Ədalət. - 2019.- 29 mart. - ¹ 55. - S. 5.

                                                                                   

Qan yaddaşı

 

Muxtar Məmmədoğlu,

"Şərq qapısı” qəzetinin məsul katibi

 

Hər cür dəhşətlər görüb bu qoca dünya, özünün yaşı qədər haqsızlıqlara şahid olub.

Hər şeyin zirvəsini görüb bu qoca dünya – insanlığın da, barbarlığın da ...

1918-ci ilin mart soyqırımı o günə qədərki dəhşətlərin vəhşəti-zirvəsi kimi yazılıb tarixin qan yaddaşına.

O gün yer-göy qan ağlayırdı. Dünya belə qanlı gün görməmişdi. Nə idi bu xalqın günahı? Niyə bu qoca dünya üz çevirmişdi bizlərdən?

Düşünürəm ki, bəlkə insanlığa xas olan ən yüksək, ən ali hisslərə sahib olmağımız idi günahımız...

Bu ülvi hisslər düz 70 il sonra başımıza bu oyunları yenidən açacaqdı, tarix yenidən təkrar olunacaqdı. Bu qoca dünyada biz o günləri yenidən yaşayacaqdıq. Hələ o günə 70 il vardı...

... İnsan həmişə ucalığa, aliliyə can atır. Bu, İlahi tərəfindən verilmiş hüquqdur.

Bəs vəhşətin zirvəsinə ucalmaq necə?

Yeri, yurdu olmayan, kökü bu günə kimi araşdırılıb üzə çıxarılmayan, süfrəmizin çörəyi ilə, torpağımızın bərəkəti, suyu ilə böyüyən "gor qonşularımızı” biz niyə tanımadıq? Fil qulağındamı yatmışdıq?

Yox! Onların bu riyakarlığını ağlımıza belə yaxın gətirməzdik. Çünki bizim damarlarımızda axan qan Sara xatunun qanıdır, Xətai babamızın qanıdır. Bu qan bizə insanlığı öyrədib.

... İnsanlıq və vəhşət.

Hər ikisi Allahın yaratdığı varlığın qəlbindədir. Bu da həyatın cavabı, tapılmayan suallarından biri deyilmi?

... Qoca dünya bütün bunlartı gör-görə bərkiyib, ancaq bu suala cavab tapa bilmir.

... O gün ulu tarixə malik olan xalqımızın ah-naləsi ərşə qalxmışdı. Şaumyanlar, androniklər, əmiryanlar at çapırdılar torpaqlarımızda. İnsan qanı sel əvəzi axırdı. Qoca bilmirdilər, qadın tanımırdılar, uşaq saya almırdılar – dünya buna necə dözürdü, İlahi?

O gün – martın 30-dan 31-ə keçən gecə bolşevik-daşnak birliyi Bakıda nələr etmədi?

Xalqımızın böyük oğlu Nəriman Nərminaov sonralar yazacaqdı: "Müsəlman – hətta boşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağı kifayətdir”.

Sözə, ifadəyə diqqə kəsilin.

Günahımız müsəlman olmağımızmış, bəlkə...

Allah sənə rəhmət eləsin "Biçarə vətən” deyən ulu ustad Mirzə Cəlil!

...Bünövrəsi Bakıda qoyulan qırğınlar hələ sentyabrn ortalarınadək çəkəçəkdi. Hələ qarşıda Quba vardı, Kürdəmir vardı, Salyan, Lənkəran, Şamaxı vardı hələ...

...Tükürpədən faktlar bağır çatladır: 42 min soydaşımız öldürülüb. 144 kənd dağıdılıb. "Kaspi” mətbəəsi, "Açıq söz” qəzeti redaksiyası, "İsmailliyə” binası yandırılıb. "Təzə Pir məscidi” top-tüfəng atəşinə məruz qalıb.

...Tarix dil açıb danışır:

"Mən erməni xalqının qəhrəmanı və müdafiəçisiyəm. Mən buraya qayda yaratmaq və sovet hakimiyyəti qurmağa gəlməmişəm... Mənə Xəzər dənizindən Şahdağınadək olan ərazilərdə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”. Bu sözlər daşnak dəstəsinin komandiri Hamazaspa məxsusdur.

Baxın dəhşətin fitrətinə!

Baxın "zavallı xalqın” sərkərdəsinin öz iç üzlərini açıb tökən sözlərinə.

Baxın onların böyük bolşevik qardaşları ilə birlikdə yeritdikləri antiazərbaycan siyasətinə.

Yadıma ermənilərin dənizdən-dənizə "böyük Ermənistan” yaratmaq xülyası düşür...

Bu da minilliklərin sınağından çıxmış atalar sözüdür: "Yaxşı ki, Allah dəvəyə qanad verməyib”...

...Biz böyük olmuşuq. Bu gün də böyüklüyümüzü saxlayırıq. Sabah da böyük olaraq qalacağıq. Çünki bizim qanımızla gəlib bu böyüklük.

Bu günün ümidi:

Tariximizin bütün ağrılarını, əzablarını qəlbində gəzdirən möhtərəm Prezidentimiz Heydər Əliyev 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Martı Azərbaycanlıların soyqırımı günü kimi elan edib.

Bu, xalqın soyuna, kökünə, özünə qayıdışıdır. Bu, özünə, gələcəyə, inamdır. Bu inam doğruldacaq özünü. Bu inam yaşadır Odlar yurdunu. Bunun ifadəsidir ki, ötən illər ərzində ölkəmizdə bu istiqamətdə xeyli iş görülüb. Doğma Azərbaycanımızın haqq səsini dünyaya çatdırmaq, 1988-ci ildə yenidən ermənilərin əsassız torpaq iddiaları ucbatından yaradılan Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırmaq, düşmən tapdağı altında olan torpaqlarımızın sülh yolu ilə geri alınaraq ərazi bütövlüyümüzü təmin etmək, bunun üçün aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək kimi məsələlər prioritet vəzifə kimi diqqətdə saxlanılıb.

Bütün bunları nankor ermənilər də görür, ölkəmizin iqtisadi və hərbi qüdrətinin getdikcə güclənməsi, Azərbaycanın dünya siyasi arenasında söz sahibi olmasından, böyük iqtisadi səmərə verən qlobal layihələrə qoşulmasından, Ermənistanın isə bu layihələrdən kənarda qalması ilə razılaşmaqdan başqa çarəsi olmamasını yaxşı dərk edir.

Ermənistan onu da görür ki, bu gün Azərbaycanın güclü ordusu var. Cənubi Qafqaz regionunda söz sahibi, qüvvə sahibi olan bu ordu Ali Baş Komandanın əmri ilə qısa bir vaxtda torpaqlarımızı azad etmək qüdrətinə malikdir. Elə 2016-ci ilin aprel döyüşləri bunu bir daha göstərdi. Ermənistan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun 2017-ci ildə keçirilən möhtəşəm paradından da xəbərsiz deyil.

Və nəhayət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı bu xalqın mübarizliyinin, öz hüquqlarını qorumaq əzminin günü-gündən yüksəldiyinin, hər an düşməndən qisas almağa hazır olduğunun, haqq işimizin qalib gələcəyinin ifadəsi kimi böyük ictimai-siyasi əhəmiyyət daşıyır.

Haqq işimizin qalib gələcəyi gün isə uzaqda deyil!

 

Naxçıvan