Xalq qəzeti.-2019.-31 mart.-68.-S.11.

 

Unudulmayan tarix

 

Sadir Məmmədov,

Bakı Slavyan Universitetində Azərbaycanşünaslıq elmi-tədqiq laboratoriyasının müdiri, diplomatiya və xarici siyasət kafedrasının dosenti,

hüquq elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Heydər ƏLİYEV

Ümummilli lider

 

Hər ilin 31 martı ölkəmizdə dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş vəhşiliklər törətmişlər.

 

Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra almışdır. Mart hadisələrinin 80-ci ildönümündə 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində imzalanan fərman erməni təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından, bir növ, proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən həmin sənəddə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması qərara alınmışdır. Fərmanda deyilir: Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

Ötən illər ərzində Azərbaycan dövləti bu tarixi gerçəklikləri, xalqın iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində xeyli iş görmüşdür. Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun əksini tapmışdır. Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə rəsmi Moskvanın havadarlığına arxalanaraq, tarixi Azərbaycan torpaqlarını ələ keçirmək, bu torpaqlarda erməni dövlətini qurmaq məqsədini güdmüşlər.

19051907-ci illər inqilabından sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi davam etdirilmişdir. Bunu Rusiya imperiyasının o vaxtkı statistik məlumatları da təsdiqləyir. 1916-cı ildə nəşr olunan məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər ərzində 40 dəfə artaraq 570 min nəfər təşkil etmişdir. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin sayı cəmisi 4,6 dəfə artmışdır. Hətta bu qədər sıxışdırılma və deportasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılardan ibarət olmuşdur.

1914-cü ildə başlanan Birinci dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin böyük Ermənistan iddiası üçün əlverişli şərait yaratmışdır. 1915-ci ilin əvvəllərində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başlamışdı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr vermişdi. Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura çoxlu sayda erməni köçüb gəlmişdi. Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmuşlar.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə zülm etmişlər. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi tamamilə dağıdılmış və yandırılmışdı. Bu ərazidə yaşayan 135 min Azərbaycan türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar.

Bu qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi.

Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-də və aprelin 1-də qırğınlar xüsusilə kütləvi xarakter aldı. Üç gün ərzində Bakıda 10 minlərlə insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını talan etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan İsmailiyyənin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 1277-si uşaq idi) qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişdilər.

Göründüyü kimi, azərbaycanlılara qarşı aşkar soyqırımı həyata keçirən ermənilər Bakı da daxil olmaqla, bütün Azərbaycanı özlərinin ərazisinə çevirmək niyyətində idilər. Xalqımız bu gerçək tarixdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşlarımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzərində Kirovun heykəli ucaldılmış, ətrafda istirahət parkı salmışdılar. Bu mənada, ümummilli lider Heydər Əliyevin 9 il bundan əvvəl imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətinə qarşı çıxarılan tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və Vətənə bağlılığı baxımından da çox əhəmiyyətlidir.

Müvafiq məxəzlərlə tanışlıq zamanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə məlumatları oxuduqca, insanlıq əleyhinə yönəlmiş vəhşi xislətli bədnam qonşularımıza nifrət birə-min artır. Məsələn, Naxçıvanın Əmovu kəndində törədilən dəhşətli faciələr bu mənfur kütlə tərəfindən xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırımı siyasəti idi. Andronikin quldur dəstəsi Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı edilən vəhşilikləri Naxçıvanda da törətmişdir.

Ermənilərin soyqırımı siyasəti əsrlərdən bəri formalaşmış, onun ideya daşıyıcıları isə ardıcıl şəkildə təbliğatlarını aparmış və onlar üçün əlverişli məqam yetişdikdə həmin andaca kütləvi qırğınlar törətmişlər. Bu ideyanın daşıyıcılarından və yeri gəldikdə onu real şəkildə həyata keçirənlərdən biri əvvəldə qeyd olunduğu kimi məhz S.Şaumyan olmuşdur. Ümumilikdə götürdükdə, məskunlaşma dinamikası haqqında tarixi ədəbiyyatlarda kifayət qədər elmi cəhətdən əsaslandırılmış məlumatlar olduğundan, bunun geniş təhlilinə ehtiyac duyulmur. Lakin erməni-daşnak ideologiyasının uydurma fikirlərinə cavab olaraq, təkcə onu göstərmək kifayətdir ki, Türkmənçay müqaviləsinə qədər bu şəhərlərdə ermənilər son dərəcə az olmuşlar və onları barmaqla saymaq olardı.

Təbii olaraq, türklərin soyqırımını qarşılarına məqsəd qoyan bu cür ideoloqların sayıqlamaları həmin siyasətin həyata keçirilməsində çox zaman ermənilərə vasitə olmuşdur. Hesab edirəm ki, rəsmi sənədlərə əsasən bir məqamı da oxucuların nəzərinə çatdırmaq zəruridir. Məsələn, əlverişli məqamlardan məharətlə istifadə edən erməni şovinistlərinin 1918-ci ilin mart qırğınlarından bəhs edən mənbələrin birində (H.Baykara, Azərbaycan istiqlal mübarizəsi tarixi) yazılır: Türklərin mağazaları talan edildi, evlər yandırıldı. Türk qadınları saç-saça bağlanaraq çılpaq gəzdirildikdən sonra müxtəlif şəkildə təcavüzlər, öldürmələr və daha başqa cinayətlər... törədildi. Təcavüzlər bununla bitmədi. Erməni, rus könüllü dəstələri Şamaxı, Salyan, Kürdəmir, Quba və Lənkərana da hücum etdilər, bu yerlərdə də Bakıda olduğu kimi, qırğınlar, talanlar və tarixdə görünməyən cinayətlər törədildi.

Gətirdiyimiz iqtibasdan görünür ki, Şamaxıya göndərilən erməni silahlı dəstələri, guya, əksinqilabçıları cəzalandırmağa gəlmişdilər. Lakin onlar, əslində, bu ad altında bütün müsəlman əhalisinə divan tutmuşdular. Ermənilərin belə bir siyasət yeridərək soyqırımı niyyətlərini reallaşdırdıqları barədə sonralar N.Nərimanov yazırdı: Müsəlman bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir.. Onlar kefləri istəyən adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular... Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdilər. Nəinki kişilərə, hətta hamilə qadınlara belə rəhm etmirdilər.

Statistik rəqəmlər də Şamaxı qırğınlarının hansı qəddarlıqla törədildiyini əks etdirir. Şamaxı kəndlərində azərbaycanlılara qarşı törədilən qırğınların göstəricilərinə bir daha diqqətimizi yönəldək. Cəyirlidə 75, Ərəbqədim kəndində 378, Cəmcəmlidə 26, Qaravəllidə 120, Kürdəmirdə 25, Ovçuluda 27, Bağırlıda 370, Təklədə 922, Dilmanda 585, Sulutda 44, Nuranda 117, Sündüdə 250, Ağsuda 200, Bəklədə 316 nəfər və Şamaxının adını çəkmədiyimiz digər kəndlərində minlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilmişdir.

Tarixi sənədlərin araşdırılması göstərir ki, S.Lalayan Şamaxıda törətdiyi qırğınlarla kifayətlənməmiş, ətraf ərazilərdə, o cümlədən Göyçay və Kürdəmir rayonlarında da soyqırımı əməllərini davam etdirmişdir. Kürdəmirdə yaşayan Mövsüm bəy Sadıqbəyov istintaq zamanı ermənilərin vəhşilikləri barədə belə ifadə vermişdir: Mən bir neçə ildir ki, Kürdəmirdə yaşayıram. Əslən Şamaxıdanam. Şamaxı hadisələrindən üç həftə əvvəl mən bura köçmüşdüm. Hələ Kürdəmirdə yaşadığım vaxt eşitmişdim ki, ermənilər Bakıdan çoxlu silah daşıyıb gətirmişlər. Müsəlmanlar öz etirazlarını bildirdikdə ermənilər deyirdilər ki, biz özümüzü qorumaq məqsədilə silah toplayırıq... 1918-ci il martın 15-də Meysəri kəndində ermənilərlə müsəlmanlar arasında ilk toqquşma baş verdi. Ertəsi gün ermənilər və müsəlmanlar arasında sülh müqaviləsi bağlandı. Əhalidə belə arxayınçılıq yarandı ki, artıq təhlükə sovuşmuşdur. Lakin martın 18-də Mədrəsə kəndindən Şamaxıya top atəşi açıldı. Tezliklə malakanlar da müsəlmanlara qarşı çıxış etdilər... Şəhər bütünlüklə dağıdılmışdı. Bütün bu qırğınların başlıca təşkilatçıları və təşəbbüskarları Stepan Lalayan, Mixail Arzumanov, Qaraoğlanov olmuşlar.

Son illər azərbaycanlıların soyqırımının tanıdılması istiqamətində dövlətimiz davamlı iş aparır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan yaratmşdır. Bu sərəncam uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir.

Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir. Dövlət başçısının soyqırımı ilə bağlı xalqa müraciətində vurğuladığı kimi, biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasətini yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların dünya ictimaiyyətinə çatdırılması prosesində önəmli rol oynayacaqdır.

Heydər Əliyev Fondu soyqırımı ilə bağlı 100-dək materialın xaricdə sərgisini təşkil etmişdir. Fondun həyata keçirdiyi Qarabağ həqiqətləri silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunmuş kitab və bukletlər xaricdə yayımlanmışdır.

Eyni zamanda, 2009-cu ilin fevralında İslam Konfransı Təşkilatının Gənclər Fondunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış Xocalıya ədalət! kampaniyası ötən bir il ərzində uğurla davam etmiş, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər qoşulmuşdur.