Azərbaycan.-2019.-31 mart.-68.-S.6.

 

Qan yaddaşımızda yaşayan faciələr

 

Seyran Cavadov

 

Erməni daşnakları türklərə qarşı əsrlər boyu ürəklərində gəzdirdikləri düşmənçilik niyyətlərini tarixin həssas keçid mərhələlərində həmişə büruzə vermişlər. Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyan da 1918-ci ildə əlinə düşmüş belə bir fürsətdən hiyləgərliklə istifadə etmişdir. Azərbaycanlıların bolşeviklərə qarşı mübarizəyə qalxdıqlarını, Leninin hakimiyyətini qəbul etmədiklərini bəhanə gətirərək bolşeviklərin qüvvələrindən də istifadə etməklə silahlı erməni dəstələri yaratmış, Bakıda, Şamaxıda, Qubada, Salyanda, Neftçalada, Lənkəranda, Hacıqabulda və digər yerlərdə kütləvi qırğınlar törətmişdir.

 

Salyanı daha dəhşətli qırğınlardan Nuru paşa qurtardı

 

Salyan şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülzar Hüseynova nəslin ağsaqqal və ağbirçəklərindən eşitdiklərini qələmə alaraq yazır ki, ölkəmizdə elə bir ailə yoxdur xüsusən 1905-ci ildən bu günə qədər bədnam qonşu millətin fitnəkarlığından ziyan görməsin. Zaman-zaman xalqımıza qarşı yönəlmiş erməni təcavüzünün ən amansız olaylarından biri 1918-ci ilin mart-iyununda baş vermiş soyqırımıdır. Martın 31-i axşamı Bakıda başlayan qanlı qətliam sonrakı günlərdə bölgələrdə davam etdirilmiş, amansızlığı ilə tarixdə qanlı iz qoymuşdur: "Mənim ailəm bu faciənin elə ilk gününü yaşayanlardan biri olmuşdur. Ana nənəm o hadisədən sonra düz 50 il - 1968-ci ilə qədər acı xatirələrlə yaşadı. Biz - sovet dövrünün yetirmələri bu ağrı-acıları olduğu kimi başa düşməmişdik. Ailəmiz əslən Salyandan olduğu üçün 31 martın səhəri - 1 apreldə Bakıda ermənilər tərəfindən qətlə yetirilmiş babamın cənazəsi Salyana gətirilmişdi. Babam Salyan qəbiristanlığında uyuyur.

Həmin ilin baharında ermənilər Salyanı da hədəfə almışdılar. Onlar gəmilərlə Xəzərdən Kür çayına keçərək, Neftçalanın kənd və qəsəbələrində qırğınlar, qanlı cinayətlər törədərək Qaraqaşlı kəndinə qədər gəlmiş, burada gözləmədikləri müqavimətlə qarşılaşmışdılar. Nuru paşanın adı Azərbaycan xalqının qan yaddaşında həmişə yaşayacaq. Mart ayının 31-dən başlayan qətliamın qarşısının hansı aydan, hansı gündən alındığını söyləmək mənim üçün çətindir, amma onu bilirəm ki, xilaskar türk zabit və əsgərləri Salyanda olmuş, yerli cavanlarla bərabər erməni daşnaklarına tutarlı cavab vermiş, onların 3 gəmisindən birini Kürdə batırmışdılar. Ermənilərə Salyanda yaxşı dərs verilmiş, daha böyük qınğınların qarşısı alınmışdı. Bu da yalnız Türkiyədən köməyə gəlmiş hərbçilərin qardaşlıq köməyi sayəsində mümkün olmuşdu. Lakin erməni xisləti yenə özünü göstərmiş, onlar geri çəkilərkən də Neftçalanın kəndlərində xeyli günahsız insanların qanını axıtmış, qoca, qadın və uşaqları qətlə yetirmiş, Tatarməhlə adlı yaşayış məskəninin 2 mindən çox əhalisini soyqırımına məruz qoymuşdular. Tatarməhlə faciəsi, təəssüf ki, hələ də araşdırılmamış və öz siyasi-hüquqi qiymətini almamışdır.

Sovet dövründə də yaşlı nəsil türk əsgərlərinin xatirəsini əziz tutur, baba və nənələrimiz onları bizim xalqımızın əsl xilaskarları adlandırırdılar. Bunları o zaman dövlət səviyyəsində üzə çıxarmaq, təhqiqatlar aparmaq, söyləmək mümkün deyildi. Yalnız Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra əsl həqiqət üzə çıxdı. Salyan qəbiristanlığında türk şəhidlərinin şərəfinə abidə də ucaldıldı.

 

Neftçalada 1918-ci ilin qanlı olayları

 

Ermənilərin 1918-ci ilin mart ayında törətdiyi qırğınlar Neftçala rayonundan da yan keçməmişdir. Rayonun Dördlər kənd sakini İmamverdi Zeynalov o dəhşətlər haqqında eşitdiklərindən, oxuduqlarından söz açarkən dedi ki, 1917-ci ilin fevralında Rusiyada inqilab baş verəndə rus ordusu Şərqi Anadolunu tərk etməyə məcbur oldu: "1918-ci ilin fevralından aprel ayına qədər türk ordusu tərəfindən Trabzon, Ərzurum, Qars, Van işğaldan azad olundu. Erməni-rus hərbi birləşmələri Türkiyədə məğlub olduqdan sonra o zaman Qafqazda, o cümlədən Azərbaycanda yaranmış kəskin ictimai-siyasi böhrandan öz məqsədləri üçün istifadə etməyi, özlərinə qondarma dövlət yaratmağı, Türkiyədən qayıdan ordunun əli ilə Azərbaycan xalqını qılıncdan keçirməyi qərara aldılar. "Dənizdən-dənizə böyük Ermənistan xülyası ermənilərin gözünü qanla örtmüşdü.

1918-ci ilin mart qırğını ərəfəsində xristian əhaliyə müraciət qəbul olundu. Mart soyqırımından hələ bir həftə əvvəl "Daşnaksütyun partiyası Bakıdakı vəziyyətdən guya "narahat olaraq ordunu öz tərəflərinə çəkməyin vacibliyini bildirdi. Buna cavab olaraq müsəlman cəmiyyəti bu təhlükəni qabaqcadan müəyyən etdiyi üçün özünümüdafiə qüvvələri yaratmağa başladı. Bakıda, Salyanda, Gəncədə belə hərbi dəstələr yaradıldı.

Bakıda məlum hadisələr hələ martın 30-da axşamdan başladı. 31 mart - 1 aprel qətliamı zamanı evlər qarət olunur, dinc əhaliyə divan tutulur, yalnız azərbaycanlı və müsəlman olduğu üçün qadınlar, uşaqlar, qocalar qəddarlıqla, işgəncə ilə öldürülür, evlər, ictimai binalar, məscidlər dağıdılır, yandırılırdı. Ermənilər 2 gün ərzində sonrakı raportlarında "əksinqilabçı kimi qələmə verdikləri 15 mindən çox insanı qətlə yetirmişdilər. Bundan sonra onlar qüvvələrin müəyyən hissəsini bölgələrə yönəltdilər. Şamaxı, Neftçala-Salyan, Quba, Hacıqabul, Lənkəran və digər ərazilərimiz də cəlladlardan çox zülm gördü. Şamaxıda 58, Qubada 122 kəndi yer üzündən sildilər. Şamaxıda 8 min, Qubada 30 min nəfər qətlə yetirildi. Yüzlərlə dağlı əhali, o cümlədən ləzgilər, Quba dağ yəhudiləri də amansızlıqla öldürüldü.

Bu zaman Azərbaycanın bir çox ziyalıları xalqı xilas etmək üçün yollar axtarıb tapırdılar. Onlar çıxış yolunu Osmanlı qoşunlarını köməyə çağırmaqda gördülər. Deyirlər ki, həmin ziyalıların sırasında Salyandan böyük nüfuz sahibi olan Mirbağır ağa, Mirəşrəf ağa və babam Əbdülhəsən Zeynalov da olmuşdur. Eşitdiyimə görə, Mirbağır ağa o zaman Türkiyə sultanına vəziyyəti danışmış, kömək istəmişdi. Sultan isə Nuru paşanın rəhbərliyi altında böyük bir silahlı dəstəni Azərbaycanın köməyinə göndərmişdi. Nuru paşa salyanlılardan, əksəriyyəti gənclərdən ibarət olan yerli özünümüdafiə dəstəsini təlimatlandırmış, sayca az bir qüvvə ilə erməni daşnaklarına qəfil zərbə endirərək onları ağır itkilərə məruz qoymuşdu. Ermənilər gəmilərinə doluşub geri qaçmağa məcbur olmuşdular. Gəmilərdən biri üzmüş, birinin dor ağacı sınsa da, aradan çıxa bilmiş, üçüncü gəmi Kürdə batırılmışdı. Həmin hadisə Abasallı və Dördlər kəndlərinin kəsişdiyi ərazidə olmuşdu. Gəminin qalıqları bu gün də orada qalmaqdadır. Atam Əbdülhəsən (2004-cü ildə 90 yaşında vəfat etmişdir) danışardı ki, bir türk əsgəri Bankə qəsəbəsində şəhid olmuşdu. Onu türk bayrağı altında, topdan atılan yaylım atəşi ilə Kür sahilində dəfn etmişdilər. Bu günə kimi həmin məzar ehtiramla qorunmuş, sovet dövründəki qadağalara baxmayaraq, həmişə ümumxalq məhəbbəti ilə anılmışdır.

 

Daşnaklar Lənkəranda da az cinayət törətməmişdilər

 

Etibar Əhədovla Ağaddin Babayev Lənkəranın da mart soyqırımında başının az müsibət çəkmədiyini araşdırılmış faktlar əsasında söyləyirlər. "Həmin dövrdə ermənipərəst Şıvkunovun quldur dəstəsi Lənkəranda və ətraf yaşayış məntəqələrində meydan oxuyurdu. Mir Əhməd xanın evini ələ keçirən Şıvkunov oranı özünə qərargah etmiş, ətrafına ermənipərəst qüvvələr yığmış, Sütəmurdov kəndini qaçaq-quldurlardan qorumaq bəhanəsi ilə atəş altında saxlamışdı. Bundan narahat olan ağsaqqallar Şıvkunovun yanına gedib atəşi dayandırmağı xahiş edir və bildirirlər ki, qaçaq-quldurlar kənddən çıxıblar. Şıvkunov ağsaqqalları girov saxlayaraq üç əsgəri kəşfiyyata göndərir. Onlar yolda qaçaqlarla üz-üzə gəlirlər. Atışma zamanı Şıvkunovun iki əsgəri öldürülür, biri qaçıb hadisə haqqında məlumat verir. İki əsgərinin öldürülməsindən hiddətlənən Şıvkunov Sütəmurdov ağsaqqallarının əl-qollarını bağlatdırır və boyunlarını vurdurur.

Lənkəranda o illərdə belə qanlı hadisələr çox olub, xüsusilə də 1918-ci ilin mart ayında. Ermənilərin Lənkəran qəzasında müsəlman əhaliyə qarşı vəhşilikləri görünməmiş şəkil almış, dinc əhaliyə amansız divan tutulmuşdu. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Firudin Cümşüdlü yazır: "Bu hadisələr törədilən zaman ermənilər şantaj və təxribat metoduna da əl atdılar. Mart qırğınına başlamaq üçün ermənilər şayiə yaydılar ki, Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edərkən təsadüfi güllə yarasından həlak olan oğlunun dəfnində iştirak edən müsəlman əsgərləri guya Lənkəran ruslarına (malakanlara) hücum edib onları qıracaqlar...

Ağaddin Babayev S.Şaumyanın ozamankı bədnam əmri ilə 1918-ci il mart ayının 14-də Salyan, Hacıqabul, Muğan və Lənkəran bölgələrinə silahlı bolşevik dəstələrinin yeridilməsindən söz açır: "S.Şaumyanın əmri ilə həmin ərazilərə hücum edən silahlı dəstələrin tərkibi əsasən erməni daşnaklarından ibarət olub. Tədqiqatçı alimlərdən olan professor Xaqani Məmmədovla professor Nuru Məmmədov yazırlar ki, toqquşmanı başlamaq üçün bu ərəfədə H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsinin "Evelina gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi bəhanə olur. Dəfndən sonra zabitlər həmin gəmi ilə geri qayıtmalı idilər. Erməni daşnakları fitnəkarlıqla əsgər və matroslar, eser və menşevik partiyaları, rus milli şurası arasında şayiə yayırdılar ki, "Evelinadakı zabitlər guya Muğandakı malakan kəndlərini dağıtmaq üçün xüsusi göstəriş alıblar.

Tədqiqatlardan o da məlumdur ki, 1918-ci il soyqırımı zamanı Lənkəran və qonşu rayonlarda 40-dək kənd yandırılıb, yüzlərlə günahsız insan qətlə yetirilib, neçə-neçə ev talan edilib, iqtisadiyyata külli miqdarda ziyan vurulub. Erməni daşnakları evlərə girməklə bəzən bütün ailəni məhv edirdilər. Hamilə qadınlara, uşaqlara, qocalara belə rəhm olunmurdu. Gərmətük kəndində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan faciənin qurbanı olub.

Tədqiqatçı alim Mirhaşım Talışlının yazdığına görə, 1918-ci ilin mart-aprel günlərində erməni quldur dəstələri Sütəmurdov kəndində 13 ağsaqqalı qətlə yetirmiş, Veravul kəndinin ağsaqqallarından olan Miri bəyi "Quran oxuduğu yerdə güllələmiş, rayonun Şıxəkəran, Xolmili və Mamusta kəndlərində qanlı cinayətlər törətmişlər. Yerli sakinlərin qanına susamış quldurlar Mamusta kəndində Bəhram Cəfər oğlunun gözünü çıxarmış, qulağını kəsmiş və diri-diri yandırmışlar. Erməni quldur dəstələri Mamusta kəndində axtarış apararkən gənc Cavahir Abdullayevanın köməyinə gələn cavanları qətlə yetirmişlər. Erməni daşnakları həmin kənddə Paşa Mikayıl oğlunu çəltik tayasına salaraq od vurmuşlar. İtaətsizlik göstərdiyinə görə Əbülhəsən Əkbər oğlu qılıncla doğranmışdı. Ağagül Əlihəsən oğlu və bir neçə mamustalı bu faciənin qurbanı olmuşdur.

Gərmətük qəsəbə orta məktəbinin tarix müəllimi Əlibala Nurullayevin və rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun dediyinə görə, yerli sakin Balasən Lələyevin darısqal evində yeddi cavan sığınacaq tapıbmış. Əsgərlər evin qabağından keçərkən qapının səsinə geri dönürlər. Cavanları evin qabağına düzüb güllələyirlər. Onlardan biri - İzzət bəy Lənkəran konsulxanasında işləyirdi, fars dilini yaxşı bilirdi. İzzət bəy babası Nəsirin (kəndin yuxarı başında yaşayan Əşrəf Axundovun atası) evinə qonaq gəlmişdi. O vaxtlar Lənkərana İrandan gələnlər çox olurdu. İnqilabdan sonra onların əksəriyyəti öz yerlərinə qayıtdı. Öldürülən ikinci şəxs Məşədi Müseyib Kərbəlayı Nurulla oğludur. Öldürülənlər arasında Yunus Nəsir oğlu, Fətəli Şükür oğlu (Şükürün ikinci oğlunun evdə xəstə halda boynu kəsilir), Əli Qasımlələ oğlu və başqaları da olub.

Denikinçi rus və erməni əsgərlərinin qərargahı qəzanın Şıxəkəran kəndində Sadıq Əvəz oğlunun evində yerləşirdi. Mamusta kənd sakini Şahmirzə Cəfərov o illərin canlı şahididir. Onun dediklərindən: "Rus denikinçi əsgərlərindən ikisi kəşfiyyata çıxmışdı. Qaçaqlar onlardan birini öldürmüş, birini yaralamışdılar. Bundan qəzəblənən denikinçi və erməni əsgərləri kəndimizə girib talançılığa başladılar. Çoxumuz Mamusta ilə Xolmili arasındakı meşəyə çəkildik. Atam Bəhram Cəfər oğlu bu faciənin qurbanı oldu. Qulağını kəsib, gözünü çıxartdıqdan sonra onu yandırmışdılar.

Müharibə veteranı, kəndin ilk ali təhsilli müəllimi mərhum Şükür Şükürovun xatirələrindən: "İkinci Dünya müharibəsi hələ başlamamışdı, kənddəki məktəbdə oxuyurdum. Bir dəfə o illərin hadisələri ilə bağlı Cavahir Abdullayevanı sorğu-suala tutanda ağladı. Anam mənə acıqlandı. Demə, silahlı əsgərlər kənddə axtarış apararkən Qurbanovların evinin yanında Cavahiri yaxalayırlar. Nəhmət kişinin oğlanları -Məmmədhəsən, Məmmədhüseyn, Bəhram Cəfərov, Mənsim Əliyev, İsaq Cəfərov, Hacəli Əliyev və daha bir neçə nəfər qızın köməyinə gəlir və onu qaçırırlar. Cavahir xəndək içi ilə kəndin şərq tərəfinə - Qoçasələ meşəliyinə tərəf üz tutur. Denikinçi rus və erməni əsgərləri Paşa Mikayıl oğlunu çəltik komasına salaraq yandırırlar. Əbülhəsən Əkbər oğlu Hümmətovu qılıncla doğrayırlar. Davud müəllimin atası meşə yolu ilə evinə gələrkən qanına qəltan edirlər. Ağagül Əlihəsən oğlu və daha bir neçə mamustalı da bu faciənin qurbanı olur. Bundan sonra kəndə od vurub yandırırlar.

Etibar Əhədov fikrini davam etdirərərk deyir ki, rayonun Boradigah istiqamətindəki Girdəni, Viravul, Vilvan, Cil kəndləri də denikinçilərin top atəşinə məruz qalmışdır: "Mərmilərdən biri Aşağı Nüvədi qəsəbəsində şuma düşdüyündən partlamamış, 1974-cü ildə aşkar edilmişdir. Həmin yerdə yerli sakin Şöhüb Salman oğlu Məmmədov yaşayış evi tikmişdi. Ev sahibəsi top gülləsini dəmir parçası bilib orada ocaq yeri düzəldir. İstilik nəticəsində partlayış baş verir, ailənin əkiz qız uşaqlarından biri mərmi gülləsinin qurbanı olur, yaşayış evinə xeyli ziyan dəyir.

1918-1920-ci illərdə Vilvan, Viravul, Girdəni, Cil, Osakücə kəndlərinin sakinləri qırğından qurtulmaq üçün yaxınlıqdakı Havzava və Osakücə meşələrinə qaçaraq sığınacaq tapmışlar.

Dəhşətli faciələr Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gəldiyi vaxtadək davam etmişdir. Yadellilərin vəhşiliyindən cana gəlmiş xalq həmin dövrün tanınmış ziyalılarından olan Teymur bəy Bayraməlibəyovu Nuru paşanın yanına göndərir. Bundan sonra qəzanın dağlıq-meşə hissəsi ilə Astaraya gələn türk sərkərdəsi Camal paşa silahsız camaatın köməyinə çatır.

Camal paşanın dəstəsində 300-500 nəfərə qədər döyüşçü olub. Deyərmiş ki, kafir gülləsi mənə dəyməz. Amma 1920-ci ilin dekabrında Astaranın Kələdəhnə yaxınlığında Camal paşa güllə ilə vurularaq qətlə yetirilir. Onun nəşi rayonun Pensər kəndində "Hacı Teymur məscidinin həyətində torpağa tapşırılır. Həmin müddətdən bəri türk zabitinin məzarı yerli əhalinin və turistlərin ziyarətgahına çevrilib...

1919-cu ilin yayında Lənkəran qəzasının milli qüvvələrin nəzarətinə keçməsi nəticəsində əhali qırğından, talanlardan birdəfəlik xilas olmuş və Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir.

2002-ci ilin martında Lənkəran şəhərinin mərkəzində soyqırımı qurbanlarının şərəfinə Xatirə-park kompleksi qurulmuş, Sütəmurdov kəndində qətlə yetirilmiş 13 ağsaqqala adları yazılmaqla yerli qəbiristanlıqda abidə qoyulmuşdur.

 

Hacıqabulda 1983 nəfər qətlə yetirilmişdi

 

Hacıqabul rayonunun Abdulabad kənd sakini Ənvər Hüseynov 1918-ci ilin mart hadisələrindən söz düşəndə deyir ki, erməni quldur dəstələri Hacıqabulda da insanlığa sığmayan zorakılıqlar, dəhşətli hərəkətlər törətmiş, təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə, bəşəri dəyərlərə xəyanət etmişlər. Hacıqabul ərazisindəki 17 kənddə təcavüzə məruz qalmış dinc sakinlər öldürülmüş, yaşayış məntəqələri talan edilib dağıdılmış, yandırılmışdır. Rayonun Navahı kəndində 955, Qubalı-Baloğlanda 535, Rəncbərdə 137, Padarda 120, Abdulabadda 90, Şorbaçıda 50, Meynimanda 45, Paşalıda 40, Xilədə 11 nəfər ən qəddar üsullarla qətlə yetirilmişdir. İnsanlara külli miqdarda maddi və mənəvi ziyan vurulmuş, evlər talanmış, mal-qara məhv edilmiş, bir hissəsi də ermənilər tərəfindən aparılmışdır.

Həmsöhbətlərimin də gəldiyi qənaət budur ki, 1918-ci il xalqımızın tarixində qanla yazılmış bir səhifədir, çünki həmin il on minlərlə azərbaycanlı soyqırımı hadisələrinin qurbanı olub. Özlərini bütün dünyaya zərərçəkmiş, məzlum millət kimi qələmə verənlərin iç üzü budur. Onlar Türkiyədə də eyni ssenari ilə hərəkət etmiş, eyni cinayətləri həyata keçirmişlər. Qoca tarix həmin cinayətləri unutmamışdır və bu, sübut kimi qalmaqdadır. Erməni tarixçilərinin ozamankı qeydlərindən Azərbaycan Demokratik Cümhuriyyətinin isti izlərlə başladığı, sovet işğalı üzündən yarımçıq qalmış istintaq materiallarından, aparılan tarixi araşdırmalardan, Qubada üzə çıxan kütləvi məzarlıqdan və bunun kimi digər faktlardan da görünür ki, erməni şovinistləri nələr etmişlər. Tarix onu da göstərir ki, nə qədər soyqırımları törədilsə də, erməni daşnakları heç vaxt istədiklərinə nail ola bilməyəcəklər. İndi bizim ən müasir silahlara malik güclü ordumuz, qüdrətli dövlətimiz var. Mübarizənin qələbəmizlə başa çatacağı gün uzaqda deyil.