ilə nəticələnir. Ə.Ağaoğlu da daxil olmaqla 61 nəfər sürgün həyatı yaşayanların əksəriyyəti İttihad və Tərəqqi partiyasının rəhbərləri, üzvləri, yaxud onlara yaxınlıqları ilə tanınan görkəmli fikir adamları idi. Məlumdur ki, 1919-cu ildə Maltaya sürgün edilərkən Ə.Ağaoğlunun üzərində onun haqqında ingilis generalı Tomsonun Parisdəki ingilis əskəri atteşesinə yazdığı bir tövsiyə məktubu və Azərbaycan Cümhuriyyətinin diplomatik pasportu var idi. Buna baxmayaraq, İstanbulda həbs edilmiş və ittihadçılarla birlikdə Maltaya göndərilmişdi. Onun ingilislər tərəfindən Maltaya sürgün edilməsinə səbəb kimi Alman dəstəkli "Tərcümanı Həqiqət" qəzetində "Erməni qırğınını təşviqedici yazılar yazması" da var idi. Doğrudur, Ə.Ağaoğlunun həmin qəzetdə yazıları dərc edilirdi, ancaq bu yazıların heç birində erməni qırğınına təşviqdən söhbət gedə bilməzdi. Görünür, Almaniyanı dəstəkləyən bir mətbuat orqanında yazılar yazması ingilisləri razı salmamışdı.

Ə.Ağaoğlu Maltada da mübarizəsindən qalmır, siyasi düşüncələrini, etirazlarını davam etdirirdi. Xüsusilə, bu mərhələdə Maltada ingilis rəsmilərinə qarşı qorxmadan, son dərəcə açıq və sistemli şəkildə, təkzibolunmaz arqumentlərlə mübarizə aparır, onları tənqid etməkdən də çəkinmirdi. İngilislərin özbaşınalığına qarşı özünün kəskin etirazını dönə-dönə yazılı şəkildə bildirmişdi. Özünün azad olunmağa haqqı olduğunu dönə-dönə irəli sürərək bu tələblə ingilis rəsmilərinə məktub yazmışdı. Bu məktubların birində yazırdı: "Lütf, ya da əfv istəmirəm. Ədalət istəyirəm. Bir məhkəmə önünə çıxarılmağımı və bu məhkəmənin qərarına boyun əyməyi öncədən qəbul edirəm. İngilislər dünya miqyasındakı gücləri ilə mənim kimi bir çox müdafiəsiz insanları əzə bilərlər. Lakin bu, İngiltərənin şöhrətinə nə əlavə edəcək? Bütün bunları sizdən mərhəmət diləmək üçün söyləmirəm. Xeyr! Mərhəmət, ya da bağışlanmağı əsla qəbul etmirəm. Mən ədalət istəyirəm!"

Ə.Ağaoğlu Malta sürgünündən döndükdən az müddət sonra Ankara hökumət rəsmilərinə yeni idarəetmədə yer almaq istəyilə bağlı müraciət etmiş və müsbət cavab almışdı. Bu vaxtlar Ankara xalq arasında təbliğat aparmaq məqsədilə Anadoluya qruplar göndərməyi qərara almışdı. Ə.Ağaoğlu Qara dəniz sahilindən Qarsa qədər gəzərək Milli mücadilə və kamalist hərəkatın lehinə təbliğat aparmağa başlayır. Bu yöndə ilk işi Qarsda bir gündəlik qəzet qurmaq və bir məktəb açmaq olur. Onun bu yöndə çalışmaları hökumət tərəfindən yaxşı qarşılanır. 1921-ci ildə Mətbuat və İstihbarat ümum müdirliyinə gətirilir. Bu zaman Ankaraya gələn bolşevik diplomat Aralovu müşayiət etmişdi. Milli mücadilə illərində bolşeviklərlə Anadolu hökuməti arasında əlaqələrin qurulmasında Ə.Ağaoğlunun rolu böyük olur. Bu illərdə Ə.Ağaoğlu üç dönəm Qarsdan millət vəkili seçilmişdir. Eyni zamanda, Ankara Hüquq fakültəsində Anayasa hüququ dərsləri verməklə yanaşı, yeni Anayasanın yazılmasında da yaxından iştirak etmiş, Komisyon üzvü olmuşdur. Cümhuriyyət Xalq Partiyasının Nizamnaməsinin yazılmasında da yaxından iştirak etmişdir. Xüsusilə hökumətin rəsmi yayın orqanı olan "Hakimiyyəti Milliyyə"nin baş redaktoru olması və Cümhuriyyətin ilk dönəmində Avropa üslublu qəzetçiliyin əsasını qoyması Ə.Ağaoğlunun göstərdiyi xidmətlər içərisindədir.

Ə.Ağaoğlu Azərbaycandan Türkiyəyə köçərkən ilk vaxtlar müəllim kimi fəaliyyət göstərmişdir. Türk tədqiqatçısı E.Kayabaş onun ilk fəaliyyət dövrü ilə bağlı yazır: "1909-cu ilin oktyabrından etibarən İstanbul Darülfünunda Türk moğol tarixi və rus dili müəllimliyi etdi. Darülfünundakı vəzifəsi tarix və dil öyrətmək ilə məhdudlaşmamış, bunlarla yanaşı, Ədəbiyyat fakültəsi öyrətim üzvləri məclisinin və fakultə islahat komisiyasınınn başçılığını da etmişdir. Ayrıca bu dönəmdə Əbdürrəhman Şərəf bəydən sonra boşalan Ədəbiyyat fakültəsi dekanlığına da atanmışdır". Holly Şisslerin "İki imperatorluq arasında Əhməd Ağaoğlu və yeni Türkiyə" adlı tədqiqatında yazdığına görə, Ə.Ağaoğlunun tədris etdiyi bu Türk-Moğol dərsi Türk tarixinin önəmli hissəsi olaraq Darülfünun tarixində ilk dəfə Ağaoğlu ilə tədrisə girmişdir.

Ə.Ağaoğlunun Türkiyədə ictimai-siyasi cəbhədə yorulmaz fəaliyyəti cəmiyyətin gözündən qaçmır və tezliklə öz bəhrəsini verir. Artıq o, Türkiyə həyatının üçüncü ilində, 1912-ci ildə tutduğu məmur vəzifələrindən istefa edərək Afyon-Qarahisardan Osmanlı Məclisi Məbusanına (parlamentinə) vəkil (deputat) seçilir. Çar Rusiyasında yaşayan qeyri-rus xalqların Lozannada 1915-ci ildə keçirilən konfransında Azərbaycanı təmsil edir.

Mühacirət illərində Ə.Ağaoğlu Azərbaycanı heç zaman yaddan çıxarmırdı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra onu alqışlayanlardan biri də Ə.Ağaoğlu olur. Ancaq o, Cümhuriyyəti yalnızca təqdir etmir, onun işində yaxından iştirak etməyə çalışırdı. Qafqaz İslam ordusunun Bakıya gəlməsində onun da rolu olmuş, Nuru Paşanın müşaviri olaraq Azərbaycana gəlmişdi. O, bir müddət burada qalaraq Cümhuriyyətin ilk parlament seçkilərində iştirak etmiş və parlamentə üzv seçilmişdi. Beləliklə, Ə.Ağaoğlu iki ölkənin parlament üzvü kimi fəaliyyət göstərən ilk azərbaycanlı millət vəkili olmuşdur.

1920-ci illər Ə.Ağaoğlunun Türkiyə fəaliyyətinin zirvəsi hesab edilə bilər; belə ki, bu illər Hüquq məktəbində professor olaraq çalışmaqla yanaşı, həm də iki dönəm Qars millət vəkilliyini etmişdir. Bu illər, eyni zamanda, Cümhuriyyət Xalq Partiyasının İdarə heyətinin üzvü kimi fəaliyyət göstərmiş, 1924-cü ildə Atatürkün istəyi üzərinə Anadolu Xəbər Agentliyini quraraq bir dönəm müdiri olmuş və Yönətim Kuruluna (İdarə Heyəti) başçılıq etmişdir. Bundan başqa, 1921-1924-cü illər Böyük Millət Məclisində Anayasa dəyişikliyi Komisyonunun üzvü kimi də müəyyən işlər görmüşdür. Türkiyə Cümhuriyyəti Anayasasının yazılmasında yaxından iştirak etmişdir.

1920-ci illərin sonuna doğru Ə.Ağaoğlu liberal görüşləri müdafiə etdiyindən üzvü olduğu Cümhuriyyət Xalq partiyasından ayrılır. Lakin Atatürkün təkidi ilə könülsüz şəkildə yaradılmaqda olan Sərbəst Firqəyə qoşulur. Bu zaman Ə.Ağaoğlu iqtisadiyyatda liberal görüşləri müdafiə edərək İsmət İnönü hökumətini tənqid etməkdən belə çəkinmirdi. Lakin Sərbəst Firqənin ömrü o qədər də uzun olmur. Partiya qapandıqdan sonra isə yenidən CHP-yə girməmiş, liberal görüşlərini mətbuatda davam etdirmişdir. Bundan sonra Ə.Ağaoğlu parlamentdən kənarda qaldığından İstanbula köçmüş və hüquq professoru olaraq çalışmışdır. 1931-1933-cü illərdə İstanbul Dürülfünunun Hüquq fakultəsində dərs demişdir. Eyni zamanda, "Axın" qəzetini nəşr edir və məqalələrində hökuməti tənqid edirdi. 1933-cü ildə baş redaktoru olduğu "Axın" qəzeti bağlanmaqla yanaşı, professor kimi çalışdığı İstanbul Universitetindən də islahat adı ilə təqaüdə göndərilmişdir. Bundan sonra o, qəzetçi həyatından, eləcə də, demək olar ki, fəaliyyətdən uzaqlaşdı.

Həyatının son illərini Nişandaşındakı evində keçirən Ağaoğlu ömrünün sonlarında qaraciyər, ürək və nəfəs darlığından əziyyət çəkirdi. O, 19 may 1939-cu ildə İstanbulda gözlərini həyata yummuşdur.