525-ci qəzet. - 2019.- 28 mart. - 54. - S. 6.

 

Türk düşüncə və siyasət adamı - Əhməd bəy Ağaoğlu-150

 

Mədinə Karahan,

Xəzər Universitetinin doktorantı

 

Azərbaycan fikir tarixinin ən diqqətəlayiq türk düşüncə və siyasət simalarından olan və haqqı hələ də tanınmamış nəhəng fikir adamı Əhməd Ağaoğlunun ömür tarixi və əsərləri ilə yaxından tanışlıq onun ədəbi fəaliyyətinin yeni, maraqlı səhifələrini açır.

Əhməd bəy istər Azərbaycan və Rusiya, istərsə də Türkiyədə baş verən böyük tarixi hadisələrin içində özünəməxsus yeri olan bir aydındır. Milli siyasi və fikir həyatımızda silinməz izlər qoyan az sayda şəxsiyyətlərimizdən biri kimi Ə.Ağaoğlu haqqında Sovet dövründə mənfi çalarlarda fikirlərin səsləndirildiyini nəzərə almasaq, haqqında dərin araşdırmaların son illərdə aparıldığını söyləyə bilərik.

 

Əhməd Ağaoğlu kimliyi

 

Şuşa şəhərində dövrünün gözüaçıq adamlarından olan Həsən bəyin ailəsində anadan olan Ə.Ağaoğlunun babası İbrahim dövrünün adlı-sanlı ilahiyyat alimlərindən hesab edilirdi. Atası Mirzə Həsən və əmisi Mirzə Məhəmməd Şərq təhsili görmüşdü. Onların hər ikisi ərəb və fars dillərini bilməklə yanaşı, dünyəvi elmlərə də maraq göstərirdilər. Qırxdan çox ailə üzvü olan nəsillə bağlı qərarları sərt xarakterli Mirzə Məhəmməd verirdi. Böyük əmisi Hacı Mirzə Məhəmməd Əhməd bəyə çox ümid bəsləyir və bu üzdən də onu gələcəkdə müctəhid görmək istəyirdi. Görünür, buna görə də gənc Əhmədə xüsusi müəllimlər ərəb və fars dillərini öyrədirdilər. Lakin Ə.Ağaoğlu dini deyil, Şuşadakı rus gimnaziyasında təhsil almağa üstünlük verərək əmisindən xəbərsiz dayısının vasitəsilə rus gimnaziyasına getdi. Rus gimnaziyasında təhsil almaq olduqca çətin idi; ona görə ki, burada ancaq erməni uşaqları oxuyurdu, bu da milli və dini fərqlilikdən dolayı azərbaycanlı şagirdlərə çətinliklər yaradırdı. Buna baxmayaraq, buradakı mühitin gənc Əhmədin formalaşmasında rolu böyük olur. Bu elə bir mühit idi ki, onun həyatını dəyişdiyi kimi, fəaliyyət istiqamətini də dəyişdirir. Belə ki, rus gimnaziyasında özündən başqa cəmi dörd nəfər azərbaycanlı oxuyurdu ki, onlar da erməni uşaqlarının hər gün davam edən hücumlarına məruz qalırdı. O günləri Ə.Ağaoğlu sonralar xatırlayaraq yazırdı: "Bu beş nəfərin illər boyu davam edən təhsil həyatında erməni çocuqlarından çəkdikləri zülmü təsvir etmək imkan xaricindədir. Tənəffüslərdə biz, beş türk çocuğu cəld tərpənib arxamızı divara dirəməyi qənimət bilirdik. Yüzlərlə erməni çocuğu qəflətən üstümüzə hücum edirdi. Biri başımızdan papağı alıb atır, qalanları dörd-beş altun qiyməti olan Buxara dərisindən tikilmiş papaqları təpiklə kos kimi ora-bura vururdular. Bəziləri qiymətli, əksərən dəvə yunundan toxunmuş pencəklərimizin ətəklərindən yapışır, o yan-bu yana çəkir, parçalayır, dartıb tikişlərini sökürdülər". Müqavimət göstərmək fikrinə düşənlər yumruq, qapaz, təpiyə "qonaq" edilirdi. Bəzən isə gizlində sözü bir yerə qoyub üzərlərinə böhtan atır, üzlərinə duraraq şahidlik edir və cəza verdirirdilər. Bu cür çətin şəraitdə gənc Əhmədin dostlarının çoxu bu zülmə dözə bilməyib məktəbi tərk etmişdilər. Son sinfə keçərkən türklərdən yalnız Ə.Ağaoğlu qalmışdı.

 

Həyatının dönüş mərhələləri

 

XIX əsrin sonlarında Fransa və Azərbaycanda, 1909-cu ildən sonra isə Türkiyədə yazıb-yaradan böyük ictimai fikir adamı olaraq, onun siyasi, ictimai, ədəbi-bədii yaradıcılığı mövzu və problematika baxımından son dərəcə zəngin, zəngin olduğu qədər xalqının ictimai-siyasi həyatı ilə də birbaşa bağlıdır. Yaradıcılığının ilk illəri çarlıq üsuli-idarəsinə düşən Ə.Ağaoğlu ali təhsil dalınca getdiyi Fransada yüksək təhsil almaqla yanaşı, Avropa mühitini dərindən öyrənmiş və bu ölkənin ziyalı mühiti ilə yaxından tanış olaraq Qərb dəyərlərini dərindən mənimsəmiş və bir şərqşünas kimi tanınmışdır.

Sorbonna Universiteti Paris Hüquq məktəbində təhsil alan Ə.Ağaoğlu Fransa mühitində Ceyms Darmstater, Ernst Renan, Şefer və Barbiye de Meynar kimi alimlər, "La Nouvelle Revue" dərgisinin sahibi Cülyetta Adamla tanış olur. Bu illərdə Parisdə nəşr edilən "La Nouvelle Revue", "La Revue bleue politique et literaire", "Journal des debats" kimi nüfuzlu qəzet və dərgilərdə Azərbaycan və bu regionda yaşayan xalqların mədəniyyəti, tarixi və ədəbiyyatı haqqında məqalələrlə çıxış edir. Ə.Ağaoğlu altı illik Paris həyatında yalnız təhsil almamış, həm də fransız alimləri və Fransada yaşayan gənc türklər ilə sıx əlaqə quraraq gündəmi məşğul edən müzakirələr aparır. Dövrün böyük Şərq mütəfəkkiri, filosofu və islahatçısı Şeyx Cəmaləddin Əfqani ilə tanışlığı onun fikirləri, ideyalarında mütərəqqi və islahatçı meylləri gücləndirir. Fransa alimlərinin burada qalıb elmi işlə məşğul olmasına dair təkliflərinə baxmayaraq, ölkəsinə dönüb xalqına xeyir verməyi düşünən Ə.Ağaoğlunun həyatı və yaradıcılığının ən zəngin və çətin bir mərhələsi başlayır.

Bu mərhələdə onun yaradıcılığında jurnalistlik fəaliyyəti əsas yer tutur. Çar Rusiyasının Azərbaycan xalqını əzdiyi, haqq və hüquqlarını tapdaladığı, torpaqlarını işğal etdiyi bir zamanda milli və siyasi maarifçiliyi əsas götürərək mübarizəyə başlayır. Rusca "Kaspi" qəzetindəki məqalələri ilə xalqın milli ictimai mücadiləsinə start verən publisist sonrakı fəaliyyətində bu prioritet istiqaməti axıradək qoruyub saxlamışdır. Publisist kimi fəaliyyətini milli mətbuatda davam etdirən Ə.Ağaoğlu "Həyat" qəzetində cəmiyyəti məşğul edən ictimai, dini, milli problemlər qaldırırdı.

1905-ci ildə Qafqazda çar Rusiyası siyasətinin davamı olaraq baş verən erməni terrorizmi Ə.Ağaoğlunun da fəaliyyət sferasının yönünü və istiqamətini dəyişir. Ə.Ağaoğlu bu fəaliyyəti ilə milli kimliyi tanıtdığı kimi, çar Rusiyasının Qafqazda erməniləri müdafiə etdiyini, terrora dəstək verməsini də açır. "Difai" təşkilatının yaradılması da məhz xalqın milli müqavimət hissini qaldırmaqdan irəli gəlmişdir. O, "Difai" təşkilatının hərəkətverici qüvvələrindən biri olması ilə milli mücadilə yolunda yeni bir mərhələnin başlanğıcını qoyur. Lakin Qafqaz canişini Vorontsov Daşkovun onu həbs etdirərək sürgünə göndərmək istəməsi ilə Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır. Beləcə, onun zəngin yaradıcılığı və ictimai-siyasi fəaliyyətinin böyük bir hissəsi Türkiyə ilə bağlanır və həyatının otuz ili burada keçir. Bu müddətdə o, həm Azərbaycan, həm də Türkiyə cəmiyyəti üçün ölçüyəgəlməz dərəcədə işlər görmüşdür. Bu işlərdən biri Azərbaycan və Türkiyə, eləcə də türk dünyası siyasi tarixində xalqın şüurunda milli düşüncəni inkişaf etdirmək idi. Bu cəhətdən milliyyətçilik onun yaradıcılığının ilkin mərhələsində başlıca yer tutur. Onun həm yaradıcılığında, həm də fəaliyyətində milliyyətçilik, vətənçilik, türkçülük amili mühüm rol oynayır. Türk yazarı Özcan Ufukun yazdığı kimi, Ə.Ağaoğlu Türkiyədə milliyyətçi hərəkatın gəlişməsində birinci dərəcədə təsirli olmuş adamlar arasında yer alan, bununla birlikdə hərəkatın yerli üzvlərindən fərqliliklərilə diqqətçəkən bir ziyalı kimi tanınır.

Əhməd bəyin yaradıcılığının və fəaliyyətinin əsas istiqamətlərindən biri isə Türk-müsəlman dünyasında qərbləşmə, modernləşməni nəinki təqdir etmək, həm də onun yollarını göstərməkdən ibarət idi. Bu istiqamət onu uzun müddət türk dünyasında türkçü kəsim olaraq tanıtsa da, sovet elmi tərəfindən isə pantürkist kimi damğalanaraq vətənində yaradıcılığının araşdırılması uzun müddət qadağan olunmuşdur. O, həm də sovet rejimi tərəfindən bir islamçı, panislamist kimi qələmə verilmişdir. Bu da onun islamın dünəni, bugünü və problemlərilə bağlı elmi yazılarının dərc olunmasından, yeni fikir və ideya müəllifi olmasından irəli gəlirdi. Ə.Ağaoğlunun Türkiyədəki yaradıcılığında türk-islam istiqamətləri birləşməklə yanaşı, onların yanaşı hərəkət etmələrinin nəzəri əsasları da yaradılmışdı. Görkəmli fikir adamının Türkiyədəki dərnəkçilik və mətbuat fəaliyyəti sistemliliyi, yenilikçiliyi ilə yeni bir yolun, ictimai-siyasi tendensiyanın əsasını qoydu.

Bütün bu sıx ictimai, siyasi fəaliyyətlə yanaşı, Ə.Ağaoğlu həm də zəngin bir yaradıcılıq yolu keçir. Onun yaradıcılığı ilə fəaliyyəti bir-biriylə qırılmaz şəkildə bağlıdır. Onlarla ədəbi, elmi, alleqorik, didaktik əsərlərində yeni cəmiyyət, dövlət, din, islam, hökumət, əxlaq və fərd, demokratiya, cəmiyyət və s. anlayışlarına yeni düşüncə stereotipləri nöqteyi nəzərindən yanaşmışdır. "Türk təşkilatı əsasiyyəsi", "İngiltərə və Hindistan", "Dövlət və fərd", "Sərbəst insanlar ölkəsində", "1500 ilə 1900 arasında İran", "İran və inqilabı", "Üç mədəniyyət", "Mən nəyəm", "İxtilalmı, inqilabmı", "Könülsüz olmaz", "Sərbəst firqə xatirələri", "Etrusk mədəniyyəti və bunların Roma mədəniyyətinə təsiri", "Peyami Səfaya axirətdən məktublar", "Türk tarixinin ana xətləri" və s. onlarla fundamental ədəbi, bədii, didaktik əsərləri Türkiyə və Azərbaycan ədəbi düşüncəsini zənginləşdirən əsərlərdəndir.

 

(Ardı var)