Azərbaycan.-2019.-31 mart.-№68.-S.1,7.

 

Azərbaycanlıların soyqırımı bəşəriyyətin ən qanlı faciələrindəndir

 

Rəşad Cəfərli

 

Ermənilər Qafqazdakı işğalçılıq niyyətlərini həyata keçirmək, Azərbaycan torpaqları hesabına "böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün XIX əsrdən başlayaraq bəşər tarixinə ləkə olan qanlı cinayətlər törədiblər. 1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində, 1915-ci ildə isə Türkiyənin bir çox əyalətlərində ermənilər tərəfindən kütləvi şəkildə həyata keçirilən qətliamlar onların çirkin və məkrli niyyətlərini həyata keçirmək üçün başladıqları soyqırımı siyasətinin tərkib hissəsi idi.

Ermənilərin azərbaycanlılara qarşı deportasiya siyasəti özünəməxsus tərzdə zaman-zaman davam edib. 1948-1953-cü illərdə Ermənistanda yaşayan azərbaycanlılar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarına əsasən Azərbaycanın rayonlarına köçürülüb. 1988-ci ilin fevral ayında yüz minlərlə azərbaycanlını Ermənistandan qovmaqla ermənilər etnik təmizləmə siyasətini başa çatdırıblar. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli faciələrdən biri 26 fevral 1992-ci ildə Xocalı soyqırımıdır. Tarixə nəzər salsaq, bütün dövrlərdə azərbaycanlılar erməni vəhşiliyinin şahidi olublar.

1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdikləri çoxsaylı soyqırımı aktlarından biridir. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 kəndi yerlə yeksan edilmişdi. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdu. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılmış və yandırılmışdı. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlı evi yandırılmış, 132 min soydaşımız məhv edilmişdi.

Erməni vandalizmi, xalqımıza qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, vaxtında bunlara lazımınca qiymət verə bilməmişik, onu dünyaya çatdırmamışıq. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdıran komissiyasının işi ölkənin işğalı səbəbindən başa çatdırılmamış, bu qanlı faciə barədə beynəlxalq səviyyəli tədbirlər görülməmişdi.

70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi "vətəndaş müharibəsi”, "əks-inqilabi qiyam” kimi saxtalaşdırılan mart hadisələri, əslində, bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırımı siyasəti idi. Bu qırğının təşkilatçısı S.Şaumyan Moskvaya göndərdiyi 13 aprel 1918-ci il tarixli məktubunda yazırdı: "Bizim süvari dəstəyə edilən silahlı hücumdan biz bir bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Göründüyü kimi, azərbaycanlılara qarşı aşkar soyqırımı həyata keçirən ermənilər Bakı da daxil olmaqla, bütün Azərbaycanı işğal etmək niyyətində idilər. Xalqımız uzun illər bu gerçəkliklərdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Dəhşətli soyqırımının qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzərində Kirovun heykəli ucaldılmışdı.

Beləliklə, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı cinayətləri uzun müddət davam etsə də, imperiya əsarəti xalqımıza qarşı baş verənlərin qarşısının alınmasına və araşdırılmasına imkan verməmişdir. Əksinə, erməni vandalizmini, məruz qaldığımız soyqırımını və digər bu kimi tarixi həqiqətləri bizə unutdurmağa çalışmışlar. Ona görə xalqımız uzun illər özünün bu gerçək tarixindən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız tamamilə yad istiqamətdə köklənmişdir.

Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya yaymaq və hüquqi-siyasi qiymət vermək mümkün olmuşdur. Xalqımızın üzləşdiyi soyqırımı ilə bağlı ən mühüm siyasi sənəd isə ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” fərmandır. Bu fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verildi. Fərmanda deyilir: "1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi əks olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir”.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətini açıb göstərən tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlılığı baxımından da əhəmiyyətlidir. Azərbaycan tarixinə yeni baxışın, tariximizin yenidən araşdırılmasının əsasını qoyan bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir.

Fərmana əsasən hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi anılır. Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik.

Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməmişdir, bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını bir az da gücləndirmişlər. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq "əzabkeş erməni milləti” obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək, əsl soyqırımı haqqında həqiqətlərin təhrifinə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Bu cür məkrli niyyətlərə baxmayaraq, xüsusən son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji əks-hücum effektiv xarakter almışdır. Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Prezident İlham Əliyev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir. Məhz onun rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi hücumçu diplomatiya bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Azərbaycan rəhbərliyi dünya siyasətini müəyyən edən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalaşmış stereotipləri və yanlış siyasi yanaşmaları dəyişdirir.

Bu gün Azərbaycan dövləti xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün bütün dünyada fəal iş aparır. Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Vaxt gələcək dünya birliyi erməni millətçiliyinin və şovinizminin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğunu qəbul edəcək və Azərbaycan xalqına qarşı törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcək.