Xalq qəzeti.-2019.-31 mart.-68.-S.8.

 

Nazim Mustafa. Ermənilərin 1918-1920-ci illərdə Qars vilayətində törətdikləri soyqırımı

 

Arxiv sənədləri çoxsaylı faktlardan söz açır

 

Nazim Mustafa,

tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri

 

1918-1920-ci illərdə ermənilərin Qars vilayətinin ərazisində türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlarına və rəsmi dövlət orqanları tərəfindən həyata keçirilən etnik təmizləmə aksiyasına dair sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin fondlarında cəmləşmişdir. Oxuculara təqdim edilən bu məqalə məhz Azərbaycan arxivlərində olan sənədləri də elmi-tədqiqat dövriyyəsinə cəlb etməklə, ermənilərin 1918-1920-ci illərdə Qars vilayətində həyata keçirdikləri soyqırımının əsl miqyasını göstərmək məqsədilə qələmə alınmışdır.

 

1877-1878-ci illər rus-türk müharibəsi nəticəsində Qars paşalığı hərbi təzminat əvəzində Rusiyanın tabeçiliyinə keçməsindən sonra türk-müsəlman əhalinin həmin ərazidən sıxışdırılıb çıxarılması, onların əvəzində ermənilərin, yunanların və rus sektantlarının məskunlaşdırılması siyasəti yeridilsə də Qars vilayətinin əhalisinin əksəriyyətini yenə də müsəlmanlar təşkil edirdi. Hərbi inzibati-ərazi vahidi kimi Qafqaz canişinliyinə tabe etdirilən Qars vilayəti Ərdahan, Qars, Qağızman və Oltu qəzalarına bölünmüşdü və 800-dən artıq yaşayış məntəqəsini əhatə edirdi.

1917-ci ilin noyabrında Rusiyada baş verən dövlət çevrilişindən sonra Qars vilayətinin işğaldan azad olunması şansı yaranmışdı. 1918-ci il fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda törətdikləri qırğınlara son qoymaq üçün əks hücuma keçir. Brest Litovsk müqaviləsinə (3 mart 1918-ci il) Şərqi Anadoludan geri çəkilən rus ordusunun silahlarına sahib olan erməni qaniçənləri Andranik, Hamazasp, Dro və Nijdenin silahlı dəstələri türk qoşunlarının əks hücumuna tab gətirməyərək geri çəkildikcə, müsəlman yaşayış məntəqələrini talan edir, əhalisini soyqırımına məruz qoyurlar.

Qars vilayətində ermənilərin törətdikləri qırğınların miqyası elə bir həddə çatmışdı kı, Cənubi Qafqaz Seyminin Müsəlman fraksiyalarının 1918-ci il aprelin 15-də keçirilmiş birgə iclasında seymin üzvü, hüquqşünas Əli xan Qantəmirovun vilayətdə baş verən hadisələrlə bağlı məlumatı dinlənilmişdi. O, yunan qaçqınlarına istinadən məlumat vermişdi ki, türk ordusunun qarşısından geri çəkilən erməni hərbi hissələri və quldur dəstələri öz yolları üzərindəki müsəlman kəndlərini yer üzündən silir, hər şeyi atəşlə yandırır, insanları güllələyir və qılıncdan keçirir, təsvirə gəlməyəcək vəhşiliklər törədirlər. İclasın protokolunda qeyd edilirdi: Qadınları lüt soyunduraraq, qənimət kimi südəmər uşaqları süngüyə keçirən qalib erməni ordularının keçəcəyi magistral yolların ətrafına düzürlər. Yunanlar bildirirlər ki, gərək qeyri-insani əsəblərin olsun ki, bu cəhənnəm əzablarına, ağıllarını itirmiş qadın və uşaqların ürəkparçalayan nalələrinə, köməksiz qocaların hönkürtülərinə dözə biləsən... Təxminən 82 kənd (həqiqətdə daha çoxdur N.M.) təsvirə gəlməyəcək dərəcədə dağıdılmışdır. Çiçəklənən Qars vilayəti kapitan Mosesyanın və general Areşovun dəstəsinin vəhşicəsinə qəddarlığı nəticəsində 1915-ci ilin əvvəllərində baş vermiş dəhşətləri xatırladır. Hazırda bütün Qars vilayəti nəhəng qəbiristanlığa çevrilmişdir, hansı ki, hər bir daş həmişəlik insani sifətlərini itirmiş qəddar ermənilərin vəhşi hərəkətlərinə şahidlik edə bilər.

Kazım Qarabəkir paşanın komandanlığı ilə türk ordusu aprelin 25-də Qars vilayətini bütövlükdə işğaldan azad etmiş və bundan sonra qırğınlar zamanı evlərindən didərgin düşən müsəlman əhalisi öz yer-yurduna qayıtmağa başlamışdı. BrestLitovsk müqaviləsinə əsasən iyunun 12-də Üç Sancaqda (Batum, Qars, Ərdahan) plebisit (rəy sorğusu) keçirilmiş və bölgələrin əhalisi yenidən Türkiyəyə birləşmək arzusunu ifadə etmiş, səsvermənin nəticələri avqustun 15-də Dolmabaxça sarayında VI Sultan Vahidəddinə təqdim edilmişdi.

Lakin Birinci dünya müharibəsinin sonunda bağlanan Mudros sazişinin (30 oktyabr 1918-ci il) şərtlərinə əsasən, məğlub tərəf kimi, Türkiyə öz qoşunlarını 1914-cü il sərhədlərinə geri çəkmək məcburiyyətində qalmışdı. 1919-cu il yanvarın 4-də ingilis qoşunlarının 27-ci diviziyasının komandiri, general-mayor C.Forestye-Uoker, general Vilyam Hehri Biç və kapitan Klayv Temperli ilə birlikdə Tiflisdən Qarsa gəlırlər. Yanvarın 12-də K.Temperli Qarsın hərbi qubernatoru təyin edilir. Yanvarın 8-də C.Forestye-Uokerlə Ermənistanın xarici işlər naziri Sirakan Tiqranyanın görüşündə qərara alınır ki, Qars vilayətinin mülki idarəçiliyinin təşkili Ermənistan hökumətinə həvalə edilsin.

Geri çəkilən türk qoşunlarının komandanı Yaqub Şevki paşanın məsləhəti ilə türk zabitlərinin bir qismi Qars vilayətində qalıb yerli özünümüdafiə dəstələrinin təşkili və təlimi ilə məşğul olurdular. Erməni tədqiqatçısı Qayane Maxmuryanın yazdığına görə, Yaqub Şevki paşa yerli əhaliyə 30 min tüfəng, 10 pulemyot vermiş, özünümüdafiə dəstələrini və Milli Şuranı təsis etmişdi.

1918-ci il noyabrın 5-də Qarsda İslam Şurası qurulmuş, noyabrın 14-də 1-ci Qars Konqresi keçirilmiş, bölgələrdə özünümüdafiə işlərini təşkil etmək məqsədilə yerli milli şuralar yaradılmışdı. Noyabrın 30-da Naxçıvan, Ordubad, Qəmərli, Sürməlı (İqdır), Şörəyel, Axıska, Axılkələk, və Batum bölgələrindən gələn 60 nəfərlik nümayəndə heyətinin iştirakı ilə 2-ci Qars Konqresi keçirilmiş və Qars Milli İslam Şurası hökumətinin qurulduğu elan edilmişdi.

1919-cu il yanvarın 13-də ingilis generalı Vilyam Biç Qarsa gələrək, Ermənistan hökumətinin Stepan Korqanovu Qars vilayətinə qubernator təyin etdiyini bildirir. Lakin Milli Şura hökuməti Ermənistan hökumətinin Qarsa qubernator bu qərarı rədd etdiyini bildirir.

1919-cu il yanvarın 17-18-də 131 nümayəndənin iştirak etdiyi 3-cü Qars Konqresi hökumətin adını dəyişdirərək Müvakkata-i Milliyyəsi adlandırır. 18 maddədən ibarət Anayasa (Konstitusiya) qəbul olunur. Cənubi-Qərbi Qafqaz Hökumətinin 34 qəza və nahiyəni əhatə edən Batumdan Ordubadadək ərazisi təxminən 40 min kvadratkilometr, əhalisi isə 1,71 milyon nəfər olmuşdur.

Vəziyyətin gündən-günə ağırlaşdığını görən Cənubi-Qərbi Qafqaz hökuməti 1919-cu il yanvarın 27-də Azərbaycan hökumətinə müraciət etmiş, ondan hərbi təlimlər keçmək üçün zabitlər, məmurlar və pul istəmişdi. Türk qoşunları martın 6-da Qars şəhərindən, martın 15-də isə bütövlükdə Qars vilayətindən çəkilməsindən sonra bütün ağırlıq Cənubi-Qərbi Qafqaz hökumətinin üzərinə düşmüşdü.

1919-cu ilin martın 25-də Cənubi-Qərbi Qafqaz hökuməti müstəqilliyini elan edir və özünü Cәnubi-Qәrbi Qafqaz Demokratik Cümhuriyyəti adlandırır.

Britaniyanın Cənubi Qafqazdakı qoşunlarının komandanı, general-mayor V.Tomson 28 mart 1919-cu ildə Ermənistan hökumətində görüş keçirmiş, ermənilərin Naxçıvana və Qarsa qayıtması məsələsi müzakirə edilmişdi.

1919-cu il aprelin 6-da general-mayor V.Tomson Tiflisdən Ermənistan hökumətinin sədrinə göndərdiyi məktubda bildirirdi ki, aprelin sonunadək erməni qaçqınları Qarsa və Naxçıvana qayıtdıqdan sonra ingilis qoşunları Qarsdan və Naxçıvandan geri çağırılacaqlar, ingilis missiyası isə qalacaq. V.Tomson daha sonra qeyd edirdi ki, mayın 1-dək hər bir rayonda administrasiya təşkil edilməsi üçün lazımi miqdarda erməni qoşunu olmalıdır. O, general Devinin hazırda Qarsda olduğunu, erməni qoşunlarının Qarsa çatmasınadək Qars Milli Şurasının öhdəsindən gələcəyini, Ermənistan hökumətinə təhvil verilmiş iki zirehli qatarın böyük köməyi olacağını bildirirdi.

Ermənistanın daxili işlər naziri və hökumət başçısı A.Xatisovun aprelin 6-da Tiflisdə general V.Tomsonla görüşündə əsas müzakirə predmeti Qars vilayətinin, Şərur-Dərələyəz, Naxçıvan və Sürməli qəzalarının Ermənistanın idarəçiliyinə verilməsi məsələsi olmuşdu.

Aprelin 7-də A.Xatisovun briqada generalı Vilyam Biçlə görüşündə Qars vilayətinin Ermənistan və Gürcüstan arasında bölüşdürülməsi məsələsi müzakirə edilmişdi.

Aprelin 8-də Tiflisdə A.Xatisov Qarsa qubernator təyin edilən Stepan Korqanovla birlikdə Gürcüstanın xarici işlər naziri N.Ramişvili və V.Tomsonla görüşmüş, erməni əsgərləri üçün 3000 komplekt silah verilməsi, Qarsın və Naxçıvanın işğalı üçün paravozların və lazımi vasitələrin verilməsi, Qarsın və Naxçıvanın ələ keçirilməsinin planı müzakirə edilmişdi.

Aprelin 9-da A.Xatisovun Tiflisdə V.Tomsonla görüşündən sonra ingilis polkovniki Bali Qarsa göndərilir və o, ingilis komandanlığının Qarsın idarəçiliyinin Ermənistan hökumətinə təhvil verilməsi barədə təlimatını polkovnik K.Deviyə çatdırır. Bali Qarsdan Xatisova teleqram göndərir ki, hərbi nazirliyin nümayəndələri və general-qubernator Qarsa gəlsinlər. Qars vilayətinin Ermənistanın tabeçiliyinə verilməsi üçün ingilis dəmir yolu batalyonunun 2 rotası və stansiyanın mühafizəsi üçün hindlilərdən (indus) ibarət rota artıq göndərilmişdi. Həmin vaxt Qars vilayətində ümumilikdə 3000 ingilis ordusunun əsgəri var idi.

1919-cu il aprelin 12-də ingilislərin köməyi ilə Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti süquta yetirilir və hökumət üzvləri Tiflis-Batum-İstanbul üzərindən Malta adasına sürgün edilirlər. Bundan sonra CQQC-nin 12 bölgəsində milli şuralar yerli hökumətlər şəklində müstəqil fəaliyyət göstərirlər.

Aprelin 17-də general Artyom Osepyanın komandanlığı altında Ermənistan ordusunun 1-ci və 4-cü piyada polkları Qars vilayətinə daxil olur. Aprelin 23-də isə daşnak hökumətinin Qars vilayətinin qubernatoru təyin etdiyi Stepan Korqanov Qars şəhərinə gəlir. Aprelin 30-da daşnak hökuməti Qarsda öz fəaliyyətinə başlayır və qəza təşkilatlarını qurmaq üçün öz nümayəndələrini bölgələrə göndərir.

Sənədlər göstərir ki, qubernator S. Korqanov CQQC hökumətinin üzvlərinin Malta adasına sürgün edilməsindən xeyli müddət sonra da vilayətin bütün ərazisində idarəçiliyi öz əlinə ala bilməmişdi. Yerli müsəlman əhali onun təyin etdiyi nahiyə rəislərini yaxına buraxmır, erməni idarəçiliyini tanımaq istəmirdilər. Çünki ermənilər verdikləri vədlərə əməl etmir, tərksilah olunmuş bölgə əhalisini silah gücünə müsəlmanlardan təmizləyir və onların mal-mülkünə sahib çıxırdılar.

Müttəfiqlərin qoşunlarının komandanının ermənipərəst mövqeyi erməniləri yeni-yeni əraziləri ələ keçirməyə təhrik edirdi. 1919-cu il mayın 28-də Ermənistan parlamenti Birləşmiş və müstəqil Ermənistan haqqında Akt qəbul etmişdir. Həmin akta görə, Birləşmiş Ermənistanın ərazisi Azərbaycan, Türkiyə və Gürcüstanın əraziləri hesabına 68 min kv.km. təşkil etməli idi. və Qars vilayəti də həmin ərazilərə daxil edilməli idi.

1919-cu il iyunun 8-də ingilis hərbçilərinin bir qisminin Qarsı tərk etməsindən sonra erməni silahlı dəstələri genişmiqyaslı hücumlara başlayırlar. Ermənilərin törətdikləri qırğınlardan qurtulmaq üçün İrəvan quberniyasının 91 kəndindən Qars vilayətinə pənah gətirən 25 min azərbaycanlı əhalinin bir qismi yenidən Türkiyənin içərilərinə doğru hərəkət etmiş, bir qismi də Gürcüstandan keçməklə Azərbaycanda özlərinə sığınacaq tapmışdı.

Şörəyel nahiyəsinin kəndlərinin böyük əksəriyyəti erməni qoşunları tərəfindən işğal edildiyi üçün Şörəyel Milli Şurası öz işini davam etdirə bilməmiş, Milli Şuranın sədri Əsədulla İskəndərbəyov (Ağüzüm) Şörəyel faciəsinin miqyasını dünyaya çatdırmaq üçün Tiflisə getmiş, Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyinin vasitəsilə müttəfiq dövlətlərin Qafqazdakı missiyalarının başçılarına müraciətlər etmiş, Tiflisdə dərc olunan qəzetlər vasitəsi ilə ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətini nəzərinə çatdırmağa çalışmışdı.

1919-cu il oktyabrın 1-də Qarsın qubernatoru S.Korqanov Ermənistan hökumətinin sədrinə ünvanladığı "Tam məxfi" qrifli məktubunda Ağbaba, Şörəyel, Zərşad bölgələrinin əhalisinin tamamilə "tatarlardan" (yəni azərbaycanlılardan-N.M.) ibarət olduğunu yazır və kütlənin arasında böyük həmrəyliyin mövcud olması səbəbindən bölgəni özünə tabe etdirməyin asan olmadığını qeyd edirdi. Korqanov Milli Şuranın keçmiş üzvü Məhəmməd Hacı Abbas oğlunun erməni idarəçiliyinə tabe olmamasından şikayətlənirdi. O, Məhəmməd Hacı Abbas oğluna yüksək vəzifə təklif etdiyini, lakin onun həmin təklifi bəyənmədiyini, könlündən həmin dağların hakimi olmağı keçirdiyini yazır. Korqanov həmin bölgələrdə şiələrlə sünnilərin qarışıq yaşadığını, Məhəmməd Hacı Abbas oğlunun şiə olduğu halda, sünnilərin də üzərində hakim olduğunu qeyd edir. "Parçala, hökm sür!" siyasəti yeritdiyini qeyd edən qubernator, məzhəb çatışması salmaq yolu ilə Məhəmməd Hacı Abbas oğlunu zəiflətmək yolunu tutduğunu, bunun üçün sünni əhalisi olan Dələver kəndinin imkanlı sahibkarı İsrafil Hacı Rüstəm oğlundan istifadə etdiyini yazır. O, sentyabrın 30-da ilk toqquşmanın baş tutduğunu və məzhəb çatışmasında hər iki tərəfdən 14 nəfərin öldüyünü və yaralandığını şadyanalıqla Ermənistan hökumətinə xəbər verirdi.

1919-cu il oktyabrın 1-də Qars Müsəlman Milli Şurasının səlahiyyətli nümayəndələrinin Azərbaycanın xarici işlər nazirinin adına Tiflisdə qəbul etdikləri memorandumda Ermənistan hökuməti tərəfindən İrəvan quberniyasında və Qars vilayətində müsəlman əhaliyə qarşı törədilən zorakılıqlar və qırğınlar barədə ətraflı məlumat vermiş, qaçqınlara yardım göstərilməsi üçün Azərbaycan Himayəçilik Nazirliyinin təmsilçisinin Qarsa ezam edilməsinin və yollarda qida məntəqələrinin açılmasının zəruriliyi vurğulanırdı.

Qars vilayətində törədilən erməni vəhşiliklərinin miqyasını xarici dövlətlərin nəzərinə çatdırmaq, qaçqınların problemlərini yüngülləşdirmək üçün 10 oktyabr 1919-cu ildə Tiflisdə Qarslı Həmyerlilər Cəmiyyəti yaradılmışdı. Noyabr ayında Tiflisdə dərc olunan "Obnovlenie" qəzetində Qars vilayətində ermənilərin törətdikləri vəhşiliklər haqqında silsilə məqalələr dərc edilmişdi.

30 dekabr 1919-cu ildə Tiflisdə nəşr edilən Slovo qəzeti yazırdı ki, erməni mənbələrinin Qarsdan verdikləri məlumata görə, erməni ordusu Oltu nahiyəsini ələ keçirmiş, ermənilərə qarşı fəaliyyət göstərən Milli Şura Türkiyə ərazisinə qaçmışdır.

Qars qəzasının Zərşad və Ağbaba nahiyələrinin kəndləri Kərbalayi Məhəmməd ağanın 500 atlıdan ibarət döyüşçülərinin nəzarəti altında idi. Çıldır nahiyəsində isə Məhəmməd Qoca oğlunun silahlı dəstəsi erməni silahlılarının nahiyənin ərazisinə soxulmasına imkan vermirdi. Erməni hərbi hissələri bu nahiyələrdəki güclərlə üzbəüz döyüşlərdən ehtiyat edirdi. Ona görə də bu nahiyələri hər tərəfdən mühasirəyə alaraq onların xarici aləmlə əlaqələrini kəsmək istəyirdi. Erməni hərbi birlikləri bu nahiyələrin üzərinə 4 tərəfdən Qars, Gümrü, Ərdahan və Gölə nahiyəsi tərəfdən hücum planı hazırlamışdı. 1920-ci il yanvarın 28-də polkovnik Mazmanovun komandanlığı altında erməni hərbi hissəsi Çıldır nahiyəsinin Ərdahan istiqamətindəki kəndlərini işğal etmişdi.

31 yanvar 1920-ci ildə Ağbaba Milli Şurasının Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyinə göndərdiyi müraciətində deyilirdi ki, Qars vilayətinin Ərdahan qəzasında erməni əsgəri qüvvələri islamçılar üzərinə hücum edərək şiddətli hərb açmış, Ağbaba, Zərşad və Şörəyel nahiyələrini mühasirə altına almışlar. Milli Şura "İslamçıların əhvalı qayət pərişan və təhlükəli olduğundan tez bir zamanda müavinətinizi istirham edəriz." yazaraq yardım istəyirdi.

Qars vilayəti müsəlmanlarının təmsilçilərinin 1920-ci il fevralın 8-də Tiflisdə yaydıqları memorandumda bildirilirdi ki, 1-6 fevral tarixlərində general Osepyanın komandanlığında erməni qoşunları topların və pulemyotların köməyi ilə Zərşad rayonundakı 46 kəndin üzərinə qəfildən hücuma keçmiş, yüzlərlə əliyalın əhalini ən vəhşi üsullarla qətlə yetirmişlər.

Fevralın 7-də Ağbaba nahiyəsinin kəndləri Qazançı kəndi istiqamətindən erməni artilleriyasının bombardmanına məruz qalmışdır. Qaranamaz kəndində 6 qadın, 17 uşaq, 4 kişi öldürülmüş, 2 nəfər yaralanmışdı. Balıqlı kəndinə atılan mərmilər nəticəsində 4 nəfər öldürülmüş, 2 nəfər yaralanmışdı.

Azərbaycanın Gürcüstandakı Diplomatik Nümayəndəliyinin arxiv sənədlərinin içərisində Kərbəlayi Məhəmməd ağaya, Məhəmməd bəy Qocayevə və Əsəd bəy Hacıyevə 13 fevral 1920-ci ildə verilən vəsiqənin surəti saxlanılır. Həmin sənəddə qeyd edilir ki, adları çəkilən şəxslər təcili olaraq Diplomatik Nümayəndəlik tərəfindən Bakıya ezam olunurlar ki, qaçqınlara yardım edilməsi məsələsini Himayəçilik Nazirliyi ilə müzakirə etsinlər. Sənəddə, həmçinin dövlət orqanlarının nümayəndələrindən xahiş edilirdi ki, onların Bakıya çatmaları üçün yolda hər hansı maneçilik törədilməsin.

26 fevral 1920-ci ildə Azərbaycanın xarici işlər naziri Fətəli xan Xoyskinin Ermənistanın xarici işlər nazirinə göndərdiyi məktubunda erməni silahlı qüvvələrinin artilleriya tətbiq etməklə 27 yanvar - 7 fevral tarixində Qars vilayətində törətdikləri kütləvi qırğınları faktlarla sadalamış və Ermənistan hökumətindən qırğınlara son qoyulmasını tələb etmişdi.

Fevralın 29-da Fətəli xan Xoyski eyni məzmunlu məktubla Fransanın hərbi missiyasının başçısı polkovnik de-Nonankura, İtaliyanın hərbi missiyasının başçısı polkovnik Qabbaya, Britaniyanın Ali komissarı Uordropa da müraciət etmiş, təxirə salınmadan Azərbaycan hökumətinin nümayəndəsinin iştirakı ilə Qars vilayətində baş verən hadisələrin təhqiq edilməsi və təqsirkarların cəzalandırılması üçün qarışıq komissiya göndərilməsini zəruri hesab etdiyini bildirmişdi.

9 mart 1920-ci ildə Azərbaycan parlamentinin fövqəladə iclasında Qars vilayətində və İrəvan quberniyasında baş verən qanlı hadisələr, Ermənistan Respublikasının təcavüzkar əməlləri müzakirə edilmişdi. Müzakirənin sonunda qətnamə qəbul edilmişdi. Qətnamədə Azərbaycan parlamentinin rəyasət heyətinə səlahiyyət verilmişdi ki, Ermənistan hökumətinin qanlı əməllərinə son qoymasına təsir göstərmək üçün mədəni ölkələrin parlamentlərinə müraciət etsin. Azərbaycan hökumətinə isə tapşırılmışdı ki, erməni təcavüzündən zərər çəkənlərin və qaçqınların vəziyyətinin yüngülləşdirilməsi üçün lazım olan tədbirləri görsün.

1920-ci il martın 11-də Qars vilayətinin Çıldır, Gölə və Ağbaba nahiyələrinin səlahiyyətli nümayəndələrinın Axıskadan Azərbaycan və Gürcüstan hökumətlərinin başçılarına, İngiltərə, Amerika, Fransa və İtaliyanın missiyalarının nümayəndələrinə ünvanladıqları teleqramda Ermənistan Respublıkasının vəhşiləşmiş qoşunlarının qışın şaxtalı günlərində günahsız insanları qoca, qadın, uşaq demədən, ucdantutma qətlə yetirdiyini bildirir, həmin ərazilərdə bir nəfər də olsun erməninin heç vaxt yaşamadığı halda, qırğınlar törətmək yolu ilə Ermənistana birləşdirilməsinə mane olunmasını xahiş edirdilər.

1920-ci il aprelin 9-da Tiflisdə Cənubi Qafqaz respublikalarının nümayəndələrin iştirakı ilə növbəti konfrans öz işinə başlamışdı. Qars Müsəlman Milli Şurasının Tiflisdəki nümayəndəsi konfransın sədrinə Qars vilayətində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı barədə 9 sənəd təqdim etmişdi. Həmin sənədlər Ermənistan hökumətinin insanlığa qarşı, sözün həqiqi mənasında, cinayət işlədiyini sübuta yetirirdi. Bu sənədlər təsdiqləyir ki, ermənilər 1918-1920-ci illərdə Qars vilayətində 200-dən artıq türk-müsəlman kəndini tamamilə viran qoymuşlar.

Arxiv sənədləri göstərir ki, Azərbaycan hökuməti diplomatik və yaxud gizli yollarla (hərbçi zabitlər və silah-sursat almaq üçün qızıl pul göndərməklə) Qars vilayətinə və o cümlədən ermənilərin işğal etdikləri və etmək istədikləri bölgələrin əhalisinə öz mümkün yardımını göstərmişdir.

Ermənistan dövlətinin Qars vilayətində həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətinə yalnız 1920-ci ilin oktyabrında türk qoşunlarının Qarsı yenidən azad etməsi nəticəsində son qoyulmuşdur.