İki sahil.-2019.-28 mart.-54.-S.11.

 

Terrora, separatizmə dəstək yeni münaqişə ocaqları yaradır

 

Xuraman İsmayılqızı

 

Azərbaycanlıların Soyqırımı haqqında Fərmanı imzalamaqla tarixi missiyanı yerinə yetirən ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin vurğuladığı kimi, əsas məqsəd erməni millətçilərinin törətdikləri soyqırımların bütün dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail olmaqdır

Narahat dünyamız yenə də çalxalanır. Planetimizin müxtəlif guşələrindən insanların kütləvi qırğınları ilə müşayiət olunan hadisələrin dəhşətlərini beynəlxalq ictimaiyyətə çatdıran sos siqnalları dünyanın siyasi xəritəsini dəyişmək, mövqe üstünlüyünə sahiblənmək istəyənlərə çatmasa da hər gün yüzlərlə günahsız sülh naminə çalışanların qurbanına çevrilir. Planlı şəkildə həyata keçirilən, soyqırımlardan fərqlənməyən terror hadisələri mütəşəkkil, beynəlxalq terrorizmə qarşı mübarizə çağırışını unudanları, silahlı qüvvələri silahlandıranları qan-qada hərisliyindən çəkindirmir.

Nüfuzlu beynəlxalq qurumlar tərəfindən təşkil olunan sammit və zirvə görüşlərində müharibələrə yox çağırışları aktuallığını saxlasa da, kağız üzərində mövcud olan mübarizələr nədənsə həyatda hiss olunmur. Terrora qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün səylərin artırılması, uzunmüddətli və səmərəli əməkdaşlıq məsələlərində daha ciddi addımların atılması kimi çağırışlar söz olaraq qalır.

Əsrlərlə erməni vəhşiliyindən əziyyət çəkən, soyqırımlara, qətliamlara məruz qalan, şəhərləri, kəndləri dağılan, yurdları viran qoyulan azərbaycanlılar terrorlardan əziyyət çəkən başqa xalqlar kimi kütləvi insan qırğınlarına etiraz səslərini ucaltsalar da, hələ də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə yox deyən tapılmır. BMT, AŞPA, ATƏT, İƏT, Qoşulmama Hərəkatı kimi mötəbər təşkilatların qətnamələrinə məhəl qoymayan Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etmək istəmir.

Ötən əsrdən başlayaraq azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini bu gün də davam etdirən Ermənistan terrora dövlət səviyyəsində dəstək göstərən ölkədir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət edə bilməməsi Ermənistanın terrorçularla əməkdaşlığına, narkotik və psixotrop vasitələrin yetişdirilməsi və nəqlinə münbit şərait yaradır. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin yararsız hala düşməsinə səbəb olur.

Azərbaycan xalqına qarşı ermənilərin ötən əsrlərdə apardıqları soyqırımı siyasəti nəticəsində 2 milyondan artıq soydaşımız, günahsız insanlar qətlə yetirilmiş, kəndlər, şəhərlər dağıdılmış, yandırılmışdır. Terrorun, işğalçılıq siyasətinin dövlət səviyyəsində dəstəkləndiyi Ermənistanın Azərbaycana qarşı zaman-zaman ərazi iddiaları səbəbi ilə baş verən qırğınların hələ də davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlı öldürülmüş, diri-diri yandırılmış, əlil olmuşdur.

Tarixi faktlar da sübut edir ki, Azərbaycan ərazilərinə sonradan köçürülmüş ermənilərdən imperiya siyasətinin həyata keçirilməsində vasitə kimi istifadə olunması, işğalçılığın dəstəklənməsi regionda sülhün təminatına da ciddi zərər vurur.

Rus imperiyasının Hər vəchlə ermənilərdən Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə edilməlidir siyasətinə uyğun olaraq daşnakların torpaqlarımızda yerləşdirilməsi, Gülüstan və Türkmənçay sülh müqavilələrinin imzalanması Azərbaycan xalqını böyük faciələrə düçar etdi. İrəvan və Naxçıvan xanlıqları ərazisində erməni vilayətinin yaradılması, bu ərazilərə erməni ailələrinin köçürülməsi kampaniyası başlandı. İmperiyanın onlara göstərdiyi dəstək və yardımdan istifadə edən daşnaklar böyük Ermənistan xülyalarının reallaşdırılması üçün fəallıqlarını artırdılar. Yerli əhali olan azərbaycanlıları tarixi torpaqlarından köçürmək üçün soyqırımlar, günahsız insanlara qarşı ağla gəlməyən vəhşiliklər törədən ermənilər ideoloqları hesab etdikləri Şaumyanın, qulağı kəsik Andranikin, Hamazaspın, Lalayanın və bu kimi qaniçən daşnakların rəhbərliyi ilə Naxçıvanda, Bakıda, Şamaxıda, Quba qəzasında, Qarabağda ... bir sözlə, Azərbaycanın bütün yaşayış məskənlərində kütləvi qırğınlar, talanlar törətdilər. Eyni qırğınlar 1918-1920-ci illərdə daha geniş miqyasda təkrarlandı. 1918-ci ilin martında Bakıda azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başlanıldı. Şaumyanın başçılıq etdiyi silahlı dəstə 1918-ci ilin 30-31 mart hadisələrində təkcə Bakıda 30 min soydaşımızı amansızcasına, xüsusi qəddarlıqla qətlə yetirdi.

Ermənilərin törətdikləri soyqırımları zamanı qətlə yetirilənlərin, dağıdılan kəndlərin, tarixi abidələrin sayını hesablamaqla qurtarmaz.

Təkcə Çəmbərəkənd qəbiristanlığında dəfn olunan bakılıların sayı min nəfərlərlədir. Erməni vəhşiliyinin nümunəsi olan Quba məzarlığı daşnak siyasətinin qanla yazılmış bir səhifəsi kimi xarici qonaqları belə dəhşətə gətirir.

Monoetnik dövlət yaratmaq siyasətindən qaynaqlanan deportasiyalar nəticəsində dünyasını dəyişən azərbaycanlıların kütləvi qırğınları isə daşnakların törətdikləri mənəvi soyqırımı idi.

İ.L. Seqalın 1912-ci ildə Tiflisdə çap etdirdiyi kitabında yazılır ki, Naxçıvanda hökmranlıq edən xəfiyyə yerli sakinlərin əllərindən xeyli torpaq sahəsini alıb Məlik Eynatyana, Karapet Adamoviçə, Muqlusi, Saak Yeqizarova bağışladı. Faşizm ideologiyası ilə eyni səviyyədə olan erməni siyasətinin müəllifləri olan Şaumyan, Mikoyan, Aqanbekyan, Şahnazarov kimilərinin təbliğatı nəticəsində ötən əsrdə üç dəfə törədilən kütləvi qırğınlar sonrakı illərdə də davam etdirildi.

SSRİ-nin dağıdılması üçün xarici dövlətlər tərəfindən hazırlanan məkrli planların reallaşması, 1988-ci ildən başlanan Qarabağ kartından istifadə nəticəsində həlak olan minlərlə şəhidimiz də ermənilərin törətdikləri vəhşiliklərin qurbanlarındandırlar.

Əsrlərdən bəri davam edən soyqırımlar 20 Yanvar 1990-cı ildə bir daha təkrarlandı. Azərbaycanın demokratiya və milli müstəqillik uğrunda mübarizəsini silah gücü ilə yatırmaq istəyən imperiya növbəti dəfə erməni xəyanətindən yararlandı. 20 Yanvar hadisələrində hərbi hissələrin tərkibində Bakıya gələn, istefada olan erməni zabitləri yenə də qətliamlar törətdilər. Maraqlı dairələrin xeyir-dua verdiyi Qarabağ hadisələrinin başlanması ilə Azərbaycan torpaqları işğal olundu, azərbaycanlılar doğma torpaqlarından qaçqın, didərgin düşdülər. 1988-ci ildə Dağlıq Qarabağda başlanan və daşnak siyasətinə, ideyalarına xidmət edən hadisələr, Qərbi Azərbaycanda-Vardenisdə, Qukarkda, Qaçaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən artıq soydaşımızın doğma yurdunu tərk etməsi ilə nəticələndi.

1992-ci ildə erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalı soyqırımında görünməmiş dəhşətlər yaşandı. Bir gecədə dağıdılan Xocalıda 613 dinc əhali xüsusi amansızlıqla qətlə yetirildi. 487 nəfər əlil oldu. 1275 nəfər əsir, girov götürüldü.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən öldürülən azərbaycanlıların sayı 20 mindən çoxdur. Erməni silahlılarının ərazimizdə apardıqları hərbi əməliyyatlar nəticəsində 20 min soydaşımız yaralanmış, 4 mini əsir düşmüş, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi .tarixi abidələr dağıdılmışdır.

Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə (1918-ci il mart hadisələrinin 80-ci ildönümü ərəfəsində) imzaladığı Fərmanla verən ümummilli lider Heydər Əliyev daha bir tarixi missiyanı yerinə yetirdi. Qana hərislik kimi xüsusiyyətləri irsi xəstəlik kimi daşıyan erməni vəhşiliyinə qarşı mübarizənin davamlı proses olduğunu bildirən, Azərbaycanlılara qarşı soyqırımı siyasətini ifşa etmək, bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün müəyyən işlər görülmüşdür. Lakin bu sahədə hələ qarşıda görüləsi işlərimiz çoxdur söyləyən Ulu Öndərin imzaladığı Azərbaycanlıların soyqırımı haqqında Fərman, Prezident İlham Əliyevin iştirakı ilə Xocalı faciəsinin ildönümləri münasibətilə keçirilən aksiyalar daşnakların dövlətimizə və xalqımıza qarşı işğalçılıq və soyqırımı cinayətlərinin açıqlanması baxımından çox mühüm addımlardır.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli bu sənədin mahiyyət və əhəmiyyəti böyükdür.

Əsasını etnik təmizləmə, insanlığa qarşı cinayət olan soyqırımlarının müəllifləri, azərbaycanlıların qətliamında birbaşa iştiraklarını etiraf edən Ermənistanın sabiq prezidentləri S. Sarkisyanın, R. Koçaryanın cinayətləri sübut olunsa da, cəzasızlıq narahatlıq doğurur.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ötən illərdə xalqa müraciət edən Prezident İlham Əliyevin vurğuladığı kimi indi hamının bir məqsədi olmalıdır: İki yüz ildən artıq müddətdə erməni millətçilərinin apardıqları mənfur siyasətin bütün dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliam və soyqırımların ümumi mənzərəsinin tam mənada, bütün dəhşətləri ilə açıqlanmasına nail olmaq.

Bu gün də müxtəlif dövlətlərdə törədilən terrorlarda, təxribatlarda əli olan, insan qanına susayan, faşizmə xidmət edənlərə abidə ucaldan ermənilərin vəhşilikləri sübut olunsa da, hələ də beynəlxalq ictimaiyyət, nüfuzlu təşkilatlar işğalçı haqqında ciddi tədbir görməkdə tərəddüd edirlər. Halbuki Ermənistanı dəstəkləyənlər bilirlər ki, təkcə başqalarına deyil, öz xalqına qarşı da cinayətlər törədən korrupsioner Ermənistan hakimiyyəti hələ də işğalçılıq siyasətini dayandırmaq niyyətində deyil. Mart hadisələrinin səbəbkarlarını cəzalandırmaq istəyində olan Ermənistanın saxta yolla iqtidara gələn hazırkı hakimiyyəti də sülhə çağırış səslərini qulaqardına vurur. Ermənistanın etnik təmizləmə siyasətindən əziyyət çəkən, yurd həsrətli azərbaycanlıların doğma torpaqlarına qayıtması üçün silahlı qüvvələrini işğal altında saxladıqları ərazilərdən çəkmək istəmir.

Super güclərin işğalçıya qarşı belə loyal münasibəti isə yeni münaqişə ocaqlarını yaradır. Məscidlərdə qətliamlar törədilir, Suriyada susmaq bilməyən partlayışlar davam edir, Əfqanıstanda, İraqda öldürülən günahsız insanların sayı artır. Bu dəhşətlərə son qoymaq isə beynəlxalq ictimaiyyətin vəzifəsidir.