Azərbaycan.-2019.-31 mart.-68.-S.5.

 

Gözlənilən qətliamın tarixçəsi

 

Zöhrə Fərəcova

 

Nə zaman ki bu xalq öz müstəqilliyini bəyan etmək, imperiyanın əsarətindən qurtulmaq üçün ayağa qalxdı, başının üstünü bir başqa bəla aldı. Bu bəlanın adı erməni təxribatı oldu. Erməni toplumunun Azərbaycan xalqının vüqarına, tarixinin, mədəniyyətinin zənginliyinə, adət-ənənələrinin bənzərsizliyinə, ərazisinin genişliyinə, təbiətinin rəngarəngliyinə qarşı həsədini hiddətə, kinə çevirmək üçün çox əziyyətə qatlaşmaq da lazım gəlmədi. Çünki yazılmış vəsiyyət, düşünülüb-daşınılmış plan vardı...

 

Çarizmin ermənipərəst siyasəti

 

Azərbaycanın erməni bəlasının, azərbaycanlılara qarşı törədilən soyqırımların bünövrəsi XVIII əsrdə - I Pyotr dövründə qoyuldu. O vaxtdan çarizmin münbit torpaqları, dənizləri ələ keçirmək siyasəti ölkəmiz, millətimiz üçün böyük faciələrə yol açdı. 1721-ci ildə Qafqaza yürüşə çıxan, iki il sonra Bakı da daxil olmaqla Azərbaycanın Xəzəryanı ərazilərini işğal edən I Pyotrun qoşunlarına yerli əhali müqavimət göstərdi. Çar Azərbaycanın tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılmasına göstəriş verdi. Məqsəd bu idi: "Onları (erməniləri) tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun.

XIX əsrin birinci yarısında - 1804-1813-cü illərdə və 1826-1828-ci illərdə Rusiya ilə İran arasında baş verən müharibələrin nəticələri Azərbaycan üçün, azərbaycanlılar üçün çox ağır oldu. Bu iki dövlət həmin müharibələrin sonunda bağladıqları - 1813-cü il oktyabrın 12-də Gülüstan və 1828-ci il fevralın 10-da Türkmənçay sülh müqavilələri ilə Azərbaycan torpaqlarını parçaladılar. Azərbaycanın şimalına Rusiya, cənubuna İran sahibləndi. İşğalçılıq siyasətini davam etdirmək üçün çarizm yeni vasitələrə əl atdı. Ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Onlar İrəvan, Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər qədim Azərbaycan torpaqlarında yerləşdirildi. Amma həmin ərazilərdə ermənilərin sayca azərbaycanlıları üstələməsinə nail ola bilmədilər. 1886-cı ildə elə təkcə Gəncə quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən yalnız 81-i erməni kəndi idi. İrəvan qəzasında əhalinin 66 faizini azərbaycanlılar, 34 faizini ermənilər təşkil edirdi.

İşğal etdiyi Şimali Azərbaycan torpaqlarına digər xalqların nümayəndələrini köçürməkdə davam edən çarizmin bu məsələdə ermənilərə "üstünlük verməsinin səbəbi I Pyotrun dövründən başlayaraq həyata keçirilən planlar, düşüncələr idi. I Pyotrun tarixi vəsiyyətinə istər çar Rusiyası, istərsə də bolşevik Rusiyası böyük əhəmiyyət verdi.

 

İmperiyanı bürüyən iğtişaşlar...

 

Ermənilərin isə bu siyasətdə öz maraqları var idi. Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə onun köməyi ilə ələ keçirəcəyi tarixi Azərbaycan torpaqlarında heç zaman olmamış böyük bir erməni dövləti yaratmaq fikrində idilər.

Çar hökuməti yaxşı bilirdi ki, Şərq xalqlarının dilinə, adət-ənənələrinə, psixologiyasına yetərincə bələd olan ermənilər istənilən şəraitə tez uyğunlaşmağı bacarırlar. 1828-ci ildən çar Rusiyasının sayəsində torpaqlarımıza ayaq açan ermənilər burada əvvəlcə özlərinə sığınacaq tapdılar. Getdikcə iddiaları artdı. Yalnız qonaqpərvərlik, mehribanlıq gördükləri azərbaycanlıların torpaqlarında nəinki yerlərini möhkəmlətmək, hətta ev sahibinə çevrilmək üçün gizli-gizli təşkilatlanmağa başladılar. Himayədarları bəlli idi. Çar Rusiyası da öz imperiyasını qorumaq, hegomonluq etmək naminə ermənilərə məkrli planlarını həyata keçirmələrində hər cür yardım göstərməyə hazır idi. Beləcə, çarizm XX əsrin əvvəllərindən azərbaycanlılara qarşı törədilən soyqırımlara, qətliamlara şərait yaratdı. İctimai-siyasi vəziyyətin gərginləşdiyini, hakimiyyətinə qarşı təhlükə yarandığını, imperiyanın ucsuz-bucaqsız ərazilərində iğtişaşların, inqilabi hərəkatın genişləndiyini, yerli xalqların azadlıq duyğularının gücləndiyini görən imperiya milli münaqişələri alovlandırdı.

XX əsr inqilabi təlatümlərlə gəldi. Əsrin ilk illərində Rusiyada baş verən iki mühüm hadisə imperiyanın istilası altında yaşayan xalqların tarixinə böyük təsir göstərdi. 1904-cü ilin dekabrında Rus-Yapon müharibəsində yaşanan Port-Artur məğlubiyyəti Romanovlar sülaləsinin hakimiyyətini sarsıtdı. 1905-ci ilin 9 yanvarında isə dinc nümayişçilər hökumət qüvvələri tərəfindən atəşə tutuldu. "Qanlı Bazar günü adı ilə tarixə düşən bu hadisə siyasi vəziyyətin daha da kəskinləşməsi, inqilabi hərəkatın genişlənməsi ilə nəticələndi. Çarizm bu çətin vəziyyətdən çıxmaq, ən əsası, hakimiyyətini qoruyub-saxlamaq üçün hər vasitəyə əl atmalı oldu. 1905-ci ilin əvvəllərindən etirazçılara qarşı sərt tədbirlər gücləndirildi. Ucqarlarda milli oyanışın, milli özünüdərkin, azadlıq istəyinin yüksəlməsindən əndişələnən çar hökuməti əhalini əsas məqsədindən uzaqlaşdırmaq üçün çaxnaşmalar salır, millətlər arasında qarşıdurmanı kəskinləşdirirdi.

 

Növbəti hədəf

 

Erməni millətçiləri yerli xalqlara qarşı uzunmüddətli, kütləvi qırğınlar törətmək hazırlıqlarına çoxdan başlamışdılar. XIX əsrin sonlarından artıq çarizmin himayəsi altında olan ermənilərin siyasi təşkilatları, ideologiyaları qurulmuşdu. XX əsrin əvvəllərində çar hakimiyyətinin köməyi ilə ermənilərin gizli hərbi dəstələri toplanır, silahlandırılırdı. 1905-ci ildə çar Rusiyasında böhran daha da dərinləşdi, inqilab qaçılmaz oldu. Belə bir vaxtda erməni silahlı dəstələri hərəkətə keçdi. Silah-sursatı çar Rusiyasından alan erməni millətçiləri 1905-1907-ci illərdə yerli əhaliyə qarşı genişmiqyaslı soyqırımı aktı həyata keçirdilər. Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd yandırıldı, azğınlaşmış ermənilər kimsəyə aman vermədilər. Həmin illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun 75 azərbaycanlı kəndi ermənilər tərəfindən talan edildi.

1907-ci ildən sonra azərbaycanlılara qarşı repressiyalar bir müddət gizli şəkildə aparıldı. XX əsrin ikinci onilliyində Rusiyanın daxilində ictimai-siyasi ziddiyyətlər yenidən kəskinləşəndə, tətillər, mitinqlər coşğusu imperiyanı silkələyəndə, müstəmləkədə yaşayan xalqların haqq səsləri yüksəlməyə başlayanda çarizm yenidən çıxış yolları axtarmağa başladı. Ancaq bu dəfə hakimiyyətini heç bir məkrli siyasətlə xilas edə bilmədi. 1917-ci ilin Fevral burjua-demokratik inqilabı nəticəsində çarizmin hökmranlığına son qoyuldu, çar taxtdan salındı. Həmin ilin oktyabrında V.İ.Leninin rəhbərliyi ilə bolşeviklər hakimiyyəti zorla ələ keçirdilər.

Hələ 1914-cü ildə başlamış I Dünya müharibəsi davam edirdi. Ermənilər yenə yaranmış qarışıqlıqdan öz xeyirləri üçün istifadə etməyi bacardılar. 1890-cı ildə yaradılmış və bu müddət ərzində maddi cəhətdən möhkəmləndirilmiş, təşkilatlandırılmış Daşnaksütyun partiyası yerli türk-müsəlman əhalisini məhv edərək Aralıq dənizindən Qara dənizə, Qara dənizdən Xəzər dənizinədək olan bölgədə "böyük Ermənistan adlı dövlət qurmaq xülyası ilə əvvəlcə Osmanlı ərazisini hədəfə aldı. I Dünya müharibəsində ermənilər həmin əraziyə daxil olan rus ordusu ilə birləşərək on minlərlə silahsız insanı qətlə yetirdilər. O faciəli günlərdə türk ordusu bütün gücünü toplayaraq rus-erməni birləşmələrinin hücumlarının qarşısını almağa müvəffəq oldu. Xəyallarını Osmanlı ərazisində reallaşdıra bilməyən erməni daşnak qüvvələri rus ordusu ilə birlikdə geri çəkildilər. Növbəti hədəf qədim Azərbaycan torpaqları idi...

 

Çarizmin yolu ilə gedən bolşeviklər

 

Birinci Dünya müharibəsi başlayandan çarizm erməni silahlı dəstələrinin hazırlanmasını daha sistemli şəkildə həyata keçirmişdi. 1917-ci ildə Qafqaz cəbhəsi dağılandan və rus ordusu geri çəkiləndən sonra hərbi hissələr öz silahlarını erməni dəstələrinə verdilər. Qafqaz cəbhəsindən geri qayıdan rus əsgərləri də vətənlərinə getmək əvəzinə Bakıda saxlanıldı. Bu məsələdə ən çox canfəşanlıq göstərən Şaumyan idi. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə toplandı. Bakının başının üstündə qara buludlar sıxlaşırdı...

Üç yüz illik Romanovlar sülaləsinin hakimiyyəti artıq süquta uğramışdı. Bolşeviklər fəhlə-kəndli hökuməti qurmaq adı altında əvvəlki imperiyanın bərpasına çalışırdılar. Bu dəfə də öz xeyirlərini güdən bolşeviklərlə daşnakların bir-birinə ehtiyacları vardı.

Bakıda daşnak qüvvələrinə rəhbərlik edən Stepan Şaumyan 1900-cü ildən Kommunist partiyasının üzvü idi. Türklərə nifrət bəsləyən bu erməni millətçisini 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin Qafqazın fövqəladə komissarı təyin etdi. S.Şaumyan Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəldi. Onun başçılıq etdiyi bolşeviklərdən ibarət Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. 1917-ci il dekabrın 16-da Bakı Sovetinin sədri S.Şaumyan V.İ.Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin edildi. Bolşeviklər bununla Bakıda hakimiyyəti ələ almaq adı ilə erməni silahlı qüvvələrinə məkrli niyyətlərini həyata keçirmək fürsəti verdilər.

Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində genişləndi. Şaumyanın rəhbərliyi ilə Bakı Soveti daşnak qüvvələri ilə birgə çalışırdılar. Erməni kilsəsi də daşnaklarla bolşeviklərin ittifaqına yardım göstərir, erməni ziyalıları yaxından iştirak edirdilər.

1918-ci ilin yanvarında S.Şaumyan azərbaycanlılara qarşı soyqırımı planını həyata keçirməyə cəhd etdi. Şəmkir ətrafında müqavimət göstərən milli-demokratik qüvvələrə güc tətbiq olundu. Bakıdakı milli-demokratik qüvvələrə qarşı qətliam törətmək istədilər. Ancaq hələ ki, qüvvələrinin yetərsizliyi S.Şaumyanı planını təxirə salmağa vadar etdi.

 

Təcili teleqram...

 

Ermənilər İrəvan quberniyasında, Zəngəzurda və Qarabağın bir hissəsində azərbaycanlılara qarşı dəhşətli qətliamlara başlamışdılar. 1918-ci ilin martınadək təkcə İrəvan quberniyasının 199 kəndi tamamilə yandırıldı, dağıdıldı və boşaldıldı. Həmin ərazidə yaşayan 135 min azərbaycanlının bir hissəsi ermənilər tərəfindən qətlə yetirildi, qalanları yurdundan qaçmaq məcburiyyətində qaldılar.

1918-ci ilin martında Bakıda siyasi vəziyyət olduqca gərgin idi. Həmin günlərdə Şaumyan başda olmaqla bolşevik qüvvələri, erməni milli şurası və daşnaksütyun rəhbərləri növbəti qırğınlara hazır idilər. Azərbaycan milli qüvvələrinin Bakıda sayca azlığı, zəif silahlandıqları Şaumyanı arxayınlaşdırdı. O, sadəcə, hücum planını həyata keçirmək üçün fürsət gözləyirdi.

1918-ci il martın 3-də Brest-Litovsk sülh müqaviləsi bağlandı. Müqaviləyə əsasən, Rusiya qoşunlarını işğal etdiyi Qars, Ərdəhan və Batumda çıxarmalı idi. Türkiyə dövləti bu vilayətlərin boşaldılmasını tələb etdi. İran və Türkiyə cəbhəsindən geri dönən yaxşı silahlanmış rus və erməni əsgərlərinin bir hissəsi Bakıda yerləşdirildi. Şaumyan həmin qüvvələrdən də azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırırdı. Həmin vaxt kifayət qədər böyük siyasi gücə malik olan daşnakların yaratdığı Erməni Milli Şurası da Bakıda bolşeviklərlə birləşdi. Bütün qüvvələri səfərbər edən Şaumyana artıq bəhanə lazım idi.

Azərbaycanın iki bölgəsində - Gəncədə və Lənkəranda o vaxt Milli Ordunun formalaşdırılması ilə bağlı işlərə başlanılmışdı. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev də Lənkəranda Milli Ordu sıralarında xidmət edirdi. 1918-ci ilin martında o, Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirildi. Məhəmməd bəyin dəfn mərasimi martın 27-nə təyin olundu. Dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin rəhbərlik etdiyi Azərbaycan alayı Bakıya gələcəkdi. Bununla bağlı Şaumyan Leninə təcili məlumat verdi. Lenin dərhal cavab teleqramı göndərdi. Teleqramda yazılırdı: "Hörmətlı yoldaş Şaumyan! Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnız imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir.

Bütün dostlara xoş arzular və salamlar. V. Ulyanov (Lenin).

 

1918-ci il 31 mart səhəri...

 

...Bir neçə gün sonra - martın 27-də Məhəmməd Tağıyevin cənazəsini 48 əsgər və zabit "Evelina gəmisində Lənkərandan Bakıya gətirdilər. S.Şaumyan gözlədiyi məqamın yarandığını düşünərək rəhbərlik etdiyi ermənilərin köməyi ilə təxribatlara başladı. Məhəmməd Tağıyevin dəfn mərasimindən sonra əsgər və zabitlər gəldikləri gəmi ilə geri qayıtmalı idilər. Silahlı bolşeviklər körpüdən ayrılmağa hazırlaşan gəmidəki dəstədən tərk-silah olunmağı tələb etdilər. Şaumyanın göstərişi ilə Milli Ordunun əsgər və zabitlərinin silahları alındı və həbs olundular. Şaumyan əmin idi ki, Azərbaycan əhalisi buna etiraz əlaməti olaraq küçələrə çıxacaq. Belə də oldu. Şaumyan şəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina gəmisinin 1918-ci il martın 29-da Bakıda bolşevik qüvvələri tərəfindən tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanəyə çevirdi. Tamamilə silahsız azərbaycanlılar hər cür silahla təchiz olunmuş böyük ordu ilə qarşılaşdılar. 1918-ci il martın 30-da azərbaycanlılara ilk atəşi açan isə erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi oldu.

Səhər gün qan-qadayla gəldi. Martın 31-də bolşevik-daşnak dəstələri azərbaycanlıların sıx yaşadığı "Kərpicxana, "Məmmədli və digər məhəllələrə hücum etdilər. Havadan təyyarələr, dənizdən hərbi gəmilər də həmin məhəllələri atəşə tutdular. O dəhşətli günü Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge komissiyanın sədrinə belə təsvir edəcəkdi: "Yaxşı silahlanmış və təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər... Ermənilər müsəlmanların evlərinə soxulur, evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar.

1918-ci ilin 31 martı qədim Bakının ən dəhşətli, ən faciəli günü idi. O gün başlanan qan-qada bundan sonra aylarla davam etdi. Bolşevik-daşnak birləşmələri Azərbaycan ərazilərində azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər...