Səs. – 2019. – 28 mart. - ¹ 54. – S. 7.

 

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti məqsədyönlü şəkildə həyata keçirilib

 

Nəzakət Ələddinqızı

 

Son iki əsrdə Qafqazda ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq, ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, yurd-yuvaları dağıdılmışdır.

Xatırladaq ki, Azərbaycandakı erməni qırğınlarının tarixi XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi və bütün XIX əsr boyu İrandan, Türkiyədən və digər ölkələrdən bura kütləvi şəkildə ermənilərin köçürülməsi ilə başlamışdır. Rusiyanın himayəsini qəbul etmiş bu nankor ünsürlər dəfələrlə onun köməyi ilə öz yaxın-uzaq planlarını həyata keçirməyə - Qafqaz regionunda “dənizdən-dənizə” qondarma “böyük Ermənistan” dövləti yaratmağa cəhdlər göstərmişlər. XX əsrin ilk onilliklərində Rusiya imperiyasını bürümüş inqilabi hərəkat, I Dünya müharibəsinin ağır sosial-siyasi və iqtisadi nəticələri onlara həmin məkrli planın realizə edilməsi üçün yaxşı fürsət yaratmışdı. Ermənilər öz çirkin niyyətlərinə ən müxtəlif yollarla nail olmağa çalışırdılar ki, bu da, onların milli xislətindən irəli gələn bir cəhətdir. Azərbaycan 1828-ci ildə bölüşdürüldükdən və ölkənin şimalı Rusiya tərəfindən işğal edildikdən sonra, hakimiyyət orqanları sistemli şəkildə Azərbaycan torpaqlarına digər xalqları yerləşdirməyə başladılar, demoqrafik durumu dəyişdirməyə cəhd etdilər. Bu işdə üstün rol xarici ölkələrdən, xüsusən, İrandan və Osmanlıdan ermənilərin köçürülməsinə verildi. 1828-ci ildən sonra çarizmin köçürmə siyasəti nəticəsində, Cənubi Qafqaza təxminən 1 milyona yaxın erməni köçürülmüşdü. Beləliklə, Cənubi Qafqazda ermənilərin sayı 1 milyon 300 min nəfərə çatdırıldı. İlk öncə, ermənilər Azərbaycan torpaqlarına yerləşdirildilər və azərbaycanlıların hesabına varlandılar. Rusiya çarizmi tərəfindən aparılan bu siyasət hiddətə səbəb olurdu və milli ziddiyyətləri kəskinləşdirirdi. Məhz çarizmin himayəsi altında erməni siyasi təşkilatları yaradıldı və ermənilər üçün bir ideologiya işlənib-hazırlandı.

Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti onların çirkin niyyətinin təzahürüdür.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 101 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə, xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndləri talan edilərək dağıdıldığını sübut edir.

ERMƏNİLƏR UŞAQLARA ACIMADIQLARI KİMİ, YAŞLILARA DA RƏHM ETMƏMİŞDİLƏR

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı törədilib. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində, 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Azərbaycanın tarixindən məlumdur ki, 1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən soyqırımına məruz qaldılar. Erməni cəlladları “böyük Ermənistan” yaratmaq üçün, ilk növbədə, Qərbi Azərbaycandakı müsəlman əhalisini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini-qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

AZƏRBAYCANDA TÜRK-MÜSƏLMAN ƏHALİYƏ QARSI HƏYATA KEÇİRİLMİŞ ERMƏNİ-BOLSEVİK QIRĞINLARI TARİXİMİZİN QARA SƏHİFƏLƏRİNDƏN BİRİNİ TƏŞKİL EDİR

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda minlərlə əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. 1918-ci ildə erməni bandaları insanlara qarşı vəhşi amansızlıq törətdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən, Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq, dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.

Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə yeksan edilmişdir. Uzaqvuran topla Təzəpir məscidi zədələnmişdi. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar. Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuşdu.

1918-1920-ci illərdə Azərbaycanda türk-müsəlman əhaliyə qarşı həyata keçirilmiş erməni-bolşevik qırğınları tariximizin qara səhifələrindən birini təşkil edir. Bakıda başlanan və bölgələrdə davam etdirilən həmin qırğınlar nəticəsində, 10 minlərlə günahsız insan qətlə yetirilmiş, saysız-hesabsız evlər dağıdılmış, bütöv kəndlər, şəhər və qəsəbələr xarabazara çevrilmişdir. Bununla bağlı arxivlərdə və tarixi mənbələrdə kifayət qədər materiallar və sənədlər mövcuddur.