İki sahil.-2019.-28 mart.-¹54.-S.12.

 

Şamaxı Cümə məscidində hələ də ruhlar dolaşır...

 

Vəli İlyasov

 

1918-ci il mart ayının 18-də sübh çağı Şamaxı şəhərinin sakinləri top atəşlərinin qulaqbatırıcı səsindən yuxudan oyanırlar. Evlərindən hövlnak çıxarkən görürlər ki, şəhər erməni silahlı dəstələri tərəfindən mühasirəyə olunub. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top atəşlərinə tutulur, yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərlə və pulemyotlarla gülləbaran edirlər. Bu hücum azərbaycanlılar üçün tam gözlənilməz idi. Çünki bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov “Xaç” və “İncil” qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silah işlətməyəcəklərinə and içmişdilər. Müdafiəyə hazırlaşmamış azərbaycanlılar əvvəlcə buna təşəbbüs etsələr də, top və pulemyot atəşləri altında dayana bilməyib geri çəkilirlər. Ermənilər bir neçə saatlıq döyüşdən sonra şəhərin azərbaycanlılar yaşayan və erməni hissəsi ilə sərhəd olan “Piran-Şirvan” hissəsinə soxula bilirlər. Onlar evləri talan edir, yandırır və dinc əhalini qəddarlıqla qətlə yetirirdilər.

Əslən Şamaxıdan olan, Bakıdakı 178 saylı tam orta məktəbin müəllimi Münəvvər Bağırova bildirir ki, onun ata-babaları həmin qırğınların şahidi olublar. Onlar söyləyiblər ki, ermənilər əvvəlcə şəhərin ən varlı və tanınmış şəxslərinin evlərinə od vururdular. Ermənilərin qarət edib yandırdıqları evlər arasında Şıxıyevlərin, Həsənovların, Cəbrayılovların, qəza müftisinin, Hüseynbəyovun, Əlimirzəyevin, Əfəndiyevin, Babayevlərin, Məhərrəmovların, Veysovların, Böyük bəy Hüseynovun, Hacı Vahab Ələkbərovun və başqalarının mülkləri də var idi. Ermənilər yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələyirdilər. Onlar evlərə soxulur, sakinləri qətlə yetirir, sonra isə yandırırdılar. Gecə azərbaycanlılar təslim olmaq barədə ermənilərin yanına nümayəndələr göndərir və sülh xahiş edirlər. Lakin atəş dayandırılmır. Yanğınlar bütün bölgəyə yayılır və səhərə qədər şəhərin ən zəngin məhəlləsindəki evlərdən yalnız xarabalıqlar qalır. Şəhərin küçələrində meyitlərdən qalaqlar yaranır. Ermənilər azərbaycanlı əhalinin qətlini o vaxtadək misli görünməmiş ağılasığmaz qəddarlıq və işgəncələrlə həyata keçirirdilər. Onlar Cümə məscidinə pənah gətirmiş yüzlərlə insanı diri-diri yandırdılar. Öldürmək və evlərini yandırmaq hədəsi ilə ermənilər azərbaycanlılardan pul və qiymətli əşyalarını alırdılar. Pul və qiymətli əşyalarını könüllü vermələri belə azərbaycanlıları ölümdən və evlərini yandırılmaqdan xilas edə bilmirdi. Küçələrdə əzab verilərək öldürülən qadınların meyitləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla təhqir olunmuşdular. Küçələrdə pazlarla diri-diri yerə mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlak araba və furqonlarla erməni kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam edir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrin Şamaxıya köməyə gəlməsindən qorxuya düşən ermənilər geri- Şamaxı qəzasının Qozluçay kəndinə çəkilirlər. Azərbaycanlı silahlı dəstələri onları təqib edirlər. Lakin məlum olur ki, ermənilərin qüvvələri qat-qat üstündür. Ona görə də strateji mülahizələrə əsasən, dörd gündən sonra azərbaycanlı silahlı dəstələr şəhəri tərk etməyə məcbur olurlar. Münəvvər Bağırova bildirir ki, Gəncədən gələn silahlı dəstələrlə Şamaxının demək olar ki, əksər müsəlman əhalisi şəhəri tərk edir. Ancaq çox tələsdikləri üçün onlar, hətta özləri ilə vacib əşyalarını belə götürə bilmirlər. Qaça bilməyən çoxlu şəhər sakini, xüsusilə yoxsullar, xəstələr, qocalar və uşaqlar şəhərdə qalırlar. Gəncədən gələn silahlı dəstələr Şamaxını tərk etdikdən bir neçə gün sonra erməni quldur dəstələri geri qayıdaraq yenidən Şamaxını tuturlar. Bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması əvvəlkindən daha böyük qəddarlıqla həyata keçirilir. Şəhərdə qalan azərbaycanlı əhali-uşaqlar, qadınlar, xəstələr, qocalar da daxil olmaqla tamamilə məhv edilir. Küçələr, həyətlər, evlər, məscidlər meyitlərlə dolur. Şəhərin bütün azərbaycanlı hissəsi oda qalanır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Məhkəmə Palatasının böyük sədri Ələkbər bəy Xasməmmədovun məruzəsində göstərilirdi ki, ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı şəhərdə bir neçə min azərbaycanlı qətlə yetirilib. Onların arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Ermənilər məşhur axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürmüşlər. Əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişlər. Ermənilərin qəddarlıqla öldürdükləri nüfuzlu şəxslər arasında şəhər hakimi Teymur bəy Xudaverdov, birinci Dövlət Dumasına Şamaxıdan deputat seçilmiş Məmmədtağı Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdülxəlil Əhmədov, Hacı Əbdülhüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Hacı Əbdülqasım Qasımov, Əyyub ağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürrəhim bəy Ağalarov, Məhiyyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlu və bir çox başqaları da var idi.

Ermənilər xilas olmaq üçün axund Hacı Cəfərqulunun evinə və həyətinə pənah gətirmiş çoxlu sayda qadın və uşağı da öldürmüş və ya diri-diri yandırmışlar. Hacı Axundun tamamilə yandırılmış evinin həyətində Fövqəladə Təhqiqat Komissiyasının üzvləri çoxlu xırda insan sümükləri aşkar ediblər. Meyitlərin sümüklərini Nuru paşanın Qafqaz Türk İslam Ordusunun döyüşçüləri 1918-ci ilin yayında erməniləri Şamaxıdan qovarkən yığaraq basdırıblar. Komissiya üzvlərinin 1918-ci ilin oktyabr-noyabrında bu barədə hazırladıqları məruzədə qeyd olunurdu ki, həyətdə hələ indi də çürümüş meyitlərin qoxusu qalmaqdadır. Habelə, yandırılmış digər evlərin və məscidlərin həyətlərində çoxlu yanmış insan sümükləri də aşkar edilib. Münəvvər Bağırova söyləyir ki, bu yaxınlarda Şamaxıdakı Cümə məscidini ziyarət edib. Məscid təmir olunsa da o vaxtkı yanğının izləri hələ qalmaqdadır, hücrələrdə sanki ruhlar dolaşır, ibadət yeri matəmgalıı xatırladır.

Ələkbər bəy Xasməmmədovun məruzəsindən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan, orta hesabla, bir milyard manatdan çox olub. Şamaxı şəhərinə hücum, onun dağıdılması, dinc azərbaycanlı əhaliyə - qadına, qocaya, uşağa qəddarcasına divan tutulması yalnız ermənilərin azərbaycanlılara qarşı milli intiqam və milli düşmənçilik hissindən irəli gəlir və ikili məqsəd daşıyırdı. Bir tərəfdən, onlar azərbaycanlıları kütləvi surətdə qırır, digər tərəfdən isə onların evlərinin qarəti hesabına külli miqdarda var-dövlət əldə edib varlanırdılar. Ona görə də Şamaxını talan edən erməni quldur dəstələri “Öldürüb talamaq! Talayıb öldürmək!” prinsipi ilə hərəkət edirdilər.

1919-cu il iyul ayının 12-dəAzərbaycan Xalq Cümhuriyyəti Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası Şamaxı şəhərinin dağıdılması və bu şəhərin azərbaycanlı əhalisi üzərində zorakılıq halları barədəki təhqiqat işi haqqında komissiyanın üzvü A. Novatskinin məruzəsini dinləyərək şahidlərin və zərərçəkənlərin ifadələri, törədilmiş cinayətlərin təhqiqi, yandırılıb dağıdılan yerlərə baxış və s. əsasında Şamaxı şəhərində törədilən cinayətlərdə əslən Şamaxıdan olub Bakı şəhərində yaşayan başkəsən Stepan Lalayevin, Şamaxı sakinləri Qavril Karaoğlanovun, Arşak Gülbəndiyanın, Mixail Arzumanovun, Karapet Karamanovun, Armenak Martirosyantsın, Aleksandr Xaçaturovun, Mixail Xaçaturovun və başqalarının (cəmi 31 nəfər) Şamaxı qırğınlarının başlıca caniləri olduqları göstərilir. Komissiyanın bu məsələ ilə bağlı qəbul etdiyi qərarda deyilirdi ki, bu cəlladlar Azərbaycan xalqına qarşı ədavət əsasında milli və dini zəmində əvvəlcədən öz aralarında razılaşaraq bir neçə min nəfər ermənini öz ətraflarında birləşdirərək, top, pulemyot, tüfəng, tapança, qılınc və xəncərlə silahlanaraq qarşılarına Şamaxı şəhərində olan azərbaycanlı əhalini qırmaq, əmlaklarını qarət və məhv etmək məqsədi qoyublar.

Fövqəladə Təhqiqat Komissiyası bu vandalizmin başlıca təşkilatçıları haqqında cinayət işi qaldırmaq, onları məsuliyyətə cəlb etmək və istintaq işinə başlamaq haqqında qərar qəbul edir. Təəssüflər olsun ki, Şamaxı qəzasındakı qətllər və dağıntılarla bağlı komissiya tərəfindən aparılan təhqiqat və araşdırma işləri tamamilə başa çatdırılaraq yekun sənədlər və məlumatlar hazırlanmadığı üçün Şamaxı qəzasındakı azərbaycanlı kəndlərinə dəymiş ümumi zərərin miqdarı və öldürülmüş, yaralanmış əhalinin ümumi sayı haqqında dəqiq məlumat yoxdur. Lakin həmin komissiya tərəfindən toplanılmış çoxlu ilkin məlumatlar əsasında Şamaxı qəzasının kəndlərində azərbaycanlılara dəymiş zərər, öldürülən və yaralananlar haqqında hesablamalar aparmaq mümkündür.

Sovet hakimiyyəti illərində xalqımıza edilmiş bu zülm unutdurulmuş, Stepan Lalayevə bəraət verilmiş, bu işin əsas təşkilatçısı olan Stepan Şaumyan o vaxtlar Şamaxı qəzasına daxil olan rayonlarda ən əziz adam kimi yad edilmişdir. Onun adı rayona, küçələrə, kolxozlara verilmiş, şəkilləri idarələrimizdə ən görkəmli yerlərdən asılmışdı. Tökdükləri qanlardan gözləri doymayan ermənilər əsrin sonunda bizə Xocalı, Qaradağlı, Cəmilli, Bağanis-Ayrım, Kərkicahan, Kəlbəcər və digər faciələrini də yaşatdılar. Biz tariximizi unutmamalı, gələcək nəsillərə dostunu-düşmənini tanıtmalıyıq.