Azərbaycan.-2019.-31 mart.-№68.-S.5.

 

Bənzərsiz erməni vəhşiliyi

 

Akif Əliyev

 

Əsrlər boyu torpaqlarımıza köçüb, burada yurd salan müxtəlif millətlərin nümayəndələri heç vaxt təzyiqə, yerli əhali tərəfindən təqiblərə məruz qalmayıblar. Lakin ölkəmizdə məskən salan digər xalqlardan fərqli olaraq Azərbaycana köç edən ermənilər torpaqlarımızda "böyük Ermənistan” yaratmaq xülyası ilə qanlı savaşlar, qırğınlar törədib, milli sərvətlərimizə sahib çıxmağa can atıblar. Bu məqsədlə ötən əsrin əvvəllərindən başlayaraq bolşevik-daşnak dəstələri Bakı, Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzaları istiqamətində soyqrımı törədiblər. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Hamazsapın başçılıq etdiyi daşnaklar Quba qəzasının 167 kəndini yandırıb, 16 mindən çox azərbaycanlı öldürüblər.

1918-ci il sentyabr ayının ortalarına qədər davam edən soyqırımında 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Erməni daşnakları qətllərdən əlavə, talanlar edib, minlərlə müsəlmanı və qeyri-millətləri amansız işgəncələrə məruz qoyublar.

Onlar Qubada sakinləri evlərindən çıxarıb, təzyiq göstərənləri ağaclardan asıblar. Asılan insanlara uzun müddət heç kimin yaxınlaşmasına imkan verməyiblər.

Qudyalçayın sağ sahilində üststə qalaqlanan insan sümükləri ilə dolu iki quyu aşkar olunmuşdur. Böyük quyunun diametri 5, kiçik quyunun diametri 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Aşkar edilmiş insan cəsədlərinin əksəriyyəti uşaq və qadınlara aiddir. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra şaqqalanaraq quyuya atıldığını göstərir. Odur ki, qurbanların sayı kəllə sümükləri ilə müəyyən olunub. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşdirilib. Qubada tapılan sümüklərin tərkibindəki nəmliyin miqdarı ölüm tarixinin ötən əsrin ikinci onilliyinə aid olduğunu üzə çıxarıb. Məzarlıqda azərbaycanlılarla birlikdə ləzgilər, yəhudilər, tatlar və digər millətlərin 400-dən artıq nümayəndəsi qətlə yetirilərək basdırılıb. Alimlər belə nəticəyə gəliblər ki, quyu və arxlarda basdırılan insan cəsədləri 1918-ci ildəki Quba qırğınının qurbanlarıdır.

Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görülmüşdür. 2013-cü il sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Kompleksin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: "...Burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda, memorial kompleksdə yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə qarşı törədilən vəhşilik əks olunur. Ekspozisiyanın sonunda hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində insanlar buradan nikbin əhvali-ruhiyyə ilə ayrılır”.

Kompleksin bütün bölmələrində quraşdırılan audiobələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.

Abidə-muzeyin ekspozisiyasında 1918-ci ilin mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Göyçay və digər ərazilərdə müsəlman əhalinin soyqrımı tarixi öz əksini tapıb. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır və arxiv sənədləri ilə zəngindir. Muzeydə 1918-ci ilin qanlı hadisələrini tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərarı, komissiyanın sənədləri, habelə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xəritə, ümummilli lider Heydər Əliyevin soyqırımı haqqında sərəncamı yer alır.

Müxtəlif qəzalarda baş vermiş soyqırımılar zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb. Zalın mərkəzində soyqırımı qurbanlarının xatirəsinə qara mərmər qoyulub.

Muzey Kompleksdə məlumat mərkəzi, zəngin kitabxana, kompüterlərlə təmin olunmuş oxu zalı da fəaliyyət göstərir. Kompleksin ərazisində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb. Həyətyanı sahədə alma bağı salınıb.

Muzeydə ölkəmizin hər bir qəzasının tarixi faciəsi ayrı-ayrı bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir. İnformasiya üç dildə, hər bölmənin qarşısında quraşdırılan elektron məlumat bazasında öz əksini tapıb. Quba soyqrımını əks etdirən sənədli film zalda davamlı olaraq nümayiş etdirilir.

Quba Soyqırımı Memorial Kompleksindəki xatirə kitabı minlərlə insanın ürək sözləri ilə doludur. 2009-cu ildə kanadalı M.Hadirel Qubada olarkən məzarlıqda gördüklərindən dəhşətə gələrək xatirə kitabına erməni faşistlərinə nifrətini bircə cümlə ilə belə ifadə edib: "Bunları törədənləri Allaha tapşırmaq lazımdır, çünki onların öhdəsindən yalnız O, gələ bilər”.

Quba Soyqırımı Memorial Kompleksi dağlıq ərazidə yerləşir. Kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrası boyu 400 metr uzunluğunda qoruyucu beton bənd də inşa olunub. Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri həyata keçirilmişdir. Qalereyanın tərkibində yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş kitabxana, arxiv və digər yardımçı otaqlar var. Erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımıları haqqında istənilən məlumatı buradan almaq mümkündür. Onu da qeyd edək ki, Quba Soyqırımı Memorial Kompleksi dövlət başçısının sərəncamı ilə erməni cəlladlarının yüzlərlə günahsız insanı qətlə yetirib quyulara doldurduğu yerdə ucaldılıb.

Kompleksin dörd tərəfində qoruyucu tədbirlər görülüb. Quyuların açıldığı yerdə kütləvi məzarlıq saxlanılırdı. Məzarlıq hissədə açıq havada qalan sümüklərin çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunurdu. Dövlət başçısının müvafiq tapşırığı ilə yaradılan komissiyanın qərarı ilə həmin sümüklər ötən ilin əvvəllərində basdırılaraq üzərində abidə ucaldılmışdır. Kompleksi ziyarətə gələnlər həmin abidənin qarşısında dayanır və ehtiramlarını bildirirlər.

Quba Soyqrımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova bildirdi ki, təkcə ötən il buranı 100 minə yaxın insan ziyarət edib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin çoxunun iştirakçıları kompleksə gəlir və terror qurbanlarının başına gətirilənləri tarixi sübutlarla görürlər. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, veloturlar və digər beynəlxalq turnirlər ziyarətgaha gələnlərin sayının artmasına səbəb olub. Həmçininahdağ” qış-yay turizm mərkəzinə gələnlərin də əksəriyyəti kompleksi ziyarət edirlər. Qubalıların başına açılan faciələr kitablarda da öz əksini tapıb. 1918-ci ilin mart soyqırımına həsr edilən Belarus fotoqrafı Lev Daşkeviçin muzeydəki fotosərgisi təkcə kompleksi ziyarət edənlərin deyil, beynəlxalq aləmdə də böyük əks-səda doğurmuşdur. Həmin sərgi KİV nümayəndələri tərəfindən yüzlərlə mətbu orqanda canlandırılmış, sosial şəbəkələrdə on minlərlə insan tərəfindən paylaşılmışdır.

Hələ 1906-cı ildə Əhməd bəy Ağayev yazmışdır: "Yer üzərində Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı varsa, onlar başqa heyvanları parçalayırlar, amma öz həmcinslərinə toxunmurlar. Nə acıdır ki, vəhşi heyvanların etmədiklərini ermənilər etdilər. Tarixdə buna bənzər heç bir hadisəyə rast gəlməmişəm”. Əhməd bəy Ağayev ermənilərin sonrakı illərdə törətdikləri qırğınların, o cümlədən Xocalı sıyqırımının şahidi olsaydı, görəsən, nə yazardı.